TARİXİ YADDAŞIMIZIN SƏNƏDLİ-BƏDİİ TƏQDİMATI...

 

Hər bir yazıçının, sənətkarın sözə yanaşma tərzi, sözlə dil tapması və nəhayət yola getməsi olur. Bütün bunların içində heç şübhəsiz ki, yazılacaq mövzunun, deyiləcək fikrin, məramın rolu əsasdır. Hər hansı bir mövzunun isə bədii həlli - əsərə dönməsi üçün dilin aydın, səlis olması əsas amillərdən biridir.

Ədəbi zövqü, dünyagörüşü olan səviyyəli oxucu sənət əsərini hər zaman, hər yerdə axtarır. Və heç şübhəsiz ki, "axtaran tapar" məsəli sonda özünü doğruldur.

Bu günlərdə tanınmış yazar S.Əhmədlinin "Kişilik səngəri" adlı romanı ilə tanış oldum. Bu vaxta kimi müxtəlif mətbuat orqanlarında, jurnal və qəzet səhifələrində bir sıra hekayələrini oxumuşam. Bu hekayələrin hər biri öz bədii çəkisi, fikir tutumu ilə yerindədir. Yazılan əsərin dəyərliliyi o vaxt yüksək təsirə malik olur ki, ərsəyə gəlmiş ədəbi məhsul aktuallığı ilə vaxtına düşsün, yerində, məqamında deyilsin və zamanla səsləşsin...

S.Əhmədli ədəbi janrların əksər növlərində dəyərli söz demiş yazıçıdır. Və çox müsbət haldır ki, hər bir sahədə istədiyinə nail olmuş, mövzularını yaşayaraq qələmə almış, bədii əsər kimi ortaya çıxarmış və ictimaiyyətə təqdim etmişdir.

S.Əhmədlinin qələmə aldığı "Kişilik səngəri" romanını tarixilik, sənədlilik və bədiilik baxımından götürsək, burda hər üçü bir yerdə vəhdətdədir. Və həm də bu günümüzün (yaxın keçmişin) reallığı olan bu əsərdə, bu gün üzləşdiyimiz Qarabağ probleminin bünövrəsini daşnak partiyasının əliylə 100 ildən artıq bir vaxtda qoyulduğu ortaya çıxır.

Yazıçı fikri təxəyyüldən daha çox reallığa söykənəndə bədiilik güclü olur. Bu mənada müəllifin oxuculara təqdim etdiyi bu yeni və ilk romanı uzun bir vaxt ərzində yaşanılan ağrılarımızın bədii məcmu olub, həm də bir roman - elegiya təsiri bağışlayır...

Yazıçı-publisist, tənqidçi-ədəbiyyatşünas və tədqiqatçı-alim kimi yaradıcılığı ilə ümumi tanışlığım olan S.Əhmədli "Kişilik səngəri" romanıyla çox böyük tarixi həqiqətləri bədii təfəkkürün diqtəsiylə, ədəbi dilin imkanıyla (və çox böyük bir sənətkarlıqla - N) çatdırması, təlqin etməsi, faciələrimizin laqeydliyimizdən, yaddaşsızlığımızdan törənməsini aydın təhkiyə üslubuyla çatdırması yazıçının, ümumilikdə "müharibə nəsrimizin" çox böyük bir uğurudur.

Son iyirmi ilin içində yaranmış müharibə mövzulu uğurlu nəsr əsərlərinin ("Qisa qapanma" - M.Oruc, "Dolu" - A.Abbas və s.) içində "Kişilik səngəri" kimi, səhvlərimizdən doğulan, bəlalarımızın güzgüsü olan və tarixilik baxımından öz yeri olan "ağır taxtalı" bir panoram - romandır...

Heç şübhəsiz ki, "hər bir əsərin ideya - bədii məntiqi, yazıçı məramının övladıdır". Bu anlamda S.Əhmədli öz yazıçı məramının məntiqi kimi torpağın qorunmasına - millətin mənafeyinə, ölkənin taleyinə (vaxtı ilə və yaxın keçmişdə) öz şəxsi bəsit düşüncə prizmasından baxan "başsız başçılarımızı" sözün təsir gücüylə ittiham etməsi, müəllif məqsədinin birbaşa hədəfə düşməsi, yazıçı müşahidəsindən doğulan, gəlinən bədii qənaətin uğurlu nəticəsidir.

Qarabağa gəlmə yağıların - hayların əhatəsində soydaşlarımızın köməksiz, silahsız qalması, quş tüfənglərinin belə öz hüquq-mühafizə orqanlarımızın əliylə yığılması, ellərimizin istəyinin yerinə yetirilməsinə cavabdeh olanların susmasına bəraət olmadığı üçün, yazıçı da haqlı olaraq həmin azad müttəhimlərə "son söz" verməmiş, onların sözü olmadığı fikrində olmuş, bundan da oxucu "kimin kim" olduğunu aydınlaşdırır.

"Kişilik səngəri" romanında müəllif ilk başlanğıcda Qarabağa göz dikən bir acgöz, miskin tayfanın içindən çıxmış, Qarabağ iddiasının müasir ideoloqu - yazarı, müəllifi Zori Balayanı təqdim edir və vaxtilə baş verən hadisələrin fonunda bir məşhur Avropa terrorçusunu baş icraçı Monte Melkonyan (Abonu) ilə qarşılaşdırır.

Qarabağ iddiasının Z.Balayanı məşhurlaşdırılmasına S.Əhmədli dəfələrlə dərin sarkazmla, istehzayla bu qaniçənin əsl simasını dialoqların diliylə açıb sənətkarlıqla göstərir.

Əsərdə sadə azərbaycanlıların şəxsində tarix müəllimi İsmayıl, Qaçaq Aydın, əməliyyatçı Sərdarın müsbət obrazları yaddaqalandır. Boş əllə silah-sursatın əldə edilməsi, ölkə hakimiyyətinin iflic vəziyyətinə düşməsi, başını itirməsi və vəzifə davası aparması yazıçı təəssüfünə səbəb olur. Qeyd etməyimiz yerinə düşər ki, "kişilik səngəri" romanında müəllif, N.Nərimanovun vaxtı ilə Qarabağ iddiaçılarına dediyi "solyarka olmayacaq" sözü ilə onları niyyətlərindən çəkindirməklə susdurması və Qarabağa muxtariyyət verilsə də, bütövlükdə əldən getməsinin qarşısının alınması və bu yerdə keçmişin reallığını demək məsuliyyəti ilə müəllif öz yazıçı mövqeyini təsdiq etmişdir.

N.Nərimanovun adının əbədiləşdirilməsində müstəsna rol oynayan (güclü təzyiqlərə baxmayaraq), H.Əliyevin də sonralar Kremldə büro üzvü və məsul vəzifədə olmasını bir detalla verilməsi də şəxsiyyətləri tarixin zamanınca yetirməsi, böyük oğullarla əvəzlənməsi təqdimi yazıçı S.Əhmədlinin vətəndaşlıq, yazıçılıq borcuna sədaqət hissiylə yanaşması (tarixi reallıqlara işıq tutmasının bu romanda yer alması) bu tarixi əsərin bədii siqlətini artıran amillərdəndir.

Bütün əksər bəlalarımızın 1828-ci ildə "Gülüstan" müqaviləsinin və fars-rus birliyinin nəticəsi qənaətində olan yazıçı, rusun üstümüzə qısqırtdığı erməninin iç üzünü roman boyu açıb göstərir. Və yenə də bu yerdə bir məsələmiz öz haqqını alır: "Arxalı köpək qurd basar". Bu əsər boyu (rus-kazak əsgərlərinin böyüyü polkovnik Smirnov və erməni Tevonun obraz kimi verilməsi, dünənin bu günlə səsləşməsi çox təbii göstərilir. Eyni zamanda bu güclü, silahlı birləşmənin qarşısına az bir miqdarda təklülə və beşatılanla çıxan qaçaq dəstəsini və onların başçısı Aydın göstərilir. Çox təbii bir haldır ki, vaxtilə rus inqilabına qədər olan hadisələrin - millətimizin qurduğu iki illik müstəqillik dövrünün nişanələri kimi o vaxtkı döyüşmələrdən qalan "Tevon ağladan" və "rus oyuğu" yer adlarının da çəkilməsi tarixin eyni əqidəli başlarla və eyni əllərlə təkrarı əsər boyu vurğulanır.

Bir-birini kino lenti kimi təkrarlayan bədii lövhələrin ardınca birdən-birə köhnə bir tarixi məqamın - hadisənin verilməsi - təhkiyyəsi hazırlığı olmayan oxucu üçün çətin anlaşılır. S.Əhmədlinin hakimiyyət boşluğu yaranan vaxt və SSRİ adlı birliyin süqutu zamanı və sonrakı (90-cı illərdə) keçid dövrü olan ilk vaxtlarda sistem işçilərinin general Məhəmməd Əsədovun atlı dəstələrinin ermənilərin gözünü qırmasını yazıçı qüruruyla təqdim etdiyi bir zamanda, paralel olaraq bir rayona cavabdeh polis rəisinin - bir rüşvətxorun da obrazını məharətlə yaratması çox təsirli səhnələrdən biridir. Min hiylə ilə camaatdan - sadə xalqın nümayəndələrindən qopardılan pulların yuxarılara verilməsi və eyni zamanda polis rəisi İmamyarlı Bilənin vaxtı ilə atasından pul almaq üçün tutdurduğu bir şəxsin, tapança tel Məmməd adlı obrazın əliylə (adamları silahlandırmaq üçün idarə müdirlərindən pul yığan - N) çıxılmaz, miskin bir vəziyyətə düşməsinin dəqiq-psixoloji lövhələrlə göstərilməsi, yazıçı məlumatlılığının və müşahidəsinin dərinliyinin və həssaslığının göstəricisidir.

Romanda bu gündən danışıldığı yerdə bir ədəbi manevrlə (S.Əhmədliyə məxsus) qəfil 80-100 il bundan əvvəl baş vermiş bir tarixi hadisədən söz açılır. Və ümumilikdə bu roman dünənlə, bu günün (və sabaha ehtiyatlı olmaq mesajı verən) vəhdətinin bir tarixi - bədii salnaməsi kimi də qəbul etmək olar.

Əsərdə hadisələrin cərəyan etdiyi məkanda - Qarabağda Z.Balayanla, Monte Melkonyanın, eləcə də rus polkovniki Smirnovla fikir mübadiləsi, mühakimələri verilir. Erməni xislətinin öz himayədarına qarşıda qeyri-səmimi olduğu bu obrazların danışığı zamanı ortalığa çıxır.

M.Melkonyanın Tevon adlı yerli icraçı-təşkilatçı ilə də dialoqları verilir. Belə ünsiyyət vaxtı M.Montenin (istər Z.Balayanla, istərsə də polkovnik Smirnovla) öz-özüylə daxili düşüncələriylə qalması və həm də azərbaycanlı polis rəisi İmamyarlı Bilənin, kəndin müdafiəsi üçün silah almaq üçün pul yığan tapança tel Məmmədin dəstəsiylə onun kabinetində deyilən məbləği verməsinin labüd olduğunu dərk edəndən sonra, həmin məqamda fikrən öz düşüncələriylə baş-başa qalması romanın daha dolğun olmasının atributlarından sayıla bilər.

Romanda haqqında söhbət gedən hər bir baş vermiş hadisənin sonrakı təhlili, tarixilik, sənədlilik baxımından fakt, informasiya olduğu məlumdur. Amma bu sənədli fakta, bədii yanaşma bu faktın başlanma səbəbinin, hadisələrin gedişinin və nəhayət nəticənin sonluğun açımına diqqət edir.

Məlum Qarabağ savaşının (və hələ də davam edən) baçlanğıcını açan, göstərən və sonluqda bu işin ən çox tanınmış icra edənin (Abonun) ölümüylə nəticələnən vaxt beş illik (1988-1993-cü illər) bir zaman kəsiyinin tarixi - sənədli və bədii təsviridir.

"Kişilik səngəri" romanında fikir təkrarının (bir belə dialoqlu və qarşılaşdırma səhnəsi olan) olmaması, yazıcın təfəkkür-düşüncə tərzinin aydınlığındandır və əsərin süjet xəttinin reallıqlar üstündə qurulmasına baxmayaraq, bədiiliklə yanaşı, elmiliyi də bir ədəbi fakt kimi göz önündədir. Müəllifin bu əsəri Monte Melkonyanın ölümüylə yekunlaşsa da, oxucuda bir nigarançılıq qalır. Elə bilirəm ki, bu əsərin atəşkəs dövründən bəri, bu günümüzə qədər olan keçid dövrü dediyimiz vaxtın, zamanın ikinci dövrünün də roman kimi qələmə alınmasına bir zərurət duyulur. Və bəlkə də bu əsərin torpaqlarımızın azad olunacağı vaxtda 3-cü hissəsi də yazılacaq və bu trilogiya Qarabağ savaşının yeni bir tarixi-bədii salnaməsi olacaqdır. Bunlar hələlik arzudur. Zamanın isə öz gedişi, diqtəsi olur...

Görkəmli nasir-publisist S.Əhmədlinin "Kişilik səngəri" romanı bütün parametrləriylə (hər cəhətdən) roman janrının tələblərinə cavab verən və bədii dəyəri, mənəvi yükü ilə yaddaşımızı oyatmağa, unutqanlıq mərəzimizə son qoymağa çağırış kimi səslənən bir mübarizə ruhlu roman olduğunu deyə bilərik...

 

Ədalət.-2015.-24 noyabr.-S.6.