ŞƏKİ:
MƏDƏNİYYƏT VƏ TURİZM SEKTORUNUN MÜHÜM
BAZASI
REGİON
(əvvəli ötən
sayımızda)
Artıq Şəkidə
atçılıq, ovçuluq və dağ turizminin
inkişafı yönümündə addımlar
atılır. Yaxın gələcəkdə ekoturizm
sahəsində də xidmətlərin təşkil
olunacağı proqnozlaşdırılır.
Şəkiyə
gələn turistlərin
sayı da sürətlə artır...
Bütün bunlar şübhəsiz ki, Şəkiyə gələn turistlərin sayının böyük sürətlə artmasına geniş imkanlar açır. Son illərdə istər respublikamızın ayrı-ayrı bölgələrindən, istərsə də yaxın və uzaq xaricdən bu şəhərə gələn turistlərin say dinamikasına nəzər salsaq, görərik ki, əgər 2004-cü ildə Şəkiyə cəmi 2800 nəfər turist gəlmişdisə, 2014-cü ildə onların sayı 31000 nəfərdən çox olmuşdur. Keçən ilin birinci yarısında Şəkiyə 7198 nəfər turistin gəlişi qeydə alınmışdır. Bu ilin müvafiq dövrü ərzində isə bu rəqəm 9481 olmuşdur, onlardan 2652 nəfərini əcnəbi turistlər təşkil etmişdir. Şəkiyə gələn turist və qonaqların asudə vaxtlarının səmərəli və məzmunlu keçməsini təmin etmək məqsədi ilə müxtəlif xalq kollektivləri, folklor kollektivləri və instrumental ansambllar fəaliyyət göstərir. Şəki həmçinin vaxtaşırı olaraq beynəlxalq miqyaslı tədbirlərə, o cümlədən festivallara ev sahibliyi edir. Buna görə Şəki artıq festivallar şəhəri kimi tanınır. Belə irimiqyaslı festivalların Şəkidə təşkil olunması bu bölgəyə turist axınının inkişafına müsbət təsir göstərir.
Son illərin bir çox mədəniyyət layihələri Şəkidə reallaşır
Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı layihəsi çərçivəsində aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şəki incəsənət ustalarının konserti olub.
Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı layihəsi paytaxt sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. Layihə çərçivəsində növbəti tədbir Şəkiyə həsr olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə aprelin 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb. Qonaqlar layihə çərçivəsində bölgənin mətbəxi, yerli xalq sənətkarlarının təkəlduz, şəbəkə, misgərlik, ipəkçilik, xalçaçılıq nümunələri, musiqi alətləri və digər əl işləri, Şəki yazarlarının əsərləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanları və s. əks etdirən sərgi və stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu yeni layihənin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların adət-ənənələrini, mətbəx nümunələrini, sosial-iqtisadi inkişafını, sənət ustalarının əl işlərini, regionlarda fəaliyyət göstərən bədii kollektivlərin və incəsənət ustalarının çıxışlarını nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir. Nazir müavini deyib ki, bölgələrdə inşa edilən yeni və müasir mədəniyyət ocaqları mədəni səviyyənin yüksəlməsinə təkan verir.
Qeyd olunub ki, qədim və zəngin mədəniyyətə, füsunkar təbiətə, qonaqpərvərliyə, dadlı mətbəxə malik Şəki buraya gələn qonaqları heyrətləndirir. Ölkəmizin mədəniyyət mərkəzlərindən birinə çevrilən Şəki "İpək Yolu" musiqi festivalı kimi beynəlxalq tədbirə ev sahibliyi edir. Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Bildirib ki, ölkə başçısının Şəkiyə göstərdiyi diqqət və qayğısı nəticəsində bölgədə yenidənqurma işləri aparılır və bu zaman milli memarlıq üslubu qorunub saxlanılır. Həmçinin qeyd edib ki, Şəki turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdəndir. Tədbirdə qarşılıqlı hədiyyələr təqdim olunub. Sonra Şəkinin sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən videoçarx nümayiş olunub, bu yurdun yetirməsi olan görkəmli simalar haqqında da məlumat verilib. Həmçinin, əslən şəkili olan kinorejissor, xalq artisti Rasim Ocaqovun çəkdiyi filmlərdən fraqmentlər göstərilib.
Tədbirdə Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsnin "Zirvə" xalq instrumental ansamblının müşayiəti ilə təqdim edilən konsert proqramı böyük maraqla qarşılanıb. Konsertdə əslən Şəkidən olan görkəmli bəstəkarların əsərlərinə üstünlük verilib.
VI Beynəlxalq İpək Yolu
Festivalı
Bu il 01-05 iyul tarixlərində Şəkidə keçirilmiş VI Beynəlxalqİpək YoluFestivalında Türkiyədən, Polşadan, Yaponiyadan gələn musiqi kollektivləri ilə yanaşı, Azərbaycanda yaşayan azsaylı xalqların musiqi kollektivləri və Şəkinin "Zirvə" xalq instrumental ansamblı da iştirak etmişdir.
İyulun 20-də Şəki şəhərindəki Olimpiya İdman Kompleksində ikinci beynəlxalq şirniyyat festivalı keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda 11 ölkədən - Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya, İndoneziya, Koreya, Fransa, Rusiya, Moldova və Serbiyadan, həmçinin respublikamızın 21 şəhər və rayonundan gəlmiş şirniyyatçılar iştirak edib. İdman kompleksinin həyətində düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat nümunələri nümayiş etdirilib. Festivalın rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək beynəlxalq şirniyyat festivalının Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Xalqımızın milli mətbəx mədəniyyətinin formalaşmasında Şəkinin xüsusi yeri vardır. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi zəngin təcrübə, vərdiş, bilik və bacarıqlar bu günümüzə qədər gəlib çatıb. Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün əla, ləziz dadı və geniş çeşidi ilə fərqlənir.
Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-3 oktyabr.-S.4.