“Çalışırıq ki, dünya təhsilinin
ən üstün cəhətlərini öyrənək və
tətbiq edək”
Sevda Qasımova:
“Bizim üçün ixtisas hazırlığını həyata
keçirdiyimiz tələbələrin sayı önəmli
deyil”
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor vəzifəsini icra edən Sevda Qasımova Adalet.az-a müsahibə verib.
- Bu
gün hökumətin həyata keçirdiyi siyasətdə təhsil
sisteminin inkişafı prioritet məsələdir. Bu yöndə dövlət proqramları da həyata
keçirilir. Təhsil işçisi kimi
bu siyasəti necə dəyərləndirərdiniz?
- Təhsil
sisteminin inkişafı istiqamətində qəbul olunan
dövlət proqramları və digər normativ hüquqi
aktlar günümüzün durmadan artan tələblərinə
cavab verən bir təhsil sisteminin formalaşmasını hədəfləyir.
Dövlət tərəfindən 2013-cü ildə
rayonumuzda çoxprofilli kollecin açılması
bütövlükdə regionların inkişafına yönəlmiş
bir addımdır. Başqa sahələrdə
olduğu kimi, təhsil sahəsində də inkişaf
etmiş ölkələrin təcrübəsindən istifadə
olunur. Məsələn, təhsilin kredit sistemi ilə təşkili,
ali məktəblərlə yanaşı,
2014-2015-ci tədris ilindən başlayaraq kollecləri də əhatə
edir. Təlim texnologiyaları daim yenilənir və
təkmilləşir. Təhsildə
innovativ metodlar yeni təfəkkür tərzinə malik insan
tipini meydana çıxarır. "Bütün
suallara hazır cavabları olan” insanın yerini
düşünən, sərbəst qərar çıxaran,
özünə güvənən yaradıcı, inadkar,
prinsipial insan tutur. Psixologiyalar dəyişir.
Sürətlə artan informasiya bolluğu,
mürəkkəb ictimai-siyasi hadisələr, inkişaf
etmiş texnologiyalar, kütləvi mədəniyyət
qaynağı olan internet şəbəkələri həyatımızın
bütün sahələrinə daxil olduğu bir şəraitdə
ayaqda qalmağı, yaşadığı cəmiyyəti və
ölkəsini ayaqda tutmağı bacaran insan yetişdirmək
nə asandır, nə də vazkeçilən. Bu səbəbdəndir ki, təhsil ən prioritet sahədir.
-
Abituriyentlərin İsmayıllı Dövlət Humanitar və
Texnologiya Kollecinə marağı hansı səviyyədədi?
-
Kollecimiz üçüncü tədris ilidir ki, fəaliyyət
göstərir. Hazırda kollecimizdə 10 ixtisas üzrə
("Müalicə işi”, "Mühasibat uçotu”, "Məktəbəqədər
təlim və tərbiyə”, "Turizm və onun təşkili”,
"İnformatika müəllimliyi”, ”Kompüter şəbəkələrinin
və hesablanma texnikasının təmiri və servis xidməti”,
”Taxıl və taxıl məhsullarının saxlanması və
emalı texnologiyası”, ”Ət və süd məhsullarının
emalı texnologiyası”, ”Şərabçılıq və
qıcqırtma istehsalının texnologiyası”) 470 tələbə
təhsil alır. Tələbələrimiz Azərbaycanın
46 şəhər və rayonunu əhatə edir. İki ixtisas üzrə qəbul başqa kolleclərlə
yanaşı, kollecimizdə də
dayandırılmışdır. Bu tələbə
sayına təsir edirsə də, bu il
abituriyentlər ilk dəfə daha iki aqrar ixtisas üzrə
oxumaq üçün kollecimizi seçmişlər.
Onu da qeyd etməliyəm ki, bizim üçün ixtisas
hazırlığını həyata keçirdiyimiz tələbələrin
sayı önəmli deyil. Önəmli olan əmək
bazarında rəqabətə dözən, əsl mütəxəssis
və vətəndaş kimi yetişən kadrlar
hazırlamaqdır. Təəssüf ki,
yalnız diplom almağı qarşısına məqsəd
qoyan gənclərimiz də vardır. Bu
çox ağrılı yerimizdir. Məncə,
bütövlükdə belə bir psixologiyanın aradan
qaldırılması üçün biz çətinliklərə
dözməli, səy göstərməliyik.
-Kollecdə abituriyentlərə təklif
olunan ixtisaslar günümüzün tələblərinə
hansı səviyyədə cavab verir?
-Abituriyentlərə
təklif olunan ixtisasların rayonumuzun təsərrüfat
profilinə və mütəxəssislərə olan tələbatına
uyğun olaraq seçilib. Dörd ixtisas aqrar
istiqamətlidir ki, ölkəmizin ərazicə ən
böyük və zəngin təbiətli rayonlarından biri
olan İsmayıllı üçün bu uyğun və
perspektivlidir. ”Müalicə işi”
ixtisası üzrə qəbul planında nəzərdə
tutulmuş bütün yerlərin dolması bu ixtisasa
marağı əks etdirir. Eləcə də
rayonumuzda tibb mütəxəssislərinə böyük
ehtiyac vardır. Digər ixtisaslar
haqqında da bu fikri söyləmək olar. Əlbəttə, qəbulu
dayandırılmış iki ixtisasın əvəzinə gələcəkdə
başqa zəruri ixtisaslar üzrə kadr
hazırlığının həyata keçirilməsi təklifi
irəli sürülə bilər. Biz belə
bir təşəbbüs üçün mütəmadi
olaraq əmək bazarını öyrənirik.
- Tələbələrin praktik təlimlərə
cəlb olunması üçün maddi-texniki bazası
hansı səviyyədədir?
-Kollecimizin
binasının hələlik tikilməməsi ən
böyük problemimizdir. Bu problem təcrübə
bazasının yaradılmasına mühüm dərəcədə
təsir edir. Amma bu o demək deyil ki, tələbələrimiz
təcrübi dərslər lazımi vəsaitlərlə təmin
olunmamışdır. Biz təcrübi dərslərin
keyfiyyətli keçirilməsi üçün bütün
daxili və digər imkanlardan istifadə edirik. Məsələn,
"Müalicə işi” ixtisası üzrə təhsil alan tələbələrimizin əsl tibb
mütəxəssisi kimi yetişməsi üçün
qarşılıqlı razılıq əsasında
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının
bazasından istifadə olunur. Rayon ərazisində
mövcud olan müəssisələrin bazasından
qarşılıqlı razılıqlar əsasında
müvafiq ixtisaslar üzrə praktik təlimlərin
keçirilməsi üçün istifadə olunur.
-Kollecdə çalışan müəllim
heyəti keyfiyyət baxımından sizi qane edirmi?
-Kollecimizə
60-a yaxın tam ştatlı və saat hesabı ilə dərs
deyən müəllim cəlb olunmuşdur. Bu
müəllimlərin böyük bir hissəsi gənclərdir.
Biz yalnız tələbələrimizin deyil,
müəllimlərimizin də fasiləsiz təhsilinin təmin
olunmasını diqqət mərkəzində
saxlayırıq. Belə ki, hazırda iki
müəllimimiz doktoranturada, ikisi isə magistraturada təhsilini
davam etdirir. Elə buradaca qeyd etmək istərdim
ki, ölkəmizdə magistratura təhsilinin əsasən əyani
formada olması müəllim kadrlarının işləyərək
təhsilinin davam etdirməsi imkanlarını məhdudlaşdırır.
Xarici ölkələrdə olduğu kimi, ölkəmizin ali məktəblərində distant formada
magistr dərəcəsi almaq imkanı olması çox zəruridir.
Bununla belə, gənc müəllimlərin elmi
və pedaqoji ustalığını artırmaq
üçün müxtəlif vasitələrdən istifadə
olunur. Müntəzəm olaraq yeni təlim
texnologiyalarının öyrənilməsi və tətbiq
olunması istiqamətində işlər görülür.
-Bizdə
məlumat var ki, İsmayıllı ilə yanaşı, ətraf
rayondan olan tələbələr də bu kollecdə təhsil
alır. Sizcə, bu İsmayıllı rayonunun
iqtisadi göstəricisinə necə təsir göstərir.
-Kollecimizdə
Azərbaycanın 46 bölgəsindən gəlmiş 300-ə
qədər tələbə təhsil alır. Əlbəttə,
nəzərə alsaq ki, kollecin yataqxanası
olmadığı üçün tələbələr evlərdə
kirayə şərtləri ilə qalırlar və hər
cür istehlak xərclərini rayonumuzda
reallaşdırırlar, kollecdə tələbə kontingenti
artdıqca bu göstəricilər də artır, o zaman bu təsirin
hansı səviyyədə olduğu da aydınlaşar.
-Regionlarda hansı təhsil müəssisəsini
özünüzə rəqib kimi görürsünüz?
-Biz
heç bir təhsil müəssisəsinə rəqib kimi
baxmırıq. Əlbəttə, onların təcrübələrini
öyrənir və ən üstünlərini tətbiq
edirik. Lakin çalışırıq ki,
kollec olaraq simamız olsun. Bizim ixtisas
hazırlığına yiyələndirdiyimiz tələbələr
həm də vətəndaşdırlar. Burada
gördükləri idarəetməni gələcəkdə
işlərində tətbiq edəcəklər. Qoy onlar ədalət və humanizmi, obyektivliyi, şəffaflığı,
qanunlarına hörmət etməyi burada öyrənsinlər.
Hər halda məqsədimiz budur.
-Hər
hansı təhsil müəssisəsi ilə əməkdaşlıq
edirsinizmi? Beynəlxalq əməkdaşlığınız
hansı səviyyədədir
-Respublikamızda
fəaliyyət göstərən əksər kolleclərlə
əlaqələrimiz var. Ali məktəblərdə əlaqələr
yaratmağa çalışırıq. Çalışırıq
ki, təkcə bölgədəki təhsil müəssisələrinin
deyil, dünya təhsilinin ən üstün cəhətlərini
öyrənək və tətbiq edək. Şimali
Kipr Türk Respublikasında fəaliyyət göstərən
Uluslararası Kipr Universiteti ilə əlaqələrimiz
vardır. Dərs ilinin
başlanğıcında həmin universitetin dosenti Mustafa
Tunay kollecimizdə müəllimlər və tələbələr
üçün seminar keçirdi. Müəllimlərimiz
Beynəlxalq ədəbi proseslərdə iştirak edirlər.
Məsələn, keçən il
Türkiyədə nəşr olunan "Türk
dünyası antologiyası”nın Azərbaycan üzrə
koordinatoru müəllimlərimiz olmuşdur. Müəllimlərimiz
bədii yaradıcılıqla məşğul olur,
onların əsərləri xarici mətbuatda nəşr
olunur. Biz Təhsil Nazirliyinin
razılığı ilə beynəlxalq əlaqələri
genişləndirmək fikrindəyik.
-Gələcək
planlarınız nədir?
- Gələcək
planlarımız və arzularımız var. Biz kollecimizi
müasir dünya standartlarına uyğun görmək istəyirik.
Eyni zamanda kollecdə ümumilikdə elmi səviyyənin
artırılması istiqamətində işlər
görüləcəkdir. Müəllimlər
və tələbələrin iştirakı ilə elmi
konfranslar keçirmək, elmi mərkəzlərə
inteqrasiya olunmaq əsas hədəfimizdir. Biz
yaxın gələcəkdə Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondu ilə sıx əlaqələr
quracağıq.
-Rayon rəhbərliyinin
təhsilə qayğısı necədir?
-Əslində
kollecimizin yaradılmasının təşəbbüskarı
RİH-nin başçısı əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov olmuşdur.Dövlətimiz
bu təşəbbüsü dərhal dəstəkləmişdir.
Bütün şüurlu ömrünü elmə və təhsilə
həsr etmiş bir insan olan M.Sadıqovun rayonumuzun sosial,mədəni, iqtisadi inkişafı
üçün gördüyü uğurlu işlər
sırasında təhsilə qayğısı ayrıca yer
tutur. İşinin çoxluğu, gərginliyi ona bu sahəni
unutdurmur.Elm adamlarına dəyər verir, rayonda elmi mühit,
ziyalı mühitinin yaradılması, gənclərin mənəvi
inkişafı, məşğulluğunun təmin edilməsi
onun diqqət mərkəzindədir.Bu ilin sentyabrnda Mirdaməd
müəllimin təşəbbüsü ilə rayonumuzda təhsildən
kənarda qalan gənclərin sahibkarlıq fəaliyyətinə
həvəsləndirilməsi və bu istiqamətdə
hazırlanması məqsədi ilə "Gənc təsərrüfatçılar
məktəbi” yaradılmış və fəaliyyət
göstərir.Məktəbin məşğələlərinə
respublikamızın çox nüfuzlu elmi müəsissə
və təşkilatlarından alim və mütəxəssislər
dəvət olunur. Rayonumuzda elmi konfrans və
seminarların keçirilməsi elmi və mədəni
inkişafa təkan verir. Biz kollec olaraq daim bu elm
insanının qayğısını öz üzərimizdə
görür və hiss edirik.
Qəzetinizdə
bizə də yer ayırdığınız
üçün təşəkkür edirəm!
Sübhan Mahmudlu
Palitra.-2015.-28 noybar.-S.7.