Fikrət Sadıq: “Kitabı ver oxuyana, birini
də üstəlik"
"Kitabı ver oxuyana, birini də üstəlik...” Bu deyim qocaman
şair, əməkdar
mədəniyyət işçisi,
Dövlət mükafatı
laureatı Fikrət Sadığın misralarındandır.
Şairin məşhur atalar
misalındakı "çörək”
sözünü kitabla
əvəzləməyi əslində
təsadüfi deyil, çörək cismin qidasısa, kitab ruhun qidasıdır.
Ömrünü kitaba, ədəbiyyata
adayan qələm adamı isə kitaba hətta çörəkdən artıq
dəyər verər.
Şair həmçinin kitabın
bu qədər yüksək dəyəyrlindirilməli
olduğu halda günümüzdə ona
olan münasibətdən
də gileylidir. "Kitab
oxuyandan çox, kitab yazan var”,
- deyərək
hər əlinə qələm alanla, əsl qələm adamının qarışdığı
bu dönəmdən narazıdır. Poeziyanın, ədəbiyyatın süzgəçdən keçdiyi
günümüzdə oxucuda
bəzən əsl şeirlə qafiyə toplusu arasında müəyyən dolaşıq
fikirlər yaranır.
Amma imzasını təsdiqləmiş,
şeirləri bir neçə nəsil oxucuların hələ də dilində gəzən şairlər
də var ki, onların yaradıcılığını Azərbaycan poeziyasının
sütunu hesab eləmək olar. Belə şairlərimizdən biri
olan Fikrət Sadıq oxucuları, qələm dostları ilə birlikdə Azərbaycan Yazıçılar
Birliyində (AYB) 85 illiyik
yubileyini qeyd etdi.
Tədbiri giriş sözü
ilə açan AYB sədri, xalq yazıçısı Anar
Fikrət Sadığı
istedadlı poeziya ustalarından biri, həyatının müdrik
və təravətli
dövrünü yaşayan
şair kimi dəyərləndirdi: "Ədəbiyyatımızın
iki Fikrəti var: Fikrət Qoca və Fikrət
Sadıq. Hər ikisinin də
Azərbaycan ədəbiyyatında
böyük xidməti
var. Biri poeziyanın qocalmayan, digəri isə sadiq qələmidir”.
Tədbirdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı qeyd etdi ki, Fikrət
Sadığın bənzərsiz,
özünəməxsus şeirləri
var: "Biz tələbə
olarkən Fikrət Sadığın "İşıq”
adlı şeirlər
kitabı çıxmışdı.
Tələbələrin çox təqdir
etdiyi, ədəbi dərnəklərdə dönə-dönə
müraciət etdiyi kitab idi. Bu kitabı o zamankı
poeziya üçün
yenilik hesab etmək olardı. Topluda ənənələrə həm
sadiq, həm də o zamanadək heç rastlaşmadığımız
şeir növlərinə
rast gəlinirdi.
Onun şeirləri az sözlə
böyük mənalar
ifadə etmək məziyyətləri ilə
fərqlənirdi. Dəfələrlə yazılmış, mədh
olunmuş mövzulara
Fikrət Sadıq tamamilə başqa cür yanaşırdı.
Onun şeirlərində həqiqət
işığı vardı,
poeziyanı başqa bucaqdan işıqlandırırdı.
Fikrət Sadıq ardıcıl
olaraq yazan, ədəbiyyatdan usanmayan,
ilhamı qocalmayan, cavanlıq ruhunu qoruyan şeirləri ilə həmişə oxucunu sevindirib”.
Xalq şairi
Fikrət Qoca, xalq yazıçısı
Çingiz Abdullayev, filologiya üzrə fəlsəfə doktoru Vaqif Yusifli və
digər natiqlər şairin poeziya çalarlarından söz
açıblar. Bildirilib ki, Şirvan
ədəbi məktəbinin
layiqli davamçısı
olan Fikrət Sadıq gözəl klassik şeirlər müəllifi olduğu kimi, heca vəznində
və sərbəst üslubda da uğur qazanıb.
Tədbirdə yeni yaranmış "Ədəbiyyatın dostları”
cəmiyyətinin rəhbəri,
yazıçı-publisist Pərvin
Nurəliyeva və qurumun üzvləri yubilyarı təbrik edib, onun poeziyasından
nümunələr səsləndiriblər.
AYB sədri Anar Fikrət Sadıqa xatirə hədiyyəsi və Birliyin Fəxri fərmanını
təqdim edib.
Sonda qocaman şair qısa şeir nümunələri
səsləndirib və
yubiley mərasiminin təşkilatçılarına təşəkkür edib.
Şəfiqə
ŞƏFA
Ədalət.-2015.-21 noyabr.-S.9.