Mənim müharibəm

 

Gördüklərim, düşündüklərim və ağrılarım (may, 1993, aprel, 1999)

 

Nemət VEYSƏLLİ,

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, redaktor

 

Bir insan, vətəndaş kimi separatçı ermənilərlə mənim müharibəm hələ onların Xankəndində (Stepanakertdə) 13 fevral 1988-ci ildə Azərbaycan Respublikasına qarşı ərazi iddiaları qaldırdıqları vaxtdan çox-çox qabaqlar başlayıb. Oxuculara çatdırmaq istədiyim fikirlərimdə dolaşıqlıq, anlaşılmazlıq yaranmasın deyə dediklərimə, söylədiklərimə aydınlıq gətirmək istəyirəm.

Ötən əsrin 29-30-cu illərində, sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti yaranan zaman, Vilayətə bitişik rayonların ərazi-inzibati bölgüsündə - bunu qəsdənmi belə ediblərmi, yoxsa məsələnin həllində başqa çıxış yolu tapılmadığına görəmi, nə isə, iş elə gətirib ki, bir neçə, o cümlədən Füzuli rayonunun Yuxarı Veysəlli kəndi rayona məxsus ərazidən xeyli qırılıb DQMV-nin mühasirəsinə düşüb. Məsələn, Füzuli rayonunun məlum sərhədləri qurtardığı, Aşağı Veysəllinin, Qobu Dilağarda kəndlərinin torpaqları qurtardığı yerdə, DQMV-nin əraziləri başlayır. Amma Vilayətin ərazisi ilə altı-yeddi kilometr yolu qət edəndən sonra bizim kəndin torpaqları başlayır. Çartaz, İsfahan, Sos, Məşədikənd (Maşqalaşen). Bizim kənd - Veysəlli, adlarını sadaladığım erməni kəndlərinin əhatəsindəydi. Ötən əsrin 50-60-cı illərini yadıma salsam, uşaqlıq və yeniyetməlik çağlarımda olub-keçənlərin hamısını xatırlasam belə, inadkarcasına deyə bilmərəm ki, hə, biz qonşularımızla düşmən kimiydik. Düzdür, az əhəmiyyətli məsələlər üstündə arabir dava-dalaşlar, münaqişə və mübahisələr də olurdu. Lap sonralar Ağoğlan dərəsinə - əksəriyyəti erməni kəndlərinin əhalisinə məxsus su dəyirmanlarına dən üyütməyə gedən zaman yaşlı erməni dəyirmançılarının, qadınlarının bizə qarşı münasibətlərində də elə bir əsaslı ayrı-seçkilik yox idi. Eyni fikri, mülahizəni Martuni rayon (indiki Xocavənd) beynəlmiləl orta məktəbində təhsil aldığım illərdə (1957-1959) şamil etmək olar. Hafizəmin, yaddaşımın çox çətinliklə işıqlandırdığı o illərdən ayrı-ayrı epizodlar, detallar yadımda qalıb. Ağdam rayonunun Abdal-Gülablı, İsmayılbəyli və Muradbəyli kəndlərindən Martuninin sınıq-salxaq, taxtapuşu alçaq, məişət şəraiti çox da yaxşı olmayan kolxoz bazarına farac yetişmiş mer-meyvə, xiyar-pomidor, yemiş-qarpız gətirərdilər. Yaşlı erməni qadınları, heç cavan haqçiqlər də onlardan geri qalmırdılar, iki-üç dəqiqəlik məşvərətdən sonra, bazarın kandarında toplaşırdılar, xosunlaşırdılar, pıçıldaşırdılar. Ağdamlı satıcıları bahaçılıqda günahlandırırdılar, söz-söhbətlər çərçivəsindən çıxanda isə məsələyə qırmızı bolşevik qiyafəsində, sinəsindəki orden və medalları qızaran bazarkom qabağa çıxırdı, məsələyə qarışırdı, hay-küy düşürdü. Gün keçirdi, hava qaralırdı, beş-on manat qazanmaq üçün uzaq yol gəlmiş satıcılar, nəhayət, əldən düşürdülər, ilboyu becərdikləri meyvə-tərəvəzi məcbur olub dəyər-dəyməzinə satıb çıxıb gedirdilər.

Başqa bir detal da yaddaşımda ilişib qalıb. Ətraf kəndlərin camaatı - Qaradağlının, Muğanlının, Xocavəndin, Yuxarı Veysəllinin əhalisi şənbə-bazar günləri Martuni bazarına toyuq-cücə, hinduşka, yumurta çıxarırdılar. Və nə sirr idisə, o illər, 50-60-cı illərdə, toyuq-cücə çınqıl kimidi. Qonaq-qaraya nə qədər kəsirdin, hələ üstəlik tülkü də apardığını aparırdı, boğub mundar edirdi, nə idisə yenə də artırdı, çoxalırdı. Səhər tezdən bazara gətirilən toyuq-cücə, quzu boyda hinduşkalar ayaqları bağlı saatlarla qızmar günəş altında qaldıqca, zavallılar ləhləyirdilər, dilləri ağızlarından çölə çıxırdı, istiyə düşüb mundar olurdular. Martuninin üzləri üz görmüş axçikləri bunu çox yaxşı bilirdilər, bazarın bir kənarına çəkilib bu acınacaqlı mənzərəni saatlarla izləyirdilər, nəhayət, toyuq-cücələri, hinduşkaları istədikləri, su qiymətinə alırdılar.

Əlbəttə, mənim yazdıqlarımı, burada dediklərimi tərsinə yozanlar da tapılacaq. Deyəcəklər ki, alıcının məqsədi malı ucuz, satıcınınkı isə baha satmaqdır. Əlbəttə, mən burada Amerika açmıram. Alıcılar və satıcılar arasındakı bu daşlaşmış qayda min illərdi ki, davam edir. Əlbəttə, belə düşünənlər də tapılacaq. Amma uşaqlıq və yeniyetməlik çağlarımın duyğularına, müşahidələrinə, onların təbiiliyinə və həqiqiliyinə söykənsəm, on-on bir yaşımda Martuni kolxoz bazarında gördüklərim, müşahidə etdiklərim adi alıcı-satıcı münasibətlərindən daha çox, şovinist mahiyyət daşıyırdı. Onlar kollektiv, küll şəklində azərbaycanlı satıcıları mənən qırır, alçaldırdılar. Martuni kolxoz bazarında belə fəndlərə, bicliklərə öyrəşmiş alıcılar vahid mərkəzdən tapşırıq alırlarmış kimi, bazarın müxtəlif yerlərində toplaşır, nə haqdasa söhbət edirdilər. Bütün bu söz-söhbətlərin, məşvərətlərin yeganə məqsədi o idi ki, azərbaycanlıların min bir əzab-əziyyətlə becərdikləri məhsulları dəyərdən salsınlar, onları su qiymətinə alsınlar.

Başqa bir əhvalat, mərəkə heç cür yadımdan çıxmır. O zaman mənim olardı on, on bir yaşım. Çevorkaqan deyilən Vilayət miqyaslı istirahət zonasından, alma və üzüm bağlarına çatmamış, bizim kənddən yuxarılarda, Qanlı gədikdən o tərəflərdə erməni əhalisi Rus bulağı deyilən böyük bir ərazidə çəkillik salmışdılar. Qara buludu xatırladan həmin çəkillik adi tut bağı deyildi. Fəndgirlikdə, dünyanın harası olur-olsun, aqronomiya elminə aid müasir və yeni nə varsa - bütün bunları mənimsəməkdə, həyata keçirməkdə fəal olan qonşularımız bu yerlərə Yaponiyadan şitil gətirmişdilər, böyük bir ərazidə bağ salmışdılar. Yerli əhali bu ətrafa "Yapon bağları" adını da vermişdilər. Oxlov kimi cərgələnən yapon ağaclarının yarpaqları fil qulağı boyda - enli və iri idi. Əslində ucu-bucağı görünməyən bu bağlar ipəkqurdu, baramaçılıq təsərrüfatları üçün nəzərdə tutulmuşdu. Baramaqurdunun, necə deyərlər, xirəyə gedən vaxtı o daha çox yarpaq istəyəndə çəkilliyin, ağacların qol-budağını doğrayırdılar. Baramaqurdu şişdimi, xirəyə getdimi, bu ətrafda qəribə, indiki nəsillərin çətin təsəvvürlərinə gətirə bilməyəcəkləri, qəribə mənzərə yaranırdı. Baramaqurdları üçün yarpaq qıran kişi və qadınlar ağızları ülgüc kimi dəhrə və baltaların səsi öz səslərinə qarışırdı. Üstü yamyaşıl, enli yarpaqlarla dolu olan ağacların qol-budaqları kəsilib cərgə ilə əkilmiş çəkilliyin dibinə düzülərdi. Baramaqurdu üçün yarpaq daşıyan bortları, böyürləri asanlıqla açılıb-bağlanan, növbədə dayanan maşınlar ara vermədən gedib-gəlirdilər. May ayının axırları, iyunun ortalarında yapon ağaclarının üstündə iri-iri və qara tutlar olardı. Barmaq boyda qara, tut Yuxarı Veysəllinin, Keş kəndin fermalarında yaşayan qız-gəlinlər, uşaqlar, yeniyetmələr qarğa-quzğun kimi tökülüşürdülər bu bağların canına. Vedrələr, banka və səbətlərin içi iri tutlarla doldurulurdu. Vay o günə ki, erməni bostançıları, bağbanları azərbaycanlıların bağlara girməyindən, tut yığmalarından xəbər tutaydılar, aləm bir-birinə qarışardı. Ermənilər var gücləriylə, mütəşəkkil şəkildə, az qala operativ əməliyyatlar keçirirmişlər kimi, bizimkiləri qovurdular. Bizimkilər də tutla dolu vedrə və banka, səbət əllərində Keşkənd bağlarına, Veysəlliyə tərəf qaçırdılar. Yollar kələ-kötür, dərə-təpəydi - bu təhlükədən qaçıb canını qurtarmaq mümkün deyildi. Bu qaçhaqaçda, qovhaqovda nəfəsi kəsilən, dəstədən ayrı düşənlər də tapılırdı. Ələ keçən, tutulan Azərbaycan qız-gəlinləri, uşaqları, yeniyetmələrini, düzünü deyim, döymürdülər. Amma əllərindəki tutla dolu qabları var gücləri ilə yerə çırpırdılar, tutlarını da dağıdırdılar. "Köpək uşaqları, ağacları, yarpaqları korlayırsınız", - deyirdilər. Sonra da tozun, torpağın üstünə səpələnmiş iri-iri qara, tutları ayaqlarının altına salıb əzirdilər. Əlbəttə, 50-60 il bundan qabaq gördüyüm səhnələrin, əhvalatların gözünə sünilik qatmamalıyam. Heç buna ehtiyac da yoxdur. Məsələ burasında idi ki, erməni bağbanları, bostançıları bu qaçdı-tutdu səhnəsinə adətən, "bağa uşaq girər, meyvə dərər" prizması altından yanaşmırdılar. Burada yaşlı, ahıl adamların uşaqlara münasibətindən də söz gedə bilməz. Ermənilər "ağacların yarpaqlarını əzirsiniz" deyə ilk növbədə qəddarlıqlarını, iç-içalatlarını üzə çıxarırdılar. Bütün zamanlarda olduğu kimi, burada da bizim dədə-babalarımızın, valideynlərimizin də günahı az deyildi. Axı, biz, on iki, on üç yaşlı uşaqlar, qızmar günəş altında, Yuxarı Veysəllidən basa-basa Rus bulağı, Malakan kilsəsi tərəflərdə, erməni bağlarında nə azarımız vardı? Olmazdımı ki, bu və buna oxşar bağları dədə-babalarımız bizim üçün də salaydılar və biz də başqalarının bağlarına girməyəydik. Özü də bütün bunlar uzaq keçmişin söhbəti deyil. Vaxtilə, vaxtilə niyə, 29-30-cu illərdən qabaq, Yuxarı Veysəllinin Keşkəndinin torpaqlarının bitişdiyi yerdən, Çevorkaqan istirahət mərkəzindən tutmuş ta Qızıl qayaya, Hacı Qasım kəhrizinə, Aşağı Veysəlliyə kimi ermənilərin tut, alma, üzüm və şaftalı bağları saldıqları ərazilər Bəylər bəyin atası Ağalar bəyin, Soltanalı bəyin, Aslan bəyin, Məşədi Qasımın olub. Bu torpaqların hamısı xüsusi mülkiyyət kimi məhz bu bəylərə məxsusmuş. Azərbaycanı başdan-başa qırmızı ordu işğal edib, bəyləri və onların oğlanlarını dərin dərələrdə, Qarabağ meşələrində, Araz boyunda, sıx qamışlıqlarda qanlarına qəltan ediblər.

 

(ardı var)

Ədalət.-2015.-26 noyabr.-S.7.