“Akkad dili mətnlərindəki türkcə
kəlmələrin bəziləri bu gün ancaq Azərbaycan
türkcəsində işlənir”
Elşad
Əlili: “Hind-Avropa dillərinin ortaq mirası kimi bilinən
sözlərin qaynağı, əslində, akkad mətnləridir”
Azərbaycanlılarla
türklərin dil birliyi, hətta qədim akkad dili
arealında da özünü büruzə verir. Bugünlərdə
AMEA İnsan Hüquqları və Konfliktologiya İnstitutunun
elmi işçisi Elşad Əlili “Akkadcada türkcə izləri
və dilçilik qaydaları işığında akkadca və
türkcə dilləri arasında bağlar” mövzusuda
araşdırma aparıb. Bu haqda Elşad Əlili qəzetimizə
müsahibə verib.
-Akkad dili
arealının tarixi Azərbaycan xalqı ilə nə
bağlılığı var?
- Akkad dili təxminən 2000 illik tarixi dövr kəsimində Babilistanın və Qədim Assuriyanın rəsmi dili olub. Bundan başqa, çox geniş coğrafiyada tapınaq, yazışma, diplomatiya və ədəbi dil rolunu oynayıb. Babil və Assurdan başqa, Qədim Misir, Hett dövləti və Mesopotamiyanın ətrafında olan digər dövlətlər öz aralarındakı yazışmada akkad dilinin ədəbi Babil dialektindən istifadə ediblər. Bu dildə Babil və Assur kralları, din rahibləri, saray xadimləri və katibləri özlərindən sonra geniş arxivlər qoyublar. Bu arxivləri incələyərək Yaxın Şərq tarixinin m.ö. XXV-V yüzillikləri arasındakı dövrü barədə təsəvvür əldə edə bilirik. Bu arxiv və kitabxanalarda Qədim Azərbaycan coğrafiyası barədə də ara-sıra məlumatlar vardır. Ən mühüm isə coğrafi adlardır. Bunlardan bəziləri bariz türkcədir. Bu da onu deməyə imkan verir ki, hələ miladdan çox-çox əvvəllər Azərbaycan ərazisində türk boyları məskunlaşıblar. Amma hazırkı çalışmanın əsas qayəsi sırf Azərbaycanla bağlı deyil. Əsas məsələ akkad dili mətnlərində yüzlərlə türkcə sözün varlığıdır. Özü də akkad dilinin ən erkən Babil dövründən başlayaraq (m.ö. XXV-XXII əsrlər) mətnlərdə bariz türkcə kəlmələr yer almaqdadır. Bizə gəldikdə, maraqlısı budur ki, bu türkcə kəlmələrin bəziləri bu gün ancaq Azərbaycan türkcəsində işlənir. Məsələn, dilimizə aid olan “toppuş” sözü akkad mətnlərində “tuppuşu”, “qoşqu” sözü “xuşuku”, “karıx” feli kökü (çaşmaq, heyrətlənmək) isə “karu” şəklində qeydlərə keçib. Bu sözlər türk dilinə aid qrammatik qanunlar daxilində meydana gəlib. Amma digər türk dili və ləhcələrində bu sözlərə rast gəlinmir. Bundan başqa, bəzi dialektlərimizdə qəlbi (hündür, uca) sözü vardır ki, o söz də şumer ədəbiyyatında qalbi şəklində qeyd olunmuşdur. Qəlbi sözü arxaik olmaqla bərabər, yalnız Azərbaycan türkcəsində qeyd olunur. Misal kimi çəkdiyim bu türkcə sözlər, əsasən Azərbaycan coğrafiyasında işlənir. Təbii ki, bu bilgilər tarixi perspektivi kökündən dəyişir. Çünki sırf türk dilinin deyil, həm də Azərbaycan türkcəsinin autonom şəkildə təşəkkülünü çox qədimlərə götürür. Halbuki altaistlərin yanlış qənaətinə görə oğuz türkcəsi çox gənc bir dildir.
-Sizin məlum
araşdırmanız hansı yeni faktlar ortaya
çıxarıb?
-İlk olaraq Mesopotamiya mixi yazılarında bariz türkcə kəlmələrin mövcud olmasını. Çünki şumer dilində türkcə sözlərin varlığını bu gün bəzi Qərb şumeroloqları qəbul edirlər. Amma akkad dilindəki türkcə sözləri kimsə bu şəkildə tədqiq etməyib. Mübaliğəsiz olaraq deyim ki, bu yazıdakı örnək çəkilən türkizmləri, yəni türkcə kəlmələri heç bir türkoloq, ya da dilçi alim şübhə altına ala bilməz. Və bu türkcə sözlər fərqli tarixlərdə qeydlərə keçib. Bəzi sözlər hələ Babilistanın ən qədim dövrü mətnlərində qeydə alınmışdır. Bəziləri isə son dönəm akkad mətnlərində. Bu onu göstərir ki, 5000 və 2500 il əvvəl Mesopotamiya, Anadolu və Azərbaycanda türk dilinin daşıyıcıları varlıqlarını sürdürüblər. Çünki bir dilin daşıyıcıları olmasa, o dildən digər bir dilə sözlər, ifadələr keçməz. Əgər 5-10 söz olsaydı, deyərdik ki, hansısa tacirlər, səyahətçilər təsadüfən bu sözləri Altaydan gətiriblər. Amma ortada yüzlərlə söz və termin vardır. Akkad mətnləri çox geniş çaplıdır və böyük coğrafiyanı əhatə edir. Bu mətnlərdə, hətta iki türkcə söz birləşməsindən yaranan bir neçə termin də var. Bu da mühüm göstəricidir. Bu elmi və tarixi faktlar Altay nəzəriyyəsinin üzərindən xətt çəkir. Xatırladım ki, Altay nəzəriyyəsinə görə türk dili monqol, tunqus, kore və yapon dilləri ilə bir ailə təşkil edir. Və türk dili 2000-2200 il əvvəl indiki Monqolustan və Şimali Çin hüdudlarında meydana çıxıb. Daha sonra bu dilin daşıyıcıları olan köçəri hunlar və göytürklər qərbə doğru irəliləyərək guya Hind-Avropa dillərində danışan yerli xalqlara bu dili aşılamış, sonra da özləri bu xalqların içində əriyib gediblər. Qərb, sovet və indiki Rusiya türkoloqlarının bir çoxu bu nəzəriyyədən yola çıxırlar. Bu nəzəriyyənin də tərəfdarları Azərbaycan xalqının etnogenizini yanlış tarixi perspektivə sürükləyiblər. Yəni, bildiyiniz kimi, sovet tarixi tezislərinə görə Azərbaycan əhalisinin əksəriyyəti dilini dəyişmiş millətlərin törəmələri sayılırdılar. Halbuki Altay dil nəzəriyyəsinə Cerard Klouson (1891-1974), Aleksandr Şerbak (1926-2008) kimi mötəbər türkoloqlar qarşı çıxıb və bu nəzəriyyənin əsassız olduğunu sübut ediblər. Polşalı məşhur altaist və monqol dillərinin bilicisi Vladislav Kotviç (1872-1944) uzun illərin tədqiqatından sonra türk, monqol və tunqus-mancur dillərinin genetik qohumluq nəzəriyyəsinin yanlış olduğunu etiraf etmişdi.
Mənim tədqiqatım isə bariz şəkildə
türk dilinin 5000 il öncə varlığının
birbaşa sübutudur, həm də Altayda deyil, başqa bir
coğrafi hüdudlarda. Yəni türk dili 2000-2500 il əvvəl
meydana çıxmamışdır. Çünki 5-6 min il əvvəl
yazıya alınmış Mesopotamiya mixi mətnlərində
sırf türkcə qrammatik dil qaydaları üzrə
yaranmış yüzlərlə türkcə sözlər və
terminlər vardır. Bu onu göstərir ki, artıq 5-6 min il
öncə müstəqil türk dili mövcud idi.
Çünki bu sözlər monqol, tunqus, kore, yapon dillərinin
mirası deyildir. Təbii ki, bu sözlərin bəziləri
türkcədən o dillərə keçmişdir. Klouson, Şerbak, Ligeti, Kotviç kimi dilçi alimlər
də Altay dillərindəki eyni sözlərin ortaq miras deyil,
bir-birlərinə təsirin nəticəsi kimi göstərirdilər.
Çalışmamın digər bir xüsusu ondan ibarətdir
ki, 4-5 min il əvvəl qeydə alınmış bir çox
türkcə söz və terminlər dilimizdə bu
gün də dəyişmədən işlənir. Bu da onu
göstərir ki, türk dili çox konservativ dildir. Və min illər
keçməsinə baxmayaraq, leksik potensialı fonetik dəyişikliyə
uğramadan sağlam şəkildə mühafizəolunma
gücünə malikdir. Dolayı yolla desək,
türk dili daşıyan toplumlar min illərin süzgəcindən
keçən kollektiv tarixi yaddaşlarını unutsalar belə,
çox qısa zamanda bərpa etmək iqtidarındadırlar.
-Araşdırmanızda Qərb
alimlərinin bu mövzuda dediklərini inkar edən hər
hansı detal varmı?
- XIX əsrdə
mixi yazıları ilk olaraq deşifrə edib oxuyan Qərb
alimləri Şumer və Akkad mətnlərinin
təşəkkülündə Turani xalqların rolunun
mühüm olduğunu dilə gətiriblər. Və mətnlərdə
yer alan bəzi türkcə, macarca, fincə
sözləri də örnək olaraq göstəriblər. Mən isə yeni detalları müşahidə
etdim. Məlumdur ki, akkad dili bilinən
ən qədim sami (semitik) dildir. Və qənaətimcə, ərəb,
ibrani, arami, süryani kimi sami dilləri bu
dilin ədəbiyyatından faydalanaraq təşəkkül
tapıb. Amma müasir semitoloqlar bu dillərin akkad
dilindən asılı olmayaraq müstəqil şəkildə
meydana gəldiyini iddia edirlər. Halbuki ərəb, ibrani,
arami, süryani kimi qədim semitik dillərin leksik bazası akkad dilində işlənən söz
potensialına dayanır. Təbii ki, mənim qənaətimi
isbat etmək üçün irəlidə yeni tədqiqatları
üzə çıxarmaq lazımdır. İndi isə əsas məsələyə gələk.
Dediyim kimi, akkad ədəbiyyatında
yüzlərlə türkcə kəlməyə rast gəlmək
olar. Bundan başqa, macarca və digər fin-uqor
dillərindən də sözlər vardır. Ərəb
dilinin sözyaratma qaydaları akkad dili ilə,
demək olar ki, eynidir. Akkad dili Turani dillərdən
aldığı sözlərə sami dillərinə
uyğun olan qrammatik qaydaları tətbiq etməklə yeni
sözlər yaradıb. Məsələn,
türkcədə kəs/kas (kəsmək, doğramaq,
parçalamaq, xırdalamaq) feli kökü vardır. Akkad dili bu feli kökü alaraq ona semitik dillərə
uyğun olan qrammatik qaydalar tətbiq edib və yeni sözlər
törədib. Bu türkcə feli əsasdan akkad dili
kasapu- çapmak, kəsmək, kasamu- kəsmək,
doğramaq, kasimu- qəssab bıçağı, kasiru-bənd,
hasar, kasistu- gəmirici, kasmu- kəsilmiş, kismu- doğramaq,
kəsmək və digər bu kimi sözləri meydana gətirib.
Bu sözlər də sonra ərəb, ibrani,
arami, süryani dillərinə keçib. Və
görünür ki, ərəbcədən dilimizə
keçən qisim, qəssab, qəsəbə, qissə kimi
sözlər türkcə kas/kəs feli əsasda tətbiq
olunan ədəbi qrammatik qaydaların nəticələridir.
Bir digər misal isə türkcə sar
(sarmaq, dolamaq, mühasirəyə, çənbərə
almaq) feli köküdür. Bu sözdən də akkad dili
asaru/eseru-çəmbərə, mühasirəyə almaq,
asirtu- əsir düşmüş qadın, asiru - savaş əsiri,
eseru- içinə qapatmaq, təcrid etmək, bit eseru - həbsxana,
esirtu - cariyə, kəniz, esiru - əsir, esru - dustaq, təcrid
edilmiş; ussuru - əsir almaq, utassuru - çəmbərə
alınmaq, mesiru - həbs, gözaltı və digər
sözləri yaratmışdır. Və yenə də ərəbcədən
dilimizə keçən əsir, mühasirə kimi sözlərin
kökündə türkcə sar feli
kökü durur. Bu, sadəcə iki misaldı.
İkinci misalda isə artıq akkad dili sar
feli kökün önünə həm də prefiks, yəni
sözönü şəkilçiləri də yerləşdirib,
yeni derivat (törəmə) sözlər meydana gətirir. Çalışmamda bunun kimi digər örnəklər
də göstərmişəm. Yəni akkad
dili iltisaqi (aqqlyunitativ) Turani dillərdən mənimsədiyi
sözlərə təsrif olunan (flektiv) dillərə xas
preffiks və və flektiv dillər içində də
yalnız sami dillərinə xas olan transfiks (ortadan
parçalayaraq yeni sözlər yaratma) qrammatik qaydaları tətbiq
etməklə yeni sözlər düzəltmişdir. İndiyə kimi bu məsələyə toxunan
olmayıb. Əslində, məsələnin
bu yönü yeni və özünəməxsus tədqiqat tələb
edən sahədir. Əgər akkad
dilində bu tip derivat kəlmələr
araşdırılarsa, o zaman bu dilin süni şəkildə
tətbiq olunan qrammatik qaydaların nəticəsində ortaya
çıxdığını, ya da ən azı genişlənib
təşəkkül tapdığını görəcəyik.
Yəni akkad dili 2000-2500 il ərzində
inkişaf etmiş və sadədən başlayaraq mürəkkəb
sami dilinə dönmüş süni ədəbi dildir. Bu ədəbi dilin bünövrəsi üzərində
də ərəb, arami, ibrani, süryani kimi semitik dillər təşəkkül
tapıb. Yəni dolayısıyla bu sami
dillərin mövcud olması süni şəkildə təşəkkül
tapmış akkad dilinə bağlıdır.
Bundan başqa, çalışmamda bir mühüm məsələyə
azacıq da olsa toxunmuşam. Söylədiyim kimi, akkad
dili iltisaqi Turani dillərdən sözləri mənimsəyib
onlara sami dillərinə xas olan qrammatik qaydaları tətbiq
etməklə bol-bol yeni derivat sözlər və terminlər
meydana gətirib. Doğrudan da, akkad dilinin
leksik bazası çox genişdir və çeşidli sinonim
sözlərə də malikdir. O dövrdə beynəlxalq
yazışma dili rolunu oynadığına görə
geniş coğrafiyada istifadə edilmişdir. Və
bir çox əski ədəbi dillərə akkadcadan sözlər
keçmişdir. Məsələn, Qərbdə yunan
dilinə, Şərqdə isə əski perscə və sanskrit dillərinə də akkad ədəbiyyatından
bol sözlər keçib. Akkad dilindəki mətnlər incələndikdə
bəlli olur ki, Hind-Avropa dillərinin ortaq mirası kimi bilinən
sözlərin qaynağı, əslində, akkad
mətnləridir. Yəni Hind-Avropa dillərində ortaq
sayılan leksik bazanın az olmayan qismi
üçüncü dildən alınmışdır. Əslində, bu sahə heç
araşdırılmayıb. Tədqiq olunsa, akkad dilindən başqa digər
üçüncü dillər də ortaya çıxa bilər.
XIX əsr Avropa dilçilərinin və etnoqraflarının
bəziləri Şimali Avropa (German, Baltik və Slavyan)
xalqlarının mədəniyyəti və dillərində
fin dillərinə aid substrat təbəqənin olduğunu
etiraf edirdilər. Bu gün isə bu məsələyə
toxunmağa heç bir avropalı tarixçi alim cürət
etməz.
(Ardı var)
Fuad Hüseynzadə
Palitra.-2015.-19 noyabr.-S.13.