MUŞTULUQ

hekayə

 

Müzahim İSMAYILZADƏ

"Qapını qocalıq açdı - ləng, həvəssiz və soyuq". Qadın yarıya qədər açılmış dəmir qapıdan ikiəlli yapışmışdı, deyirdin əllərini çəksə, qapı ölü kimi yerə yıxılacaqdı. Oğlana elə gəldi ki, bibisinin əhvalı yaxşı deyil, ayaq üstə dayana bilmir, ona görə qapıdan yapışıb, hətta onu qəbir daşına ayaq üstə çəkilmiş şəklə bənzətdi, udqundu.

- Necəsən, ay bibi? Yaxşısanmı? - Soruşdu. Qadın ona əhəmiyyət vermədi, sanki eşitmirdi.

- Harda qaldın? Savax olandan sənin yolunu gözləyirəm, - dedionu içəri təklif etmədən yönünü çevirdi, mətbəxə doğru addımladı. Oğlan içəri keçib qapını danqıldatdı, ayaqqabılarını çıxarıb onun arxasınca getdi, gedə-gedə izah etdi ki, həftənin altı gününü işləyir, bir bazarı var, ona görə saat 10-a kimi yatıb, qalxan kimi çay içməmiş bura gəlib. Sözlər dolu dənələri kimi qadına dəyib yerə tökülürdü.

- Mən gözümü yumammıram. Düz saat altının yarısınnan oyağam. Dedim, sən gəlirsən, xəngəl bişirim. Xamırı yuğurmuşam, acıyıf, kündələri tükmüşəm, yaymışam, kəsmişəm, bir suya atmaq qalır.

Oğlan sağ ol dedi, ancaq and-aman elədi ki, vaxtı yoxdu, tez getməlidi, xəngəlin işi uzundu, onu gözləyə bilməyəcəm.

- Bazar günü?

Evdə təmir aparırdı, ustalar dünən axşamdan zəng eləmişdilər ki, günortaya material almaq lazımdı.

- Alarsan. - Söz bibisinin ağzından ölə-ölə çıxdı. - Xəngəl hər samat olmur.

...Bibisi ali təhsilli tarix müəllimi idi, əlli il şəhərdə müəllim işləmiş, təqaüdə çıxmışdı. Tənha idi, ərə getməmişdi. Günah özündə olmuşdu. Hələ universitetdə oxuduğu vaxtlar elçilər dalbadal qapılarını döyürdü. Allahdan olan kimi hərəsinə bir bəhanə tapıb geri qaytarırdı. Sonra, elə bil, hər şey qəhətə çıxdı, yay günü kimi qurudu. Onu oğuləvəzi bildi, bir ara neçə il yanında saxladı, vəsiyyətnamə yazdı ki, öləndən sonra hər şeyini qardaşı oğluna bağışlayır...

- Nə məsələdi? Yenə nə olub?

Qadın qazı yandırdı, iri qazanı su ilə doldurub üstünə qoydu.

- Heççə zad... Allaha şükür, zəlzələ olmayıb, ev dağılmayıb, adam ölməyib. Hamamı təzəcənə düzəltdirməmişəmmi? Aşağıdakı qonşu dünən gəlib ki, yenə damır, təmirimi zay eyləyir. Düşüb baxıram ki, su damcılayır. Nə deyəsiyəm? Onu buraya gətirdim, dedim, bax, təzəcənə düzəltmişəm. O da baxıb mat-məəttəl qalır, deyirbu su hardan axır? Elə eləginən ki, su axmasın, yoxsa şikat eliyəcəm. Dedim hara istəyirsən get, mən istiyərəmmi ki, kimisə nayrahat eliyəm. Üç-dörd usta çağırdım, heç biri baş açmadı. Sən usta demisənmi?

- Demişəm, demişəm, əlində işi var, indilərdə gələr.

Hamama keçib hər yanı dördgözlə nəzərdən keçirdi, bir şey tapammayıb bibisinə ürək-dirək verdi.

- Yaxşı ustadı, şəhərdə adnan deyirlər. Birtəhər xahiş eləmişəm, gəlib düzəldər, sən də narahat olmazsan.

Yadından çıxmışdı, bibisinə deyəcəyi söz onu sevindirəcəkdi.

- Səni təbrik edirəm, - dedi.

- Mənim nəyimi təbrik edəcəksən? Ələyim ələnib, xəlbirim göydə fırlanır.

- Yaxşı, ay bibi, sən uzağı iyirmi beş yaşlıya oxşayırsan. Pulunuzu artırıblar.

- Yalan danışma.

- Yalan niyə danışıram.

- Havaxtannan?

- Dünənnən. Bəs televizorda eşitmədin? Qəzetlər yazıb.

Qapının zəngi çalındı. Usta idi. Dəm-dəsgahını içəri qoyub nəfəsini dərdi.

- Su hardan axır? - Cavab gözləməmiş hamama keçdi, unitazın ətrafını, divarları, küncləri nəzərdən keçirdi, qadının mühazirə oxumasına imkan vermədi.

- Burdan axır. - Əli ilə küncdəki xırda deşiyi göstərdi. - Usta yaxşı kley vurmayıb. Bir çimdik "Mətanət", bir dənə kleydi, onun canıdı. Bilsəm, bu çamadanı bura qaldırmazdım.

- Gedin alın, - dedi oğlan.

- Maşın da var, indi gətirərəm.

Əşyalarını götürüb pilləkənləri düşdü.

- İşin düzəldi, ay bibi, səninçün ikiqat bayramdı.

Qadın heç deməyib tutacaqla qazanın qapağını qaldırdı, suyun hələ qaynamadığını görüb əsəbiləşdi.

- Qaz elə gəlir, gəlməsə ondan yaxşıdı. - Sonra soyuducunu açdı, iki-üç diş sarmısağı stolun üstünə qoydu.

- Mən düşüm sarmısaq alım.

Oğlan özü düşmək istədi, bibisi qoymadı.

- Sən bilməzsən, - dedi.

Usta işi tez qurtardı, əllərini yudu, sağollaşıb xəngəl yeməyə qalmadı. Bibisi yubanmırdı. Sarımsaq almaq çətin imiş. Çay süzüb qonaq otağına keçdi, zoğal mürəbbəsini qaşıqlayıb qaba qoydu.

...Qapı açıq qaldığından bibisinin gəlişindən xəbər tutmadı. Sevinci yerə-göyə sığmırdı. Bayaqkı süstlüyündən əsər-əlamət qalmamışdı.

- Xəbərin var?

- Nədən?

- Təqaüdüm artıb.

Oğlan bu xəbəri ona yarım saat əvvəl çatdırdığını xatırladı, ancaq bibisinin niyə indi sevindiyini aydınlaşdırmaq istədi.

- Doğrudan?

- Doğrudan.

- Zarafat eləmirsən ki?

- zarafat? Bu boyda zarafat olar? İyirmi faiz artıb. Mən bu aydan otuz manat artıq təqaüd alajam.

- Hardan bildin?

- O həyətdə tumsatan oğlan var ey, ha, o dedi. Elə sarımsaq almağa gedirdim dana, məni görən kimi, gəldi, muştuluqladı.

- Bəlkə yalan deyir? Tumsatan bilir?

- Bilir. Pulumu alanda gərək ona bir bahalı papruz alım.

Qadın mətbəxə keçdi. Deyəsən xəngəlin suyu qaynayırdı...

 

Ədalət.-2015.-18 noyabr.-S.7.