Perik düşən
Nicatımız...
Dünən ağır atletika
üzrə 82-ci dünya çempionatının səbirsizliklə
gözlədiyim günü gəlib çatmışdı. Təbir
qeyri-caiz olsa da, mənim üçün
mundialda iştirak edən
11 idmançımızdan daha çox məhz bu
Qazaxıstan təmsilçisinin çıxışı
maraqlı idi. Odur ki, yuxuma haram
qatmaq bahasına olsa da, qarşıma yarışı sonacan izləmək məqsədi qoymuşdum.
Həmyerlimiz Nicat Rəhimov qələbə uğrunda mübarizə aparırdı. Həmin
Nicat ki, ötən il Qazaxıstana üz tutmuşdu. Nicatını orda
axtarmağa məcbur edilmişdi.
Atletlərin birinci - birdənqaldırma hərəkəti üçün sifariş verdiyi ilkin rəqəmlər açıqlananda, açığı, Nicatın ən yaxşı halda mükafatlar uğrunda mübarizə apara biləcəyini proqnozlaşdırdım. Çünki onun sifariş verdiyi 155 kiloqram Çin atletindən nə az, nə çox 16 kiloqram az idi. O, çəkini sonrakı cəhdlərdə 5 kiloqram qaldırıb 165-ə çatdırsa da, yekun nəticə yenə də qənaətbəxş deyildi. Rəhimov dördüncü idi. Çin təmsilçisi isə 175 kiloqramlıq göstərici ilə onu xeyli qabaqlayırdı. Nəzərə alsaq ki, adından göründüyü kimi belə ağır idman növündə bir kiloqram da böyük önəm kəsb edir, onun bu fərqi aradan qaldıracağı inandırıcı görünmürdü. Həm də təkanla qaldırma hərəkətində Nicat ilk olaraq 195, asiyalı isə 200 kiloqram sifariş etmişdi.
İlk üçlükdə Nicata ən yaxın olan erməni idmançı idi ki, diqqəti məhz onun çıxışına yönəltmişdim. Ayrapetyan birdənqaldırmanı 167 kiloqramla başa vurmuşdu. İkinci olan Şimali Koreya təmsilçisi isə 171 kiloqramı ram etmişdi. Aşağı çəkini sifariş edən idmançılar ilk çıxışlarını başa vurduqdan sonra növbə Nicata çatır. O, çəkini birdən-birə 7 kiloqram qaldırıb, gözləmək qərarı verdi. Elə bu arada Çin idmançısı 201 kiloqramla ölüm-dirim savaşına girmişdi. Gözlənilmədən hər üç cəhdi boşa çıxan 31 yaşlı olimpiya və üçqat dünya çempionu Li Xiaojun hesabdan silinir. Bu arada qeyd edim ki, Ayrapetyan təkanla qaldırmanı 196 kiloqramla başa vurur. Körpücüyə çıxan Nicat 202 kiloqramın öhdəsindən gəlməklə özü üçün ən azından gümüş mükafatı təmin edir. Beləliklə, qarşıda yalnız bir maneə qalırdı ki, bu, Kim Kvanq-sonq idi. Hərçənd, koreyalı Rəhimovdan əvvəl çıxışını 201 kiloqramlıq göstərici ilə başa vurmuşdu. Belə olan halda Nicat yalnız özüylə mübarizə aparmalı idi. İki cəhdi qalan idmançımıza 207 kiloqramı ram etmək lazım idi ki, çempionluğu rəsmiləşdirsin. Nicat elə ilk yanaşmasında bu çəkini başı üzərinə qaldırır.
Bununla kifayətlənməyən
atlet dünya rekordunu da yeniləmək
istəyir. Lakin sifariş
verdiyi 211 kiloqram
ramedilməz olur.
Qazaxıstana
bu dünya çempionatında ilk qızıl medalı
qazandıran Nicat Rəhimov həm də müstəqillik
dövründə digər ölkə adına dünya
çempionu olan ilk azərbaycanlı idmançı olaraq
tarixə düşdü.
Fikirləşə bilərsiniz ki, bu günədək yüzlərlə əcnəbi yığma komandalarımızda çıxış edib, bayrağımızı qaldırıb, himnimizi səsləndirib, biri də bizdən olsa nə olar ki?! Ancaq onlarla Nicatın arasında bir tutarlı fərq var. Rəhimov madiyyat və hansısa imtiyaz qarşılığında deyil, sırf məcburiyyət qarşısında qaldığı üçün ölkəni tərk edib. Hər halda digər incə məqamlar bir yana, milliyətindən asılı olmayaraq hər hansı idmançı qarşısında müqayisəolunmaz üfüqlər açılan bir ölkəni qoyub başqa bayraq altında çıxış etməyə razılıq verməz. Bəli, o, perik salındı. Yığma komandanın keçmiş baş məşqçisi - ölkəmizə gəlmiş getmiş ən uğursuz çalışdırıcı olan Zlatan Vanev tərəfindən "sındırıldı". Səbəb isə olduqca rəzil idi. Həris bolqar mükafatlara şərik olmaq məqsədi ilə ondan şəxsi məşqçisi olaraq özünün adının yazılmasını xahiş etmiş, müsbət cavab almadığından "gör, indi başına nə oyun açıram" prinsipini işə salmışdı. Sıxışdırılan Nicat buna bir müddət dözüb, səbr etsə də, bütün cidd-cəhdlərinə baxmayaraq hər hansı nəticəyə hasil ola bilmədi. Beləliklə, şəxsi məşqçisi olan atası ilə birgə Qazaxıstana üz tutdu.
Nəticə
də göz qabağındadır; elə ilk iştirak etdiyi
mötəbər yarışda möhtəşəm nailiyyət!
Yenə də əks arqument olaraq fikirləşə bilərsiniz ki, bəlkə də burda qalsaydı, eyni nəticəni göstərməzdi və s. və i. Ancaq Nicat bir idmançı olaraq Azərbaycanda tam formalaşmışdı. O, millimizin heyətində yeniyetmələrin olimpiya çempionu, gənclərin dünya ikincisi olmuşdu. Qazaxlar üçün bir növ "yağlı əppək" idi.
Həm də axı nə yatdı ki, nə də yuxu görsün... Cəmi bir ildir getdiyi.
Fikir verdinizsə, bu çempionluq adət etdiyimiz sevinc anları ilə əlamətdar olmadı. O, hətta fəxri kürsüyə də bayraqsız çıxdı.
Bu, yüksək dövlət qayğısı göstərilən idmanımız adına bir ləkədir. Hərçənd, onu qaytarmaq gec deyil. Düzdür, belə olan halda Rəhimovun xidmətindən yalnız Rio Olimpiadasından sonra istifadə etmək mümkün olacaq, amma yenə də... Biz onsuz da itki limitini çoxdan doldurmuşuq!
Sahib ƏSƏDBƏYLİ
Ədalət.-2015.-26 noyabr.-S.5.