Mənim müharibəm
Gördüklərim,
düşündüklərim və ağrılarım (may,
1993, aprel, 1999)
Nemət VEYSƏLLİ,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, redaktor
Bir insan, vətəndaş kimi separatçı ermənilərlə
mənim müharibəm hələ onların Xankəndində
(Stepanakertdə) 13 fevral 1988-ci ildə Azərbaycan
Respublikasına qarşı ərazi iddiaları
qaldırdıqları vaxtdan çox-çox qabaqlar
başlayıb. Oxuculara çatdırmaq istədiyim fikirlərimdə
dolaşıqlıq, anlaşılmazlıq yaranmasın deyə
dediklərimə, söylədiklərimə aydınlıq gətirmək
istəyirəm.
Ötən
əsrin 29-30-cu illərində, sabiq Dağlıq Qarabağ
Muxtar Vilayəti yaranan zaman, Vilayətə bitişik
rayonların ərazi-inzibati bölgüsündə - bunu qəsdənmi
belə ediblərmi, yoxsa məsələnin həllində
başqa çıxış yolu tapılmadığına
görəmi, nə isə, iş elə gətirib ki, bir
neçə, o cümlədən Füzuli rayonunun Yuxarı
Veysəlli kəndi rayona məxsus ərazidən xeyli qırılıb
DQMV-nin mühasirəsinə düşüb. Məsələn,
Füzuli rayonunun məlum sərhədləri
qurtardığı, Aşağı Veysəllinin, Qobu
Dilağarda kəndlərinin torpaqları qurtardığı
yerdə, DQMV-nin əraziləri başlayır. Amma Vilayətin ərazisi ilə altı-yeddi kilometr
yolu qət edəndən sonra bizim kəndin torpaqları
başlayır. Çartaz, İsfahan, Sos,
Məşədikənd (Maşqalaşen). Bizim
kənd - Veysəlli, adlarını sadaladığım erməni
kəndlərinin əhatəsindəydi. Ötən
əsrin 50-60-cı illərini yadıma salsam, uşaqlıq və
yeniyetməlik çağlarımda olub-keçənlərin
hamısını xatırlasam belə, inadkarcasına deyə
bilmərəm ki, hə, biz qonşularımızla
düşmən kimiydik. Düzdür, az
əhəmiyyətli məsələlər üstündə
arabir dava-dalaşlar, münaqişə və mübahisələr
də olurdu. Lap sonralar Ağoğlan dərəsinə - əksəriyyəti
erməni kəndlərinin əhalisinə məxsus su dəyirmanlarına
dən üyütməyə gedən zaman yaşlı erməni
dəyirmançılarının, qadınlarının bizə
qarşı münasibətlərində də elə bir əsaslı
ayrı-seçkilik yox idi. Eyni fikri, mülahizəni
Martuni rayon (indiki Xocavənd) beynəlmiləl orta məktəbində
təhsil aldığım illərdə (1957-1959) şamil etmək
olar. Hafizəmin, yaddaşımın
çox çətinliklə
işıqlandırdığı o illərdən
ayrı-ayrı epizodlar, detallar yadımda qalıb. Ağdam rayonunun Abdal-Gülablı, İsmayılbəyli
və Muradbəyli kəndlərindən Martuninin sınıq-salxaq,
taxtapuşu alçaq, məişət şəraiti çox
da yaxşı olmayan kolxoz bazarına farac yetişmiş
mer-meyvə, xiyar-pomidor, yemiş-qarpız gətirərdilər.
Yaşlı erməni qadınları, heç
cavan haqçiqlər də onlardan geri qalmırdılar,
iki-üç dəqiqəlik məşvərətdən
sonra, bazarın kandarında toplaşırdılar,
xosunlaşırdılar,
pıçıldaşırdılar. Ağdamlı
satıcıları bahaçılıqda
günahlandırırdılar, söz-söhbətlər
çərçivəsindən çıxanda isə məsələyə
qırmızı bolşevik qiyafəsində, sinəsindəki
orden və medalları qızaran bazarkom qabağa çıxırdı,
məsələyə qarışırdı, hay-küy
düşürdü. Gün keçirdi,
hava qaralırdı, beş-on manat qazanmaq üçün uzaq
yol gəlmiş satıcılar, nəhayət, əldən
düşürdülər, ilboyu becərdikləri meyvə-tərəvəzi
məcbur olub dəyər-dəyməzinə satıb
çıxıb gedirdilər.
Başqa bir detal da yaddaşımda ilişib qalıb. Ətraf kəndlərin
camaatı - Qaradağlının, Muğanlının, Xocavəndin,
Yuxarı Veysəllinin əhalisi şənbə-bazar günləri
Martuni bazarına toyuq-cücə, hinduşka, yumurta
çıxarırdılar. Və nə
sirr idisə, o illər, 50-60-cı illərdə, toyuq-cücə
çınqıl kimidi. Qonaq-qaraya nə qədər
kəsirdin, hələ üstəlik tülkü də
apardığını aparırdı, boğub mundar edirdi, nə
idisə yenə də artırdı, çoxalırdı.
Səhər tezdən bazara gətirilən
toyuq-cücə, quzu boyda hinduşkalar ayaqları bağlı
saatlarla qızmar günəş altında qaldıqca,
zavallılar ləhləyirdilər, dilləri
ağızlarından çölə
çıxırdı, istiyə düşüb mundar
olurdular. Martuninin üzləri üz
görmüş axçikləri bunu çox yaxşı
bilirdilər, bazarın bir kənarına çəkilib bu
acınacaqlı mənzərəni saatlarla izləyirdilər,
nəhayət, toyuq-cücələri, hinduşkaları istədikləri,
su qiymətinə alırdılar.
gƏlbəttə, mənim yazdıqlarımı, burada dediklərimi tərsinə
yozanlar da tapılacaq. Deyəcəklər ki,
alıcının məqsədi malı
ucuz, satıcınınkı isə baha satmaqdır. Əlbəttə, mən burada Amerika açmıram.
Alıcılar və satıcılar
arasındakı bu daşlaşmış qayda min illərdi
ki, davam edir. Əlbəttə, belə
düşünənlər də tapılacaq. Amma
uşaqlıq və yeniyetməlik çağlarımın
duyğularına, müşahidələrinə, onların təbiiliyinə
və həqiqiliyinə söykənsəm, on-on bir
yaşımda Martuni kolxoz bazarında gördüklərim,
müşahidə etdiklərim adi alıcı-satıcı
münasibətlərindən daha çox, şovinist mahiyyət
daşıyırdı. Onlar kollektiv, küll
şəklində azərbaycanlı satıcıları mənən
qırır, alçaldırdılar. Martuni
kolxoz bazarında belə fəndlərə, bicliklərə
öyrəşmiş alıcılar vahid mərkəzdən
tapşırıq alırlarmış kimi, bazarın müxtəlif
yerlərində toplaşır, nə haqdasa söhbət
edirdilər. Bütün bu söz-söhbətlərin,
məşvərətlərin yeganə məqsədi o idi ki,
azərbaycanlıların min bir əzab-əziyyətlə becərdikləri
məhsulları dəyərdən salsınlar, onları su
qiymətinə alsınlar.
gBaşqa
bir əhvalat, mərəkə heç cür yadımdan
çıxmır. O zaman mənim olardı on, on bir
yaşım. Çevorkaqan deyilən Vilayət miqyaslı
istirahət zonasından, alma və
üzüm bağlarına çatmamış, bizim kənddən
yuxarılarda, Qanlı gədikdən o tərəflərdə
erməni əhalisi Rus bulağı deyilən böyük bir ərazidə
çəkillik salmışdılar. Qara buludu
xatırladan həmin çəkillik adi tut bağı deyildi.
Fəndgirlikdə, dünyanın harası
olur-olsun, aqronomiya elminə aid müasir və yeni nə varsa -
bütün bunları mənimsəməkdə, həyata
keçirməkdə fəal olan qonşularımız bu yerlərə
Yaponiyadan şitil gətirmişdilər, böyük bir ərazidə
bağ salmışdılar. Yerli əhali
bu ətrafa "Yapon bağları" adını da
vermişdilər. Oxlov kimi cərgələnən
yapon ağaclarının yarpaqları fil qulağı boyda -
enli və iri idi. Əslində
ucu-bucağı görünməyən bu bağlar ipəkqurdu,
baramaçılıq təsərrüfatları
üçün nəzərdə tutulmuşdu. Baramaqurdunun, necə deyərlər, xirəyə gedən
vaxtı o daha çox yarpaq istəyəndə çəkilliyin,
ağacların qol-budağını doğrayırdılar.
Baramaqurdu şişdimi, xirəyə getdimi, bu ətrafda
qəribə, indiki nəsillərin çətin təsəvvürlərinə
gətirə bilməyəcəkləri, qəribə mənzərə
yaranırdı. Baramaqurdları üçün yarpaq
qıran kişi və qadınlar
ağızları ülgüc kimi dəhrə və baltaların
səsi öz səslərinə qarışırdı. Üstü yamyaşıl, enli yarpaqlarla dolu olan
ağacların qol-budaqları kəsilib cərgə ilə əkilmiş
çəkilliyin dibinə düzülərdi. Baramaqurdu
üçün yarpaq daşıyan bortları, böyürləri
asanlıqla açılıb-bağlanan, növbədə
dayanan maşınlar ara vermədən
gedib-gəlirdilər. May ayının axırları, iyunun
ortalarında yapon ağaclarının üstündə
iri-iri ağ və qara tutlar olardı.
Barmaq boyda qara, ağ tut Yuxarı Veysəllinin,
Keş kəndin fermalarında yaşayan qız-gəlinlər,
uşaqlar, yeniyetmələr qarğa-quzğun kimi
tökülüşürdülər bu bağların
canına. Vedrələr, banka və səbətlərin
içi iri tutlarla doldurulurdu. Vay o günə
ki, erməni bostançıları, bağbanları azərbaycanlıların
bağlara girməyindən, tut yığmalarından xəbər
tutaydılar, aləm bir-birinə qarışardı. Ermənilər
var gücləriylə, mütəşəkkil şəkildə,
az qala operativ əməliyyatlar
keçirirmişlər kimi, bizimkiləri qovurdular. Bizimkilər
də tutla dolu vedrə və banka, səbət
əllərində Keşkənd bağlarına, Veysəlliyə
tərəf qaçırdılar. Yollar kələ-kötür,
dərə-təpəydi - bu təhlükədən
qaçıb canını qurtarmaq mümkün deyildi. Bu qaçhaqaçda, qovhaqovda nəfəsi kəsilən,
dəstədən ayrı düşənlər də
tapılırdı. Ələ keçən,
tutulan Azərbaycan qız-gəlinləri, uşaqları,
yeniyetmələrini, düzünü deyim,
döymürdülər. Amma əllərindəki
tutla dolu qabları var gücləri ilə yerə
çırpırdılar, tutlarını da
dağıdırdılar. "Köpək
uşaqları, ağacları, yarpaqları
korlayırsınız", - deyirdilər. Sonra da tozun,
torpağın üstünə səpələnmiş iri-iri
qara, ağ tutları ayaqlarının
altına salıb əzirdilər. Əlbəttə, 50-60 il bundan qabaq gördüyüm səhnələrin,
əhvalatların gözünə sünilik qatmamalıyam. Heç buna ehtiyac da yoxdur. Məsələ
burasında idi ki, erməni bağbanları,
bostançıları bu qaçdı-tutdu səhnəsinə
adətən, "bağa uşaq girər, meyvə dərər"
prizması altından yanaşmırdılar. Burada yaşlı, ahıl adamların uşaqlara
münasibətindən də söz gedə bilməz. Ermənilər "ağacların
yarpaqlarını əzirsiniz" deyə ilk növbədə
qəddarlıqlarını, iç-içalatlarını
üzə çıxarırdılar. Bütün
zamanlarda olduğu kimi, burada da bizim dədə-babalarımızın,
valideynlərimizin də günahı az
deyildi. Axı, biz, on iki, on üç yaşlı uşaqlar,
qızmar günəş altında, Yuxarı Veysəllidən
basa-basa Rus bulağı, Malakan kilsəsi tərəflərdə,
erməni bağlarında nə azarımız vardı? Olmazdımı ki, bu və buna oxşar
bağları dədə-babalarımız bizim
üçün də salaydılar və biz də
başqalarının bağlarına girməyəydik. Özü də bütün bunlar uzaq
keçmişin söhbəti deyil. Vaxtilə, vaxtilə
niyə, 29-30-cu illərdən qabaq, Yuxarı Veysəllinin
Keşkəndinin torpaqlarının bitişdiyi yerdən,
Çevorkaqan istirahət mərkəzindən tutmuş ta
Qızıl qayaya, Hacı Qasım kəhrizinə,
Aşağı Veysəlliyə kimi ermənilərin tut, alma,
üzüm və şaftalı bağları saldıqları
ərazilər Bəylər bəyin atası Ağalar bəyin,
Soltanalı bəyin, Aslan bəyin, Məşədi
Qasımın olub. Bu torpaqların hamısı
xüsusi mülkiyyət kimi məhz bu bəylərə məxsusmuş.
Azərbaycanı başdan-başa
qırmızı ordu işğal edib, bəyləri və
onların oğlanlarını dərin dərələrdə,
Qarabağ meşələrində, Araz boyunda, sıx
qamışlıqlarda qanlarına qəltan ediblər.
(ardı var)
ədalət.-2015.-26 noyabr.-S.7.