BÜTÜN ZAMANLARIN ŞAİRİ
Rafiq Yusifoğlu
Şair, filologiya elmləri
doktoru,
professor
Bütün zamanların şairi olmaq üçün bütün zamanların insanlarını
düşündürən, onları qayğılandıran,
duyğulandıran problemlərdən söhbət açmaq, özü də
bütün zamanların
insanlarının diqqətini cəlb, zövqünü
təmin edəcək tərzdə yazmaq zərurəti ortaya
çıxır ki, bu
da hər bir sənətkara
nəsib olmur. Bəxtiyar Vahabzadənin mövzusundan asılı olmayaraq
əksər şeirlərinin, poemalarının, dram əsərlərinin, məqalələrinin
cövhərində, mayasında insan və
zaman probleminin bədii
həlli məsələsi dayanır. Sevən,
sevilən, əzab çəkən, yaşamaq
uğrunda mübarizə aparan
insan onun əsərlərinin
əsas qəhrəmanıdır və bu
qəhrəman müəyyən zaman kəsiyində
yaşayır, düşünür,
mübarizə aparır. İnsanın fərdi taleyi ilə onun mənsub olduğu xalqın taleyinin
daim dialektik vəhdətdə
götürülməsi Bəxtiyar Vahabzadə
poeziyasının ən əsas məziyyətlərindən birini təşkil edir.
"Azərbaycan oğluyam" şeirində "zamanın qazanında neçə dəfə dağ olan", damarlarında Dədə Qorqudun, Koroğlunun qanı axan, odlar diyarının övladı olmasıyla fəxarət duyğusu keçirən şair yeni nəslin ürəyinə poetik vətənpərvərlik toxumları səpməyə çalışır, onları da şeirin lirik qəhrəmanı kimi Azərbaycan oğlu adını ləyaqətlə qorumağa, bu şərəfli adın keşiyində ayıq-sayıq dayanmağa səsləyir.
Ümumiyyətlə, B.Vahabzadənin əsərləri vətəndaşlıq poeziyamızın ən gözəl nümunələri hesab oluna bilər. Yaradıcılığının ilkin dövründən ta ömrünün sonuna - əlindən qələm düşənədək bu vətənpərvər şair daim vətənin azadlığı, müstəqilliyi, bölünməzliyi, onun dilinin saflığı, təmizliyi haqqında düşünmüş və yazmışdır. Bəxtiyar müəllimin bütün əsərlərində folklora, xalqın qədim tarixinə, adət-ənənələrimizə, ilkinliyə, mənəvi saflığa məhəbbət motivləri güclüdür. Dövrün tələbi, diktəsi isə partiyanı tərənnüm, Lenini ən böyük münəccim kimi təqdim etsə də, "Leninlə söhbət" poemasını yazıb özünü qırmızı irticanın pəncəsindən xilas etmək məcburiyyətində qalsa da, B.Vahabzadə təpədən dırnağa əqidə, məslək şairi olmuş, "Gülüstan" poemasını yazanda sözü açıq deməkdən çəkinmədiyi üçün zərbələrə məruz qalan şair "Latın dili", "Təyyarələr" kimi şeirlərində, "Mərziyyə", "Yollar, oğullar" kimi poemalarında əsas fikrini, məramını sətirlərin alt qatına yükləmək məcburiyyətində qalmış, sosialist pərdəsi altında olsa belə milli-mənəvi dəyərlərimiz haqqında qiymətli fikir və mülahizələr söyləməyi bacarmışdır.
"Həyat, sən nə şirinsən" şeirindən başlayan poetik ovqat şairin bütün yaradıcılığı boyu davam edir və Bəxtiyar Vahabzadənin həyat, ölüm haqqında fəlsəfi düşüncələri onu mütəfəkir bir filosof səviyyəsinə qaldırır. Bütün dövrlər, zamanlar üçün aktual olan bu mövzu şairin bədii sənətkarlıq, fərdi yanaşma, bənzərsiz üslub süzgəcindən keçərək yeni məzmun kəsb edir və oxucunu daim düşündürür, duyğulandırır, həyəcanlandırır.
Hər gün artır saçımda
Təzə
qırov, təzə dən.
Yaşamaq istəyirəm
Gəncliyimi təzədən.
Şairin anlamında yaşamaq,
yaratmaq üçün
əsas şərt isə yanmaqdır:
Yaşamaq yanmaqdır, yanasan
gərək,
Həyatın mənası
yalnız ondadır.
Şam əgər yanmırsa,
yaşamır demək,
Onun da həyatı
yanmağındadır.
Əslində özü yanıb özgənin yollarını, ömrünü, həyatını işıqlandırmaq missiyasını yerinə yetirən şam şairin və onun təmsil etdiyi insanların simvolik bədii obrazıdır. Şair ömrü də şama bənzəyir. Ancaq oxşarlıq olduğu qədər də böyük fərq var. Şam yanıb, əriyib tükənən kimi onun işığı da qaranlıqlar içində əriyib yox olur. Əsl sənətkar isə cismən əriyib tükənsə də, onun poeziya işığının nuru zaman-zaman yaşayır, insanların qəlbini həyat eşqi ilə doldurur, onları sevib-sevilməyə, qurub-yaratmağa səsləyir.
Əlbəttə, hər bir şairin, yazıçının əsərlərinə yeni dövrün meyarları prizmasından yanaşdıqda orada müsbət və mənfi cəhətlər tapmaq o qədər də çətin məsələ deyildir. Bu baxımdan Bəxtiyar Vahabzadənin yaradıcılığı da istisnalıq təşkil etmir. Yaşadığı dövrün, zamanın, ictimai rejimin tələbləri onun da poeziyasına öz izlərini qoymuşdur. Ancaq ən önəmli məsələ bundan ibarətdir ki, Bəxtiyar Vahabzadə həmişə öz hərəkətlərinə, yaradıcılıq nümunələrinə tənqidi yanaşmağı bacarmış, içində gəzdirdiyi azadlıq, istiqlal, haqq, ədalət işığını heç zaman sönməyə qoymamışdır. Digər tərəfdən, özünə və yaradıcılığına zamanında bəslədiyi tənqidi münasibət onun əsərlərinin zəif cəhətləri haqqında söz deməyə yer qoymamışdır.
Çünki şair bütün yaradıcılığı boyu özünə başqa adamların gözü ilə baxmağa çalışmış, bu da öz növbəsində istər-istəməz uğurlu nəticələrlə yekunlaşmışdır. Onun "könül çiçəklərindən bağladığı dəmət" vətənpərvərlik çeşməsindən su içmişdir. Şairin təskinliyi isə bundan ibarət ldmuşdur ki, "öz səsiylə səslənən sənətinin gözü qadir əmək, bəbəyi isə məhəbbət"dən ibarət olmuşdur. "Dünyada yaşamayan dünyadan dinclik umar, yanmağında tapmalı dincliyini sənətkar" qənaətləri şairin sənətə estetik münasibətini öyrənmək baxımından səciyyəvi misralardır.
Mən haqq-hesab istəyirəm
Gecə-gündüz özümdən.
Narahatam, narazıyam
Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının
Qırıq telli sazıyam,
Təkcə bundan razıyam ki,
Özümdən narazıyam.
Dünən zirvə bildiyini bu gün pillə olduğunu dərk edən şairin "Köhnə arzularımın saçlarına dən düşür" qənaətinə gəlməsi də, "Mən sahili olmayan dənizlər istəyirəm, axşamları olmayan gündüzlər istəyirəm" arzusu da fikrin poetik ifadəsi baxımından maraq doğurur. "Mənim yolum" şeirində "Min dəfə, milyon dəfə doğulsaydım yenə şeir-sənət yolunu seçərdim" qənaəti də şairin öz sənətinə bütün varlığı ilə bağlanmasından xəbər verən səmimi duyğuların ifadəsidir. Onun üçün bədii yaradıcılıq məslək, şərəf, namus, xalqa sonsuz məhəbbətin ifadəsi olduğu üçün ömrünü şeir oduna gilə-gilə əritməsindən, bu yolda qara saçlarını ağ saçlar ilə dəyişməsindən, əzablara, əziyyətlərə qatlaşmasından qətiyyən peşman deyildir.
Şairin "Qələm yoldaşlarıma" şeirini bu misralarla bitirməsi də onun sənətə estetik münasibətini öyrənmək baxımından diqqəti cəlb edir:
Düşünmək də bizimçün xoşdur yaratmaq qədər,
Bizim qəmxarımızdır xəyallar, düşüncələr.
Hər şey, hər şey dərindən iz salır qəlbimizə,
Bəxtəvərik, a dostlar! Ana təbiət bizə
Duymaq üçün qəlb verib, yanmaq üçün
köz verib,
Yalnız baxmaq üçün yox, görmək üçün göz verib.
"Baxmaq hələ
görmək deyil"
qənaəti yeni olmasa da, burada
sözün yeni tərzdə ifadəsi şair şükranlığını
lazımi səviyyədə
ifadə etməyə
qadirdir. Bütün əsərləri göstərir ki, Bəxtiyar Vahabzadə yaradıcılığı boyu
tapdanmış yollarla
getmək istəməmiş,
"nəsənsə özün
ol" devizi onu predmetin, hadisənin, insan qəlbinin ən görünməz guşələrini
görməyə və
özünəməxsus bir
tərzdə əks etdirməyə həvəsləndirmişdir.
Bütün bunlar isə
özündən daim
narazı şairi ölkənin ən sayılıb-seçilən, sevilən
bir şairinə çevirmişdir.
Bütün şeirlərində bu və ya digər
dərəcədə öz
poetik məramını
açıq və ya gizli şəkildə
nəzərə çarpdıran
B.Vahabzadənin "Şeirim"
adlı poetik nümunəsi onun sənətə estetik münasibətini öyrənmək
baxımından daha çox material verir. Şairin
qələm dostlarından,
o cümlədən də
özündən umacağı
bundan ibarətdir ki, ilham məsləkli,
əqidəli şairin
köksündə həmişə
əbədi bir od kimi yanmalı,
sənətkar "idrakının
gözləri" daim
gələcəyə baxmalı,
"kürrəni zərrədə
göstərməyi" bacarmalıdır.
Şairin təmiz, bənzərsiz
duyğularından yoğrulan
şeir onu "anadan alıb" vətənə, elə oğul eləmək gücündədir.
Sənətə estetik münasibəti öyrənmək baxımından
"Nəsənsə özün
ol" şeiri Bəxtiyar Vahabzadənin proqram səciyyəli əsərlərindəndir. Əlbəttə,
Bəxtiyar müəllim
dünya mədəniyyətindən,
ədəbiyyatından bəhrələnməyin
əleyhinə deyil, ancaq o, istər həyatda, istərsə də yaradıcılıqda
milli zəmindən ayrılmamağı çox
vacib sayır, ötəri şöhrətə,
ada uymamağı, xalqımızın çoxəsrlik
poetik ənənələrinə,
istedadın gücünə
arxalanaraq əsl sənət nümunələri
yaratmağı tövsiyə
edirdi. O, vurğulayırdı
ki, hər köhnə pis olmadığı kimi, hər təzə də yaxşı deyil. "Anlaya
bilmirəm, nə vaxtdan bəri Yadı yamsılamaq yenilik oldu?" sualını verən Bəxtiyar Vahabzadə yeni görünmək xətrinə hər cür cəfəngiyyat uydurmağın da əsl sənətkara yaraşmadığın söyləyirdi.
Qəlbini, beynini nahaq yorma sən!
Amandır, özündən yol
uydurma sən!
İlhamdır yaradan sənəti, şeiri,
Yağmaq xatirinə yağan yağışın
Nə bağa xeyri var, nə dağa xeyri!
Insanlığı zaman-zaman
düşündürən elə bir problem yoxdur ki, Bəxtiyar Vahabzadənin poeziyasında bu və ya digər şəkildə
öz əksini tapmamış olsun. Onun şeirləri, nəğmələri indi də dillər əzbəridir,
insanları saf məhəbbətə, vətənpərvərliyə,
düzlüyə, ləyaqətə, xalq
işi uğrunda
mübarizəyə, əslini-nəslini unutmamağa,
mənəvi dünyamızın, əxlaqımızın, dilimizin, dinimizin
keşiyində ayıq-sayıq dayanmağa,
əsl insan kimi
yaşayıb-yaratmağa səsləyir. Özü
də bütün bunların yüksək
peşəkarlıqla bədii əksi onun
fikir və düşüncələrinin
təsir gücünü qat-qat
artırır. Elə buna görə də
Bəxtiyar Vahabzadəni bütün
zamanların şairi hesab
etmək olar.
ədalət.-2015.-19 noyabr.-S.5.