Yazıçı Əlibala Hacızadənin
80 illik yubileyi qeyd olundu
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda görkəmli nasir Əlibala Hacızadənin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Adalet.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan qurumun Gənclər üzrə katibi Rəşad Məcid yazıçının 80 illik yubileyi münasibətilə onu sevənləri, ailə üzvlərini təbrik etdi. R. Məcid qeyd etdi ki, 70-80-ci illər Azərbacan ədəbiyyatına iz qoymuş Əlibala Hacızadə o dövrün ən çox oxunan yazıçılarından idi: "İndiki terminlə desək, Əlibala Hacızadənin kitabları bestseller olurdu. Onun kitablarını oxumaq üçün insanlar növbəyə dururdular. Oxucuların xahişi ilə əsərləri təkrar nəşr olunurdu. Bu da bir yazıçı üçün ən böyük uğurdur. Günümüzdə məşhur olan əfqan yazıçısı Xalid Hüseynini oxuyanda tanış səhnələr, əfqan həyat tərzini görürük. Amma Hüseynidən qabaq biz Əlibala Hacızadə vasitəsilə Əfqanıstandan xəbər tutmuşduq. Bəlkə də Əlibala Hacızadə Amerikada yazıb-yaratsaydı çoxdan Nobel mükafatını almışdı”.
Qocaman şair Söhrab Tahir öz çıxışında Əlibala Hacızadə ilə yaxın dostluğundan, əməkdaşlığından danışdı. Bildirdi ki, Əlibala Hacızadənin 5 il müddətində tərcüməçi kimi çalışdığı Əfqanıstan onun yaradıcılığında çox böyük əhəmiyyət kəsb edib. Onun "İtkin gəlin” roman-trilogiyası məhz həmin illərin bəhrəsidir. Bu əsər ədəbi zövqlə yanaşı, həm də o zaman Əfqanıstan həyatı, mühiti, adət-ənənələri haqqında bilgisi olmayan oxucuları məlumatlandırmışdı.
S. Tahir yazıçının tərcüməçilik fəaliyyətinə də toxundu. Qeyd etdi ki, onun fars dilindən etdiyi tərcümələr farsdilli ölkə oxucularının marağına səbəb olmuşdu. Buna görə də İran hökuməti Əlibala Hacızadəni dəvət edib "Mandi Qalan” (əbədi qalan) mükafatı ilə təltif etmişdi.
Daha sonra çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar yazıçının şəxsi keyfiyyətlərindən danışdı: "Əlibala Hacızadə bizim hamımızdan məşhur idi. Xalq onu sevirdi. Onun bu şöhrətinə, əsərlərinin təkrar nəşrlərinə qibtə edənlər çox idi. Bütün bu şöhrətinə baxmayaraq, Əlibala Hacızadə çox təvazökar, sadə, gözütox insan idi”.
Tədbirdə çıxış edən Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı, ədəbi tənqidçi Vaqif Yusifli, yazıçı-jurnalist Əlövsət Bəşirli və başqaları çıxış edərək Əlibala Hacızadənin həm də gözəl şair olduğunu diqqətə çatdırdılar. Bildirildi ki, onun lirik şeirləri təkcə sadə oxucular tərəfindən sevilmirdi, həm də xanəndələrin ifalarında səslənirdi. Onun bir yazıçı kimi digərlərindən fərqi isə ideal qəhrəman obrazı deyil, sadə insanlardan canlı obrazlar yaratmaq məharəti idi.
Əlibala Hacızadənin "İtkin gəlin” romanı əsasında çəkilmiş eyniadlı serialın baş qəhrəmanı – Əfsanə obrazını yaratmış Xalq artisti Məleykə Əsədova isə çıxışında Əlibala Hacızadə ilə bağlı xatirələrini bölüşdü: "Serial çəkilişi zamanı çox aktrisa sınaqdan keçmişdi. Amma Əlibala müəllim məni görən kimi – "Mənim Əfsanəm budur”, deyə məhz mənim çəkilməyimi istədi. O, əsərin necə yaranmasını, Əfqanıstandakı xatirələrini bizə həvəslə danışardı. Əslində Azərbaycanın ilk serialı o zamanlar isqtisadi çətinlik üzündən aşağı səviyyəli kameralarla və dublyajsız çəkilmişdi. Buna baxmayaraq, bu gün ən öndə gedən serialların reytinqi ilə ölçülsə, tamaşaçı rəğbətinə görə irəli çıxar”.
Daha sonra M. Əsədova Əlibala Hacızadənin şerlərindən bir neçəsini səsləndirdi.
Tədbirin sonunda Əlibala Hacızadənin qızları atalarına göstərilən bu diqqətə, sevgiyə görə Yazıçılar Birliyinə, tədbir iştirakçılarına təşəkkür etdilər.
Xatırladaq ki, Əlibala Hacızadə 1935-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. 1962-ci ildən Yazıçılar Birliyinin üzvüdür. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirdiyi üçün bir müddət Əfqanıstanda tərcüməçilik edib. "Təyyarə kölgəsi", "Dünyanı tanı", "Vəfalım mənim", "İtkin gəlin" (trilogiya: "Əfsanəzsiz illər", "Ayrılığın sonu yoxmuş") və s. romanların müəllifidir. Yazıçı 2009-cu ildə Bakıda vəfat edib.
Şəfiqə
ŞƏFA
Ədalət.-2015.-3
oktyabr.-S.13.