O, XX ƏSRİN CANLI ENSİKLOPEDİYASI
İDİ
Qulam
Məmmədli - XX əsr Azərbaycan mədəniyyəti
tarixində ən unudulmaz adlardan biri, teatr və mətbuat
tariximizin yorulmaz tədqiqatçısı,
tanınmış mətnşünas, canlı ensiklopediya
(1897-1994). Bir
neçə il də yaşasaydı, 100
yaşını görəcəkdi. Ömrünün
son günlərini, aylarını dünya
işığına həsrət yaşadı. Amma tərtib
etdiyi neçə ədəbi salnaməyə ("Molla Nəsrəddin",
"Hüseyn Ərəblinski", "Azərbaycan
teatrının salnaməsi" - iki hissəli",
"Üzeyir Hacıbəyov", "Cavid ömrü
boyu", "Nəriman Nərimanov", "Abbas Mirzə
Şərifzadə"), illərlə redaktoru olduğu qəzet-jurnal
səhifələrinə, elm aləminə tapıb gətirdiyi
son dərəcə nadir əlyazmalara, çap üzü
görməyən onlarla sənətkarın
külliyyatına, ədəbiyyatımızın, mətbuatımızın
və teatrımızın müxtəlif problemlərinə həsr
edilmiş yüzlərlə məqaləyə Qulam müəllimin
ömründən işıq düşmüşdü. Bu
işıq Azərbaycanın Füzuli təbli şairəsi
Heyran xanımı xalqına tanıtdırmış, Mirzə
Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı, Nəriman Nərimanov,
Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə,
Cahangir Zeynalov kimi qüdrətli sənətkarların
ömür və sənət yollarını dolğunluğu
ilə əks etdirmiş, yüzlərlə naməlum
imzanın əsil müəllifinin kim olduğunu
aydınlaşdırmış, Azərbaycan teatrının
formalaşmasında böyük xidmətləri olan sənətkarların
tərcümeyi-halını dəqiqliyi ilə əks etdirmiş,
bir sözlə, tükənmək bilmədən şölələnmişdir.
O zaman
oxucular maraqlanırdılar ki, görəsən bu qədər
işləri görən Qulam Məmmədli Akademiyanın
müxbir üzvüdürmü, bəlkə elmlər
doktorudur, yaxud elmlər namizədidir? Axı bu qədər
araşdırıcılıq gərgin zehni əmək tələb
edir. Yox, Qulam Məmmədli heç bir
institut bitirməmişdi. Görkəmli ədəbiyyatşünas
Əziz Mirəhmədov yazırdı ki: "Hamısı bir
yana, fövqəladə hal deyilmi ki, cibində nəinki
universitet, yaxud institut diplomu, hətta orta məktəb
attestatı da olmayan Qulam Məmmədli Azərbaycanın
qabaqcıl ziyalılarından biri kimi çoxdan
tanınmaqdadır. Təəccüblüdür: bizim əsrimizdə
diplomsuz ziyalı, özü də görkəmlisindəng cəmi
dörd il molla məktəbində oxuyasan, amma ən
böyük ziyalı olasan".
Qulam Məmmədli
universitet bitirməsə də, əsil həyat universiteti
keçmiş, şəxsi mütaliədən, adi həvəs
və maraqdan, ədəbiyyatımızın, mətbuatımızın,
teatr tariximizin nüfuzlu araşdırıcısına
çevrilmiş, bir sözlə, az qala
bütöv bir institutun öhdələyə biləcəyi
işləri görmüşdü. O, Mirzə Cəlili,
Ə.Haqverdiyevi, N.B.Vəzirovu, Ruhulla Axundovu, S.Mümtazı,
Ü. Hacıbəyovu, C.Cabbarlını görmüş,
onların bir çoxu ilə şəxsən dost olmuşdu.
Hansı mənəvi qüvvə idi, hansı
qarşısıalınmaz ehtiras idi onu bu gərgin, son dərəcə
məşəqqətli fil əməyinə sövq edən? Axı, Qulam
müəllim öncə qeyd etdiyim kimi, heç bir
mükafat, təltif gözləmirdi. Sovet
dövlətindən aldığı nə olmuşdu? "Azərbaycanın əməkdar
işçisi" fəxri adı, Azərbaycan Jurnalistlər
İttifaqının "Qızıl qələm"
mükafatı laureatı, bir də "Əmək
veteranı" medalı. Bunları isə
o dövrdə Qulam müəllimin gördüyü işlərin
heç yüzdə birini də görməyən onlarla adama
asanlıqla bəxş eləyirdilər. Bəlkə
firavanlıq içində yaşayırdı? Yox, qələmiylə dolanırdı və
darısqal bir otaqda ömür sürürdü, neçə
yerə ərizə, şikayət yazmışdısa, qulaq
asan olmamışdı? Bəs hansı
qüvvə idi?
Buna Qulam
müəllimin öz sözləriylə cavab verək: "Məni
bütün bu işlərə təhrik edən qüvvənin
adı zəhmətdir. Mən burada heç bir
sirr-zad görmürəm, yəni, mən ömrümü sərf
elədiyim bu işə ləzzət və zövq mənbəyi
kimi baxmışam. Bilirəm ki, məndən
çox, xalqa lazımdır. Elə olub ki, Moskvada, ya
başqa bir şəhərdə kitabxanaya getmişəm, bir
də ayılıb görmüşəm ki,
kitabxanaçı əlini çiynimə vurur: "A
yoldaş, hamı gedib, bircə siz qalmısınız".
Qulam müəllimin çox yaxın dostları olub,
onlardan biri də mərhum professor Abbas Zamanov idi. Abbas müəllim məqalələrinin
birində yazırdı: "Deyə bilərlər ki,
faktları toplayıb bir-birinə calamaq çox da çətin
iş deyildir. Yox, bu işin xüsusiyyətinə
bələd olanlar bilirlər ki, salnamə elmi ədəbiyyatın
ən çətin növüdür. Qulam
bu salnamələri gərgin günlərin, yuxusuz gecələrin
hesabına yaratmışdır. Bunun üçün o,
Bakıda və Təbrizdə, Tbilisidə və Yerevanda,
Moskvada və Leninqradda, Daşkənddə və Aşqabadda və
bir çox başqa şəhərlərdə arxivlərin təkində
uzun illər boyu axtarışlar aparmış,
çalışıb-çapalamış, necə deyərlər,
iynə ilə gor qazmalı olmuşdur".
Qulam
müəllim deyirdi: "Mənim xoşbəxtliyim
bundadır ki, bu işə-salnamə tərtibinə, mətbuat
və teatr tarixiylə bağlı araşdırmalara gəncliyimdən
başlamışam. Bir də baxıb
görmüşəm ki, böyük qovluqlar yaranıb.
İndi məni küçədə də
yaxalayıb hər hansı bir ədəbi faktı, istənilən
sənətkarın bir əsərinin tarixi, çapı,
taleyi barədə soruşsalar, dərhal cavab verərəm.
Mənim Məmmədəli Sidqi adlı bir
dostum olub. Bütün ömrünü mətbuata
həsr etmişdi. 1910-1911-ci illərdə
"Molla Nəsrəddin" jurnalında Mirzə Cəlili
redaktor kimi əvəz etmişdi. Cavid,
Hacı İbrahim Qasımov, Hüseyn Minasazov kimi ədiblərlə
yaxın olub. Amma Məmmədəli özüylə
çox-çox açılmamış sirlər apardı,
bu adam vaxtında xatirə yazsaydı,
salnamələr yaratsaydı, nə qədər xeyirli iş
görmüş olardı. Məmmədəli
sinəsində dəryaları apardı".
Nə yaxşı ki, Qulam Məmmədli vaxtında bu
işləri gördü. Elə bircə "Sizə kim lazımdır?" ədəbi-tarixi məlumat
cədvəlini götürək, burada 40000 ədəbi mənbə
vasitəsilə 2700 şəxsiyyətin adı çəkilirdi.
Xoşbəxtəm ki, tale məni bir neçə dəfə
Azərbaycan mədəniyyətinin bu canlı
ensiklopediyası ilə üz-üzə gətirib. O zaman Qulam müəllim
keçdiyi həyat yolundan xeyli danışdı.
Onun dedikləri:
"Nəslimiz Təbrizdəndir. Orada
doğulmuşam. Məni Aşqabada 6
aylığında bələkdə gətiriblər. Atam və anam adi adamlar idilər. 7 yaşından Molla Hüseynin "məktəbində"
oxumuşam. Bir cümə axşamı atam məni
çağırıb dedi: "Ay bala, bu əziz axşamda gətir
"Quran"ı, bir şey oxu" Mən də
"Quran"ı götürüb avazla oxumağa
başladım. "Yasin vəl-Quran-ül
hakim-ləmin əl seyyid-əl-mürsəlin". Atam
"Ölmədim, bu günü də gördüm,
yaxşı, bəsdi daha, səndən molla
çıxmayacaq, mirzə olmayacaq, çörək qazanmaq
lazımdır", - dedi. Mən də
başladım çörək qazanmağa. Altı ay çəkməçi şagirdi oldum.
Sonra usta Hüseynağanın dəmirçi dükanına gəldim.
Mənim savadlanmaya, qəzetə gedən yolum da
o dəmirçi dükanından başladı. Usta Hüseynağa və onun dəmirçi
dostları pul yığıb Bakıdan göndərilən
"Səda" qəzetini alıb oxuyurdular. Əlbəttə, ustalar savadsız idi, qəzeti
onlar üçün mən oxuyurdum.
Bakıya 1923-cü ildə gəldim. Məni
"Kommunist" qəzetinin Aşqabad müxbiri Yaqub Nəsirli
gətirdi. Yaqub dedi ki, əvvəlcə gedək Mirzə
Cəlilin yanına. O zaman Mirzə Cəlil "Molla Nəsrəddin"dən
başqa həm də "Yeni yol" qəzetinin redaktoru idi. Yaqubla Mirzə Cəlil söhbət edirdilər.
Birdən Mirzə Cəlil dedi:
-Bu cavan
kimdir?
-Mürəttibdir.
-Bura niyə
gəlib?
-Özünə
iş axtarmağa.
-Tapıbmı?
-Xeyr.
Mirzə
Cəlil götürdü trubkanı, "Barışnya,
layte mne takoy nomer..", kiminləsə
danışdı: - Mirzə Qədir, burada bir cavan oğlan
var, göndərirəm sənin yanına. Ona bir iş
ver". Mirzə Cəlilin köməyi ilə
"Kommunist" mətbəəsində naborçu işlədim.
Bir müddət keçdi, gördülər
ki, təmiz yığıram, mənə ən ciddi
materialları da etibar etdilər.
İyirminci illərdən üzü bəri
bütün böyük sənətkarlarla bu və ya digər
dərəcədə bağlılığım olub. Cəfər Cabbarlı ilə
ən yaxın dost olmuşuq. Üzeyir bəylə
də tez-tez görüşmüşük. Kazım
Ziya, Rza Təhmasib, daha sonralar Rəsul Rza, Abbas Zamanov, Qılman
İlkin ən yaxın dostlarım idi.
O zaman fəhlə
müxbirləri tez-tez irəli çəkirdilər. 1929-cu ildə məni "kommunist" qəzeti
redaksiyasına ədəbi işçi götürdülər.
Az sonra yaxşı işlədiyimi
görüb əməkçi məktublar şöbəsinin
müdiri, sonra isə məsul katibliyə irəli çəkdilər.
Bir gün MK katibi Ruhulla Axundov məni çağırıb
dedi: "Qulam, sən vicdanlı, təmiz adamsan. Biz səni "Kəndli" qəzetinə redaktor
vermək istəyirik. Düzdür, qəzet
Sultan Məcid Əfəndiyevin (Azərbaycan SSR MİK sədri-V.Y.)
redaktorluğu ilə çıxır, amma onun adı
formaldır, qəzeti sən idarə edəcəksən.
İki il həmin qəzetdə redaktor
müavini oldum. Doğrusu, kənd təsərrüfatı
məsələlərindən o qədər də
başım çıxmırdı. Amma qəzetdə
işləyən əməkdaşlar mənə kömək
edirdilər. Qəzet ancaq təsərrüfat
məsələlərini deyil, mədəniyyət məsələlərini
də işıqlandırırdı. Maksim
Qorki ilə də məktublaşmam elə bu qəzetdən
başladı. Qorki bizi el ədəbiyyatı
nümunələri toplamağa, folkloru təbliğ etməyə
ruhlandırırdı. Qəzetin hər
nömrəsində bizə göndərilən el ədəbiyyatı
nümunələrini çap etməyə başladıq.
İki ildən sonra Sultan Məcid Əfəndiyev məni
öz kabinetinə çağırdı: "Sabahdan qəzetin
sonunda mənim yox, öz adını redaktor yazarsan, bu
MK-nın göstərişidir", - dedi.
1941-1946-cı illərdə Sovet Ordusu sıralarında Təbrizdə
olmuşam, müəyyən fasilələrlə "Vətən
yolu" qəzetində əməkdaşlıq etmişəm. Fədainin
"Bəxtiyarnamə"sini, Heyran xanımın
külliyyatını, Möcüzün əsərlərini
ilk dəfə elm aləminə mən təqdim etmişəm.
Təbrizdə Hacıməmməd
Naxçıvani adlı bir ədəbiyyat vurğunu
vardı. Onun nadir kitabxanasında Heyran xanımın
yeganə əlyazmasını görəndə elə bil,
dünyanı mənə bağışladılar"
Söhbətimiz zamanı Qulam müəllim deyirdi ki, mən
elə gecələr olur sübhəcən işləyirəm. Uşaqlıqdan
zəhmət çəkməyi, gördüyüm işlərdən
fərəh duymağı adət eləmişəm.
Qulam Məmmədli indi bizim hörmətlə yad
etdiyimiz "köhnə kişilər"dən idi. Heyf,
onların sayı azaldı, amma bizim nəsillərə
nümunə oldular.
Bu
yazını başa çatdıranda bir nigaran sual
dolaşdı beynimdə: "Görəsən, Qulam Məmmədlinin
vəfatından sonra onun arxivi araşdırılıbmı?"
Ədalət.-2015.-26
noyabr.-S.7.