ONA "AZƏRBAYCAN KİNOSUNUN
PATRİARXI" DEYİRDİLƏR
"Görüş", "Uzaq
sahillərdə", "Mən rəqs edəcəyəm",
"Arşın mal alan", "Yeddi oğul istərəm",
"Dədə Qorqud", "Babamın babasının
babası", "Maddeo Falkeno", "Mən ki gözəl
deyildim", "Qızıl qaz", "Bağ
mövsümü", "O dünyadan salam"
("Ölülər"), "Köpək"g
Adını çəkdiyimiz bu filmlərin bir çoxu Azərbaycan
kinosunun yaddaşına yazılan, onun keçdiyi yolu göz
önündə canlandıran sənət əsərləridir.
Bu filmlərin hər biri kinomuzda hadisə kimi
qarşılanıb. Həmin filmlərin
quruluşçu rejissoru, Xalq artisti Tofiq Tağızadə
idi. Ona "Azərbaycan kinosunun patriarxı"
da deyirdilər.
O, 1919-cu
ildə Bakıda, müəllim ailəsində anadan
olmuşdu. Elə uşaqlıq
çağlarından incəsənətə xüsusi
marağı vardı, ailədən gəlirdi bu məhəbbət.
Üç il musiqi məktəbində,
skripka şöbəsində təhsil almışdı. Atası məktəb direktoru idi, bu məktəbdə
o illər üçün xas olan dram dərnəyi fəaliyyət
göstərirdi, anası Kəbutər xanım (o da müəllimə
idi) bu dərnəkdə iştirak edirdi. Amma ana məhəbbətini
doyunca hiss edə bilmədi, onu erkən itirdi.
Hamı kimi o da orta məktəbi bitirdi, Azərbaycan Neft
və Kimya institutuna daxil oldu. Ammag Böyük Vətən
müharibəsi başlandı və Tofiq Tağızadə
könüllü müharibəyə getdi, döyüşlərdə
iştirak etdi, yaralandı və tərxis olunub Bakıya
qayıtdı. Bakı Komsomol komitəsində
çalışdı, amma incəsənətə olan
marağı sönmədi, Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutuna daxil oldu. O, məşhur sovet
rejissorları Sergey Yutkeviç və Lev Kulişovun
emalatxanasında təhsilini başa vurdu, rejissor sənətinə
yiyələndi. Tofiq müəllim deyirdi ki,
Moskva mühiti həmişə qaynar olub. Böyük
rejissor Eyzenşteyn bizə kompozisiya dərsi keçirdi.
Dovcenko diplom rəhbərim oldu. Sonralar sovet kinosunun nəhəngləri sayılan
Çuxray, Qurin, Abuladze, Çxeidze, Basov tələbə
yoldaşlarım olublar.
Bir il "Mosfilm"də çalışdı,
1954-cü ildə Bakıya qayıtdı. Adətən,
institut bitirmiş cavanlara film çəkməyi etibar etmirdilər,
amma 1955-ci ildə ona "Görüş" filmini çəkməyi
tapşırdılar və Tofiq Tağızadə elə ilk
filmi tamaşaçıların rəğbətini
qazandı. Sonrakı illərdə
"Uzaq sahillərdə", "Yeddi oğul istərəm",
"Dədə Qorqud" kimi şedevr filmlər yarandı.
"Uzaq sahillərdə" filmi ona böyük
şöhrət qazandırdı. Dediyinə görə, "Uzaq
sahillərdə"ni Moskva qəbul etmək
istəmirdi. Müxtəlif səbəblər
göstərirdilər. Sözarası
deyirdilər ki, belə çıxır müharibəni azərbaycanlılar
udub. O zaman sovet kəşfiyyatçılarının
igidliyi haqqında çox az film çəkilmişdi.
Məsələn, "Kəşfiyyatçının
igidliyi" filmi çox zəif alınmışdı.
Və buna görə bizim filmə
qısqanırdılar. Ona görə bəzi
güzəştlərə getdik.
Mixaylo rolunun ifaçısı Nadir Şaşıqoğlu
bir müsahibəsində deyir ki, Tofiq Tağızadə həqiqətən
aktyor seçməkdə böyük məharəti olan
rejissordur. Xüsusilə, "Yeddi oğul istərəm"də,
necə deyərlər, zərgər dəqiqliyi ilə aktyor
ansamblı yaratmağı heyrətləndirici idi.
Bu xüsusda Tofiq müəllim deyirdi ki, rejissor ssenari
üzərində işləyəndə gələcək
film hər bir epizodu ilə onun gözləri
qarşısında keçməlidir. Əgər bu proses baş
verməzsə, o, nə aktyorlarla, nə ssenari müəllifi,
nə rəssam, nə də bəstəkarla işləyə
bilər. Və filmdə də ən çətin
problemlərdən biri məhz lazım olan rola aktyoru seçməkdir.
Mənim filmlərimdə elə olub ki, aktyor
seçimində heç bir sınaq çəkilişi
olmayıb. Məsələn, Məlik
Dadaşova nə prob - hazır Şeyx Nəsrullah idi. Ya həmin filmdə Səyavuş Aslana, Arif Quliyevə
prob lazım deyildi. Rejissor Mərahim Fərzəlibəyovu
da mən Şeyx Əhməd roluna probsuz götürdüm.
O ki qaldı Kefli İsgəndərə, mən burada bir
neçə amili nəzərə almışam. Şeyx Nəsrullahın-Məlik
Dadaşovun qarşısında çox qüvvətli bir
aktyor dayanmalı idi, bu, mənim fikrimcə, artıq yetkin bir
insan ola bilərdimi (30-35 yaşında). Yəni müəyyən həyat təcrübəsi
keçmiş bir insan-aktyor olmalıydı ki,
yaşadığı mühitdən seçilə,
ayrıla, fərqlənə bilsin. Aktyorun
özündə bu mənada plastika olmalı idi. Mənim fikrimcə, o rol üçün türk
aktyoru Yılmaz Durunun plastikası kifayət qədər idi.
"Dədə Qorqud" filmində də həmçinin,
bu filmdə üç nəsil iştirak edir, cavanlar, orta
yaşlılar və qocamanlar-təcrübəlilər. Gözəl bir ansambl yarandı.
Tofiq Tağızadənin hər bir filmi haqqında əsl
sənət əsəri kimi söz açmaq olar. Məsələ
burasındadır ki, bu filmlər növbə ilə hər həftə
Azərbaycan televiziyasının müxtəlif kanallarında
nümayiş etdirilir və neçə nəsil bu filmlərə
tamaşa etməkdən zövq alır, sənət tərbiyəsi
alır, kinomuzu sevirlər.
Professor Rəhman
Bədəlov yazır: "Qətiyyətlə demək olar
ki, Tofiq Tağızadənin adı kino tariximizə həmişəlik
həkk olunub. Deyə bilmərəm ki,
bütün filmləri eyni səviyyədə çəkilib,
uğurları da olub, uğursuzluqları da. Bəzən
keçmiş İttifaqın kino redaktorlarının təkidi
ilə çəkdiyi filmin son variantını az
qala özü tanımırdı. Amma hər
halda bütün bu filmlərində peşəkarlıq
duyulur, özünəməxsus dəst-xətt durur və ən
vacib odur ki, yaxşı filmləri milli kinomuzun klassikidir.
İlk növbədə bunu "Yeddi oğul istərəm"
filmi haqqında demək olar"
Mərhum
Xalq artisti, Azərbaycan kinosunun ən parlaq ulduzlarından olan
Həsən Məmmədov deyirdi: "Onun filmlərinə
diqqət yetirsəniz, görərsiniz ki, bir rejissor kimi Tofiq
müəllim kamil sənətkardır. Onun
gözü çox sərrafdır, güclü intiusiyası
vardır. Yəni əvvəlcədən
film üçün aktyor seçəndə çox nadir
hallarda yanılır. Əsasən hər
bir rola elə aktyor axtarıb tapır ki, sanki bu rol elə əvvəlcədən
həmin aktyorun boyuna biçilibmiş. "Yeddi
oğul istərəm" filmindəki elə yeddi oğulun
hamısı aktyor seçimi baxımından çox
uğurludur. Gəray bəy Həsən
Turabovun ifasında nə qədər təbii və
inandırıcıdır. Mən onun həm
janrına, həm də mövzusuna görə bir-birindən
fərqlənən bir neçə filmində çəkilmişəm,
özümü xoşbəxt sanıram".
Həsən
Məmmədovun Xalq yazıçısı Elçinin
ssenarisi üzrə çəkilmiş "Bağ
mövsümü" filmində oynadığı Əlibala
rolu son dərəcə təbii alınıb və bu da onu
göstərir ki, doğrudan da Tofiq Tağızadə aktyor
seçməkdə zərgər dəqiqliyi ilə hərəkət
edirdi.
Tofiq Tağızadə bir neçə filmdə həm
də özü çəkilmişdi. Kinoşünas
A.Kazımovun bu barədə bir sualına Tofiq Tağızadə
belə cavab vermişdi: "Mən heç vaxt ekranda
görünmək xatirinə kinokamera qarşısında
dayanmamışam. Filmlərdə rollarım
epizodik olsa da, bu personajlar vasitəsilə ürəyimdən
keçənləri tamaşaçılara
çatdırmağa çalışmışam. Elə
götürək "O dünyadan salam"
kino əsərini. Burada mən yenidən dirilənlərdən
birini oynayıram. O, baxıb görür ki, təzədən
diriləri çox çək-çevirə salırlar.
Özünü saxlaya bilməyib deyir: "A balam, bizi
diriltdiniz ki, sərbəst olaq, azad yaşayaq, icazə verin,
istədiyimiz kimi hərəkət edək dəg" Əgər
diqqət yetirsəniz, digər filmlərdəki
personajlarım da ağızlarına su alıb oturmurlar. Onlardan hər birinin həyata öz münasibəti,
öz mövqeyi var. Oqtay Mirqasımovun "Anlamaq istəyirəm"
bədii filmində mən kino rejissoru rolunda, yəni
öz-özümü oynayıram".
Tofiq Tağızadə vətənpərvər bir
rejissor idi və çəkdiyi filmlər də bunu sübut
edir. Mərhum
yazıçı-publisist Asif Əliyevin Tofiq Tağızadənin
sənət yolunu işıqlandıran "Müdriklik səlahiyyəti"
məqaləsindən belə bir faktı-olmuş əhvalatı
nəzərinizə çatdırıram: "Yetmişinci
illər idi. Film çəkirdik. Çəkiliş Bəyan kəndində
aparılmalı idi. Ermənilər kəndə
gedən yolu kəsmişdilər. Mən
maşından düşdüm, qatlama kresloda oturdum.
Qabaqda kök, tosqun, sallaqbığ bir kişi
dayanmışdı. Çağırdım
onu. Öyrəndim ki, bunları öyrədib
bura yığıblar. Məqsədləri
budur ki, filmi çəkməyə qoymasınlar. Araya dava-dalaş düşsün və bizi təqsirləndirsinlər.
Özü də bu işlərin
başçısı kənd sovetinin sədri idi. Amiranə
tərzdə dedim ki, get kənd sovetinin sədrini
bura çağır. Sallaqbığ soruşdu: "Birdən
desə kimdir onu çağıran, nə deyim?" Mən
hamı eşitsin deyə hündürdən
qışqırdım: "De ki, bu torpağın sahibi gəlib".
İstədiyimizə nail olduq, yəni ermənilərin
qabağından çəkilmədik".
Tofiq Tağızadə ömrünün son illərində
Cəfər Cabbarlının "1905-ci ildə" pyesini
ekranlaşdırmaq haqda fikirləşirdi. Amma
ölüm buna macal vermədi.
O,
kinomuzun tarixində əbədi yaşayır. Belə
sənətkarların yalnız fiziki ölümü olur,
onları yaratdıqları sənət əsərləri
yaşadır, yaşadır.
Ədalət.-2015.-24
noyabr.-S.7.