Ədəbiyyat
fədaisi
(Şair-tərcüməçi Səyavuş
Məmmədzadənin 80 illiyi)
Tanınmış şair-tərcüməçi Səyavuş Məmmədzadənin
80 yaşı tamam olur və bu
payız günlərinin
birində, oktyabrın
2-də Bakıda, bir müəllim ailəsində
dünyaya göz açmış bu gözəl ziyalının
60 illik fəaliyyəti
ədəbiyyata həsr
olunmuşdur. İlk ədəbi
yazısı Ağacavad
Əlizadənin Səməd
Vurğuna həsr etdiyi şeirinin tərcüməsi olmuşdur
(1956). Onun ömrü əsl
sənət fədaisinin,
bütün həyatını
Sözə həsr edən bir insanın
ömrüdür. Səksən yaşın-müdriklik zirvəsinin
ucalığından dönüb
arxaya-keçilmiş ömür
yoluna boylananda doğrudan da heyrətlənirsən. Çox təəssüf
ki, onun əməyi müqabilində
ərsəyə gələn
kitablarının sayı
o qədər də çox deyil, əgər altmış illik tərcüməçilik
fəaliyyətini bir yerə toplasan, ən azı on cilddən artıq qalın kitablar, toplularla qarşılaşardıq.
Şair-tərcüməçi-publisistgSəyavuş Məmmədzadəni mən
belə tanıyıram. O, rusdillidir,
yəni rusca təhsil alıb, amma bütün varlığı Azərbaycan
ədəbiyyatına bağlıdır.
Belə ki, bizim klassiklərin
və müasir şairlərin əsərlərini
rus oxucularına çatdırır, rus və başqa xalqların yazıçılarının
əsərlərini də
Azərbaycan dilinə
çevirir. Bu mənada xalqlar və ədəbiyyatlar arasında canlı bir körpü rolunu oyanayır. Belə məhsuldar işləyən tərcüməçilərin
sayı isə o qədər də çox deyil və deyərdim ki, bəlkə də bu sahədə
sonuncu mogikan elə Səyavuş Məmmədzadədir.Tərcüməçilik
çox ağır sənətdir, Səyavuş
Məmmədzadənin bir
ifadəsiylə desək,
orjinalı gərək
təzədən yaradasan.
Elə yaradasan ki, sanki
sənin öz doğma dilində yazıb o şair. Bu mənada Azərbaycan
şairlərinin böyük
bir qismi başqa dilli oxucular üçün maraq kəsb eləmişsə, Səyavuş
Məmmədzadəyə minnətdar
olmalıdırlar.
Onun qızğın
tərcüməçilik fəaliyyəti o zaman-keçmiş
SSRİ məkanında yüksək
qiymətləndirilirdi. O illərdə
Moskvada, digər şəhərlərdə, həmçinin
Polşada və Bolqarıstanda tərcümə
məsələləri ilə
bağlı müşavirələrdə
və yaradıcılıq
tədbirlərində tez-tez
iştirak edirdi. O, təkcə rus dilindən deyil, bolqar, Ukrayna və polyak dillərindən də tərcümələr müəllifidir.
Məlum həqiqətdir ki, tərcüməçi, xüsusilə
şeir tərcüməsi
ilə məşğul
olan şəxs özü də şair olmalıdır. Rus dilində
təhsil alsa da, paralel olaraq
rus dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən rus dilinə tərcümələr
etsə də, öz doğma dilində gözəl şeirlərin müəllifidir.
Bir şeirində yazır:
Ürəyin qonmuşdu qərib
ulduza,
Darısqal sanmışdım öz beşiyimi.
Bir könül canından ayrı oldusa
Əriyib itərmiş tüstülər
kimi.
Ayıltdı ayazlı yağışlar
məni,
Ey isti ocağım, bağışla
məni.
Səninlə yanmadım sənin
dilində
Dəryaya baş vurub çıxa bilmədim.
Dərin
dəryaların gur sahilində
Dayaz həvəsimi
boğa bilmədim.
Qınadın gileyli baxışla
məni,
Ey doğma
ocağım, bağışla
məni.
Çox mənalı şeirdi və bu şeirdə
Səyavuş Məmmədzadə
Vətən adlı anasından, öz doğma ocağından və anasının danışdığı dildən
üzr istəyir. Amma mənim fikrimcə, bu üzrxahlığa ehtiyac yoxdur, çünki Səyavuş
Məmmədzadənin "Şuşanı qar gördüm" şeirlər
kitabında elə gözəl şeirlər
var ki, onlar
məhz bir milli şairin qələmindən çıxıb.
Bu cəhəti ilk dəfə Xalq şairi Bəxtiyar Vahabzadə sezib. Yazıb ki: "Səyavuş mənim seçib-sonaladığım şirin
xalq deyimlərinin, mürəkkəb ibarələrin
rus dilindəki qarşılığını böyük ustalıqla tapır, bədiiliyi saxlamaqla mətləbi dəqiq tərcümə
etməyi bacarır. Şübhəsiz hər iki dili mükəmməl
bilən, sözün
rəng və çalarlarını bir-birindən
seçib yerinə görə dəyişən,
mənalarını hiss edən
adam bu
cür ustalığa
sahib ola bilər. Səyavuş əsərlərində məzmunla yanaşı sbzlərin nəğməliyinə,
səslərin alliterasiyasına,
cinaslığına xüsusi
diqqət yetirir.
Dili, onun rəng və çalarlarını yaxşı
bilmədən səslərin
uyarlığına, sözlərin
müxtəlif mənalarını
yerinə görə işlətməyə nail olmaq
mümkün deyil... Səyavuş xalq şeirini
mükəmməl bilir-və
bu xəzinədən
məharətlə istifadə
edir".
Şuşanı qar gördüm,
qar gördüm,
Elimi var gördüm, var gördüm.
Səslədim ötən günləri,
Dağları kar gördüm, kar gördüm.
Yazıma
"gəl" dedim,
"gəl" dedim,
Üzümə gül dedim, gül dedim.
Haçandan sönən ocağın
Külünə gül dedim, gül dedim.
Dağları dağ gördüm, dağ gördüm,
Həmişə sağ gördüm, sağ gördüm.
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.
Şuşadan yol getdim, yol getdim,
Dedilər "qal", getdim, "qal", getdim.
Ürəyim dilə gəldi,
Dinmədim, lal getdim, lal
getdim.
Bu şeirdə bir
nəğmə ahəngi
var və eyni zamanda, sözlərin
rəsmi var. "Bir bulaq aynasında saçımı ağ gördüm" deyimi isə elə bil bir rəssam
tərəfindən çəkilən
tabloda bir cizgini xatırladır. Kitabdakı şeirləri
oxuyandan sonra aydın dərk elədim ki, Səyavuş Məmmədzadənin
tərcüməçiliyi də belə möhkəm dayağa arxalanır. Öz doğma
dilinin incəliklərinə
qəvvas kimi baş vura bilməsəydi,
onun tərcümələri
sevilməzdi və neçə Azərbaycan şeiri özgə dildə rəğbət doğurmazdı. Bir şeirindən də misal gətirmək istəyirəm:
Qatar gedir, qaranlığı yara-yara,
Qatar gedir yollarını
yora-yora.
Qatar gedir, köhlən qatar, qatır
qatar,
Qaranlığı qabağına qatır
qatar.
Qatar qaçır, qatar
uğur, alov saçır,
Gələcəyin toranında yollar açır.
Təkərlərin təpərini tökə-tökə,
Sənsizliyi parçalayır tikə-tikə,
qamçılayır, qayçılayır
qaranlığı,
səpələyir tənhalığa
yorğunluğu.
O qatarda biz gedirik,
Az gedirik,
üz gedirik,
dərə-təpə düz gedirik.
Bu şeirin məzmunu məlumdur, amma oxucunu cəlb eləyən şeirdəki alliterasiya düzümüdür, eyni samit səslərin sanki qatarın gedişinə uyğun kimi bir-birini təqib etməsi, nizamla baş alıb getməsidi. Yadıma böyük şairimiz Süleyman Rüstəmin "Çapayev" şeirindəki "ç"lar və Fikrət Qocanın "Qatar" şeirindəki "q"lar düşdü. Azərbaycan dilinin incəliklərini bilmədən bu cür ahəngdar, ritmik şeir yaratmaq mümkün ola bilərdimi? Onun bədii tərcümələrində də mümkün qədər Azərbaycan şeirinə məxsus gözəllikləri hiss etmək, duymaq olar. Şəhriyardan, Səhənddən, Nəbi Xəzridən, Məmməd Arazdan, Söhrab Tahirdən və onlarla digər Azərbaycan şairlərindən rus dilinə çevirdiyi poetik nümunələrlə tanış olmaq kifayətdir deyəsən, bizim şairlərimiz öz milli keyfiyyətlərini itirmir və tərcümədə yaxşı alınır. Onun tərcüməçilik fəaliyyəti çoxprofillidir. O, təkcə şeir, nəsr və publisistika əsərlərinin deyil, həm də bir çox elmi-nəzəri və ədəbi-tənqidi yazıların və monoqrafiyaların da tərcüməçisi olmuşdur.
Səyavuş Məmmədzadə Azərbaycan ədəbiyyatında tanınmış bir şəxsdir və arzulayırıq ki, bu tanınmış şəxs daha gözəl günlər, aylar, illər yaşasın. Son sözümüz onun bir şeirindən bu misralardır ki, onlar vətənpərvərlik duyğularını ifadə edir:
Bu aləmdə el dərdinə yanan var,
Babaları hörmət ilə
anan var,
Unutma ki, vətən adlı anan var,
Canın
öz vətənində,
Şanın öz vətənində,
Tanın öz vətənində.
Ədalət.-2015.-7 oktyabr.-S.3.