"UNUTMAĞI
ÖYRƏNİRƏM"
ƏDƏBİ
HƏYAT
Hər şair ədəbiyyata öz taleyindən, yaşadığı ömrün acılı-şirinli, sevincli-kədərli anlarından, ürəyində onu təlatümə gətirən hisslərdən, duyğulardan, dünyaya, həyata, insanlara sevgilərindən gəlir. Gəlir ki, o duyğuları, o hissləri sözün ən ali mərtəbəsi olan şeirə çevirsin. Şeir isə təkcə özünüifadə deyil, bu özünüifadədə həm də zamanı, yaşadığın dünyanı əks etdirməlisən. Dahi Belinski yazırdı ki, poeziya həyatı, bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə də, o şey ki, həyatda ola bilməz, o - poeziyada da yalandır; başqa sözlə, həyatda ola bilməyən şey poetik də ola bilməz.
Arzu Nehrəmli də ədəbiyyata öz bioqrafiyasından, yaşadığı ömrün bu bioqrafiyaya sığmayan, aşıb-daşan gerçək duyğularından, onu gah sevindirən, gah da qüssəyə, iztiraba qərq edən yaşantılarından gəlib. Çox adi görünən bir tərcümeyi-halı var: Naxçıvanın məşhur Nehrəm kəndində dünyaya gəlib, orda orta məktəb bitirib, sonra tibb texnikumunda oxuyub, ADU-nun kitabxanaçılıq fakültəsinin tələbəsi olub. Tarix elmləri namizədidir. Gözünün ağı-qarası bircə qız övladı var. Həyat yoldaşı Yusif Vətən uğrunda döyüşlərdə həlak olub. Həm senvinc doğuran, həm də qüssə oyadan bir ömür yolu. Amma bu ömür yolunun bir marşrutu, bir yolu da var ki, Arzu xanımın o adi tərcümeyi-halına ucalıq gətirir.
O, şairdir. Şeir onun üçün bu böyük dünyanın içində ayrıca bir dünyadır. O, şeir dünyasından böyük dünyaya boylanır, öz pıçıltılarını, ürəyindən axıb gələn, dilindən qələminə süzülən hisslərini, duyğularını, kövrək qəmini, ümid və arzularını misralara çevirir. Artıq iki şeir kitabı da nəşr edilib. Amma Arzu xanım bəzi yaşıdları kimi özünü təbliğ eləmir, mətbuatda az-az görünür. Bəlkə də belə düşünür ki, insan ən məhrəm duyğularını gizli saxlamalıdır, çoxları ilə bölüşməməlidir. Əlbəttə, belə düşünürsə, yanlışlığa yol verir. Çünki şeir - sözlərin yaratdığı bu qeyri-adi düzüm hamının ürəyinə, duyğular aləminə yol tapmalıdır. Mən bunun şahidi olmuşam ki, Arzu xanımın "Ədalət" və "Kaspi" qəzetlərində dərc edilən şeirləri oxuculara xoş təsir bağışlayıb. Ona görə də, onun on üç ildən sonra nəşriyyata təqdim etdiyi yeni kitabına ön söz yazım, şeirləri barədə öz təəssüratlarımı bildirim.
Arzu Nehrəmli kövrək duyğular şairidir. Şeirlərində ifadə etdiyi hisslər zərifdir. Bu hisslər bir Azərbaycan qadınının, bir ananın, gözü göylərdə qalan bir vəfalı həyat yoldaşının gül qədər, çiçək qədər incə olan ürəyindən axıb gəlir.
İnsanın həyatında ən ağır dərd ən yaxın adamını itirməkdi. Ata itkisi, ana itkisi, bala itkisi, dost itkisi, ömür yoldaşının itkisi. Bu itkilərin hər biri ürəkdə şırnaq açır, illər keçdikcə içində bir yara kimi yaşayır. Bəlkə də çoxumuz bu itkiləri soyuqqanlıqla qarşılayır, özümüzü şax tutub unutmağa çalışırıq. Çünki qarşıda gələcək var, həyat davam edir. Amma sənin həyatının mənasına, sənin duyğularının məhrəmliyinə çevrilən bir insan itkisi illər keçdikcə unudulmursa, deməli, o insan sənin üçün ölmür, o, canlıdır, diridir və səni də yaşadır.
Səndən sonra ölmədim
Ölmədim, yaşayıram.
Sənsizliyi qəlbimdə
Yük kimi daşıyıram.
Çox gözləsəm də onu,
Yaxın gəlmədi ölüm.
Yaxasından tutmağa,
Uzalı qaldı əlim.
Yaşamaqmı, nə bilim,
Ömrüm çiçək ömrüdü.
Hər gün ölüb dirildim,
Bu-kəpənək ömrüdü.
İtkini necə də poetik incəliklə verib. Axı, kəpənəklər ən az ömür yaşayan canlıdırlar. Həyat yoldaşını hər gün anmaq da bu kəpənək ömrü ilə qiyas edilir. Xalq arasında "hər gün ölüb-dirilirəm" ifadəsi də burada öz poetik həllini tapıb. Mən deyərdim, Arzu xanımın poetik axtarışları, sözlərə can vermək üçün seçdiyi bədii təsvir vasitələri onun məhz bu "itkili" şeirlərində üzə çıxır. Üzünü fələyə tutub deyir ki, "min il dərd dinləmiş qoca palıdtək, İkiyə qatlayıb bükdün Arzunu". Onun məzar daşı ilə söhbəti unudulmamağın faciəsidir.
Dinlə məni, dilim yanır,
Yerdə yerim, göyüm yanır,
Bax, arxamca, elim yanır,
Bəsdi qoydun yaslı məni.
Çək üstündən bu sal daşı,
Al qoynuna, bəslə məni.
Arzu xanımın həsrəti, itkini, ayrılığı ifadə edən şeirlərində təzə təşbehlər, metaforalar diqqəti cəlb edir. Şairliyin mahiyyəti də elə budur. Onun "Gəldim" qoşması bu baxımdan xüsusilə seçilir. Şeirdə sevdiyi insanın məzarına ziyarətdən söz açılır. "Gələndə vüsalın tutub əlindən, Dönəndə həsrətin özüylə gəldim" - bədii təzad gedişi və qayıdışı ifadə etməyə tam adekvatdır. "Bu yerlər mənimçün əziz, müqəddəs, Onu ziyarətə diz ilə gəldim" - yerində işlənən və xalqdan gələn ifadədir. Tək oğlunu itirmiş anasına həsr etdiyi şeir də ifadə gözəlliyinə görə seçilir:
Gəldim
hal-əhval sorum,
Olum qonağın,
ana.
Çatlayıb bağrın kimi,
Yanır torpağın, ana.
Olmadı
bəxt açarın,
Nə də bəxtəvər çağın,
İşıq saçmır otağın,
Sönüb çırağın, ana.
Könül açıb gülmədin,
Gül açıb güldü dərdin,
Köçdün də, dincəlmədin,
Bəxtindən yorğun ana.
Bu şeirdəki həsrət
havası, oğul itkisindən doğan kədər çox təsirli əks olunub. Elə bu iki misra Arzu
Nehrəmlinin poetik axtarışlarından xəbər
verir: "Çatlayıb
bağrın kimi, Yanır torpağın, ana".
Arzu Nehrəmli
ömründən keçən
günləri ipə-sapa
düzür. Həyatında, yaşadığı günlərdə ona təsir edən hadisələri, olayları
şeirə çevirir.
Deyir ki: "Çoxdan saxladığım
sözü, Bir gün açıb deyəcəyəm. Ətəyimdəki daşları, Yerə töküb deyəcəyəm.
...Görsəm ki, çılpaq görünür,
Sözə büküb
deyəcəyəm". Onun şeirlərində
Dərd, Ağrı, Kədərgbu sözlər
tez-tez işlənir və təbii ki, bu dərdlər,
ağrılar, kədər
və qəm motivləri heç də patoloji hisslərdən yaranmır.
Sadəcə, yaşanılan hisslərdən
doğur və başlıcası budur ki, o, bu hissləri
poeziya dilinə çevirə bilir. Bircə nümunə də yetər:
Gördükcə alışdım, dərdim
böyüdü,
Doğuldum bir kərə, öldüm min kərə.
Çətin bündan sonra ruhum dincələ,
Min illik ağrımı,
acımı gördüm.
Gördükcə alışdım, dərdim
böyüdü,
Tüstüm şahə qalxdı,
ərşi bürüdü,
Saçları pırtlaşmış salxım söyüdü,
Gördüm, sanki doğma bacımı gördüm.
Arzu qanadında hallar yaşadım,
Ömrümü, günümü sözlə
daşıdım,
Qaldı
mat-məəttəl dostum,
yaşıdım,
Gümüşdən rəng alan saçımı
gördüm.
Arzu xanımın şeirlərində "unutmaq" sözünə tez-tez rast gəlirik və mənim fikrimcə, bu da təsadüfi deyil. Yaddaşda xatirəyə dönən və illər boyu sənin hər ayına, gününə qarışan, sənin gecənin, gündüzünün narahatlığını əlindən olan o hisslər, o duyğular unudularmı?
Arzu xanım "unutmağı öyrənirəm" deyəndə, əslində, unutmamağı təlqin edir. "Gözüm yolda, yollar haça, Bu yolda tək başım uca, Dizlərimi quca-quca, Unutmağı öyrənirəm". Başqa bir şeirində yazır ki: "Yadındamı, öyrətmişdin, Gözlərindən kam almağı, Yadındamı, öyrətmişdin, Ürəyinə yol salmağı". Deyəndə ki: "Unudulmağa getdim" - əslində, bunu "unudulmamağa getdim" kimi anlamaq lazım. Çünki "hicrana yoldaş ömür" unudula bilməz. O yerdə ki, hicran var, ayrılıq vargŞeirlərinin birində QAPI obrazı var. Bu Qapı unudulmamağın rəmzi deyilmi?
Niyə belə kilidlisən,
Səni kim bağlayır, qapı!
Arzudan al dərdə dözüm,
Ocaq çatar çınqa gözüm.
Dərd göstərdim düzüm-düzüm,
Gördüm ki, ağlayır qapı.
Arzu Nehrəmlinin təbiət şeirlərində də kövrək notlar duyulur. Təbiətin sərtliyi, şıltaqlığı deyil, həzinliyi, sakitliyi köçür onun şeirlərinə. "Qış lövhəsi"ndə qışın bəyaz qarının gözəlliyini rəsm edir. Qızılgüldən yazanda deyir ki: "Hər ləçəyin bir misralıq şeirdi". "Söyüd" şeiri isə ağacla insan arasında ünsiyyətin ən bariz nümunəsidir, bu şeirdə metaforik düşüncə tərzi - ağacın da insan kimi xəyallara dalması, nəğmə olub ürəkləri dindirməsi diqqəti cəlb edir.
Onun bir qisim şeirləri Vətən haqqındadır. Və bu şeirlərdə də həmin o həzinlik, kövrək notlar üstünlük təşkil edir. Amma məqamı gələndə bu kövrək və həzin notlar çılğın misralarla da əvəz olunur. Qarabağ haqqında yazır ki:
İncimə a torpaq, incimə bizdən,
Bizimki ta çoxdan keçibdi bizdən,
Səni tikələdik öz içimizdən,
Dərini cəlladlar soyur, Qarabağ.
Arzunun şəhidlər haqqında bir neçə şeiri var. Bu şeirlərdə ağlamaq, sızlamaq yoxdur, şəhidlərin ruhuna ehtiram var:
Tanrının ən doğma, sadiq qulu siz,
Haqqın, ədalətin kəsə yolusuz.
Arzu Nehrəmlinin şeirlərinin
hamısına xas olan
bir ümumi cəhət
var ki, o
da təbiilikdir. Necə
düşünürsə, fikrini o sayaq ifadə etməkdir.
Şeirləri içərisində nisbətən
işartısı zəif görünən, ürəklə
ağlın vəhdətini əks etdirməyənləri də
var, amma bu şeirlərdə də təbiilik itmir. Elə bilirəm ki, Arzu Nehrəmli poetik
axtarışlarını davam etdirməli,
bunddan sonra yazacağı
şeirlərdə hər misranın, hətta hər ifadənin
sanballı olmasına cəhd etməlidir. Onun
buna potensial imkanı var.
Uğurlar, Arzu
xanım!
Ədalət.-2015.-21 noyabr.-S.15.