QAYIT GƏL ÖMRÜMƏ, DÜZƏNİ DƏYİŞ

SONA ÇƏRKƏZ

 

Bütün varlığı, ruhu, ləyaqəti və qüruru ilə əsl kişi ömrü yaşayan qardaşım! Sən cürət, cəsarət, əliaçıqlıq rəmzi idin. Sən yanan övlad, sədaqətli dost, qeyrətli vətəndaş idin. Sən əyilməz və haqqın, ədalətin tərəfini saxlayan insan idin. Sən az ömründə (qoymadılar Allah verən ömrü yaşayasan) mənsub olduğun ocağı, soyadı, məmləkəti atdığın mətin addımlarınla, işin, əməlinlə, qazandığın mərdlik nümunəsi olan adınla ucalardan ucalara qaldıra bildin. Yaşamınla və fədakarlığınla çoxlarından fərqləndin. Kövrəkliyi və mərdliyi sərt kişi baxışlarının arxasında namərdlərə görünməz qalan qardaşım!

Elə bil dünən idi, ömrümə əbədi qara hərflərlə yazılan o gün... Düşmənlərinin - adam eləmək istədiklərinin azğınlığa əl atması, səni dünyadan qoparması...

Sən isə hər şeydən xəbərsiz - gah toy tədarükü görür... gah dəvətnamə paylayır... gah ömrü gödək və mənim çox sevdiyim gözəl aktyorumuz İlham Əsgərovla görüşüb toyu aparmağını danışır... gah şadlıq evinə gedib qalan işləri sahmanlayıb tapşırıq verir... gah bütün bunlarla bərabər, iki daşın arasında illərlə xəstə yatan qohuma baş çəkir... gah - bu atamın dostudur, ona pal-paltar almalıyam, bu kəndçimizdir, əl tutmalıyam deyir... gah da toy üçün ev təmir edib bəzəməyin... Sən belə idin, ay yel ətəkli, quş qanadlı qardaşım! Sən az ömrünə nələr sığışdırmadın! Sən kimlərin yarasına məlhəm olmadın! Sən kimlərin xeyrinə, şərinə öz adına yaraşan şəkildə maşın sürmədin? Yıxılana dayaq olan, yiyəsizə sahib çıxan, elədikləri bəzən qiymətsiz olan qardaşım! Məni təəccübləndirən odur ki, bəziləri bu gün də adından istifadə edib yararlanır, amma ağızlarından mələ vurmuş kimi bundan söz salmağa qorxurlar sanki. Əməlin, bəxtin belə imiş, ac qarınlarını doyurub cərgələrə qatdıqların, təhsil verib sahibi elədiklərin, mərəkələrə çıxardıb insan görmək istədiklərin bildilərmi qiymətini? Canavar kimi canına daraşıb ömrünü yedilər, indi də sənə qismət olmayan hər şeyə yiyələnib şüləngəlik ediröz iyrənc əməllərini ört-basdır elədiklərini sanırlar. Lakin el gözü elə düz mizan-tərəzidir ki, hər şeyin doğrusunu görür, hər pis əməli qılınclayır və diriykən ölüyə çevrilənlərin cavabını verir. Elin töhməti ən ağır cəzadır, məncə. Tanrının hökmüelin nifrəti verəcək sənə qıyanların cəzasını, taleyikəm qardaşım! Əlbəttə, bunlar abır, həya, vicdan və töhməti anlayanlara aiddir, su içdiyi qaba tüpürən, keçmişini unudan əcaiblər bunları çətin anlaya! Hələ gödəngüdənlər elədiklərinin cəzasını almadıqları üçün öz aləmlərindədirlər. Allah isə böyükdür...

Bu gün sənin ad günündür, yaralarımdan qan sızmağa başlayır, özümə yer tapa bilmirəm. Onsuz da başıma dar dünyada içimdən nəfəs yerinə ah qopur. Gündüzümü gecəyə, yazımı, yayımı qışa döndərən taleyinin bu yönünə dözə bilmək dəhşətdir, atam oğlu! Onsuz da ağır keçən ömrümdə sənin müsibətin hər anımı göy əskiyə bükürbu dünyanın üzünə baxmaq istəmirəm. Əlallahılar əməllərini ört-basdır elədilər, bəzi ağuzəmməzlər də bu yalana inandılar. Bəziləri də tamaşaçı oldu. Biz isə yanıb külə döndük...

Füzuli, təsəllim odur ki, əməyini qiymətləndirən, pisi yaxşıdan ayırmağı bacaran ulu öndərimiz Heydər Əliyev kimi böyük insan səni tanıyıb və səni "Azərbaycan bayrağı" ordeninə layiq görüb. Deməli, sən həqiqətən şərəfli ömür yaşayıbsan, kölgə olmayıbsan, heç kəsin önündə boyun ətinə çevrilməyibsən. Sənə söykənənlər isə çox olub...

Məkanın cənnət olsun! Belə ad günün də mübarək - saçlarına dən düşməyən qardaşım - Füzulim!..

 

FÜZULİYƏ

Səni bizdən alan mənfur

qanına bələnəcəkdir.

Bir gün inşallah əl açıb

yollarda dilənəcəkdir...

Yaradan verəcək gec-tez

cəza, o haramzadalara.

Nəzir paylayacaq anam

o vaxt imamzadalara...

 

Gecənin zülməti kimi

günümüzü qaraltdılar.

İşləri öydən keçincə

hamımızı aldatdılar...

 

Bildikləri qədər çəksin,

hər birisi öz canından.

Boynumuz bükük qalıbdı,

can alıblar canımızdan.

 

İndi girib hicaba

dindarlıqla oynayırlar.

Guya bu yolnan o boyda

günahlarını yuyurlar.

 

Şükür məsləhətinə, Allah,

səbrin çox böyükdür Sənin...

Lakin bilirəm ondan da,

qat-qat böyükdür qəzəbin...

 

 

BİR DAHA HEÇ KİM

 

Qardaşıma

 

Sən mənim nəyimə gərəksən dünya,

Qayıdan deyilsə itirdiklərim,

Torpağa qərq olsun əndamın sənin,

Xəzana dönübdür bitirdiklərim.

 

Sən mənim dərdimin dərmanı idin,

Yerini verəmməz bir daha heç kim.

Əllərim göylərə uzana qalıb,

Qayıt gəl ömrümə, qırılsın tilsim.

 

Bir möcüzə göstər, qayıt geriyə,

Sən başdan-ayağa möcüzə idin.

Qayıt gəl, mən gedim sənin yerinə,

İllərdir Allahdan bunu istədim.

 

Sən ay yel ətəklim, ay quş qanadlım,

Qayıt gəl boynuna bir sarılım.

Dünyaya qəzəbim soyusun bir az,

Pələsəng yuxudan qalxım - ayılım.

 

Ədalət.-2015.-19 noyabr.-S.6.