"Dünya gözümdə elə kiçilib ki..."

 

"Allahla müqayisədə bizim yaratdıqlarımız toz qədərdir"

 

Tanınmış rəssam Sakit Məmmədov Adalet.az-a müsahibə verib.

 

 "Vətənimi heç yerə dəyişmərəm"

 

- Sakit bəy, bu günlərdə Avstriyanın nüfuzlu "Motsart" mükafatına layiq görüldünüz. Təəssüratlarınız maraqlıdır...

 

- Mənim "Motsart haqqında düşüncələr" adlı əsərim vardı, o dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilmişdi. Bu əsər Avstriyada təşkil olunmuş sərgimdə nümayiş olunmuş və böyük diqqətə səbəb olmuşdu. Qeyd edim ki, bu mükafata namizədliyim həqiqi üzvü olduğum Avropa Təbii Elmlər Akademiyası tərəfindən irəli sürülmüşdü.

 

- İlin birinci yarısında nüfuzlu "Malta" ordeni ilə təltif olunmuşdunuz ki, bildiyimiz qədər bu Azərbaycan üçün ilk idi...

 

- Nəinki Azərbaycan, bu, müsəlman aləmində ilk dəfə idi ki, mənə verilirdi. Malta elə bir ölkədir ki, hər adama orden, mükafat vermir. Bu orden bütün dünyada olduqca yüksək təltif hesab olunur.

 

- Bu mükafatlar incəsənət xadimi üçün nə dərəcədə önəm kəsb edir?

 

- Təbii ki, qürurvericidir. Kim ki, deyir, önəmli deyil, yalan deyir. Hər bir insan peşəsindən asılı olmayaraq əməyinin qarşılığını görmək istəyir.

 

- Brendə çevrilməkdə olan Sakit Məmmədov adı xarici ölkələrin diqqətini çəkməmiş deyil...

 

- Dəvət baxımından deyirsiniz?

Türkiyədən mənə təklif olundu ki, gəlin, akademiya açaq, birlikdə çalışaq. Dedim onsuz da Türkiyəni bütün dünya tanıyır, Azərbaycan isə yeni bir ölkədir. Mən gedim, o getsin, bu getsin, bəs kim qalsın?!. Dəvət olanda nə olar, elə ilk fürsətdə qaçmaq lazım deyil ki.

Mənə Rusiyadan, Avstriyadan, İsveçdən, İspaniyadan, ABŞ-dan - İndiana Universitetində çalışmaq üçün dəvət gəlib. Açığı, sıxılıram yad diyarda. On gün qalıram, sonra dəhşətli darıxma hissi baş qaldırır, rahat oturmağa qoymur. Vətənimi heç yerə dəyişmərəm.

 

- Geridə qoymaqda olduğumuz ili məhsuldarlıq baxımından necə xarakterizə edirsiniz?

 

- Təsəvvür etdiyimdən də artıq oldu. Düzdür, öncədən danışmaq çətindir, amma bilirəm ki, müsabiqədə iştirak edirəmsə, mütləq mükafatla qayıdacam.

 

Bilirsiniz, dünya əvvəllər gözümdə çox böyük görünürdü, amma indi elə kiçilib ki...

 

- Səbəb?

 

- İndi elədir ki, internet dövrüdür, hər şey sadələşib. Əvvəllər bir rəssamın sorağı sərhədlər aşanadək illər keçirdi. İndi bir kliklə dünya səni tanıyır.

Dünya kiçik adamların gözündə böyük görünə bilər, böyük adamların əsla.

 

"Sərgilərim tamaşaçı marağı sarıdan heç vaxt korluq çəkməyib"

 

- Demək olar hər ay xaricdə sərgiləriniz təşkil olunur. Tamaşaçı marağı necə, sizi qane edirmi?

 

- Əlbəttə. Təkcə Azərbaycanda təşkil olunan sərgilərimə minlərlə insan gəlir. Son sərgiyə min nəfər dəvət etmişdim, amma təxminən 2500 insan təşrif buyurmuşdu.

İştirak etdiyim Vera Festivalı ətrafına 2 500 000 insan toplaya bilib. Elə olub ki, xaricdə təşkil olunan sərgimə 45 000 insan gəlib. Müxtəlif ölkələrdə - İndoneziyadan tutmuş ABŞ-dək - baş tutan sərgilərim tamaşaçı marağı sarıdan heç vaxt korluq çəkməyib.

Sərgi təklifləri çoxdur, amma çatdırmaq olmur. Tabloları ölkədən ölkəyə daşımaq asan məsələ deyil.

 

- Təsviri sənətin, ümumilikdə mədəniyyətin beşiyi hesab olunan Avropada yaradıcılıq, sənət böhranı hökm sürür. Sanki ideya tükənib...

 

- Nəinki Avropada, bütün dünyada ağıl çatışmazlığı hökm sürür. Maddi böhran yox, məhz mədəniyyət böhranı dünyanı məhvə aparır. Yenilik adı ilə çəkdiyi iki xətti sərgiyə çıxarırlar ki, iş görmüşük. Bu axı sənət deyil, hansısa sərsəmin "fəlsəfə"sidir.

Küçə rəssamlığını beynəlxalq əhəmiyyətli sərgi səviyyəsinə gətirdilər. XIX-XX əsr rəssamlarının adı ilə Avropa özündən arxayın oldu ki, bu hala düşdü. Ciddi sənəti yüngül, bayağı yaradıcılığın ayağına verdilər.

Dərindən düşünəndə bizim rəssamlarda olan dünyəvilik, ideya bolluğu vallah heç yerdə yoxdur. Baxmayaraq ki, bizdə onlardakı kimi şərait, qalereya və muzeylər mövcud deyil. Məsələn, Estoniya kiçik ölkə olsa da orda 60-a yaxın qalereya var.

Portuqaliyada yerləşən muzey və qalereyalarda oldum, açığı, mənə toxunan, ayaq saxlayıb uzun-uzadı seyrə daldıracaq əsər tapmadım.

Rusiya bu baxımdan istisnadır. Ordan bütün dövrlərdə güclü rəssamlar çıxıb. O cümlədən Ukrayna və Çin rəssamlığında son dövrlər xeyli proqress hiss olunur. Sinqapurda, ABŞ-da da yaxşı rəssamlar var.

 

- Ümumiyyətlə, müasir rəssamlıq nə tələb edir?

 

- Hissiyat, ağıl, zəhmət, işgüzarlıq. Başqa heç nə.

Rəssamlıq əsərində tər hiss olunmamalıdır, amma baxan kimi bilinməlidir ki, bunun üzərində ciddi iş aparılıb. İdeya tam aydın, düşünülmüş təəssürat yaratmalıdır.

 

- Başqa cür desək, XXI əsr insanı nə axtarır?

 

- XXI əsr insanını elə çaş-baş salıbar ki, heç özü də nə istədiyini bilmir...

 

Bu əsrin rəssamı ürəyindən gələni, hiss etdiyini kətana köçürməlidir. Özündən Amerika kəşf edən rəssamlar bütün dövrlərdə ciddi qəbul olunmayıb.

Sənət o zaman dəyərli olur ki tamaşaçı onu əzizləyə əzizləyə üfləyə-üfləyə aparıb evinin ən gözəgəlimli yerindən asır. Kimsə adama sıradan, bayağı bir işə görə 50 min verər? Əlbəttə yox. Ələlxüsus da avropalı. Burda kimisə "mən ölüm"-lə əsər almağa vadar edə bilərsən, amma Avropada əsla.

Yaxşı rəssam əməyinin qarşılığı olaraq mütləq gözəl yaşamalıdır.

 

"Sənətkar tox olmalıdır"

- Amma bizdə belə bir fikir formalaşıb ki, yaxşı sənətkar mütləq ac yaşamalıdır, ayaqqabı dərdi çəkməlidir...

 

- Kasıb insan varlı ilə heç vaxt razılaşa bilmir. Onun üçün bəhanə tapır, loru dildə desək, qulp qoyur. Tarix boyu bütün məşhur rəssamlar zəngin həyat sürüblər. Məsələn, Pikasso lap padşah kimi yaşayıb. Rubensdən tutmuş Sezana kimi hamısı maddi baxımdan qayğısız yaşayıblar. İndi daha yaxşı yaşamaq olar. İnternet dövrüdür, tanınmaq, əsərləri satmaq çox asanlaşıb. Məsələn, mənim bir çox işlərimi elə internet vasitəsilə sifarış edib, alıblar. Sinqapurdan iki gün əvvəl bir nəfər qonaq gəlmişdi, mənim natamam işimi yalvar-yaxarla çox yüksək qiymətə alıb apardı.

Necə yəni pis yaşamalıdır?! Mən məcburən özümü pis yaşatmalıyam?! Tahir Salahovun əsərlərinin qiyməti 300 mindən başlayır. İndi əsərini o qiymətə satmasın?!

Elə bilirlər ki, rəssam bomj kimi yaşamalıdır. Çünki elə görüb, öyrəşiblər. Hansı ki, bu, bilavasitə həmin rəssamların öz günahıdır.

 

- Bir növ, Səttar Bəhlulzadə praktikası...

 

- Səttar elə yaşamayıb. Onun haqqında olan mülahizələr yanlışdır. Səttar sadəcə könlü tox, dünya nemətlərində gözü olmayan insan idi. O istəsəydi, hamıdan yaxşı yaşayardı.

 

Sənətkar tox olmalıdır. Gözü də qarnı da. Ac adam işləyə bilməz. Acın dini- imanı olmaz. Rəssam yaxşı qidalanmalıdır ki, təpəri olsun, gözünə nur gəlsin.

Belə bir fikir də formalaşıb ki, rəssam hal əhli olmalıdır, içib işləməlidir. Necə də gülünc! Sənət əsərindən spirt iyi gəlməz!

Bizdə belədir ki,  insan bir balaca yaxşı güzərana malikdirsə, onu bəyənmirlər. Haqqında əlli min söz danışırlar.

 

Rəssamın əsərinə ehtiyac olmalıdır. Alıcı sayı onsuz da çox olmur. Hamı əsər almır ki. Beş-on nəfər alıcısı varsa, bu rəssama bəs edir.

 

- Reallaşdırmaq istədiyiniz hansısa ideya varmı ki, hazırda arzu olaraq qalır?

 

- Muzey inşa etdirmək istəyirəm. Bu, mənim ən böyük arzumdur. Elə olsun ki, orda emalatxana da fəaliyyət göstərsin, ehtiyacı olan insanlar, tələbələrim gəlib işləsinlər.

O ki qaldı rəsmə - rəsm ideyasına, ürəyimdən keçən istənilən mövzunu çəkə bilərəm. Mənim üçün elə bir stereotip və ya fobiya yoxdur.

 

- Sizcə, bu vaxtadək qarşınıza qoyduğunuz məqsədlərin hansı qisminə nail olmusunuz?

 

- Mən çox az şey arzulamışam, amma Allah həmişə ondan artığını bəxş edib.

Məsələn, fikirləşmişəm ki, çəkdiyim hansısa əsəri 3-5 minə sata bilərəm, amma alıcı gəlib ona  50 min pul təklif edib. Belə hallar dəfələrlə olub. 10-20 il əvvəl çox arzuladığım hansısa nailiyyət heç gözlənilmədən, bəzən heç istəmədən mənə qismət olur.

Ən böyük rəssam Allahdır. Allahla müqayisədə bizim yaratdıqlarımız toz qədərdir. İnsan hər şeydən öncə mənəviyyatca zəngin olmalıdır. Onun qarşısına qoyduğu ən böyük məqsəd, qazandığı əsas nailiyyət odur.

 Heç vaxt milyarderlik sevdasında olmamışam.

Bax, mənim olsun iki milyonum, digərinin isə bir milyardı. Mən ondan daha gözəl yaşayacam. Çünki daha rahat olacam. Mənim cəmi bir villam olacaq, orda xoş güzəran sürəcəm, amma onuna sahib olan şəxs hüzur tapmayacaq. Qalacaq onların arasında. Bilməyəcək harda yaşasın. İnsan özünə yetəcək qədərini istəməlidir, qalanı artıqdır. Əziyyətdir.

Dünya malı dünyada qalacaq. İnsan qazancının imkan verdiyi qədər yaxşı işlərə vəsilə olmalıdır.

Allah niyə mənim ruzimi yetirir? Çünki naşükür olmamışam, paxıllıq etməmişəm, gözüm orda-burda olmayıb.

 

Qeyd edək ki, Sakit Məmmədov Azərbaycanın Əməkdar rəssamıdır. O, Rusiya İmperator Rəssamlıq Akademiyasının, Avropa Təbii Elmlər Akademiyasının və Dünya Rəssamlıq Akademiyasının Akademiki, Almaniya Akademiyasının professorudur. Rəssam "Minilliyin Adamı", Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı, Vətən Övladı ordeni, Böyük Cəngavər Qızıl Ulduzu, Dədə Qorqrud mükafatı laureatı, Rusiya İmperator Rəssamlıq akademiyasının medalı, Beynəlxalq Cənngavərlər İttifaqının Senator Ulduzu, Xidmətlərə görə İmperator I Aleksandr ordeni, Leanardo Da Vinçi Medalı, Mozart Medalı, Avropanın Şərəf ordeni, Beynəlxalq Vera Mükafatı 2010, İtaliyanın qızıl medalı, Almaniya Dostluq Ordeni, Rusiya İmperator Rəssamlıq Akademiyasının medalı, Beynəlxalq Vera mükafatı 2014, Avropa Böyük Qızıl ulduz Ordeni, Beynəlxalq "Sülh adına" sərgisinin mükafatçısı, Çingiz Aytmatov Adına Beynəlxlaq Mükafat, Şah İsmayıl Xətai Adına Qızıl medal, Türk Dünyası Dostluq Ordeni və s. təltiflərə layiq görülüb.

 

Sahib ƏSƏDBƏYLİ

Ədalət.-2015.-20 noyabr.-S.6.