Dövlət kinoya
baxır
Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
ilə birgə maraqlı bir layihənin icrasına başlayıb. "Bizim kino günləri
- Audiovizual məkanda peşəkarlıq" adlı
bu tədbirlər silsiləsinin keçirilməsində
məqsəd milli kinomuzu təbliğ etmək, onun müasir kino mənzərəsində yerini
və dəyərini müəyyənləşdirmək, bu sahədə peşəkarlığın artırılmasına
nail olmaqdır.
Layihə təşkilatçıları medianın da gücündən istifadə
etməklə ictimaiyyətin-yəni
kino tamaşaçılarının
diqqətini bu məsələlərə yönəltmək
istəyir.
Diqqət ortadadır
Layihə
çərçivəsində keçirilən tədbirlərdə
Cəfər Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasının
direktoru Müşfiq Hətəmovla görüşüb
söhbətləşmək, milli kinomuzun son illər qazandığı
uğurlar barədə
fikir mübadiləsi aparmaq və problemləri müzakirə
etmək imkanı qazandıq.
Müşfiq Hətəmovun sözlərinə
görə, 117 yaşlı
Azərbaycan kinosu mürəkkəb bir yol keçib, uğurlar da qazanıb, çətinliklərlə
də üzləşib. Son illər
dövlətimizin milli
kinematoqrafiyanın inkişafına
böyük diqqət
ayırdığını deyən müsahibimiz xüsusi olaraq dövlət proqramının
qəbulunu mühüm
hadisə adlandırır:
"Tarixi bir yol keçən Azərbaycan kinosu xalqımızın estetik
cəhətdən formalaşmasında,
maariflənməsində böyük
xidmətlər göstərib,
mədəniyyətimizin, incəsənətimizin
inkişafına əvəzsiz
nümunələr bəxş
edib. Milli kinematoqrafiyamızın yaradıcılıq məhsulu
olan yüzlərlə
belə bədii və sənədli film adı çəkə bilərik. Həqiqətən də həmin
ekran əsərləri
xalqımızı təkcə
keçmiş sovet məkanında deyil, dünyanın müxtəlif
guşələrində tanıdıb.
Müstəqilliyimizin ilk dövrlərində bütün sahələrdə
olduğu kimi, kinomuzda böhran yaşandı. Bəlli səbəblərdən
yeni filmlərin çəkilməsi, prokatı
çətinləşdi, mütəxəssislər
bu sahədən uzaqlaşdılar.
Ulu Öndər
Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra
kinomuzun böhrandan çıxması üçün
konkret addımlar atıldı, bu sahənin inkişafına
diqqət ayrıldı. Milli Kino Gününün
təsis edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev incəsənətin
ən kütləvi növü olan kinematoqrafiyanın ölkəmizdə
inkişafına, milli
kinomuzun dünya arenasına çıxmasına,
bu sahədə gənc kadrların yetişməsinə böyük
önəm verir. Dövlət başçısının sərəncamı
ilə "Azərbaycan
kinosunun 2008-2018-ci illər
üzrə inkişafına
dair Dövlət Proqramı" qəbul edilib. Mədəniyyət və Turizm
Nazirliyi bu mühüm dövlət sənədinin uğurlu icrasına yönələn
çox ciddi addımlar atır".
Kinostudiyanın direktoru deyir ki, son illərdə Azərbaycan filmləri dünyanın müxtəlif
ölkələrində nümayiş
etdirilib: "Artıq
bizim filmlərə uzaq İndoneziyadan tutmuş yaxın Türkiyəyə, Argentinadan
tutmuş Rusiyaya qədər hər yerdə baxır və qiymətləndirirlər.
Təsadüfi deyil ki, bir necə ölkədən
birgə əməkdaşlıq
və müştərək
layihələrlə bağlı
təkliflər almışıq".
Müşfiq Hətəmovun sözlərinə
görə, Azərbaycan
istehsallı filmlərin
nüfuzlu beynəlxalq
kino festivallarda iştirakı və mükafatlar qazanması ilə də öyünmək olar:
"Filmlərimizin ən
nüfuzlu festivallara dəvət olunması, dünya şöhrətli
mütəxəssislər tərəfindən
qiymətləndirilməsi həqiqətən
də Azərbaycan incəsənəti adına böyük bir uğurdur. Qürurverici bir haldır ki, "Azərbaycanfilm" kinostudiyasında
istehsal olunan müxtəlif ekran əsərləri təkcə
ötən il
52 beynəlxalq festivalda
iştirak edib. Son bir neçə
ildir ki, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə Kann Beynəlxalq Film Festivalında Azərbaycan
pavilyonu təşkil olunur. Kinostudiyamızın istehsalı olan
"Sonuncu" filmi belə nüfuzlu bir festivalın "Qısametrajlı filmlər"
müsabiqəsində nümayiş
etdirilib. Bu, "Azərbaycanfilm"in tarixində
bir ilkdir.
Gənc
rejissor Asif Rüstəmovun ilk tammetrajlı
filmi olan "Axınla aşağı"
ötən il 49-cu Karlovı Varı Beynəlxalq Kino Festivalında
"Şərqdən Qərbə"
müsabiqəsi çərçivəsində
uğurla nümayiş
etdirilib.
Ötən il "Azərbaycanfilm" tarixində
ilk dəfə Venesiya
Beynəlxalq Film Festivalında
təmsil olunub. Gənc rejissor Elçin Musaoğlunun çəkdiyi
"Nabat" bədii
filmi bu mötəbər festivalın
"Horizontlar" müsabiqə
proqramında göstərilib.
Xalq artisti Oqtay Mirqasımın öz ssenarisi əsasında çəkdiyi
"Qisas almadan ölmə" adlı ekran əsəri X Kazan Beynəlxalq Müsəlman
Filmləri Festivalında
"Əsas müsabiqə
proqramı"nda nümayiş
etdirilib və "Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi" nominasiyasında
uğur qazanıb.
Rejissor Şamil
Əliyevin ekranlaşdırdığı
"Çölçü" bədii filmi müxtəlif ölkələrdə
keçirilən 25 beynəlxalq
film festivalında 9 mükafat
qazanıb. 2012-ci ildə
bizim kinostudiyada istehsal olunan bu film bu gün
də festivallardan dəvət almaqda davam edir".
Həmsöhbətimiz qeyd edir ki,
gənc və peşəkar kadrların hazırlanmasına ciddi önəm verilir. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə istedadlı gənclər təhsil almaq və təcrübə
toplamaq üçün
xarici ölkələrə
göndərilir: "Ötən
il kinostudiyada "Motivlər" adlı maraqlı bir layihə reallaşdırdıq.
Bu almanaxda çəkilən
5 qısametrajlı filmi
məhz xaricdə təhsil alan
və təcrübə
keçən gənclər
lentə aldı. Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Anar Abbasovun, ABŞ-dakı Beyts kollecinin məzunu Rüfət Həsənovun, Niderland
Film və Televiziya Akademiyasının məzunu
Teymur İsmayılovun,
"Rossiya" telekanalında
çalışan Cəfər
Axundzadənin və
Sidney Kino Məktəbinin məzunu
Vüqar İslamzadənin
iştirak etdiyi bu layihəni kino mütəxəssisləri,
tamaşaçılar maraqla
qarşıladılar".
Hər yanı dolaşan
"Dolu", mükafatdan
bol "Nabat"
Kinematoqrafçılarımız Qarabağ mövzusunu daim diqqətdə saxlayır. Bunun nəticəsində "Fəryad",
"Haray", "Girov",
"Yalan", "Biz qayıdacağıq",
"Qala", "Dolu",
"Nabat" kimi ekran əsərləri ərsəyə gəlib.
"Azərbaycanfilm"in direktoru
kino xadimlərimizin bu mövzuya müraciət etməsini təbii sayır: "Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin dəfələrlə vurğuladığı
kimi, Azərbaycan kinosunun əsas mövzusunu vətənpərvərlik,
xalqımızın keçmişi,
bu günü və gələcəyi təşkil etməli, Qarabağ mövzusu kinematoqrafçılar üçün
hər zaman aktual olmalıdır.
Son illərdə bizim
kinostudiyada Qarabağ mövzusundan bəhs edən, gənclərdə
vətənpərvərlik hisslərini gücləndirən
filmlər lentə alınıb. Görkəmli yazıçı, millət vəkili Aqil Abbasın eyni adlı əsəri əsasında
istedadlı rejissor Elxan Cəfərovun ekranlaşdırdığı "Dolu" bədii filmi böyük uğur qazandı. "Dolu" demək
olar ki, Azərbaycanın hər bir bölgəsində böyük anşlaqla nümayiş etdirildi, bu maraqlı ekran əsərinin müxtəlif xarici ölkələrdə təqdimatı
keçirildi.
"Dolu"dan sonra Elxan Cəfərov bu mövzuda daha bir film çəkib
tamaşaçıların mühakiməsinə verdi. Onun Konstantin Vorobyev və Yavər Rzayevin ssenarisi ilə çəkdiyi "Əsgərin
şücaəti" filmi
İkinci Dünya savaşında Brest qalasında
döyüşən, 50 il
sonra isə Qarabağda yenidən əlinə silah alan əsgər haqqındadır.
Söhbətimizin gedişində adını
çəkdiyim "Nabat"
filmi də Qarabağ müharibəsi,
insanların doğma torpağa bağlılığından
bəhs edir. Elçin Musaoğlunun
lentə aldığı
bu film müxtəlif beynəlxalq kino festivalında 10-dan çox
mükafat almaqla yanaşı, dünya tamaşaçısının diqqətini Qarabağ müharibəsi ilə bağlı mövzuya yönəldib".
"Bizim kino günləri"
Yazının əvvəlində vurğuladığımız
kimi, "Azərbaycanfilm"
kinostudiyası "Bizim
kino günləri-Audiovizual
məkanda peşəkarlıq"
adlı layihəyə
start verib. Mədəniyyət və Turizm
Nazirliyi ilə birgə həyata keçirilən bu tədbirlər silsiləsində
"Azərbaycanfilm"də son illər istehsal olunan filmlər nümayiş etdirilir, həmin ekran əsərlərinin yaradıcı
heyəti ilə görüşlər keçirilir
və müzakirələr
aparılır. Müşfiq
Hətəmov layihənin
maraqla qarşılandığını
deyir: "Əsas məqsədimiz milli kinomuzu təbliğ etmək, müasir kino mənzərəsində
onun yerini və dəyərini müəyyənləşdirmək, dünya kino sənayesinə inteqrasiyasını
təhlil etmək, bu sahədə peşəkarlıq məsələlərini
müzakirəyə çıxarmaqdır.
Layihə çərçivəsində
artıq Asif Rüstəmovun lentə aldığı "Axınla
aşağı", Rafiq
Əliyevlə Cavid Təvəkkülün birgə
çəkdikləri "Dərs"
filmlərinin "Nizami"
Kino Mərkəzində nümayişi,
yaradıcı heyətlə
görüş, mətbuatın
iştirakı ilə
müxtəlif mövzularda
müzakirələr təşkil
edilib. Yeni filmlərimiz paytaxtın
digər kinoteatrlarında
da göstərilir və ilkin məlumatlara
görə maraqla qarşılanır. Deməli, həmişə
olduğu kimi, bu gün də
tamaşaçılar milli
kinomuza böyük maraq göstərir".
Sonda xatırladaq
ki, "Bizim kino günləri-Audiovizual
məkanda peşəkarlıq"
layihəsi çərçivəsində
növbəti tədbir
noyabrın 30-da olacaq. Həmin gün
"Nabat" bədii
filmi nümayiş etdiriləcək, ekran əsərinin yaradıcı
heyəti ilə görüş və müzakirə keçiriləcək.
Layihəyə dekabrın 8-də yekun
vurulacaq.
ədalət.-2015.-28 noyabr.-S.12.