"BU, ELÇİN
İSGƏNDƏRZADƏDİ"
Kitabın müəllifi
Vaqif Yusiflidi
Azərbaycan oxucusunu, xüsusilə ədəbi ictimaiyyətə Vaqif Yusifli imzası yaxşı tanışdı. Demək olar ki, bütün həyatını sözə sərf etmiş Vaqif müəllim həm də sözü göyərtməyi, yəni onu yaşatmağı bacaran ədədiyyat adamı kimi də son 30 ilin diqqət mərkəzində olubdu. Demək olar ki, ədəbiyyatdan, bədii sözdən harda söhbət gedibsə, harda söz açılıbsa, orda ilk yada düşənlərdən biri də professor Vaqif Yusifli olubdu.
Təbii ki, Vaqif müəllimi "Ədalət"in oxucuları daha yaxından tanıyırlar və onu qəzetimizin daimi yazarı kimi istər bölgə, istər paytaxt ədəbiyyatı ilə bağlı mülahizələrini, yanaşmalarını, tənqidi qeydlərini zaman-zaman izləmək imkanı qazanıblar. Yeri gəlmişkən, onu da xatırladım ki, professor Vaqif Yusifli həm də bir ədəbiyyatşünas kimi ədəbi prosesləri də öz süzgəcindən keçirib, həm də bu qiyməti məhz sözün öz çəkisinə uyğun gəlməsi baxımından çox dəyərli alimlərimizdən biridi. Bax, bütün bunların fonunda mənim üçün maraqlı olan bir məqam da var. Bu da professor Vaqif Yusiflinin bütöv, geniş mənada ədəbi mühitə baxışı ilə yanaşı, həm də ayrı-ayrı söz, sənət adamının yaradıcılığına birbaşa münasibətdi.
Elə bugünlərdə söhbət əsnasında öyrəndim ki, Vaqif müəllim bir silsilənin də müəllifi kimi digər həmkarlarından fərqlənir. Bu da onun yazdığı portret-monoqrafiyalardı. Elə bu maraq da məni bir növü Vaqif müəllimə üz tutmağa vadar etdi və çox böyük Vaqif Yusifli həmin monoqrafiyaları, yəni kitabları mənə bağışladı. Mən də yaradıcılığına və şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli professorumuzun bu hədiyyələrini gözdən keçirib onlar barəsində "Ədalət"in oxucularını bilgiləndirmək qərarına gəldim. Həmin silsilədən ilk yazım professor Vaqif Yusiflinin "Bu, Elçin İsgəndərzadədi..." kitabıdı.
Bəri başdan deyim ki, bir neçə hissədən ibarət olan bu dəyərli portret-monoqrafiyanın əsas qayəsi türk dünyası oxucularına imzası yaxşı tanış olan Elçin İsgəndərzadənin yaradıcılığını işıqlandırmaqdı. Təbii ki, Vaqif Yusifli qarşısına qoyduğu bu işi çox böyük sevgi və peşəkarlıqla yerinə yetirib, icra edib. Yəni kitabla tanış olduqca demək olar ki, şair və alim Elçin İsgəndərzadənin həyat yolu, yaradıcılığı, ictimai fəaliyyəti, xüsusilə bu gənc dostumuzun şəxsiyyəti bütünlüklə açılıb oxucu qarşısında vərəqlənib. Dəyərli oxucu bu monoqrafiya ilə Elçin İsgəndərzadə dünyasının qapılarına səyahət etmək imkanı qazanır. Mən bir oxucu kimi bu portret-monoqrafiyada yaxından tanıdığım Elçin İsgəndərzadəni bir daha kəşf etdim. Onu bir şair, bir ictimai xadim, bir elm adamı kimi həm də böyük türkçü kimi yenidən sevdim, yenidən onu necə deyərlər, ruhumun insanı olduğunu yaddaşıma, ürəyimə yazdım.
Bəli, gərgin əməyin bəhrəsi
olan "Bu, Elçin İsgəndərzadədi..."
kitabı son dövr ədəbiyyatımızın
işıqlı simalarından birinin bir növü həm də
təqdimatıdı. Düşünürəm ki, bu təqdimat uğurlu alınıb. Bu
da professor Vaqif Yusiflinin özünəməxsus
xidmətinin, peşəkarlığının, sözə sonsuz sevgisinin bəhrəsidi.
Yəqin ki, bu monoqrafiya ilə tanış olan
hər kəs mənim fikirlərimlə
razılaşacaqdı.
Ədalət.-2015.-18 noyabr.-S.7.