ƏTA TƏRZİBAŞI VƏ
AZƏRBAYCAN-İRAQ-TÜRKMAN ƏDƏBİ-ELMİ
ƏLAQƏLƏRİ
Bu gün İraq-türkmanlarının görkəmli
simalarından biri Əta Tərzibaşının 91
yaşı tamam olur. Əta Tərzibaşı ədəbi-elmi
əlaqələrimiz yolunda müstəsna xidmətlər
göstərən tədqiqatçı alimdir. İraq-türkman elm adamları arasında eyni dilə,
eyni folklora, eyni xalq musiqisinə, eyni adət-ənənəyə
malik bir xalq olduğumuzu gündəmə gətirən ilk
araşdırıcıdır.
Onlarla elmi məqalənin müəllifi Əta Tərzibaşı
"Yazı dili, qonuşma dili" adlı məqaləsində
ədəbi dilin mütləq xalq dilinə
yaxınlığı məsələsini qoyur. O, haqlı olaraq göstərir
ki, ədəbi dil xalq dili əsasında formalaşmalı,
yerli şivələrə öz təsirini göstərməlidir.
Bu münasibətlə yazır: "Bir millətin yazı
dili qonuşma dilinə nə qədər bağlı, nə
qədər yaxın isə o dəgin qiymət ifadə edər.
Yazı dilinin xalq dilindən uzaq qalması isə o dil
üçün bir talesizlik olur... Bizim
türkman ləhcəsi türk şivəsindən və
yazı dilindən azacıq uzaq qalmışdır. Türkman ləhcəsi azəri ləhcəsinə
türk ləhcəsindən daha yaxın və bəlkə əkiz
qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr
uzun bir tarix boyunca çeşidli səbəblərin təsirilə
bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda
aralarında görkəmli fərqlər bilinməmişdir"
("Qardaşlıq" dərgisi, N4, Bağdad, 1962, s.26-27).
Əta Tərzibaşı
musiqi baxımından da ta qədim zamanlardan qırılmaz
tellərlə bağlı olduğumuzu göstərmişdir:
"Əskidən bəri azərilərlə dolu olan Təbriz,
Marağa, Qarabağ və daha başqa şəhər və
səmtlərdə musiqi həyatı yüksək bir səviyyəyə
alınmışdır. O zaman İraq türkləri ilə
bu ölkələrdə yaşayan türklər arasında
dil, ədəbiyyat və musiqi baxımından bulunan yaxın
bağlılıq qolaylıqla düşünülə bilər.
Bu bağlılıq azərilərlə
İraqda yaşayan türkmanlar arasında bir dərəcəyə
dəgin qüvvətli bir qaynaşma hasilə gətirmişdi.
Bununla bərabər, türkmanlar kəndi
şivə və musiqilərini az-çox olduğu kimi qoruya
bilmişlərdir. Bununla bərabər, bir
qisim havaların dəyişikliklə bir-birindən
alındığını, böyləcə saysız
türkülərin meydana gəldigini düşünmək
qabildir" (Əta Tərzibaşı. Kərkük
havaları. Bağdad, 1961, s.8-9).
Həqiqətən
də əksər xalq mahnıları eynidir: "Yar bizə
qonaq gələcək", "Ay qız, heyranın
ollam", "Qalanın dibində bir daş olaydım",
"Kətan köynək dizdən yar", "Bu xal nə
xaldı", "Samavar almışam silənim yoxdur",
"Ay qız, mənə bax, bax" və bir çox
başqa mahnılar bu sahədə də müştərək
olduğumuza dəlalət edir.
Əta Tərzibaşı
"Qarabağı" muğamının Qarabağla əlaqəsini
xüsusi qeyd edir: "Yerli havalarımız arasında
"Qarabağı" deyilən bir çeşid uzun
havanın azəri mənşəli olduğunu və sırf
azəri ağzı ilə söyləndiyini bilməkdəyiz".
Xoyrat, mani və bayatılardan danışarkən
burada da şərik olduğumuzdan söz açır:
"Bizim xoyrat və manilərimizin ilgisi, ən yaxın
olanı mühəqqəq ki, azəri olanlardır" (Kərkük
xoyratları və maniləri. I cild, 1955, s. 140).
Görkəmli
folklorşünas alim eyni zamanda xoyrat və manilərin
yayılma arealından bəhs edərkən bir xalq
olduğumuzu xüsusi vurğulayır və yazır ki,
xoyratın kökləri İraqda türkmanların
yaşadığı bölgələrdə meydana
çıxmış, Ağqoyunlu və Qaraqoyunlu Türkman
dövlətləri zamanı inkişaf edərək sonralar
İraqdan Türkiyəyə, İranın quzeyinə,
xüsusən də əhalisi türkman olan Təbrizə və
eləcə də Azəri və ya Azərbaycan deyə
adlandırılan və türkmanlardan ibarət Azərbaycan
torpaqlarına yayılmışdır
("Qardaşlıq" dərgisi, N5, Bağdad, 1962, s.8).
Burada diqqəti çəkən bir məsələni
xüsusi vurğulamaq istərdim. İraq-türkman folkloru, ədəbiyyatı
və musiqisinin sonrakı nəsil tədqiqatçılarının
heç biri Əta bəyin qənaətlərinə
qarşı çıxmamış, əksinə onun fikirlərindən
bəhrələnərək onu daha da gücləndirmişlər:
"Kərkükdə
qarşımıza çıxan çox rəngli folklor və
xalq ədəbiyyatı məlzəmələrinin bir qismini
bu kitabda topladıq... Verdiyimiz örnəklər
incələnərsə, Kərkük ağzının, Azəri
türkcəsinin motivlərini daşıdığı
qolayılıqla anlaşılır. İstər Quzey Azərbaycan,
istər Güney Azərbaycan olsun, bu bölgələrdəki
azərilərin kültür veriləri incələnərsə,
Kərkükdəki sözlü ədəbiyyat örnəklərinin
də eyni qaynaqdan bəslənmiş olduqları kəndilərindən
anlaşılır. Laylalardan tutub ta tapmaca və
matallara qədər bu birlik və bərabərliyi görmək
mümkündür" (Süphi Saatçı. Kərkük cocuq folkloru. İstanbul,
1984, s.11, 13-14).
Prof. Dr.
Mahir Naqib də Əta Tərzibaşı kimi musiqi
baxımından birliyimizi göstərir: "Sinirlərin (sərhəd)
bir-birindən uzaqlığı Kərkük türk xalq
musiqisi ilə Azərbaycan türk musiqisi arasındakı
kök bərabərliyini yox edəməmişdir" ("Kərkük
xalq musiqisinin təsnif və təhlili". Ankara,
1991, s.11).
Mahir Naqibin "İraq-türkman mədəniyyətinin
gerçəkdən bir ümdəsi və təməl
daşı" adlandırdığı Əta Tərzibaşı
14 noyabr 1924-cü ildə İraq-türkmanlarının
baş şəhəri Kərkükdə anadan olmuşdur. Uşaqlıqdan
doğma ana dili ilə bərabər, ərəb və ingilis
dillərini də mükəmməl öyrənir. Orta məktəbi başa vuran kimi Bağdad
Universitetinin Hüquq fakültəsinə daxil olur (1946) və
1950-ci ildə universiteti bitirən kimi Kərkükə
dönərək avqatlıqla (vəkilliklə) məşğul
olur. O, eyni zamanda orta məktəbdən başlayan
yaradıcılığını da davam etdirir. Kərkükdə
"Afaq" və "Kərkük" qəzetlərin
yazarlarından olan Əta Tərzibaşı, türkcə
"Bəşir" və ərəbcə "Əl-səqafe
əlhadise" adlı həftəlik ədəbi qəzetlərin
təsisçisi olmuşdur.
1959-cu ilin martında İraqın Hilla şəhərinə
(Bağdadın 105 km. cənubundadır. Çoxları
Füzulinin bu şəhərdə anadan olduğunu
yazırlar) sürgün edilir. Kərkükə
qayıtdıqdan sonra da yaradıcılığını
davam etdirir. Əta Tərzibaşı ailə
həyatı qurmadan ömrünü Kərkük folklorunun,
dialektinin (ləhcəsinin) və ədəbiyyatının
toplanması, tədqiqi və nəşrinə həsr
etmişdir.
İraq-Türkman
tarixində iz qoyan Əta Tərzibaşının
gördüyü işlərin, xalqına göstərdiyi
xidmətlərin miqyası barədə tam təsəvvür
yaransın deyə əsərlərinin bir qisminin
siyahısını burada verməyi münasib bildik:
1. Şərqi və
türkülər", Bağdad, 1953.
2. Kərkük xoyrat və
maniləri. III cilddə, 1-ci cild, Bağdad, 1955,
2-ci cild, Kərkük, 1956, 3-cü cild, Kərkük, 1957,
Bakı, 1968.
3. Kərkük xoyrat və
maniləri (Düzəliş və əlavələrlə)
Bağdad, 1970, 340 səh., İstanbul, 1975,
595 səh., Bakı, 1984, 348 səh., Ərbil, 1999, 230 səhifə.
4. Kərkük havaları. Bağdad, 1961, Bakı, 1973, İstanbul, 1980.
5. Kərkük əskilər
sözü. Bağdad, 1962, Bakı, 1978.
6. Kərkük şairləri.
II cilddə. 1-ci cild,
Bağdad, 1963, 2-ci cild, Kərkük, 1968.
7. "Arzu-Qəmbər"
dastanı, Bağdad, 1964, Tehran, 1967, Bakı, 1971, 1987, 1990,
1999, 2009, İstanbul, 1971, Ərbil, 1999.
8. Ərbil şairləri. III cilddə. Kərkük, 2004,
2005, 2007, İstanbul 2007.
9. Kərkük mətbuat tarixi
(1879-1985). Kərkük, 2001.
10. Kərkük şairləri.
XIII cilddə
Bundan başqa onun çoxlu sayda elmi məqaləsi
çıxmışdır. Onlardan bəzisinin adını
çəkməklə kifayətlənirik: "Yazı dili,
qonuşma dili", "Heca vəzni və gənc şairlərimiz".
"Füzulidə qapalı anlamlar", "İraqda
türk musiqi tarixinə toplu bir baxış",
"Füzulinin doğum yeri haqqında yeni bilgilər",
"Şimali Azərbaycanda Türkmanoloji
araşdırmalar", "Bizdə (Kərkük) və
başqa türk ölkələrində xoyrat və mani"
və s.
Göstərilənlər
kifayət edir ki, tədqiqatçı haqqında şair
Əli Maarufoğlunun dediklərinə tam haqq qazandırasan:
"XX əsrin birinci yarısında ölümə məhkum
olan ədəbiyyatımız (ingilislər İraqı
tutduqdan sonra), XX əsrin ikinci yarısında Əta Tərzibaşının
sayəsində yenidən dirçəldi".
Bu böyük alimin yazdığı möhtəşəm
əsərlər və şəxsi nümunəsi sayəsində
İraq-türkman ellərində neçə-neçə
folklorşünas və ədəbiyyatşünaslar nəsli
yetişmişdir. Çəkinmədən deyə bilərik
ki, Əta Tərzibaşı folklorşünaslıq və ədəbiyyatşünaslıq
sahəsində məktəb yaratmışdır. Onun
gördüyü möhtəşəm işləri kərküklü
tədqiqatçı Ərşad Hürmüzlü layiqincə
qiymətləndirmişdir:
"Əta
Tərzibaşının "Kərkük xoyratları və
maniləri", "Kərkük şairləri", "Kərkük
havaları" və neçə-neçə başqa əsəri
yeni bir cığır açmış və bu gün bir
çox yazarımıza folklor və milli dəyərlərə
(mədəniyyətə) uğraşma yolunu göstərmiş
və buna yönəltmişdir. Əta Tərzibaşının
lider olmaq səlahiyyəti (öndərliyi) və rəhbərliyi,
tarixi bir missiyanı çox bacarıqla yerinə yetirdiyinin
göstəricisidir" ("Qardaşlıq" dərgisi, ¹
23, 2004, s.18).
Buna görədir ki, indi qocaman tədqiqatçının evi ziyalılar və tədqiqatçıların ziyarətgahına çevrilmişdir. Ustadı dəfələrlə ziyarət etmək mənə də qismət olub. 1994-cü ilin sentyabr ayında Füzulinin 500 illik yubileyi ilə bağlı 128 nəfərdən ibarət nümayəndə heyətinin üzvlərindən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, İnformasiya naziri Sabir Rüstəmxanlı, Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı ilə birlikdə Kərkükdə Əta bəyi ziyarət etdik. Anar müəllim onun Azərbaycan Yazıçılar Biriyinə qəbulu barədə vəsiqəni təqdim etdi. Adətən çox ciddi və qaraqabaq olan Əta bəyin üzündə bir təbəssüm gördüm və onun sevincinə qoşuldum. Sonralar Mövlud Taha Qayaçı, Şəmsəddin Küzəçi və başqaları tez-tez Əta bəylə telefonda bizi görüşdürərdi. Bir dəfə telefonda dedi ki, ürəyim səni istəyir. İraqda vəziyyət çox ağır və qorxulu idi. Bununla belə, Ərbil vasitəsi ilə xocamın görüşünə getdim. Kərküklü ziyalılar Altun Köprüdə məni üç maşınla qarşıladılar. Bunu deyərkən heç bir mübaliğəyə yol vermirəm. Əta bəylə ilk tanışlığım 1964-cü il sentyabr ayının 26-da Bağdadda İraq Türkman nadısində (mədəniyyət klubu) olub. Hər il ali məktəblərə daxil olan türkman gənclərinin şəninə bu mədəniyyət ocağında şənlik düzəldər, şənliyə ölkənin hər yanından ziyalılar dəvət edərdilər. Əta Tərzibaşı da gəlmişdi. Qırx yaşı olmasına baxmayaraq neçə-neçə kitabı, elmi məqalələri çıxmışdı. Hamı ona böyük ehtiram göstərirdi. Dostum Rza Dəmirçi bizi tanış etdi. Biləndə ki, mən Kərkük dialekti ilə məşğul oluram, dedi ki, ləhcəni folklor olmadan öyrənmək, tədqiq etmək mümkün deyil. Sonralar da məktublaşarkən həmişə dəyərli məsləhətləri ilə məni istiqamətləndirərdi. Ustadın əsərlərinin folklorşünas və ədəbiyyatşünas kimi yetişməyimdə rolu az olmayıb. Xocamın əsərlərindən bol-bol bəhrələnmişəm.
Aşağıdakı fakt deyilənlərə dayaq olur. Neçə-neçə kitab müəllifi Ərşad Hürmüzlü Əta Tərzibaşının 80 illik yubileyi münasibəti ilə yazdığı məqaləsində təqribən 50-55 il bundan əvvəl baş vermiş, ibrət götürüləcək bir hadisədən söz açır. Yazır ki, bir kitabımın əlyazmasını ərəbcəsi mükəmməl olan ustada təqdim etdim və xahiş etdim ki, həm ərəbcəsinə baxsın, həm də ümumiyyətlə iradlarını bildirsin. Əta Tərzibaşı yazılı şəkildə bir çox iradlar göstərdi. Onların arasında məxəzlərə münasibət məsələsi də vardı. Əta bəy yazmışdı: "Çalışmanın ciddi olmasını istəyirsənsə, qaynaqları çoxaltmaq üçün hər önünə gələni qaynaq kimi göstərməkdən çəkinməlisən. Elmi dəyəri olmayan kitabı qaynaq göstərməyin kitabının sanbalına xələl gətirə bilər" (Bax: "Qardaşlıq" dərgisi (Kərkük vəqfi), N 23, İstanbul, 2004, s. 16).
İraq-türkman folkloru və ədəbiyyatının ən müqtədir tədqiqatçısı Əta Tərzibaşı indi İraq, Türkiyə və Azərbaycanda nüfuzlu alim kimi tanınır. O, Azərbaycanda ilk olaraq "Kərkük xoyratları və maniləri" əsərinə xalq şairi Rəsul Rzanın yazdığı "Uzaq ellərin yaxın töhfələri" məqaləsi ilə tanındı. Məqalə "Azərbaycan" jurnalında (1961 N9) və Rəsul Rza ilə birgə hazırladığımız "Kərkük" bayatıları" (Azərnəşr, 1968) kitabına ön söz kimi verdiyi həmin məqalə ilə və mənim kitaba yazdığım son sözümlə təqdim edildi.
Az sonra görkəmli dilçi alim, dil tarixi üzrə əvəzsiz mütəxəssis Hadi Mirzəzadənin onun "Kərkük xoyratları və maniləri" əsərinə əsasən "İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi mülahizələr" məqaləsi ADU-nun elmi əsərlərində (N4, 1961) çap olundu. Eləcə də mənim Əta Tərzibaşının dil, folklor, musiqi birliyimizdən bəhs edən fikirlərinə əsasən "Kərkük azəriləri" məqaləm işıq üzü gördü ("Elm və həyat", N4, 1967).
1971-ci ildə mən Əta bəyin 1964-cü ildə Bağdadda çap etdirdiyi "Arzu-Qəmbər" dastanını "Bir ömürdən səhifələr" adlı geniş ön sözlə çap etdirəndə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Məmməd Arif məni çağırıb dedi ki, Əta Tərzibaşı haqqında çox yazın, onun kitablarını çap etdirin. Özünə də xəbər verin ki, onu Akademiyamıza fəxri üzv seçmək niyyətindəyik. Mən Rəsul Rzanın redaktorluğu ilə onun "Kərkük havaları" kitabından seçmələri "Kərkük mahnıları" (Gənclik, 1973) və "Atalar sözləri" kitablarını Ön sözlə çap etdirdim.
Məmməd Hüseyn Təhmasib, Ayaz Vəfalı və başqaları Əta bəy haqqında məqalələr yazdılar. Lakin Əta Tərzibaşı İraqda vəziyyətin qeyri-sabitliyini, böyük təhlükə ilə üzləşəcəyini nəzərə alaraq təklifdən imtina etdi. Bunun səbəbini professor Süphi Saatçı tam çılpaqlığı ilə açıb göstərmişdir: "Toplumuna Əta Tərzibaşı kimi xidmət edən insanları mənsub olduğu toplumlar əl üstündə tutarlar. Onlar üçün yubileylər düzənləyərək mükafatlandırarlar, təltif edərlər. İraqda uzun illər sürən diktator rejimi üzündən, həyatına bir zərər dəyməsin deyə, türkman toplumunun bu önəmli kültür adamına gərəkən qədirşünaslıq göstərilməmişdir. Tərzibaşıya hər hansı bir xidmətdə bulunmaq təhlükəli görülmüşdür" ("Qardaşlıq" dərgisi (Kərkük vəqfi), N23, İstanbul, 2004, s.10).
Göründüyü kimi, Əta Tərzibaşının Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü olmaqdan imtina etməsi səbəbsiz deyilmiş.
Aradan illər keçib. Bu gün Əta Tərzibaşı 92 yaşına qədəm qoyur, mən isə ömrümün səksəninə yaxınlaşıram. Keçən illər ərzində bütün ömrünü xalqının folklor adlanan mənəvi dəyərlərinə, sərvətinə həsr edən bu böyük insan və görkəmli alim haqqında monoqrafiya yazmaq fikri mənə rahatlıq vermirdi. Şükürlər olsun ki, bu arzum da yerinə yetdi.
Arzu-arzudan doğur deyirlər. Arzu edirəm ki, mətbəədə yığılmaqda olan əsər tezliklə qocalıqla mübarizə aparan Əta bəyin əlinə çatsın, kiçik qardaşından qədirşünaslıq payı olsun. Əta bəyi ehtiramla xatırlayır və öz-özümə düşünürəm, məni İraq-türkman folkloruna, ədəbiyyatına, musiqisinə, onu yaradıb-yaşadanlara,
Eyşim qərib;
Eyşim yoldaşım qərib.
Bilmirəm
haralıyam,
Torpağım
daşım qərib -
deyən Türkman ellərinə belə dərindən bağlayan nədir? Göz önünə ilk olaraq Azərbaycanda İraq-türkman folkloruna, ədəbiyyatına, musiqisinə xalqın məhəbbəti və doğmalıq hissi gəlir. Özüm üçün bir daha "kəşf" edirəm ki, doğmasını sevməmək mümkün olmadığı kimi, onu unutmaq, ona yad münasibət bəsləmək də mümkün deyildir.
Başqa bir tərəfdən də düşünürəm ki, parçalanmağa məruz qalmış xalqın ellikcə yaratdığı sərvət üçün bağlı qapılar, keçilməz yollar yoxdur. Əta Tərzibaşı kimi bu əvəzsiz işə ömür həsr edən insanların sayəsində nə kəsilən yollar, nə illər mənəvi ayrılığa gətirib çıxara bilməmiş, qismətimizə düşən cismani ayrılıq olmuşdur. Bu, gün kimi aydın həqiqət böyük şəxsiyyət və görkəmli alim Əta Tərzibaşıya həsr etdiyim əsərin hər səhifəsində özünü aşkar hiss etdirir və əsrlər arxasından haray çəkən bu mənəvi birliyin əbədiyyət nəğməsini oxuyur.
Qəzənfər Paşayev,
Professor
Ədalət.-2015.-14 noyabr.-S.9-11.