Ağdərə ağrısı, Sərsəng
yanğısı
Vahid MƏHƏRRƏMOV
Ağdərəyə ilk gəlişim 1993-cü ilin birinci həftəsinə - qış vaxtına təsadüf etmişdi. Həmin il qış bu bölgəyə
tez və sərt gəlmişdi. Ayaq basdığım andan
Ağdərəni qar içində, ağappaq gördüm. Elə birinci addımdan da bu şəhərin
gözəlliyi məni heyran elədi.
Düşündüm ki, əgər Ağdərənin
qışı belə əsrarəngizdirsə, indi gör
onun yazı, yayı necədir. Ağ örpəyə
bürünmüş meşələr, dağlar, dərələr
göz oxşayır, könül açırdı. Təəssüflər
olsun ki, Ağdərənin yazını, yayını görmək
mənə nəsib olmadı. Bu gözəl
şəhərə soyuq bir yanvar günündə ayaq
basdım, fevralın şaxtalı günündə ondan
ayrıldım.
Rayon mərkəzi hər tərəfdən dağlarla,
dərələrlə əhatə olunub. Bir anlıq mənə
elə gəldi ki, dağlar Ağdərəni ovcunun
içində saxlayıb, şəhər də
başını astaca onların zirvəsinə söykəyib
arxayıncasına uyuyub. Sanki dağlar
şəhəri əlində möhkəm saxlayıb buraxmaq
istəmir, qorxur ki, yerə düşsə əzilər,
parçalanıb sınar, gözəlliyini itirər.
Həmin günlərdə Ağdərə köksündən ağır yaralanmışdı, torpağından, daşından qan sızırdı. Neçə vaxtdan bəri onun sinəsində ağır döyüşlər gedirdi. Ermənilər insanlığa sığmayan hərəkətlər edərək evləri dağıtmış, körpüləri uçurub yandırmış, hər yeri viran qoymuşdular. Düşmən tapdağından yenicə azad olunmuş Ağdərənin baxışları tutqun, gözləri yaşlı idi. Onun gülümsər çöhrəsinə qan çilənmişdi. Amma hiss olunurdu ki, ermənilərdən aldığı ağır yaraları yavaş-yavaş sağalır, doğma sakinlərini qoynuna aldıqca ürəyi daha da hərarətlə döyünür.
Ağdərə torpağına qədəm qoyan ilk dəqiqədən güllə səsləri eşitdim. Həmin gün şəhər bizi gurlayan atəşlə qarşılasa da, buna məhəl qoymadan üzü səngərlərə tərəf getdik. Yol boyu ətrafdakı göz oxşayan mənzərələri seyr etməkdən də qalmırdıq. Bu cür gözəlliyə valeh olmamaq mümkün deyildi. Həyatımda ilk dəfəydi belə heyrətamiz səhnələr görürdüm. Fərqli boy-biçimdə olan ağacların ağ paltar geyinməsi, budaqların "qızınmaq" üçün bir-birilərini qucaqlaması, gövdələrdən sallanan buz sırsırası ətrafın gözəlliyinə rəng qatırdı. İlk dəfə gördüyüm bu yerlər mənə çox doğma və əziz gəlirdi. Buralar məni özünə elə çəkirdi ki, sanki bu torpaqda, bu gözəlliyin qoynunda dünyaya göz açmışdım, neçə illər bu ətraflarda yaşamışdım. Yəqin ki, burada məni özünə çəkən əcdadlarımızın ölməz ruhu idi. Məni sehrinə salan gözəllik qəlbimi oxşayır, ürəyimi açırdı. Hərdən maşını saxlayıb qarın üstündə gəzə-gəzə göz dolusu dağlara, meşələrə tamaşa edirdik. Gözəlliyinə heyran olduğum qarlı yollar, mənzərələr, göz işlədikcə hey uzanır, bizi irəliyə - ön xətdə vuruşan döyüşçülərin yanına aparırdı. Dağlar, dərələr arxada qaldıqca biz gözəl Qarabağın dərinliklərinə doğru gedirdik.
Bu gözəl diyarın qarlı meşələrinin içindən keçib səngərlərdə torpaqlarımızı qoruyan oğulların yanına tələsirdik. Göz işlədikcə uzanan bu gözəl əraziləri erməni işğalçılarından azad etdiklərinə görə döyüşçülərimizi səmimiyyətlə bağrımıza basdıq. Əsgərlərimizin hücumları qarşısında duruş gətirə bilməyən ermənilər addım-addım geri çəkilirdilər. Hər gün yeni ərazilərimiz düşməndən azad olunurdu. Torpaqlarımız rahat-rahat nəfəs alıb köks ötürürdü.
Sırxavənd kəndi uğrunda qanlı döyüşlər gedirdi. Böyük strateji əhəmiyyəti olan bu yaşayış məntəqəsi əldən-ələ keçirdi. Düşmən müdafiə olunmağa çalışsa da, cəhdi boşa çıxırdı. Döyüşçülərimiz də hər an həmlə və hücumları gücləndirirdilər. Biz də qanlı döyüşlərdə böyük hünər, qəhrəmanlıq göstərən zabit və əsgərlərin döyüş yollarını öyrənir, qeydlər aparır, şəkillər çəkirdik.
Dağların döşündə ilan kimi qıvrılan qarlı yollarla səngərlərdən geri qayıdırdıq. İşğalçılardan azad olunmuş ərazilərimizə baxdıqca ürəyimiz dağa dönürdü. Qəlbimiz sevinclə dolur, üzümüz gülürdü. Yolüstü Sərsəng su anbarına da baş çəkdik. Sərsəng gözəlliyi, bəzək-düzəyi ilə gəlinə oxşayırdı. Qarlı dağlar qoynunda yerləşən göl sanki bu yerlərin gözmuncuğu idi. Sükutu pozulmuş Sərsəng elə bil şıltaq dalğaları ilə sahillərini qucaqlayıb torpaqla, daşla baş-başa verib asta-asta pıçıldaşırdı. Hündürlükdən azca aşağı düşüb onun buz kimi suyundan bir ovuc üzümə vurdum, bir qurtum içdim. Sonra gölün sahilində xeyli gəzinib gözəlliyinə tamaşa etdim. Elə bil vaxt, zaman tez ötüb keçdi. Sərsənglə sağollaşmaq anı gəlib çatdı. "Salamat qal, Sərsəng! İnşallah, yaxın vaxtlarda yenə də görüşərik", - dedim.
Bir aydan sonra yenə də Ağdərəyə ezamiyyətə getdim. Ötən müddət ərzində vəziyyət xeyli dəyişmişdi. Erməni işğalçıları öz havadarlarına arxalanıb əks-hücuma keçərək bir neçə kəndi yenidən işğal etmişdilər. Strateji yüksəkliklər düşmən əlinə keçmişdi. Güclü hücumlar şəhərin mərkəzinə tərəf yönəlmişdi.
g1993-cü il. Fevral ayının 9-u. Ağdərə
rayonundan çox da uzaqda olmayan Ortakənd kəndi. Qarlı, şaxtalı bir gün. Həmin vaxtlar hərbi hissənin qərargahı orada
yerləşirdi. Həyətdə
çoxlu köhnə traktor atılıb qalmışdı.
Deyəsən, əvvəllər bura
texniki-peşə məktəbi olmuşdu.
gFevralın 9-u - ömür kitabımın səhifələrinə böyük hərflərlə yazılmış və heç vaxt unudulmayan, yaddan çıxmayan bir gün. Həmin gün bəlkə də həyatımın ən gərgin, narahat və həyəcanlı anlarını yaşadım. Günortayacan səngərləri gəzib xeyli material toplamış, şəkillər çəkmişdik. Geri qayıdandan sonra hərbi hissənin həyətində oturub bir az dincimizi alır, yazacağımız materialları iş yoldaşım Eldənizlə müzakirə edirdik. Bu vaxt qərargah növbətçisi olan zabit yaxınlaşıb dedi ki, mayor Qabil Zamanov bizi çağırır. Qabil Zamanov o vaxtlar Daxili Qoşunların qərargah rəisi vəzifəsini icra edirdi. Tələsik onun yanına yollandıq. Bizi başdan-ayağa süzən mayor Zamanov gözlərini mənə zilləyib soruşdu:
-
Fotoaparatın varmı?
- Var, -
dedim.
Sonra bir az fikrə getdi. Səsinin tonunu dəyişib
bir az kövrəkcəsinə dilləndi:
- Dünən Mehmanə kəndi ətrafında gedən
ağır döyüşlərdə itkilərimiz də
oldu. Bu yerlərin torpağı şəhidlərimizin
qanı ilə suvarıldı. Təəssüflər
ki, düşmən hücumları gücləndiyindən
şəhidlərin meyitlərini çıxara bilmədik.
Öyrənmişik ki, ermənilər əsgərlərin
meyitlərini təhqir ediblər. İndi həmin
yerləri qəsbkarlardan azad etmək üçün gərgin
döyüşlər gedir. Ermənilər
yavaş-yavaş geri sıxışdırılır. Bir azdan kənd qəsbkarlardan azad olunacaq. Təcili Mehmanəyə gedin, həm meyitləri
çıxarıb gətirin, həm də onların şəkillərini
çəkin. Ermənilərin
insanlığa sığmayan hərəkətlərini
bütün dünyaya bəyan etmək lazımdır. Şəkilləri həm ölkəmizdəki səfirliklərə,
həm də beynəlxalq təşkilatlara göndərəcəyik.
Qoy ermənilərin vəhşiliyini
bütün dünya görsün.
Mayor Qabil Zamanovun əmri ilə iki hərbi jurnalistə
- Eldəniz Abbasova, mənə və 11 nəfər əsgərə
silah verdilər. Sürücü QAZ-66 markalı
maşının yanacaq çənini doldurandan sonra yola
düzəldik. Qarlı dağlar, narahat
yollar yenə də bizi ağuşuna aldı. Musa həkim yol-yolağanı yaxşı
tanıdığından sürücünün yanında
oturdu. Dağların, dərələrin
qoynundan keçən yollarla xeyli irəli gedib axşam saat
doqquz radələrində Mehmanəyə çatdıq.
Artıq qaranlıq öz
çadırını yer üzünə sərmişdi.
Yer-yurd qarla örtüldüyündən ərtaf
o qədər də qaranlıq görsənmirdi. Qar dizə çıxırdı, hava çox soyuq
idi. Buludlar göy üzündən çəkilmiş,
səmanın ənginliyindəki ulduzlar
sayrışırdı. Ay hələ gözə dəymir,
elə bil haradasa ləngiyib qalmış, göy üzünə
çıxmamışdı.
Yüksəklikdə
bir az gözlədikdən sonra Mehmanənin
içərilərinə doğru getdik. Hələlik
ətrafda sakitlikdir, silahlar susub. Taborun kənddəki
evlərdən birində yerləşən qərargahına
çatıb dayandıq. Orada yüzdən
çox əsgər vardı, onlardan azca aralıda dörd
tank dayanmışdı. Zirehli
texnikaların mühərrikləri gur-gur guruldayıb saat kimi
eyni ritmlə işləyirdi. Hamı ayaq
üstəydi, hamı narahat idi. Bir azdan nə
olacağını, nə baş verəcəyini heç kim bilmirdi. Döyüşçülərlə
söhbət edərkən öyrəndim ki, şəhidlərin
meyitləri qalan ərazi ermənilərin nəzarətindədir.
Hələlik oranı düşmənin caynağından
azad etmək mümkün olmayıb. Hücuma
ciddi hazırlıq gedir. Bir an da olsun
belə rabitə vasitələri susmur, gur səslər xətdə
bir-birinə qarışır. Hərdən
arada boşluq yaranır, qurğulardan yalnız qulaqları
deşən xışıltı səsi eşidilir.
Hərbçilərə
dedim ki, ərazi düşməndən azad olunandan sonra ermənilərin
təhqir etdikləri meyitlərin şəkillərini çəkəcəm.
Amma onlar etiraz edib "Gecənin
qaranlığında fotoaparatın işıqsaçanı
ilə şəkil çəkmək
döyüşçüləri erməni gülləsinin
qarşısında qoymaq deməkdir. Bəzən
elə hallar olub ki, düşmən hətta, siqaretin
işartısına əsgərlərimizi vurub. O ki,
qalmışdı fotoaparatın
işıqlandırıcısı ola. İşığı görən kimi qəsbkarlar
atəş açacaqlar." - dedilər.
Bu söhbətdən sonra fikrimdən
daşındım, aparatı səliqə ilə büküb
yerinə qoydum. Ərazi ermənilərdən
azad olunandan sonra meyitlərin çıxarılmasına
kömək etməyə qərar verdim.
Çox keçmədi ki, kənd uğrunda qanlı
döyüş başlandı. Güllə səsləri
havanı yarıb bayaqdan bəri hökm sürən sükutu
pozdu. Əvvəlcə avtomatlar "dilləndi",
sonra qumbaraatan, pulemyot və başqa silahlar atəş səslərini
daha da gücləndirdi. Aramsız olaraq şaqqıldayan
silahlar "ağzından" od
püskürürdü. Atəş səslərindən
qulaq tutulurdu. Vahiməli gecədən qan və
ölüm qoxusu gəlirdi. Başımızın
üstündən vıyıltı ilə süzüb
keçən mərmilər, güllələr hər an bizi qanımza boyaya bilərdi. Amma
nə qədər təhlükəli olsa da, verilən
tapşırıq yerinə yetirilməliydi. Həm qarşı, həm də biz tərəfdən
atılan güllələr səs-səsə verib
qulaqlarımızı batırırdı. Qəflətən
bizdən on-on beş metr aralıya bir
neçə mərmi düşdü. Döyüşçülər
dedilər ki, qəsbkarlar minaatanlardan atəş
açırlar. Mərmilər
yaxınlığımızda partladıqca üzü üstə
yerə uzanır, təhlükə sovuşandan sonra ayağa
qalxırdıq.
Başımızın üstündən ötən mərmilərdən
bir neçəsi iri gövdəli ağacların
üstünə düşdü. Soyuqdan donmuş
ağaclar bu zərbədən şaqqıltı ilə hissələrə
parçalanıb yerə aşdı. Meşədə
güclü uğultu qopdu. Bu səs qarlı dağlarda əks-səda
verdi. Ağacların
parçalanıb hissələrə bölünən
gövdəsinin, budaqlarının
şaqqıltısının, parçalanmasının səsi
hələ də qulaqlarımdadır. Bu bəlkə də
ağacların son nəfəsi idi, onlar can verirdilər. Mərmilərin odlu zərbələrinə dözməyən
ağaclar parçalanaraq ah çəkir, nalə
qoparırdı.
Gecənin qaranlığında, düşmənin
"üç addımlığında"
ömrümüzün narahat anlarını, həyəcanlı
dəqiqələrini yaşayırdıq. Hər an
düşmən mərmisinə tuş gələ bilərdik.
Xoşbəxtlikdən hələlik mərmilər
bizdən yan keçirdi. Bir az qabaqda
isə qanlı döyüş gedirdi. Əsgərlərimiz
düşməni sıxışdırıb Mehmanə kəndindən
çıxarmağa çalışırdılar. Top
və minaatan qurğularından atılan odlu mərmilər
sanki canavarlar kimi səs-səsə verib ulaşırdılar.
Odlu mərmilər ildırım kimi göydə
qəfil çaxıb qaranlıqları
işıqlandırırdı.
Az
keçmiş qaça-qaça döyüşdən
dönən bir neçə əsgər bildirdi ki, vəziyyət
çox gərgindir, düşmən hücumlara ara vermədən
irəliləyir, geri çəkilməsək mühasirəyə
düşəcəyik. Çətinliklə də
olsa, gecənin qaranlığında kəndin arxa tərəfindəki
yüksəkliyə tərəf getdik. Mehmanə
düşmən nəzarətində qaldı. Dayandığımız yüksəkliyə xeyli
canlı qüvvə və zirehli texnika cəmlənmişdi.
Əsgərlər döyüşə girmək
əvəzinə silah-sursatı maşınlara yükləyib
geri çəkilməyə hazırlaşırdı. Bu vaxt ucaboy, enlikürək bir zabit onlara
yaxınlaşıb üstlərinə
qışqırdı. Komandirin zəhmli səsini
eşidən döyüşçülər silah-sursatı
maşından yerə boşaldıb bayaqkı mövqelərinə
qayıtdılar.
11 nəfər əsgərlə xeyli piyada yol gedib həkimlərin yanına çatdıq. Onlar qaladıqları iri tonqalın kənarına yığışmışdılar. Bir az dayanıb nəfəsimizi dərmək istədik. Təzəcə oturmuşduq ki, sürətlə gələn bir maşın yanımızda saxladı. Sürücü gur səslə çağırıb, "Maşında yaralı var, tez olun, onlara su verin" - dedi. Ocağın qırağındakı qabı götürüb maşına tərəf qaçdım. Həkimlər məni səsləyib dedilər ki, yaralıya su vermək olmaz, yalnız onun dodaqlarını isladım. Belə də etdim. Sonra yaralıları gəldiyimiz maşına qoyub Ağdərədəki hospitala çatdırmaq üçün yola çıxdıq. Maşında üç yaralı əsgər vardı. Onlardan ikisi ayağından, biri isə qarın nahiyəsindən yaralanmışdı.
Dağların, dərələrin qoynundan keçən sürüşkən, təhlükəli yollarla hospitala çatdıq. Yaralıları cərrahiyyə otağına aparandan sonra hərbi hissənin qərargahına gəldik. Uzaqdan güllə səsləri eşidilirdi. Bu soyuq qış gecəsində də torpaqlarmızın azadlığı uğrunda gedən qanlı döyüşlər səngimək bilmirdi.
Ertəsi gün Mehmanə kəndinin
düşmən əlinə keçdiyini eşidəndə
ürəyim sancdı, qəlbimdən ağrı qopdu. Ermənilər
addım-addım Ağdərənin mərkəzinə
doğru irəliləyirdilər. Bir müddətdən sonra
isə həm Ağdərə, həm də onun dağlar, dərələr
qoynunda yerləşən kəndləri düşmən əlinə
keçdi. O gözəl yerlərin erməni
işğalçılarının tapdağı altında
qalması məni yandırıb yaxır. Yenə də ürəyimdən
Ağdərəli günlər keçir. Yenə də Sərsəngdə
əl-üzümü yumaq, suyundan içmək istəyirəm.
Ağdərə ağrısını, Sərsəng
yanğısını bir an olsun belə unuda bilmirəm...
Ədalət.-2015.-20 noyabr.-S.6.