“Nizami” Kino
Mərkəzində Salatın Əsgərovaya həsr edilmiş “23” sənədli filminin
təqdimatı olub
“Nizami”
Kino Mərkəzində “Milli
qəhrəmanlar” sənədli filmlər həftəsi
çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, jurnalist
Salatın Əsgərovaya həsr edilmiş
“23” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi tərəfindən təşkil edilib. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Ramiz Rövşənin ssenarisi əsasında rejissor İsmayıl Zeynalov tərəfindən çəkilib.
Tədbir iştirakçıları Salatın Əsgərovanın xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Xalq Artisti Flora Kərimova Salatın Əsgərovaya həsr olunmuş mahnı ifa edib.
Filmin ssenari müəllifi, şair, yazıçı Ramiz Rövşən film üzərində fəaliyyətindən danışaraq bildirib ki, hər bir dövr şəxsiyyətlərin simasında tarixdə əbədiləşir. Salatın Əsgərova da öz ölkəsində müəyyən bir dövrün siması olub.
Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov anasının xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, Milli qəhrəmanlarımız barəsində hər bir film, hər bir kitab, hər bir şeir gələcək nəsillərə müraciətdir, tarixi yaddaşımızdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan 6 film çəkilib.
Kinorejissor Yalçın Əfəndiyev, Salatın Əsgərovanın bacısı Zümrüd, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, AMEA-nın müxbir üzvü Kərim Kərimov, Müharibə və Əmək Veteranları İctimai Birliyinin sədri Almaz Qasımova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhram Şeydayev, Salatın Əsgərovanın qələm dostu, “Medik” qəzetinin redaktoru Nigar Məcidova və başqaları Salatın Əsgərova haqqında xatirələrini bölüşüblər.
Salatın Əsgərova 1961-ci il dekabrın
16-da Bakıda anadan olub. 1979-cu ildə Mikayıl Müşviq adına 18 nömrəli
məktəbi bitirib. Elə həmin il Azərbaycan
Dövlət Neft və Kimya İnstitutuna
(hazırda Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) daxil olub.
S.Əsgərova jurnalistlik fəaliyyətinə
“Baku” qəzetində başlayıb. 1988-ci ildən “Molodyoj Azerbaydjana” qəzetində
reportyor işləyib.
1990-1991-ci illərdə Dağlıq Qarabağdan reportajlar hazırlayıb,
tez-tez hərbi əməliyyatlar zonasına
gedib.
1991-ci il yanvarın
9-da Laçından Şuşaya
gedən yolda, Qaladərəsi kəndi yaxınlığında içərisində
Salatın Əsgərovanın
olduğu maşın
erməni silahlıları
tərəfindən atəşə
tutulub. Ona ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakıda Şəhidlər xiyabanında
dəfn olunub.
Bakıdakı küçələrin birinə
Salatın Əsgərovanın adı verilib.
Bakı buxtasındakı katerlərdən biri
də onun adını daşıyır.
Yaşadığı binanın divarına memorial
lövhə vurulub. Salatın Əsgərovanın
qətlə yetirildiyi yerin
yaxınlığındakı kənd onun
şərəfinə Salatınkənd adlandırılıb.
Ədalət.-2014.-25 noyabr.-S.8