DAŞDƏMİR KƏMƏRLİ
Kəmərli, sirli, sehrli bir kənddir. İncə dərəsinin zümrüd
qaşlı tacıdır.
Qürbətdə qalan
dağlarımıza, buz
bulaqlarımıza, içində
itib-batdığımız dumanlı, çisəkli
meşələrimizə, nərgizli
talalarımıza, bənövşəli
gədiklərimizə o qədər
oxşayır ki, hər "Kor bulağa", "Gədeyli
bulağına"na qalxanda,
elə bilirəm o yerlərdəyəm, - o yurd
yerlərində...
Mən xeyli araşdırmalar
apardım, kitablar oxudum, İncənin uzaq keçmişinə səyahətlər etdim. Hər yerdən, hər mənbədən bu qədim, qayım elatın çox uzaqlardan gələn sorağını
aldım. Bütün
mənbələr, bu
elatın - qədim Kəmərli kəndinin Kimerlərə, hətta antik dövrə - Hömerə gedib söykəndiyini söylədilər.
"Kimerlilər, ", "Qəmərlilər", "Qomerlilər"
kimi Qədim Türk tayfalarından gəlib, bugünkü Kəmərli.
Bütövlükdə İncə vadisi,
çox qədim Türk tayfaları olaraq, Kimerlər, Qamaqlar və İncu tayfalarının bugünkü varisləridirlər.
Bu fikirləri
öncədən söyləməklə,
İncəli qımqımılarının,
laylalarının, sazının,
sözünün və
adət-ənənələrinin çox-çox uzaqlardan gəldiyini söyləmək
amacındayam.
Daşdəmir Kəmərlinin söz
dünyası ilə tanış olduqca bunu bir
daha duydum.
Görüm pis adamı yaradan alsın,
Fəlakət törədər, şər
dolandırar.
Min hiylə işlədər
şeytan donunda,
Gözündə yüz məkan, yer dolandırar.
Səhərdən axşama gəzər
sərsəri,
Aləmə hay salar yalan xəbəri.
Darda əli yoxdu, gendə hünəri,
Yanlış xəyalında nər
dolandırar...
Daşdəmir Kəmərlinin səsi, doğrudan da çox uzaqlardan xəbər verir. O, bütün
şeirlərini xalq ruhunda, el dilində, saz üstündə yazır. Demək olar ki, bütün şeirləri
ustadnamələr, öyü-nəsihət
və ədəb-ərkan
dərsliyidi.
Müasir şairlərimiz, söz gülşənində dərilməmiş
təzə-tər sözlər
sorağındadırlar, öz
üslub və ləhcələrini bəyan
etmək, müasir oxucuları heyrətləndirə
biləcək metaforalar,
təşbehlər, hərdən
də sürrial və modern etiketi altında qeyri-adi fikirlər söyləmək
arzusunda olurlar. Və, klassik
ənənələrə söykənən qoşma,
gəraylı, divani, təcnis ... kimi üslubda yazanları bəyənmir, bu üslubda yazılan şeirləri arxaik və naftalin qoxulu şeirlər kimi səciyyələndirirlər.
Mən həmişə
yeniliyin, orijinallığın
tərəfdarıyam. Buna baxmayaraq, dədə-baba şeir üslublarımızdan
imtina etməməliyik.
Daşdəmir Kəmərli,
məhz dədə-baba
üslubuna söykənərək,
özünə məxsus
nümunələr yaradır,
el-oba tərəfindən
sevilir, sazın fövqünə ucala bilir.
Heyf yaxşılara, nə tez getdilər,
Bu dünya pislərdən
amana qaldı.
Həyatın tərsinə işinə
bax bir,
Dünyanın ləzzəti yamana qaldı.
İblislər işləri edər
qarışıq,
Ustad sayılarmı
yarımçıq aşıq?
Mənim
arzularım düşdü
dolaşıq,
Düzələr, düzəlməz gümana
qaldı.
İntizar insanı yandırar
oda,
Ömrə bir zindandı qəhrlə-qada.
Arsızlar kef çəkir, gəzir
dünyada,
Elin dərd-azarı
qanana qaldı.
Daşdəmir, bu nə hal, bu nə
təşvişdi,
Döz, dolan bir təhər, bu da gərdişdi.
İl tərsinə döndü,
fəsil dəyişdi,
Millət görünməmiş zamana
qaldı.
Bir zamanlar millətin düşdüyü
ağır vəziyyəti
görüb, Ağamalı
Sadiqdən soruşmuşdum
ki, bəy, vəziyyət günü-gündən
pisliyə doğru gedir, bir düzələnə
gedən vaxt olacaqmı? O isə təəssüf hissi ilə demişdi ki, zaman gələcək
bu günlərə şükür oxuyacaqsınız.
Şair zamanının güzgüsüdür
və Daşdəmir Kəmərli də əksər şeirlərində
zamandan gileylənir, haqqın, ədalətin bərqərar olmasını
arzulayır.
Belə fikirlərə tez-tez rast gəlirik. Şairlərin
bir-birinə oxşar fikir və sözlərinə
- "bu ondan oğurlayıb", "o, bundan
çırpışdırıb" və s. kimi fikirləri kökündən
yanlışdı. Söz, heç
kimin dədəsindən
qalmayıb. Eyni fikri
iki müxtəlif məkanda yaşamış,
bir-birindən xəbəri
olmayan şair söyləyə bilər.
Oğurluq, plagiatlıq isə
başqa şeydi.
Mən Daşdəmir Kəmərlinin
kitablarını vərəqləyərkən
özümlə paralelliklər
gördüm. Bu o demək deyil ki, kimsə kimsədən oğurlayıb.
Bu qətiyyən belə deyil. "Baş endir"
divanisinin ən gözəl nümunəsini
Ələsgər babamız
yazıb. Bu rədifdə mən də bir divani
yazmışam və çox hörmətli xalq şairimiz Zəlimxan Yaqub mənim haqda yazısında buna toxunaraq, Ələsgərdən
gələn yolun yeni, orijinal məntiqi davamı olduğunu vurğulayıb.
Bu rədifdə divanini, Daşdəmir qağamızda da gördüm. O da özünə məxsus yazıb və hər ikimizin divanimizi deyişmə kimi vermək qərarına gəldim. Ümid edirəm ki, bu sintez
xoşunuza gələcək:
D. Kəmərli
İnsan
oğlu, gərdişində
halal-himmət eylə
sən,
Ərşə-gürşə hökm eyləyən adil şaha baş endir.
Kəlamını təmiz söylə,
eldə-gündə nuran
ol,
Gecə-gündüz səcdəsində bir Allaha baş endir.
M. Dəmirçioğlu
Ey eşq əhli, dərviş könül əhli hala baş endir,
Uy gözəllər
sevdasına, bir halala baş endir.
Bu dünya bir pərvanədi, eşq oduna dolanır,
Aşiq olub gül dodaqda
şəhdi-bala baş
endir.
D. Kəmərli
Söylə görüm kim eyləyib bu dünyanı laləzar,
Rəssam kimi hər çiçəyi yüz rəng ilə kim bəzər?
Dəhşətindən hərzə çəkər, yer kürəsi sərbəsər,
Əməlindən agah olan, ol
pənaha baş endir.
M. Dəmirçioğlu
Yer davalı, göy havalı, mən divanə bir kəsəm,
Asi olub, yerdən göyə havalanan bir səsəm.
Yer üzünün qəribiyəm,
göy üzündə
nakəsəm,
Gəl ey gönül, bu fanidə gül camala baş endir.
D. Kəmərli
Bu dünyadan gedənlərə rəhmət söylə, yada sal,
Ölənəcən öz cismində çalış pak ol saf qocal.
O dünyanın savabını
bu dünyada bacar al,
Yasin oxu, əl fatıhə, qülhüvəallaha baş
endir.
M. Dəmirçioğlu
Dünya nağıl, üç gün ömür göydən düşən almadı,
Biri onun, biri bunun, biri
mənim olmadı.
Dəmirçioğlu, cah-cəlalı
Süleymana qalmadı,
Könüllərdə bərq eyləyən cah-cəlala baş endir.
D. Kəmərli
Daşdəmirin haqq yolunda əzəmətdi inamı,
" Quran" ali müqəddəsdi, gəl eyləmə günahı.
Bu dünyanın qazancıdı, tapa bilsən imanı,
Yatanda da, duranda da Bismillaha
baş endir.
İnanın ki, biz bu divaniləri bir-birimizdən xəbərsiz yazmışıq. İndi isə baxın, deyişmə halında sanki, üz-üzə dayanıb, deyişmişik. Fikrimə inanmağınız üçün daha iki oxşar nümunəni deyişmə kimi təqdim edirəm.
O, bu şeiri Mübariz Qaragözlüyə ünvanlayıb. Amma görün deyişmə kimi necə maraqlı alınır:
D. Kəmərli
Ay bacoğlu, qəmdən uzaq,
Bir tənha gülşən gəzirəm.
Nə dərd məndən aralanmır,
Nə mən dərddən gen gəzirəm.
M. Dəmirçioğlu
Könül nazı çəkəmmirəm,
Öz özümdən gen gəzirəm.
Hərəmiz bir diyardayıq,
Mən itmişəm, mən gəzirəm.
D. Kəmərli
Qəm yükümü götürmüşəm,
Söz-söhbəti bitirmişəm.
Günəşimi itirmişəm,
Duman, çisək, çən gəzirəm.
M. Dəmirçioğlu
Qanad açır arzularım,
Heç bilmirəm hara varım.
Yuvamda
ac balalarım,
Gecə-gündüz dən gəzirəm.
D. Kəmərli
Tale mənə qurdu tələ,
Əl-qol edib atdı lilə.
Görüşürəm gülə-gülə,
Düşünmə ki, şən gəzirəm.
M. Dəmirçioğlu
Puluymuş hər işin başı,
Dəmirçoğlu qalıb naşı.
Kürəyimdə ənlət daşı,
Yollarımda çən, gəzirəm.
D. Kəmərli
Daşdəmirin şəri varmı?
Axtar ömür güzarımı.
Dildən şirin dostlarımı,
Etibarda tən gəzirəm.
Daşdəmir Kəmərli, təkcə şeirləri ilə deyil, bir el ağsaqqalı kimi də Qazax bölgəmizdə çox sevilir, aşıqlarımızın demək olar hamısı onun qoşmalarını, gəraylılarını, divanilərini oxuyurlar. "Görən hara gedir ömür karvanım" adı kitabına, gözəl şairimiz Rəfail İncəyurd maraqlı ön sözü yazmışdır. Şair dostumuzun qeyd etdiyi kimi, Daşdəmir Kəmərli doğulduğu kənddən dişarı çıxmamış, el-obanın ab-havasındaca öz könül nəğmələrini bəstələmiş, qaynar ədəbi mühitdən, türlü-türlü tədbirlərdən, orda-burda görünmək, reklam olunmaq azarından uzaq olmuşdur. Ona görə də şeirlərini əsil İncəli kimi yazmışdır.
Daşdəmir müəllim, ithaf şeirlərini də mübaliğəsiz yazmış, yalançı tərifə, pafosa varmadan, təmənna ummadan öz sevgi və sayğılarını tərənnüm etmişdir. O, bu nümunəsi ilə mənim portret cizgilərimi yaratmağa cəhd etmiş, sevgi və sayğılarını çox səmimi qələmə almışdır
Gövhər mətahların kamil sərrafı,
Mən səni sanıram, ay Dəmirçioğlu.
İlhamım günəşdən alıb nurunu,
Atəşəm, yanıram, ay Dəmirçioğlu.
Həqiqət cəm olub söz amalında,
Ümmanlar çalxanır pür kamalında.
Çağlayan eşqin var, şerin yolunda,
Anlayıb, qanıram, ay Dəmirçioğlu.
Bir sadiq insansan qonaq-qaralı,
Vaxt bizi salıbdı bizdən aralı.
Biz ki, İncədənik nə var duymalı,
İncədə qalıram, ay Dəmirçioğlu.
Daşdəmir dost deməz hər
divanəyə,
Dost üçün canını
qıyar ölməyə.
Səhər də, axşam
da dost deyə-deyə,
Haqqa boylanıram,
ay Dəmirçioğlu.
Mən də bu balaca
mənzərə yazımla
onu sizlərlə tanış etməyə çalışdım.
Nə tərifləmədim, nə
də yetərincə
söz dünyasına
vara bilmədim. Təkcə onu bilirəm ki, sifarişlə yazı yazmıram. Sevdiyim və könlümdə yeri olanlar haqda
yazdığım üçün
də bu işdə çox səmimi və çox azadam.
Ədalət.-2015.-21
noyabr.-S.10.