Fəxrəddin Qarabağlı (Həsənov)

Dünya

 

Fırlanırsan dayanmadan hər zaman,

Çox görmüsən üzüyola tərs yaman ..

Bəlkə gözlərini tutub çən duman ?

Kiminə dost,kiminə uzax dünya-

İnsaf elə,mənə bir bax dünya!

*

Pislər tutsa yaxşıların yerini,

Daha səndə yaşamağın xeyri ?

Gəlməmişik biz quruca seyrinə

Silinərsə yer üzündən haqq dünya

Xəncərini ürəyimə tax dünya!

*

Mənim dünyam deməyə çox qorxuram,

Axı mənim olmamısan heç zaman

Ürək yoxsa,nəyə gərək quru can?

Bəsdi vurdun dağ üstündən dağ dünya,

Bundansa gəl tamam yandır-yax dünya!

*

Fəxrəddinə göstərdin sərt üzünü,

etmədin qorxutmaqçün gözünü?

Çox şükr ki,itirmədi özünü

Muradım var,qalacağam sağ dünya-

Lap şimşək ol,başım üstə çax dünya!

 

 

Durnalar

 

Səmada min büsat qura bilirsiz-

Ömrü xoşbəxt başa vura bilirsiz.

Sözünüzün üstə dura bilirsiz-

Bir sözüm var,gəlin bura durnalar!

*

Qatar-qatar olub gedirsiz hara?

Yol gedən yorulmaz üzü bahara.

Doğma torpağımda düşmüşəm tora,

Heç kəsi düşməsin tora durnalar!

*

Verdiklərin bir-bir əldən alıbdır-

Tanrı məni yaman gözdən salıbdır.

Yağı tapdağında Yurdum qalıbdır-

Qonun,sığal çəkin ora durnalar!

*

Qonsanız, mənə bir xəbər verin,

Ürəyimə inam,güc,təpər verin;

Yurda qovuşduran bir səfər verin,

Sağalsın bu ağır yara durnalar!

 

Nadanlara,

cahillik edənlərə

 

Ürəyimin üstə bir daş basdılar,

Məni vicdanımdan-dardan asdılar.

Haradan assalar heç inciməzdim,

Məni ən ağrılı yerdən asdılar.

*

Titrəyə-titrəyə,əlində əsa

"Qalxıbdır" zirvəyə yol basa-basa .

Ağıl dərsi verir,heç utanmadan

Qorxmaz qohmar durur başqa qanmaza.

*

Tez yetişmək üçün bəd arzulara

Görün uzanıbdır çirkin əl hara.

Bu bədbəxt ən böyük günaha batıb-

O ibadət hara,bu əməl hara?

 

Çağır Köndələnim!

 

Çətin yollar keçib,çətini tapıb,

Yarandığı gündən səmtini tapıb,

Bəlli ünvanını,səthini tapıb-

Axır Kündələnim,axır Araza!

*

Doğru seçə bilən gözü olubdur,

Sevib qovuşanı özü olubdur...

Deməyə həmişə sözü olubdur-

Baxır Köndələnim,baxır Araza!

*

Dərdi özlərindən ağır çaylarım,

Sizi azad görsəm,ölsəm ayılaram

Sənin sevgilini mən haylaram,

Çağır Köndələnim,çağır Arazı!

 

Zirvəniz mübarək!

Bakıda Şəhidlər Xiyabanında

ürəyimdən keçən duyğular

 

Yolunda min əzab,zülm olsa da,

Pak peymana,əhdə mübarək düşür.

Sonu şərəfli bir ölüm olsada,

Uğurlu hər cəhdə mübarək düşür.

 

Şəhidlik zirvəsin fəth elədiniz,

Zirvəniz mübarək qan qardaşlarım!

Keçilməz yolları qət elədiniz,

Canın fəda edən can qardaşlarım!

 

qədər biz varıq , qədər sağıq

Daim gedəcəyik məqsədə sarı .

Qarabağı hökmən qaytaracağıq,

Eşitsin erməni havadarları!

 

Şəhid əzizlərim,Ana Yurdumuz

İlk təbrik sözünü sizə deyəcək.

Qüdrətli Ordumuz,qadir Ordumuz

Ruhunuzu hökmən şad eləyəcək .

 

Ali Baş Komandan çox sərtləşibdir,

Dözmür laqeydliyə,səbri tükənib.

İti baxışları qılınc tək kəsir

Neçə vədəbazı,zəhlə tökəni....

 

Səngərdə hiss edir daim özünü,

Sərkərdə donunu əyninə geyib.

Bu gün ən kəsərli ürək sözünü

Sizin məzarınız önündə deyib.

 

qədər biz varıq,nə qədər sağıq

Gedirik Siz gedən məqsədə sarı.

Qarabağı hökmən qaytaracağıq

Qoy bilsin erməni havadarları!

 

Ədalət.-2015.-6 oktyabr.-S.3.