"Qarabağdan
danışmağı xoşlamıram"
Səngərdə
döyüşçü, səhnədə Qoçu Əsgər
- Əməkdar artist Əzizağa Əzizov
Sadə, istedadlı, təvazökar...
55 illik yubileyi ərəfəsində Əməkdar
artist fəxri adına layiq görülən Dövlət
Musiqili Teatrın aktyoru Əzizağa Əzizovu qısaca belə xarakterizə etmək olar. Potensialına, koloritinə
görə məxsusi
onun üçün tamaşalar hazırlanmalı,
kinossenarilər yazılmalıdı.
Amma özü bunu dərd eləmir, səhnədə,
teleseriallarda ona tapşırılan irili-xırdalı
rollara məsuliyyətlə
yanaşmağa çalışır.
Dövlət Musiqili Teatrın səhnəsində
müxtəlif illərdə
və fərqli quruluşlarda səhnəyə
qoyulan "O olmasın,
bu olsun" komediyasında Qoçu Əsgər obrazının
dəyişilməz ifaçısıdı. Təkcə səhnədə
deyil, həyatda da əlinə silah alıb, Qarabağ uğrunda döyüşlərdə könüllü
kimi iştirak edib.
Səngərdən səhnəyə qayıdan
Əzizağa Əzizov
yeni tamaşalarda rollar alır, teleserialara çəkilir.
İstedadlı aktyorla Dövlət
Musiqili Teatrındakı
növbəti məşqi
zamanı görüşdük.
"Elə ona görə
gəlmək istəmirdim
də..."
- Bir azdan "Qısqanc ürəklər"in
məşqi başlayır,
Ramiz Mirişli və Marat Haqverdiyevin birgə işi olan bu tamaşa
maraqla qarşılanır.
Kollektivimiz məzuniyyətdən yeni qayıdıb, indi repertuardakı tamaşaları məşq
edirik, günortadan sonra isə orkestrlə birgə məşqimiz var. Axşam
da çəkilişə
çatmalıyam, gördüyün
kimi, qaçaqaçdayam.
Öz aramızdı,
elə ona görə bu sənətə gəlmək
istəmirdim də... Həyatımı tamam başqa
cür quracaqdım, yaşca özümdən
böyük qardaşım
və bacım israr elədilər ki, gərək aktyor olasan. Nə bilim, görünür qismət belə imiş.
- Bildiyim qədər ilə arada qismətlə barışmadığınız,
bu sənətdən getmək istədiyiniz vaxtlar da olub...
- Hə, bir neçə
dəfə belə bir fikrə düşmüşdüm, hətta
işdən çıxmaq
barədə ərizə
də yazmışdım.
- Ərizədə yazdığınız
səbəblər əsaslı
sayılmadı?
- Əslində kifayət
qədər əsas var idi, amma
indi bu barədə
danışmaq istəmirəm. Teatrımızın
direktoru, Əməkdar
incəsənət xadimi
Əliqismət Lalayev,
böyük sənətkarımız,
Xalq artisti Afaq Bəşirqızı
mənimlə söhbət
elədilər, necə
deyərlər, əməlli-başlı
inandırdılar və
elə bil yeni bir ruh
verdilər. Sonra çox götür-qoy elədim, öz-özümə
dedim ki, belə gözəl insani münasibətdən
sonra çıxıb
getmək düzgün
iş deyil.
- Görünür teatrın
rəhbərliyi də,
kollektiv də xətrinizi çox istəyir. Repertuardakı əksər tamaşalarda rol alırsınız, üstəlik, Qoçu Əsgəri sizdən başqa heç kimə etibar eləmirlər...
- Dahi Üzeyir bəyin ölməz
"O olmasın, bu olsun" operettası bizim teatrda müxtəlif
illərdə, fərqli
quruluşlarda tamaşaya
qoyulub, Xalq artisti, rəhmətlik Hacıbaba Bağırov,
Allah canını sağ
eləsin, Xalq artisti Ramiz Məmmədov
həmin tamaşalarda
Məşədi İbadı
oynayıblar. Mənə isə
həmişə Qoçu
Əsgəri tapşırıblar,
heç dublyorum da olmayıb.
Bu gün isə
səhnədə Məşədi
İbadı Əməkdar
artist Şövqü Hüseynov
oynayır, hər tamaşamız anşlaq keçir.
- Yeni Məşədi İbadın başqa teatrdan dəvət olunması deyəsən
ilk vaxtlar birmənalı
qarşılanmadı...
- Kimin nə deməsi
məni o qədər
də maraqlandırmır,
konkret bu məsələ ilə bağlı fikrimi bilmək istəyirsənsə,
açıq deyə bilərəm. Bizim Musiqili Teatrda
Məşədi İbadı
oynaya bilən aktyorlar həmişə olub, inşallah, yəqin bundan sonra da olacaq.
Amma bu o demək deyil ki, Dövlət
Gənc Tamaşaçılar
Teatrının aktyoru,
Əməkdar artist Şövqü
Hüseynovun dəvət
olunmasının əleyhinə
olmuşam. Yaradıcılıq işi daim yeniliyi,
axtarışı sevir,
teatrımızın rəhbərliyi,
tamaşanın quruluşçu
rejissoru Cənnət Səlimova bu tamaşada belə bir yenilik etdilər
və bu özünü tam doğrultdu.
Şövqü istedadlı aktyor
kimi bir daha özünü sübut elədi. Təsadüfi deyil ki, Məşədi İbad obrazına görə Mədəniyyət və
Turizm Nazirliyinin "Zirvə" mükafatına
layiq görüldü.
Ümumiyyətlə, bizim teatrda belə uğurlu eksperiment ilk dəfə deyil ki... Əməkdar incəsənət xadimi Bəhram Osmanov bir neçə il əvvəl
teatrımızda Qoqolun
"Evlənmə" əsərinə
quruluş verdi. Həmin tamaşada bizim aktyorlarla yanaşı digər teatrlardan dəvət olunan Şükufə Yusupova, Məleykə Əsədova,
Qurban İsmayılov kimi tanınmış sənətkarlar rol almışdılar. Bu tamaşa da maraqla qarşılandı
və Mədəniyyət
və Turizm Nazirliyinin "Zirvə"
mükafatını qazandı.
"Səngərə baxanda səhnədə çox..."
- Bəlkə bir az da keçmiş döyüşçü
Əzizağa Əzizov
haqqında danışaq...
- Könüllülərdən ibarət
II Bakı batalyonunun tərkibində Ağdərə
bölgəsində vuruşmuşam.
Bu mövzu ilə
bağlı bu qədər. Sözün açığı,
Qarabağ haqqında çox danışmaq istəmirəm.
- Niyə?
- Sənət müəllimim,
böyük sənətkarımız
Yaşar Nuri həmişə deyirdi ki, nəticəsi olmayan iş barədə çox danışmağa dəyməz.
Əgər uğrunda vuruşduğum
torpaqlar hələ də işğal altındadırsa, o rayonlarda
doğulan insanlar doğma ev-eşiklərinə
qayıda bilmirlərsə,
mən nə danışım, özümü
necə qəhrəman
kimi təqdim edim? Ali Baş
Komandanımızın əmri
ilə igid əsgər və zabitlərimiz inşallah Qarabağı azad edər, ondan sonra rahat deyərəm
ki, bir vaxtlar
mən də döyüşdə nəsə
etmişəm.
- Səngərdə asandı,
yoxsa səhnədə?
- Əlbəttə səhnədə.
- Bir neçə gündən sonra 55 yaşınız tamam olur, yubiley ərəfəsində
ən böyük hədiyyəni artıq aldığınızı demək
olar...
- Bu günlərdə dövlət
başçısı İlham
Əliyev bir qrup incəsənət xadiminə fəxri adlar verdi,
onların arasında mən də var idim. Yubileyim
ərəfəsində Əməkdar
artist fəxri adına layiq görülməyim həqiqətən
də böyük bir hədiyyə oldu. Fürsətdən istifadə edib
hörmətli prezidentimizə
minnətdarlığımı bildirirəm. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə
təşəkkür edirəm
ki, teatr sənətindəki bu kiçik xidmətimi nəzərə aldılar.
Bu gün dövlətimizin
yeritdiyi siyasət nəticəsində xidməti
olan sənət adamları diqqətdən
kənarda qalmır, bunun özü yaradıcı insanlar üçün böyük
stimuldur. Çalışdığım Dövlət Musiqili
Teatrın rəhbərliyinə
və kollektivin hər bir üzvünə
minnətdaram ki, bu illər ərzində
daim mənə dəstək olublar və olurlar. Onu deyim ki, teatrımızda
çox gözəl yaradıcılıq atmosferi
yaranıb. Belə bir
mühiti formalaşdıran
da direktorumuz Əliqismət Lalayevdi.
İş elə gətirib ki, təkcə elə Musiqili Teatrda Bala Qasımov, Qəzənfər Topçiyev,
Hacıbaba Bağırov,
Elxan Ocaqov kimi direktorlarla çalışmışam. Onların hər
birindən özümə
qarşı diqqət
görmüşəm, mən
də həmişə
onların hörmətini
saxlamağa çalışmışam.
Amma səmimi deyim ki, Əliqismət Lalayev kimi tələbkar,
tələbkar olduğu
qədər də kollektivlə mehriban davranan direktor görməmişəm. Məni
yaxından tanıyan
dost-tanış, iş yoldaşlarım
yaxşı bilir ki, yaltaqlıqla, yalandan kimisə tərifləməklə aram
yoxdur. Əliqismət müəllim Musiqili
Teatr kimi böyük bir kollektivdə heç kimi diqqətdən kənarda saxlamır, hamının qayğısını
çəkir. İnan ki,
elə vaxt olub ki, ad günümü
Əliqismət müəllim
zəng edib yadıma salıb. Belə gözəl bir insanla, bu cür
mehriban kollektivlə birgə çalışmaq
yəqin ki, hər bir yaradıcı
adama xoş gələr.
Ədalət.-2015.-3
oktyabr.-S.7.