ŞƏKİ:
MƏDƏNİYYƏT VƏ TURİZM SEKTORUNUN MÜHÜM
BAZASI
REGİON
"... Azərbaycan
xalqının çox zəngin mədəniyyəti,
tarixi vardır. Biz
haqlı olaraq öz mədəniyyətimizlə
fəxr edirik. Bu gün Azərbaycan dünyada
öz mədəniyyəti, musiqisi, tarixi ilə
tanınan bir ölkədir.
Dünyanın müxtəlif yerlərində Azərbaycan
günləri keçirilir. Azərbaycan mədəniyyətinin
nə qədər zəngin olduğunu
artıq bütün dünya
bilir".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Rayondakı
inkişafın sürəti ənənələrin yeni məzmunda yüksəlişini
stimullaşdırır
Təxminən 8-10 il bundan əvvəllərlə müqayisədə son vaxtlar biz Şəki haqqında, onun sosial-iqtisadi və mədəni həyatındakı dəyişikliklər və inkişaf haqqında müntəzəmliklə söhbət açır, oxucuları məlumatlandırırıq. Əslində qədim tarixə malik Şəkinin özünəməxsusluğu neçə-neçə müxtəlif yazıların mövzusudur. Respublikanın ən böyük kənd rayonu kimi fərqlənən Şəkinin əvvəllər müəyyən uğurlarla bərabər problemləri də çox olub. Həyat tərzindən tutmuş, xarakter tamlığınacan müəyyən mənada mühafizəkar görünən şəkililəri son vaxtlara kimi bir məsələ çox düşündür, narahat edirdi: nəyə görə bu qədim yurdun müasirləşmə prosesi onun adına layiq olmayan bir şəkildə, həm də çox ləng keçir, mövcud problemlərin aradan qaldırılmasına ciddi yanaşılmır?
Şəkililər bu sualların əsas səbəblərini araşdırarkən artıq rayonun yeni rəhbəri Elxan Usubov onları düşündürən, tərəddüdlər sıxıntısında saxlayan məsələlərin həlli ilə məşğul idi...
Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla icra olunurdu...
Bütün istiqamətlərlə yanaşı mədəniyyət və turizm sahəsində də yeni məzmunlu iş metodları və yüksəliş diqqət çəkirdi. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova başçılıq etdiyi kollektivlə birlikdə bu istiqamətdəki ənənələrin yeni məzmunda yüksəlişi üçün can qoyurdu...
Və elə bu səbəblərdən də indi Şəkidə tamam başqa əhval-ruhiyyə, tamam başqa məntiq hökm sürür. Bir çox məşhurlarla yanaşı, Azərbaycana və bütövlükdə türk dünyasına təkcə elə M.F.Axundov kimi dahi mütəfəkkir bəxş etməyin özü əbədi şöhrətdir bu qədim yurda.
Bayramlar, festivallar şəhəri
Bu yurdu şöhrətləndirənlər tarix boyu Vətənin, Azərbaycanın şərəfini uca tutan şəxsiyyətlər olublar. Qədim diyarı məşhurlaşdıran həm də onun bənzərsiz memarlıq və tarixi abidələridir. Şəkinin füsunkar təbiəti, tarixi və mədəni abidələri turistləri daha çox cəlb edir. Burada mədəniyyət və turizm istiqamətlərində görülən abidələrin zənginliyi və müasirliyi əbəs yerə deyil ki, Şəkiyə həm də "Bayramlar şəhəri" kimi çox xoş və məmnunedici ad qazandırıbdır.
Bütün bunlar barədə və eyni zamanda digər işlər, tədbirlər haqqında Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari xanım Zeynalova ilə söhbətlərimiz hər dəfə maraqla davam edir. Mirvari xanım bu dəfə də Böyük Şəhərin mədəni həyatından geniş məzmunlu söhbət açaraq dedi:
- Şəki şəhəri və rayonu açıq səma altında nadir memarlıq incilərindən ibarət bir muzeyi xatırladır. Şəki ta qədimdən sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Bu şəhər Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Belə bir fərziyə vardır ki, şəhərin adı eramızdan əvvəl Azərbaycan ərazisinə gəlib, burada əsrlər boyu yaşamış sakların adı ilə bağlıdır. Zəngin mədəniyyət, füsunkar təbiət, qonaqpərvərlik və ləziz mətbəxə sahib olan Şəki həm də qədimdən turizm mərkəzlərindən biri olmuşdur. Şəkidə olan qədim dövrlərə aid karvansaraylar və yaşayış mülkləri bunun bariz nümunəsidir. Hazırda şəhər sakinlərinə və şəhərimizə gələn qonaqlara müxtəlif mehmanxanalar, otellər, motellər, restoranlar, pansionatlar, safari, istirahət və turizm kompleksləri xidmət edir.
Şəhərimizə gələn qonaqların zövqünə uyğun qədim tarixə malik yaşayış məntəqələrində istirahət etmələri nəzərə alınaraq, Şəkidə hazırda onlarla fərdi istirahət evləri qonaqlara xüsusi xidmət göstərir. "Ailə istirahəti" turizm assosiasiyası turistlərə ən sərfəli qiymətlərlə Şəkidə qalıb, yerli əhali ilə ünsiyyətdə olmaq imkanı yaradır.
Şəki şəhərindən 20 km cənubda, Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi qonaqların istirahət və əyləncəsi üçün gözəl bir məkandır. Burada, xüsusi yetişdirilmiş cins atlara minmək, at çapmağı öyrənmək və at belində meşələrə, dağlara, mağaralara baş çəkmək turistlərə unudulmaz anlar yaşadacaqdır.
Şəki ipəyi və
Böyük İpək Yolu
Bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında ipəkçilik mühüm yer tutmuşdur. İpəkçiliyin ən qədim və mühüm təsərrüfat sahəsi olduğunu bu ərazidə aparılan arxeoloji qazıntılar bir daha sübut edir. Orta əsrlərdə Şəki ipəyi dünya ticarətində ən gəlirli xammal sayılırdı. İpək almaq üçün Şəkiyə gələn əcnəbi tacirlər əsasən Rusiya, Fransa, İtaliya, İran, Türkiyə, Çin, Hindistan, Suriya, Yunanıstan və başqa ölkələrdən idi.
İpəkçiliyin inkişafı, Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın bu qədim və gözəl şəhərini böyük karvan yolları ilə birləşdirmiş, yeni-yeni karvansarayların tikilməsinə, yolların və körpülərin salınmasına, bir sözlə şəhər həyatının canlanmasına, ticarətin və sənətkarlığın inkişafına əsaslı şəkildə təsir göstərmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-1 oktyabr.-S.3.