SƏMƏNDƏR NAĞILI
("Sənət fədailəri"
silsiləsindən)
O, səhnəyə
ilk addımlarını atan
kimi öz
varlığını hiss etdirdi, "mən gəlmişəm" dedi.
Azərbaycan teatrı - klassiklərin və ustadların min bir əziyyətə qatlaşıb ucaltdıqları bu möhtəşəm bina nə qədər zövqlə, usta memar incəliyilə tikilsə də, onun müasirləşmək, yeniləşmək, necə deyərlər, "akustik" cəhətdən daha cazibəli görünmək imkanları heç vaxt tükənməyib. Öz monumental əzəmətini yaşadan bu romantik görünüşlü binanın müqəddəs bir məbədə çevrilməsində iki bənzərsiz rejissorun - Adil İsgəndərovun və Mehdi Məmmədovun misilsiz xidmətləri olub. Və bu estafeti məmuniyyətlə qəbul edən sonuncu böyük rejissorumuz Tofiq Kazımov idi ki, o, bu möhtəşəm binanın içərisində güclü "rekonstruksiya" işinə başladı. Amma bu "rekonstruksiya" işində ona mahir ustalar lazım idi. Tofiq Kazımov onları elə Teatr İnstitutundaca yaxalayıb o müqəddəs məbədə gətirdi. Bu-Həsən Turabov, bu-Şəfiqə Məmmədova, bu-Amaliya Pənahova, bu-Hamlet Xanızadə, bu-Fuad Poladov, bu da Səməndər Rzayev.
Ancaq sənətin əzəli, əbədi bir qanunu da var-klassik üslub, ornament və naxış qədimliyi uzun müddət yeni-novator üslubla yanaşı yaşayır. Bu iki üslubun yarışında amansız "döyüşdən" daha çox sənətdə yaşamaq hüququ, öz səlahiyyətinin təsdiqi və etirafı uğrunda mübarizə gedir. Və bu mübarizə əslində, həqiqi sənətin yaşarılığını təyin və təsdiq edir.
Səməndər Rzayev "mən gəlmişəm" dedi və o, istər-istəməz bu iki üslubun hansı birinəsə meyl etməliydi. Ancaq Səməndər çoxlarından fərqli olaraq bir "cəbhəni" yox, hər ikisini təmsil etdi. O, klassik üslubun son-novator üslubun ilk nümayəndələrindən oldu. Və ömrü boyu Səməndər klassikası ilə Səməndər müasirliyi üz-üzə durdu. Ancaq iki Səməndərin bu mübarizəsi böyük Səməndərin sənətçi bütövlüyünə xələl gətirmədi. Məsələn, Vaqifi onun ifasında çox az gördük, amma Ələsgər Ələkbərov kimi oynamasa da, hər halda, monumentallığı qorudu. Amma elə rollar var idi ki, onlar Səməndər Rzayevin ifasında tərəf-müqabilsiz səhnə ömrü yaşadı. Bessemyonov "Meşşanlar"), Balaxan ("Aydın"), Valentin ("İnsan"), Əmir İnanc ("Qılınc və qələm"), Sezar Rulf ("Böyük Romul"), Xudayar bəy ("Sizi deyib gəlmişəm"), Qənimət ("Məhv olmuş gündəliklər"), Bəhram Zeynallı ("Şəhərin yay günləri"-bu rolun gözəl ifasına görə o, respublika Dövlət mükafatına layiq görüldü), Mazar bəy ("Közərən ocaqlar"), Satin ("Həyatın dibində"), Danili ("Nakam qız"), Əli Əyrizadə ("Adamın adamı").gDiqqət edin, bunlar dünyanın və Azərbaycanın müqtədir sənətkarlarının yaratdıqları faciəvi, dramatik və komik obrazlardır... Səhnədə isə bir Azərbaycan aktyorunun müxtəlif səpkili insan obrazlarını necə məharətlə oynadığının şahidi oluruq. Əgər bir aktyor Xudayar bəy kimi mənən cılız, bir kəndin katdası olub gücü ancaq zora, haqqı tapdalamağa çatan nadanın obrazını yaradırsa, deməli, iki-üç saat ərzində mütləq özünü unutmalıdır və dönüb olmalıdır Xudayar bəy. Bədii əsərdə Xudayar bəy kifayət qədər koloritli cizgilərlə rəsm olunub, amma səhnədə-tamaşada o, canlı insan kimi təcəssüm olunur. Deyə bilmərik, hər hansı bir rolun ifasında rejissor ona nə tapşırıqlar verirdi, necə hərəkət etməyi, necə danışmağı tövsiyə edirdi, şəksiz ki, Səməndərin böyük aktyor kimi formalaşmağında rejissorların da əməyi az olmayıb. Ancaq aktyorun içində hazır Xudayar bəy, ya Sezar Rulf modeli yaşamırsa, o, həmin rolları səhnədə necə yaşada bilərdi?
O, hərtərəfli istedad idi. Televiziya tamaşalarındakı rolları haqqında gərək ayrıca danışasan. Azərbaycan dilinə tərcümə olunan bədii filmlərin dublyajında Səməndərin səsi o rollara ikinci həyat bəxş edirdi. Deyilənə görə, çox mütaliə edirdi. Geniş mütaliə mədəniyyətinə malik olan aktyor isə oynadığı obrazı daha aydın dərk edir.
Səməndər Rzayev Azərbaycan kinosuna da özünün məxsusi oyun üslubunu gətirdi. Mən təsəvvür eləmirəm ki, "Nəsimi" filmində hansısa başqa bir aktyor İbrahim şahı onun kimi ifa edə bilərdi. "Babamın babasının babası"nda vəzifəli şəxsin, "Papaq" filmində Həsən ağanın, "Bəyin oğurlanması"nda epizodik Hidayət müəllimin, "Od içində vahə"də Qamar bəyin, "Babək"də İbn Bais (sıra çox deyil) obrazları göstərdi ki, S.Rzayev kino üçün də tapıntıdır. Hələ "Mozalan"dakı rolları... Radiodakı "Bulaq" verilişi. O gözəl, son dərəcə cazibəli səsin şirinliyi indi də qulaqlardan getməyib. Hələ "Poeziya buketi, nəğmə çələngi".
Rus alimi Lomonosovun bir fikrini xatırladıram: "Kiçik adam dağın başında da kiçikdir, nəhəng isə çökəndə də böyükdür".
Səməndərin nəhəngliyi teatrda, kinoda, televiziya tamaşalarında zərrə-zərrə hər bir rola paylandı, amma bitib tükənmədi.
Hərdən onun oyununa tamaşa edəndə, son dərəcə etiraslı oyununun şahidi olanda deyirdin bəs bu saat bu teatrı çiyninə alıb uçacaq. Başqa bir aktyorun hansı məqamdasa qışqırığı, fəryadı səni usandıra bilərdi, amma Səməndərin qışqırığı da, fəryadı da, hıçqırığı da dəhşətli idi - çünki nəhəngə məxsus idi. Bu nəhəngliyi ona kim bəxş eləmişdi? Müəllimi Rza Təhmasibmi, təbiətin özümü, demək çətindir.
Azğın və qızğın Fazil Güleyni ("Dəli yığıncağı") bu nəhəng ehtirasın son qışqırtısı oldu. Dizin-dizin sürünüb qardaşı arvadı Pırpız Sonaya qarşı dəli bir ehtiras nümayiş etdirən Fazil Güleyni Səməndərin həm də nəhəng kimi qalxdığı son zirvələrdən biriydi.
Etiraf edək ki, nə Azərbaycan teatrı, nə də Azərbaycan kinosu bu nəhəngin içindəki böyük, azman qüdrəti, qüvvəni doyura bilmədi.
Nəhənglərin faciəsi də böyükdür. Və bu faciəni nəhənglərin özünün dərk etməməsi daha böyük faciədir. Amma Səməndər öz faciəsini dərk etsəydi, bəlkə də o nəhənglikdən əsər-əlamət qalmazdı, "Bəyin oğurlanması" filmindəki Hidayət müəllim kimi öz-özünə gülərdi.
Səməndər Rzayev onun nəhəng sənət ehtiraslarını lazımınca ödəyə bilməyən, bu nəhəngliyin qarşısında gücsüz kimi çırpınan Azərbaycan səhnəsi üçün nə lazımdı elədi. Kimsə deyə bilər ki, Səməndər bəlkə də İtaliyada doğulsaydı, dahi kino ulduzuna, Amerikada doğulsaydı, Hollivudun parlaq ulduzuna çevrilərdi.
Amma Səməndər Azərbaycanda doğulmuşdu və o zaman bu məmləkətdə nəhənglərə sağlığında qiymət vermək məsələsi gündəlikdə yox idi. Ağsu dolaylarını keçib Bakıya gələn Səməndər öz daxili, mənəvi potensialının heç onda birini sərf etmədən dünyadan köçdü.
Səsləyən olmadı onu arxadan,
Gözlərdən yox olub hardasa itdi.
İndisə yığışıb hamı bir yerə
-Bəs kimdir, bəs kimdir, müqəssir deyir.
Amma belə yerdə deyəsən gərək:
Aramızda bəs kim müqəssir deyil?
Böyük Səməndər. Böyük yox, Nəhəng. Səməndər ucalığında, boy-buxununda aktyorlar onda da vardı, indi də, amma onlara nəhəng yox, cüssəli deyə bilərik. Ölümündən sonra sənət dostları bu nəhəngliyi etiraf etdilər.
Məlik Dadaşov: "Səməndər kimi aktyorları tarix nadir hallarda yetirir. Bu, əsrdə bir dəfə mümkündür".
Tofiq Tağızadə: "Səməndər çoz özünəməxsus aktyor idi. Onun yaradıcılığı təkcə teatrımıza yox, kinomuza da işıq saçmışdır".
Məhluqə Sadıqova: "O yarımçıq ömrüylə də Səməndər nə qədər unudulmayan obrazlar yaratdı. Səməndər Azərbaycan teatrında hiss olunan bir boşluğu - klassika ilə müasirliyi öz təkrarsız oyunu və səsi ilə doldurmağa gəlmişdi. "Bulaq" verilişlərində kimsə onun yerini verə bilməz. Neçə il o verilişdə tərəf-müqabil olduq. Onun vəfatından sonra bir kəlbəcərli qız mənə belə bir bayatı göndərmişdi:
Yaşıldır başın, ördək,
Bilinmir yaşın, ördək.
Həmişə cüt gəzərdiz,
Hanı yoldaşın, ördək?"
Nəsir Sadıqzadə: "Mən son onilliklərdə Səməndər dühasına bərabər bir sənətkar tanımıram".
Amaliya Pənahova: "Səməndər lap kiçik, sözsüz səhnələrdə belə salonun bütün diqqətini özünə cəmləşdirərdi. Və baş rolun ifaçıları qalardı kölgədə. Belə bir fitri istedad idi Səməndər. O, bir Səməndər quşu kimi həyatını səhnə, sənət yolunda yandırdı".
Həsən Məmmədov: "Qəribə xasiyyəti var idi Səməndərin. Çox vaxt çəkilişə elə birbaşa-məşqsiz başlayardı".
Yaşar Nuri: "Elə aktyorlar var ki, onlar səhnədə də, kinoda da, televiziya və radioda da özüdür, səmimidir. Saxta, qondarma deyil...Səməndər belə sənətkarlardan idi".
1986-cı ilin 27 mart günü. Səməndər Rzayevin qüvvətli ruhu onun zəifləmiş bədənini xilas edə bilmədi.
Həmin
vaxtdan 29 il
altı ay keçir. Səməndərsiz yaşayan səhnə
və kino istedad sarıdan korluq çəkmədi.
Amma böyük
Səməndər, nəhəng Səməndər bir də yetişmədi.
Ədalət.-2015.-1 oktyabr.-S.3.