İsmayıl İmanzadə

 

Kaman dilə gəlir...

 

(Ustad sənətkarımız Habil

Əliyevin "Segah"ını dinləyərkən)

 

Kaman dilə gəlir, kaman inləyir

Qanadı qırılan körpə quş kimi.

İllər od püskürür, zaman inləyir

Nəmli kipriklərdən düşən yaş kimi.

 

Simlər dil açdıqca elə bil bu an,

Donmuş əsrlərin ürəyi vurur.

İldırım nərəli, şimşək qılınclı

Şahlar, sərkərdələr üz-üzə durur.

 

Koroğlu, Dəlilər, Qırat, Çənlibel...

Keçir göz önündən hey dəstə-dəstə.

Qılıncın sıyırıb Tomris elə bil

Kirin dayanıbdı başının üstə.

 

Kaman susarmı heç deyin, bir kərə

Onun səsi qaynar, hikməti dərin.

Barmaqlar adların yazır simlərə,

Babam Səttarxanın, nənəm Həcərin.

 

Kaman dilə gəlir... alışır qan da,

Xəyalım göylərdən aşağı enir.

Elə bil Habilin barmaqlarında

"Qatar" yola çıxır, "Çahargah" dinir.

 

Gözümün önündə əriyən anlar

Qarışır bir çeşmə zümzüməsinə.

Kaman dilə gəlir... yağır soyuq qar

Durna harayına, kəklik səsinə...

 

Çal qardaş, ellərdən gəlsin sorağın,

Nə aqil unudar, nə nadan səni.

Hər könül mülkündə yanır çırağın,

Xoşbəxt xəlq eləyib Yaradan səni.

 

 

Yuxarı başdakı adam

 

Yuxarı başdakı adam,

Gəl bir az da aşağı bax.

Ölən səsin zülmətində

Çabalayan işığa bax.

 

Hələ toz qonmaz üstünə,

Qapılar üzünə açıq.

Yuxarı başdakı adam,

Bir az ordan aşağı düş,

Bir az adam içinə çıx.

 

Tanrı səndən yuxarıda,

Allah olası deyilsən.

Çoxları elə bilir ki,

Adam balası deyilsən.

 

Yuxarı başdakı adam,

Bil ki, təkcə qapıdan yox,

Pəncərədən də daş gəlir.

Haqqa arxa çevirənlər

Sonda qarğışa tuş gəlir.

 

Yerdən qalxan naləyə bax,

De çatdımı sənə bu səs?

Bəlkə dərddən yuxarıda

Dayanıb durmağın əbəs...

 

Üzündə ölüm kölgəsi,

Qan tutubdu bəlkə səni?

Bəxtinmi durub üzünə,

Kimdir çəkən bərkə səni?

 

Heç üstünə gün düşdümü,

Dərddən xəbərin oldumu?

Göyün yeddinci qatından,

Gələn səhərin oldumu?

 

Ətəyin əllərdən uzaq,

Yaxandan tutan yox hələ.

Səni məhşər ayağına

Sürüyüb dartan yox hələ.

Axı hardan biləsən ki,

Göz yaşına tab gətirməz

Bu dünyada nə daş, nə dam.

 

Bir az da aşağı boylan,

Kölgəyə, işığa boylan.

Adam olmağın vaxtıdır,

Yuxarı başdakı adam.

Qapı arxasında

dayanan uşaq

 

Qapı arxasında dayanma belə,

Öyrəşmə indidən bu "get-gəllərə".

Bəlkə ağlın kəsmir, uşaqsan hələ

Bəxtini tapşırma özgə əllərə.

 

Görünən o yollar üzünə açıq,

Səndən uzaqdadır hələ ehtiyac.

Qısılma səbrinə, dur ortaya çıx,

Bağlı qapıları öz əlinlə aç.

Üzdən tanımırsan nisgili-qəmi,

Qayğılar çiynində ağır yük deyil.

Atdığın xırdaca addımlar kimi

Hələ istəyin də çox böyük deyil.

 

İndidən qürurun qalmasın qında,

Ətəkdən tutmağa çalışma, uşaq.

Bir meşin sifətli qapı dalında

Boynunu bükməyə alışma, uşaq.

 

Yoxuşu qalxmağı gəl sanma asan,

Yorulsan qolundan tutan tapılar.

Ağılla-kamalla əgər ucalsan

Açılar üzünə bağlı qapılar.

 

Getdiyin yollarda batmasın səsin,

Mayası yoxdursa göyərərmi dən?

Çalış ki, üstünə kölgə düşməsin,

Özünə arxalan, özünə güvən...

 

Qapı arxasında dayanma, uşaq,

Yüyürüb qoşulma əsən yellərə.

Deyilən hər sözə inanma, uşaq,

Vermə taleyini özgə əllərə.

Gedək söz dirilən yerə

 

Hardan gəldin bu qapısı,

Bacası hörülən yerə?

Bir də düşməz haqq işığı

Məhəbbəti uralanıb,

Sevgisi dərilən yerə.

 

Burda sütunlar yıxılıb,

Halallıq küncə sıxılıb.

Bir bölük şeytan yığılıb

Tanrı öldürülən yerə.

 

Gördüyün daş, divar da yad,

Ot bitməyən yerdə nə dad?!

Yaxın düşərmi bir də od, -

Ocaq söndürülən yerə.

 

Yetişmədin diləklərə,

Səsin çatmır mələklərə.

Gəl qoşulub küləklərə

Gedək söz dirilən yerə...

 

Gəldim görüşünə

 

(Anam Ruqiyyə Bəşir qızının

əziz xatirəsinə)

 

Axdı gözlərimdən yaş narın-narın,

Həsrətin qəlbimdə yenə dil açdı.

Gəldim görüşünə... qərib məzarın

Sənin əvəzindən üstümə qaçdı.

 

Şəklinə göz dikdim yana-yana mən,

Halıma acıdı burda sükut da.

Bilirəm, çağırsam dinən deyilsən,

Yuxuya getmisən qara tabutda.

Yalandan deyimmi hələ bir az döz,

Daha kəsilibdir hər bəndin-bərən.

İçimdən əsən yel səni üşütməz,

Nə açıq qapın var, nə də pəncərən.

 

Yanıb külə döndü şirin diləklər,

Nə yerdən qalxırsan, nə səsin gəlir.

Qəbrinin üstündə bitən çiçəklər

Titrədi... dedim bəs, nəfəsin gəlir...

Zülmətin qırılan səsimi udur,

İstərəm avazım ruhuna yetsin.

Göz yaşım bir ovuc qəm toxumudur,

Qoy səpim qəbrinin üstünə bitsin.

 

Əyilə bilmirəm

 

Hazır gülüşüm yox, üzdə saxlayam,

Payızda saxlayam, yazda saxlayam.

Ayrı sifətim yox, gizli saxlayam, -

Əyilə bilmirəm, əyməyin məni.

 

Böhtanın hörümçək torundan qaçım,

Şüşə parıltılı sərt baxışların

Ayazından qaçım, qarından qaçım.

Nə ehtiyac tilov, nə də mən acam, -

Əyilə bilmirəm, əyməyin məni.

 

Yarına bilmirəm əllərimə də,

Çox da oddan keçib, qabar bağlayıb.

Çox da yer şumlayıb, hörgü ucaldıb,

Məni dolandırıb, məni saxlayıb.

Nələr daşımayıb, nələr etməyib,

Bu ana əllərim öz ruzim üçün.

Kökümdən qoparam, sınaram, ancaq

Kömək diləmərəm bu əllərimə,

Kömək diləmərəm bir arzum üçün, -

Əyilə bilmirəm, əyməyin məni.

 

Palıd çubuğuyam, çinar şaxıyam,

Kölgədə yaşaram boynu bükülü,

Əlçatmaz, ünyetməz dünyam bir zirvə,

Burda kövrəkliyim tarım çəkilib, -

Əyilə bilmirəm, əyməyin məni.

 

Mayam ana südü, günəş ziyası,

Üzümdə sadəlöhv uşaq həyası.

Qoyun bu adilik qütbündə azım, -

Əyilə bilmirəm, əyməyin məni,

Əyilən deyiləm, əyməyin məni...

 

Söz oğruları

 

Hələ kəsmək olmur axan qanları,

Kim başa çıxardıb bu yamanları?

Nə xoş üzləri var, nə amanları, -

Heç vədə görmədim düz, oğruları.

 

Yol var ki, ömürdən, gündən uzundu,

Sandım hər ilahi kəlmə azandı.

Özgənin odunu qapıb qızındı, -

Ocaq oğruları, köz oğruları.

Hərdən sevincləri dönsə də yasa,

Çoxları aldandı kor ehtirasa.

Gah zərə uydular, gah da libasa, -

Namus dəllalları, qız oğruları.

 

Şöhrət düşkünləri uydular vara,

Saflıq da, düzlük də çəkildi dara.

Əzəldən üz tutub əyri yollara,-

Cığır oğruları, iz oğruları.

 

Qəlbi ovlayanda oğrun baxışla,

Yuyulmaz suçları qarla, yağışla.

Üz-üzə qalırlar qanla, qarğışla, -

Yataq hərisləri, göz oğruları.

 

Qarışıq düşəndə səslər, hənirlər

Tarıma çəkilir simtək sinirlər.

Şairəm deyibən qürrələnirlər,

Təbləri ərəmik söz oğruları.

Təbiətin töhfəsi

 

Sevgi də, nifrət də yerli-yerində,

Hər acı kəlmənin kökü dərində.

Yaxşı adamların əməllərində,-

Əzəldən saflığın var işartısı.

 

Dünyadan köç edir əyri də, düz də

Bir ömrün sorağı naxışda, izdə.

Adətdir,- nədənsə olmur hər üzdə,-

Həya közərtisi, ar işartısı.

 

Əsən meh çəmənin nəfəsidirmi,

Şəlalə dağların həvəsidirmi?

Ana təbiətin töhfəsidirmi,-

Çeşmə duruluğu, qar işartısı?..

 

Eləmi...

 

Sevdalı ürəyimdə

Söndü yandırdığın şam.

İndi yox, bir zamanlar

Deyəsən səhər-axşam

Başına dolandığın,

Çaşıb Tanrı sandığın

İsti od-ocaq idim,-

Eləmi?

 

Bu sevdanın sızlayan

Kökləri çox dərində.

Sonradan anladım ki,

Sənin nəzərlərində

Alınıb-satılası,

Nə vaxtsa atılası

Köhnə oyuncaq idim,-

Eləmi?

 

Baxışlarım meh kimi

Dolaşanda saçında,

Sən elə bilirdin ki,

Barmağının ucunda

Yel əsdikcə titrəyən,

Varlığına baş əyən

Solğun bir saçaq idim,-

Eləmi?

 

Gözdən, könüldən uzaq

Xəlvəti yer sandığın,

Çətinə düşən kimi

Qaçıb daldalandığın

Qəlbdə zülmətə döndün,

Və... zərrə-zərrə söndün...

Mən səninçün xəlvəti

Künc idim, bucaq idim, -

Eləmi?..

 

 

 

Tapılmaz

 

Gəzdimi kiminsə adı dilində,

Bir əlin sığalı varmı telində?

Ən gözəl, ən incə qızda, gəlində

Səndəki gül çöhrə, bədən tapılmaz.

 

Fərqinə vardınmı soyuq, isti nə

Sənin gözəlliyin durdu qəsdinə.

Baxışlar od səpər hərdən üstünə,

Sinəndə nişangah nədən tapılmaz?

 

Inadın rahatlıq qazandımı, de

Sevgisiz yaşamaq asandımı, de?

Nazını çəkənlər usandımı de,

Ta sənlə yanaşı gedən tapılmaz.

 

Hər kəlmə dilində bir daddı, tamdı

Görən dəli könlüm səndən nə umdu?

Sinən xışa həsrət kövşəndi, tumdu

Nə belə xam torpaq, nə dən tapılmaz.

 

Bax e...

 

Ayaq dartışır başınan,

Quru yol gedir yaşınan.

Yan-yanadır yaz, qışınan,

Çiçəyə bax, gülə bax e...

 

Naz eləyir yüzə əlli,

Həyat eşqi bir təsəlli.

Dünyanın sifəti bəlli,

Bir cürədir hərə, bax e...

 

 

Neçə kasıb, kalan getdi

Bəxtindən kam alan getdi.

Qurdla əlbir olan getdi,

Boşaldı yan-yörə, bax e...

 

Bu nə sirdi, bu nə səsdi,

Üstümdən qara yel əsdi.

Həyat qaranlıq məhbəsdi,

Mənə qalan yerə bax e...

 

Ədalət.-2015.-19 noyabr.-S.7.