Mənsum İbrahimovla "Çahargah" mərtəbəsində söhbət

 

Yubilyar professor: "132-ci dəfə Üzeyir bəyin ruhu qarşısında imtahan verirəm"

 

Təkcə sənətkar kimi yox, həm də şəxsiyyət kimi böyük hörmət qazanan Xalq artisti Mənsum İbrahimovun 55 illiyi ilə bağlı tədbirlər davam edir. Görkəmli xanəndənin qonaqları sabah Dövlət Opera Balet Teatrına toplaşacaq, Mənsum İbrahimovu yenidən Məcnun obrazında görə biləcəklər. Yubilyarın özü isə dahi Üzeyir bəyin ruhu qarşısında növbəti dəfə imtahan verəcək.

Bir neçə hadisə ilə əlamətdar olacaq həmin tamaşadan öncə Mənsum bəyin başı yaman qarışıqdı. Çalışdığı Milli Konservatoriyada görüşümüz zamanı da professorla söhbətimiz bəlli səbəblərdən qısa alındı.

Yeri gəlmişkən, xüsusi səliqə-sahmanı ilə seçilən Milli Konservatoriyanın hər mərtəbəsi bir muğamımızın adını daşıyır. Mənsum bəylə "Çahargah" mərtəbəsində söhbətləşdik.

 

"Səhnədə Firudin Mehdiyevi görən kimi fikirləşirdim ki, belə zəhmli kişi Leyli ilə qovuşmağa heç vaxt imkan verməz"

 

 

- Bu günlərdə 55 yaşınız tamam oldu, amma deyəsən tədbirlər hələ davam edir. Sabah da bu münasibətlə Dövlət Opera Balet Teatrında "Leyli Məcnun" tamaşası oynanılacaq. Yəqin ki, hələ başqa tədbirlər planlaşdırılır...

- 55-ci doğum günümü əsgərlərimizlə, həmyerlilərimlə bir yerdə qeyd elədim. Quzanlıdakı Olimpiya Kompleksində maraqlı, möhtəşəm bir tədbir oldu. Ustad sənətkarımız Xalq artisti Arif Babayev başda olmaqla Ağdamda boya-başa başa çatan sənət yoldaşlarım təşəbbüsümə qoşulub həmin gün mənimlə birgə konsertdə iştirak etdilər. Görüşümüzə gələnlərə təkcə musiqi sovqatı vermədik, həm onları sabaha ruhlandırdıq. Hamının gözündə tezliklə işğalçı düşmən üzərində qazanılacaq qələbəmizə ümid, inam gördük. Mən , digər sənət yoldaşlarım da səngərdəki əsgərlərimizlə, ön cəbhəyə yaxın ərazilərdə yaşayan sakinlərlə tez-tez görüşürük. Bu belə olmalıdır, çünki xanəndə, musiqiçi, aktyor, şair, yazıçı, rəssam olmasına baxmayaraq hər bir sənətkar öz xalqından güc alır.

55 illiyimlə bağlı digər tədbirlərə gəlincə, ilin sonuna kimi hələ bir neçə belə görüş planlaşdırmışıq. Vaxt az olsa da, nəzərdə tutulan işləri tamamlamağa çalışırıq.

- Səhnəmizin Məcnunu kimi bir çox Leylilərlə tərəf-müqabili olmusunuz. Müsahibələrinizdə, şəxsi söhbətlərimizdə onların hər biri haqqında həmişə dəyərli fikirlər söyləmisiniz. Yubileylə bağlı tamaşada tərəf-müqabiliniz Xalq artisti Nəzakət Teymurova olacaq. Sizin seçim belə oldu, yoxsa?

- Əslində növbəti tamaşa təkcə mənim 55 illik yubileyimlə bağlı deyil. Bu il həm mənim Opera Balet Teatrındakı fəaliyyətimin 30 ili tamam olur. Nəzakət Teymurovanın isə səhnə fəaliyyətinin 20 illiyidir. Opera Balet Teatrının rəhbərliyi məhz bunları nəzərə alaraq noyabrın 22-nə "Leyli Məcnun" tamaşasını təyin etdi. Necə deyərlər, bu tamaşada bayram bayrama qarışacaq.

Bu illər ərzində 8 Leyli ilə səhnədə tərəf-müqabil olmuşam. Həmin xanım ifaçıların hər biri Leylini özünəməxsus ifa edib, tamaşaçı rəğbəti qazanıb. İş elə gətirib ki, səhnədə ən çox Nəzakət xanım Leylim olub. Teatrla bağlı olan insanlar yaxşı bilirlər ki, tamaşada tərəf-müqabildən çox şey asılıdır. Nəzakət xanımın səsindəki məlahət, yanğı Leyli obrazını bir qədər dolğunlaşdırır. Üstəlik, o, səhnəni, tərəf-müqabili gözəl duyur, bu baxımdan Nəzakət Teymurova ilə ifamız daha maraqlı alınır. Onunla səhnəyə çıxanda özümü çox rahat hiss edirəm.

Bir maraqlı detalı da deyim, səhnədə ilk Leylim Gülyaz Məmmədova olub. Sonra tale elə gətirdi ki, onun bacısı Gülyanaq xanımla da səhnəyə çıxdım, o mənim 8-ci Leylim oldu.

- Bu vaxta kimi sizin üçün Leylinin ən qəddar atası bəs hansı aktyor olub?

- "Böyük dayaq" filmindəki Salman obrazı ilə tamaşaçıların yaddaşında qalan unudulmaz sənətkarımız Firudin Mehdiyev gözəl vokalçı idi. Rəhmətlik Firudin müəllim "Leyli Məcnun" tamaşasında Leylinin atasını da çox inandırıcı ifa edirdi, bu obraza xüsusi çalar qatmağı bacarırdı. Elə təbii oynayırdı, şəxsən mən özümü səhnədə yox, real həyatda hiss edirdim. Onu görən kimi öz-özümə deyirdim ki, belə zəhmli kişi Leyli ilə qovuşmağımıza heç vaxt imkan verməz. Firudin Mehdiyevin teatrımızda digər rollarını da görmüşdüm, hamısını da belə təbii, inandırıcı yaradırdı.

- Bilirəm ki, Məcnun rolunda oynadığınız tamaşaların dəqiq statistikasını aparırsınız. Bu neçənci tamaşa olacaq?

- 1993-cü ildən Məcnun kimi səhnədəyəm, həm Azərbaycanda, həm müxtəlif xarici ölkələrdə bu obrazla səhnəyə çıxmışam. Qarşıdakı tamaşada isə 132-ci ifam olacaq. Böyük Üzeyir bəyin bu ölməz əsərində oynamaq, xüsusi ilə Məcnun obrazını yaratmaq mənim üçün böyük bir şərəfdir. Hər dəfə elə bil Üzeyir bəyin ruhu qarşısında imtahan verirəm. "Leyli Məcnun" operası dünya incəsənətinin nadir incilərindəndir. Əsərdə həm muğamımız, həm böyük Füzulinin fəlsəfəsi, həm Üzeyir Hacıbəyli musiqisi var. İnanıram ki, xalqımız var olunca bu opera da yaşayacaq.

- İllər ötür siz ustadlardan əmanət aldığınız bu obrazı gənclərə təhvil verirsiniz. Son illər Məcnun rolunda səhnəyə çıxanlar arasında tələbələriniz var...

- Həqiqətən səhnədə Məcnunu böyük sənətkarlarımız yaradıb. Tanrıma minnətdaram ki, onlardan sonra bu qiymətli incini qoruyub gələcək nəsillərə ötürməyi mənə nəsib etdi. Yaradıcılıq elədir ki, zamanı gələndə hökmən səhnədə estafeti gənclərə ötürməlisən. Diqqətli tamaşaçılar yəqin fikir veriblər, mən son zamanlar Məcnun obrazı ilə ildə cəmi bir necə dəfə səhnəyə çıxıram, çünki gənclərin daha çox önə çıxmasına imkan yaradıram. Dövlət Opera Balet Teatrının rəhbərliyi, tamaşanın quruluşçu rejissoru teatrımızın baş rejissoru Hafiz Quliyev bu məsələni daim diqqətdə saxlayır, istedadlı gənclərə meydan verirlər. Bir pedaqoq kimi xoşbəxtəm ki, tələbəm, Əməkdar artist Təyyar Bayramov artıq bir neçə ildir ki, səhnədə Məcnun obrazını uğurla oynayır. Səhnəmizin ən gənc Leylisi Arzu Əliyev da mənim tələbəm olub. Son illər səhnədə özlərini təsdiq edən Səbuhi İbayevə, Elnur Zeynalova, Vüsalə Musayevaya da həmişə öz məsləhətlərimi vermişəm. Onların hər birinin "Leyli Məcnun" operasındakı uğurlarına ürəkdən sevinirəm. Gənclərimiz bilir ki, hər zaman onlara mənəvi dəstək olmağa hazıram.

- Son illər sizi Əməkdar artistlər Elçin Həşimov Elnur Əhmədovla birgə görməyə adət etmişik. Sadiq dostlarınız hanı?

- Bu gün çəkilişə dəvət olunduqlarından məni tək qoyublar. ElçinElnurla 15 ildən artıqdır ki, birgə çalışırıq, bu illərdə əldə etdiyimiz bütün uğurları bir yerdə qazanmışıq. Həm dost, həm də "Qarabağ" muğam üçlüyü olaraq daim bir yerdəyik. Yaxın vaxtlarda iki xarici ölkəyə qastrolumuz var. Üstəlik yeni bir musiqi albomu üzərində çalışırıq. İlin sonuna kimi bu yeni albomu musiqi ictimaiyyətinə təqdim etmək istəyirik. Bu albom həm də 55 illik yubileyimlə bağlı pərəstişkarlarıma biz üç dostun bir hədiyyəsi olacaq.

 

ədalət.-2015.-21 noyabr.-S.7.