RAYON ŞİRƏ ZAVODUNDA

 (novella)

 

İlham Abbasov,

hüquq üzrə fəlsəfə doktoru

 

Bu hadisə ötən əsrin - XX əsrin sonlarında kənd rayonlarının birində baş vermişdi. Yeni rayonun prokuroru vəzifəsinə təyin edilməyimdən, təxminən, üç il vaxt keçirdi.

Həmin dövrün prokurorluq haqqında qanunvericiliyinin tələbinə görə rayon prokuroru təyin edilərkən vəzifəni qəbul edən kimi rayon statistika idarəsindən rayondakı bütün müəssisə və idarələrin, o cümlədən kolxoz və sovxozların siyahısını tələb edib alır və rayon prokurorluğuna daxil olmuş ərizə və şikayətləri təhlil edərək, nisbətən daha çox şikayət daxil olan idarə və müəssisələrdə ümumi nəzarət qaydasında yoxlamalar təşkil etməyi iş planlarına daxil edirdi.

Sovetlər dövründə prokurorluq orqanlarının səlahiyyətinə idarə və müəssisələrdə ümumi nəzarət qaydasında yoxlamalar aparmaq səlahiyyəti var idi. Lakin respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra qəbul edilmiş prokurorluq haqqında qanunvericilikdə prokurorluğun ümumi nəzarət qaydasında yoxlamalar aparmaq səlahiyyəti nəzərdə tutulmamışdır.

Ona görə rayonda şirə zavodunun fəaliyyət göstərməsi mənə məlum idi, lakin həmin müəssisədən şikayətlər daxil olmadığı üçün şirə zavodunda yoxlama aparılmasını prokurorluğun iş planına daxil etməyi lazım bilməmişdim.

Yayın qızmar vaxtı olmaqla, prokurorluqda adi iş günlərindən biri idi. Daxili telefonla dəftərxana katibi məlumat verdi ki, rayon şirə zavodunun direktoru qəbulunuza gəlmək istəyir. Dedim gəlsin. Bu zaman cavan bir adam kabinetə daxil oldu. Həmin adama oturmaq üçün yer göstərdim.

Aydın oldu ki, bu şəxs rayon şirə zavodunun direktorudur. Dedim:

- Sizi eşidirəm.

Rayon şirə zavodunun direktoru bildirdi ki, rayon şirə zavodunda meyvə və giləmeyvələrin şirəsini, mürəbbəsini istehsal edirik, lakin zavoda pomidor məhsulunun emalı üçün, başqa sözlə, pomidor məti istehsalı üçün müvafiq avadanlıq - başqa sözlə, zavodda şərait yoxdur və elə buna görə də zavod fəaliyyətə başlayandan bəri indiyə kimi zavod pomidor məhsulu qəbul etməmişdir.

Mən direktorun bu məlumatını dinlədikdən sonra dedim ki, bunlar mənə məlumdur, sizin şikayətiniz nədən ibarətdir? Direktor dedi ki, bunları sizə məlumat üçün bildirirəm, zavod barəsində təsəvvürünüz olsun. Dedim ki, zovoddakı şərait, o cümlədən, zavodun istehsal yönümü də mənə məlumdur, sizin konkret şikayətiniz nədir.

Belə deyəndə direktori sözlərinə əlavə etdi ki, şikayətimin mahiyyəti budur: indi dəmir yolu vasitəsilə zavoda emal edilməsi üçün respublikanın tərəvəz becərilən rayonlarının birindən pomidor məni emal edilməsi üçün bir vaqon pomidor məhsulu göndərilib. Lakin siz özünüz də bilirsiniz ki, zavoda pomidor məhsulunun emalı üçün müvafiq xətt, başqa sözlə, avadanlıq yoxdur, yəni rayon şirə zavodunda pomidor məhsulunun emalı nəzərdə tutulmamışdır və indiyə kimi bu zavoda bir kiloqram da olsun pomidor məhsulu emal edilməmişdir. İndi mənə deyirlər ki, həmin məhsulu qəbul edim.

Dedim ki, sizi başa düşürəm, zavodda pomidor məhsulunun emalı üçün şərait yoxdur, ona görə də məhsulu qəbul etməyin. Direktor onu da əlavə etdi ki, rayon partiya komitəsinin ikinci katibi məni 75 tondan artıq pomidor məhsulunu qəbul etməyə məcbur edir.

Rayon şirə zavodunun direktoruna dedim:

- Sizin pomidor məhsulunu qəbul etməyə ixtiyarınız yoxdur, belə ki, siz mal göndərən təşkilatla müqavilə bağlamısınızmı?

Direktor əlavə etdi ki, yoldaş prokuror, biz belə bir müqavilə bağlamamışıq, bu barədə müqaviləmiz və naryadımız da yoxdur. Əgər mən bir vaqon pomidor məhsulunu qəbul etsəm, 75 tondan artıq pomidor xarab olub gedəcəkdir. Bundan əlavə məhsula özüm baxmışam, mənə aydın oldu ki, pomidor məhsulu xeyli bundan əvvəl göndərildiyindən artıq keyfiyyətini də itirməkdədir, lap zavodda şərait olsa belə, pomidor məhsulu keyfiyyətini itirdiyindən artıq emala da yararsızdır.

Rayon şirə emalı zavodunun direktorunun bu məlumatından sonra ona dedim:

- Sizin bu məlumatınızdan sonra vəziyyət mənə məlum oldu, sizin pomidor məhsulunu qəbul etməyə ixtiyarınız yoxdur, mən bu saat rayon partiya komitəsinə gedib, vəziyyəti olduğu kimi məruzə edərəm.

Şirə zavodunun direktoru mənim bu məlumatımdan sonra sanki bir az özünə gəldi və dedi:

-Yoldaş prokuror, xahiş edirəm, kömək edin. Vaqon da bir həftədir ki, dəmiryolu stansiyasında günün altında dayanır. Artıq həmin pomidor məhsulu həm satış, həm də emal üçün tam yararsızdır.

Zavod direktoru mənimlə olan söhbətdən sonra. sanki müəyyən mənada ürəkləndi və kabineti tərk etdi.

Mən isə rayon partiya komitəsinə gəldim. Gözləmə otağında oturan rayon partiya komitəsinin birinci katibinin texniki köməkçisindən birinci katibin yanında hər hansı şəxsin olub-olmamasını soruşdum. Köməkçi bildirdi ki, birinci katib Bakıdadır, onu ikinci katib əvəz edir və yerindədir.

Katibə xanımın bu məlumatından sonra ikinci katibin kabinetinə daxil odum və salamlaşdıq. İkinci katib mənimlə görüşdü və dedi:

- Yoldaş prokuror, necəsiniz? Gəlməkdə xeyirdirmi?

Dedim ki, rayon partiya komitəsinin birinci katibinin yanına gəlmişdim, lakin Bakıya ezamiyyətə getməsi məlum oldu.

Rayon partiya komitəsinin ikinci katibi dedi ki, hə, doğrudur, birinci katib Bakıya ezamiyyətə gedib.

Söhbəti uzatmamaq üçün konkret məsələyə keçdim və dedim:

- Rayon şirə zavodunun ünvanına respublikanını cənub rayonlarının birindən bir vaqon emal edilməsi üçün pomidor məhsulu göndərilmişdir. Bir az bundan əvvəl zavodun direktoru mənim yanımda oldu, drektor dedi ki, zavodda pomidor məhsulunun emalı üçün, pomidordan mət hazırlamaq üçün heç bir şərait yoxdur, yəni zavod istifadəyə veriləndən indiyə kimi bir kiloqram da olsun pomidor məti istehsal etməmişdi, başqa sözlə, pomidorun emalı üçün heç bir avadanlıq yoxdur. Bundan əlavə zavodun mal göndərən müəssisə ilə müqaviləsi, həmçinin yuxarı təşkilatın bu haqda naryadı da yoxdur. Hazırda həmin məhsul bir neçə gündür dəmiryolu stansiyasında günün altında qalıb tam yararsız hala düşmüşdür, heç satışa da yararlı deyildir. Rayon şirə zavodunun direktoru mənə dedi ki, siz ona həmin məhsulu qəbul etməsi barədə qanunsuz göstəriş vermisiniz. Bu isə cinayətdir.

Belə deyəndə ikinci katib eynəyini gözündən çıxardı, yazı stolunun üstünə qoydu və mənə daha diqqətlə qulaq asmağa başladı.

Onu da əlavə etdim ki, indii isə bir vaqon yararsız pomidor məhsulunu rayon ərazisindən axan çayın sahilinə boşaltmağa göstəriş vermisiniz, bildirirəm ki, pomidor məhsulunun yararsız vəziyyətə düşməsi bir qanunsuzluq, daha doğrusu cinayətdir, digər tərəfdən yararsız 75 tondan artıq məhsulun çay sahilinə boşaldılması isə ekoloji cinayətdir.

Bu məlumatımdan sonra ikinci katib dedi:

- Ay rəhmətliyin oğlu, qurd-quş onu elə daraşıb yesin ki, səhərə izi də qalmasın. A kişi, sən də hər şeyə müqavimət göstərirsən, hər şeyin qabağına bir daş qoyursan.

İkinci katib onu da əlavə etdi ki, pomidor məhsulunu göndərən sovxozun rəhbərliyi ilə danışmışıq, sovxoza və bizim rayonunu şirə zavoduna vurulmuş ziyanın hamısını mal göndərən təşkilat ödəyəcəkdir.

Kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi olan rayon partiya komitəsinin ikinci katibinin bu səviyyəsiz təklifi məni çox təəccübləndirdi və buna görə də söhbəti davam etdirməyə lüzum görmədim və prokurorluğa qayıtdım.

Aradan bir neçə gün keçmişdi ki, rayon şirə zavodunun ünvanına müqaviləsiz və naryadsız göndərilmiş pomidor məhsulunun taleyi ilə maraqlandım, bu məqsədlə şirə zavodunnu direktorunu prokurorluğa dəvət etdim, müqaviləsiz-naryadsız zavodun ünvanına göndərilmiş külli miqdarda yararsız pomidor məhsulunun aqibəti ilə maraqlandım. Zavodun direktoru məlumat verdi ki, onu rayon partiya komitəsində məcbur ediblər, o da rayon avtobazasından özüboşaldan yük maşınları kirayə edərək, həmin yararsız pomidor məhsulunu avtomaşınlarla daşıyıb, rayon ərazisindən keçən çayın sahilinə boşaltdırmış, pomidor məhsulunun qəbul edilməsi haqqında sənədlərə imza etmişdir.

Zavodun direktorunun bu məlumatından sonra dedim:

- Nahaq həmin məhsulu qəbul etmisiniz. İndi məhsulun dəyərini, həmin məhsulun vaqonla daşınması və vaqonların bir neçə gün boş dayanması xərcləri və dəmiryolu stansiyasından yararsız məhsulun özüboşaldan yük avtomaşınları ilə daşınıb çay kənarına boşaldılması xərclərini də siz ödəməli olacaqsınız. Hələ mən yararsız 75 tondan artıq pomidor məhsulunun çay kənarına boşaldılmasından ekologiyaya vurulan ziyandan danışmıram.

Mənim bu məlumatımdan sonra zavod direktoru mənə dedi:

- Yoldaş prokuror, mənim başqa əlacım da yox idi. Rayon partiya komitəsinin ikinci katibi məni məcbur etdi.

Dedim ki, siz yanıma gəlib vəziyyəti mənə demişdiniz, mən də bu haqda rayon partiya komitəsinin ikinci katibinə demişəm, bu faktın cinayət olmasını da izah etmişəm. Əlavə olaraq şirə zavodunun direktoruna dedim:

- Bu halda zavod direktorundan ikinci katiblə olan söhbətimizin nəticəsini bilmədən, başqa sözlə, mənim mövqeyimi öyrənmədən nəyə görə rayon partiya komitəsinin ikinci katibinin qanunsuz göstərişinə əməl etmisiniz?

Zavodun direktoru mənim bu sözlərimdən sonra dinmədi və başını aşağı əyərək, yalnız bu sözləri dedi:

- Neyləyim, yoldaş prokuror, məni məcbur etdilər.

Dedim ki, axı siz də bu qanunsuz hərəkətlərə görə məsuliyyət daşıyırsınız.

Bu zaman zavod direkru dinmədi, başanı yerə dikdi və yazıq bir görkəm aldı.

Mən bundan sonra şirə zavodundan bir vaqon pomidor məhsulunun göndərilməsi haqqında sənədləri, o cümlədən, həmin məhsulun dəmiryolu ilə daşınması haqqında və digər sənədləri rayon şirə zavodundan tələb edib aldım, bu qanunsuz əməliyyatlar nəticəsində zavoda, nəticə etibarı ilə dövlətə vurulmuş ziyanın məbləğini müəyyənləşdirərək, toplanmış sənədləri ərazi aidiyyəti üzrə pomidor məhsulunu qanunsuz göndərmiş təşkilatın olduğu rayonun prokurorluğuna göndərdim.

Bu qanunsuz əməliyyat nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdi. Materialların cavabdeh təşkilatın yerləşdiyi rayon prokurorluğuna göndərilməsi haqqında məktubun surətini də məlumat və nəzarət üçün respublika prokurorluğuna göndərdim. Lakin rayon prokurorluğunun digər rayon prokurorunun fəaliyyətinə nəzarət etmək səlahiyyəti olmadığından və təxminən bir aydan sonra başqa rayon prokuroru vəzifəsinə dəyişdirildiyindən həmin materialın yoxlama nəticəsi mənə indiyə kimi də məlum deyil...

 

Ədalət.-2015.-24 noyabr.-S.6.