MUSİQİLİ GÖRÜŞ
Qəhrəmanı şuşalı və
Şuşa idi...
Avtobusda əyləşib Sumqayıta gedirəm. Yol boyu
artıq əzbərlədiyim nömrədən telefonuma bir
neçə dəfə zəng gəlir. Çox narahat
adam olan bu zənglərin sahibi
Sumqayıtın harasında avtobusdan düşəcəyimi,
hansı istiqamətə gedəcəyimi və yaxud hansı
nömrəli marşrut avtobusuna oturacağımı təkrar-təkrar
mənə izah edir. Açıq-aydın görünür
ki, görüşünə tələsdiyim bu adam qonağı üçün də
narahatlıq hissi keçirir. İstəmir ki,
havanın nisbətən isti olduğu indiki vaxtda əziyyət
çəksin. Və mən də onun bu
narahatçılıq duyğularını anlaya-anlaya
içimdə başqa şeylər düşünürəm.
Düşündüklərimin ipucunu mənə
çox dəyərli ziyalımız, Qarabağda
sözün bütöv mənasında bir ziyalı haqqı
olan Vasif Quliyevin dedikləri vermişdi. Yəni, Vasif
müəllim mənə yazılarından
tanıdığım, barəsində müəyyən
söhbətlər eşitdiyim Tahir Hacı Əzimin
özündən, yaradıcılığından, xüsusilə
muğamın hava, su qədər özünə hopdurub,
muğamla nəfəs aldığından
danışmışdı. Və
sözarası da demişdi ki, bugünlərdə Tahir müəllimin
yubileyi olacaq. İmkanın olsa onunla görüş...
Açığını deyim ki, Vasif müəllimi
yaxşı tanıdığımdan onun "imkanın
olsa" deməyi artıq mənə həm də bir
böyük qardaş tapşırığı idi. Necə deyərlər,
arifə bir işarə də bəs edir. Və
mən də son vaxtlar Şuşanın
sayılıb-seçilən insanları barəsində silsilə
yazılar yazdığımı, təbii ki, həmin
yazıların da Vasifdən qaynaqlandığını
bildiyimdən həvəslə bu işarəni də qəbul
etdim. Və Vasif Quliyev mənə bildirdi ki, telefonunu
Tahir müəllimə verəcəm, hara gedəcəyini o,
özü sənə deyər...
Hə, bu da Bakı- Sumqayıt avtobusu. Vağzalda
salonu tərk edəndə yol boyu mənimlə yanaşı əyləşmiş
cavan oğlandan Sumqayıtdakı məşhur "Pioner"ə
necə getməli olduğumu soruşuram. Gözləmədiyim
halda üz tutduğum oğlan sakit şəkildə deyir:
- Müəllim
mən də elə o tərəfə gedirəm - dedi.
Onunla yanaşı addımlayıram. O telefonda kiminləsə
danışır, mənsə siqaretimi tüstülədirəm.
Bu vaxt yenə telefonuma zəng gəlir. Tahir müəllimdi, bildirir ki, küçəyə
tərəf olan balkonda dayanıb gözləyir. "Pioner"in yaxınlığındakı
dayanacağa yaxınlaşanda başımı qaldırıb
yuxarı baxsam onu balkonda görəcəm. Dediyi kimi də edirəm. O balkonda dayanıb və
ona baxdığımı görəndə çox məmnun
bir halda əli ilə, - həyətə keçin, giriş
ordandı, - deyir...
Bu da görüşünə tələsdiyim Tahir
Hacı Əzim. İnanın ki, üz-gözündəki təbəssümə,
hərəkətlərindəki səmimiyyətə,
davranışına baxanda adam ona əlli
yaş verməyə də tərəddüd edir. Əsl ziyalılıq nümunəsi, əsl musiqi
adamı dayanıb qarşımda. Son dərəcə
sadə və son dərəcə də
çılğın. Elə qapının
ağzındaca - Rahat gələ bildinmi... əziyyət
olmadı ki... Bağışla, zəhmət
verdim. Keç içəri bir stəkan sərin su iç, sonra söhbət edərik... kimi
suallarla məni elə əhatə etdi ki, sanki yüz ildi
bir-birimizi tanıyırıq. Və həyatımda ilk dəfə
idi ki, ilk dəfə qonaq getdiyim ünvanda özümü ev adamı kimi hiss edirdim. Ona
görə də sərbəst şəkildə vanna
otağına keçib əl-üzümü sərin suyla
yudum. Tahir müəllimin təklif etdiyi və
özünün nübar üzümdən sıxıb
hazırladığı buz kimi şirədən (yeriniz məlum!
- Ə.M.) içib,
divanda əyləşdim. Artıq rahatlandığımı
hiss edən Tahir müəllim:
-Sən bir
az dincəl, mən çayın
altını da yandırım, biz söhbət edənə
kimi isti qalsın, - dedi.
Təbii ki, mən evə göz gəzdirdim və onun
dediklərindən bir balaca təəccübləndiyimi gizlədə
bilmədim.
Bu dəfə də özü məni qabaqladı:
-Uşaqlar,
yəni, oğlum Anar və qızım Nurlanə ailəlidilər.
Yoldaşım Cəmilə xanım bizə mane
olmamaq üçün gərək olanları
hazırlayıb Bakıya qızımgilə gedib, nəvələrini
görməyə. Özüm belə istədim.
İki qarabağlı oturub söhbətləşək və
sənə söz verdiyim muğamları da tarda sənin
üçün ifa edim...
Hə, artıq hər şey mənə məlum oldu. Tahir müəllim
həqiqətən bir musiqili görüş süprizi
hazırlamışdı. Otaqdakı
pianinodan tutmuş, tar, saz, eləcə də küncdəki
yaraşıqlı dolabın üstündəki valları səsləndirən
qammafon... divardakı musiqimizin qibləsi olan dahi şəxslərin
fotoları... hə, burda hər şey, elə bu otağın
özü musiqi demək idi.
KİÇİK ARAYIŞ
Tahir
Şamil oğlu Əzimov 1940-cı il
oktyabr ayının 7-də bu gün həsrətlə
adını dilimizə gətirəndə dodaqlarımız
çat-çat olan Şuşada dünyaya gəlib. İstər atası Şamil kişinin, istər
anası Sudabə xanımın nəsil şəcərəsi
çox böyük bir tarixi özündə əks etdirir.
Hətta bu qan, nəsil qohumluğundan yəni Firudin bəy
Köçərli, Fikrət Əmirov, Şükür bəy
Köçərli və digər ünlü simalardan Tahir
müəllim böyük fəxarət hissi ilə
danışır və bildirir ki, babam Əfrasiyab Hacı
Əzim oğlu öz adını tarixə həkk etmiş
simalardandı. Sübut üçün təkcə
Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə
Şuşada erməni-müsəlman davası" kitabına
baxmaq kifayətdi. Burada Əfrasiyab Hacı
Əzim oğlu əsl xalq qəhrəmanı kimi təqdim
olunub, eləcə də, Pənahi Makulunun "Səttərxan"
romanında Əzimzadə kimi təqdim olunan həmin şəxs
Tahir müəllimin babasıdır. Ümumiyyətlə,
Tahir müəllimin Azərbaycan tarixində, xüsusilə
aydınlar tarixində çox sayılıb-seçilən və
artıq tarixləşən doğmaları olub və bu
gün də var. Yeri gəlmişkən onu da əlavə edim
ki, Tahir müəllimin həyat yolu da məhz Azərbaycanın
çox böyük şəxsiyyətlərinin yolu ilə kəsişib
və bəzən də onlarla paralelləşib, yəni
çiyin-çiyinə işləyiblər...
Bəli, Şuşada oktyabr ayının 7-də dünyaya
gələn Tahir adlı bu oğlanın elə kiçik
yaşlarından qeyri-adiliyi ilə, xüsusilə hər səsə,
hər ritmə yaşından böyük bir anlayışla
yanaşması doğmalarının diqqətindən
yayınmırdı. Hətta yaşıdları ilə birlikdə
Şuşanın müxtəlif məhəllələrini
dolaşanda, Üçmıxda qoyun otaranda onun tütəkdə
çaldığı havalar hamını ayaq saxlamağa məcbur
edirdi. Hətta bir dəfə
qarğıdan düzəltdiyi tütəklə ifa etdiyi həzin
"Çoban Bayatı" elə bil ki, yaşıl otlara
hücum çəkmiş qoyun-quzunun da sakitcə dayanıb
onu dinləməsinə və bunu kənardan seyr edənlərin
heyranlığına, təəcübünə səbəb
olmuşdu. Onun barmaqlarında, nəfəsində
daşı da dindirmək, quşları da ram etmək
möcüzəsi var idi. Artıq hamı
bilirdi ki, bu, əl boyda uşaq mütləq həyatda nəyəsə
nail olacaq, tay-tuşlarından önə keçəcək.
Heç də təsadüfi deyildi ki, iki
oğul, bir qız payı olan bu evdə hər gün musiqi səslənirdi.
Bacısı Sara xanım da, qardaşı
Tariyel müəllim də musiqini duyur, qardaşı tütəyi
dilləndirəndə yaxud tarı əlinə götürəndə
onlar da müxtəlif alətlərdə bir üçlük
yaradırdılar. Doğrudu, illər
ötəndən sonra Tariyel müəllim riyaziyyatçı
alim kimi, Sara xanım geoloq kimi özlərini təsdiq etdilər
və bu gün də öz elmi yaradıcılıqları ilə
məşğuldular. Ancaq Tahir müəllim on beş yaşında olanda Bakıya gəlib Asəf
Zeynallı adına Musiqi Texnikumuna daxil oldu. O, Şuşada ilk
musiqi təhsilini alsa da və bu gün də adını
hörmətlə xatırladığı Əlikram
Hüseynovun pedaqoq kimi ona aşıladıqlarını həyatının
ilk musiqi uğuru saysa da, onu da etiraf edir ki, musiqi
dünyasına açılan qapı 1955-ci ilə təsadüf
edir və onu da əlavə edir ki, artıq 18 yaşım
olanda müəllimim Əlağa Quliyev məni
özünün çalışdığı Dövlət
Opera Simfonik Orkestrində işə qəbul olunmağım
üçün köməklik göstərmiş və mən
ilk dəfə olaraq orkestrdə ikinci tarçalan kimi müəllimimlə
yanaşı əyləşib Azərbaycanın ən
böyük ifaçılarını müşaiyət
etmişəm. Moskvada Azərbaycan günlərində
Xalq artistləri Əbülfət Əliyev və Sara Qədimovanı,
unudulmaz Bakir Haşımovu və Rübabə Muradovanı
müşaiyət etmişəm. Böyük Niyazinin
drijorluğu ilə orkestrin ikinci tarçalanı kimi
tamaşaçı qarşısına
çıxmışam və elə bu məqamda səsi bir az titrəyən Tahir müəllim masanın
üstündəki nəfis tərtibatlı bir kitabı mənə
göstərib "Musiqi... Poeziya..." xatirələr,
məqalələr, şərhlər kitabını mənə
göstərir.
-Burda
hamısını yazmışam. Birini sənə
bağışlayacam. Oxuyanda görəcəksən...
Anlayıram
nə demək istədiyini və etiraf edim ki, Bakıya
qayıdanda böyük maraqla Tahir müəllimin Niyazi və
Xan əmi barəsindəki xatirələrini, Fikrət
Əmirov barəsindəki kövrək və səmimi fikirlərini,
eləcə də Azərbaycan muğamları, musiqisi barədəki
qeydlərini, xüsusilə "Yetim segah " və
"Sarı gəlin"lə bağlı inkaredilməz
faktlara söykənən elmi düşüncələrini
oxuyanda qarşımdakı Tahir müəllimin təkcə
insanlığı, ziyalılığı deyil, həm də
şuşalılığı, əsl qarabağlı yanaşması
əlçatmaz oldu. Bir daha gördüm ki, Tahir Hacı
Əzim həqiqətən musiqi fədaisidi, Qarabağ
vurğunudu, Şuşa pərvanəsidi.
DAHA BİR ARAYIŞ
Asəf Zeynallı adına Musiqi Texnikumunu müvəffəqiyyətlə bitirən Tahir müəllim işləyə-işləyə sənədlərini Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasına təqdim etdi və 1958-60-cı illərdə Opera və Balet teatrında, 1962-64-cü illərdə 1 saylı Bakı Musiqi Məktəbində işləməsinə baxmayaraq o, musiqi savadını artırmaq istəyindən geri çəkilmədi. Maraqlıdı ki, təhsilini başa vurandan sonra, 1965-67-ci illərdə Ağdamda və Şəkidə musiqi nəzəriyyəsindən dərs deyən Tahir müəllim 1967-ci ildə Sumqayıt Musiqi məktəbinə dəvət olunur. Elə həmin ildən də bu musiqi fədaisi ömrünü Sumqayıta bağlayır. Pedaqoq kimi bütün fəaliyyəti həmişə nümunə sayılan Tahir Şamil oğlu vəzifə pillələrini də keçib. Təqaüdə çıxanda o, texnikumun direktoru idi. Amma daşıdığı vəzifələrdən daha çox, o, musiqi araşdırmalarına, musiqini təbliğ etməyə daha çox vaxt və enerji sərf etməyi özünə həyat qayəsi seçmişdi. Elə bu gün də elədi.
- 75 yaşımın tamam olmasına bir neçə gün qalmasına baxmayaraq mən bir gün də olsun musiqidən uzaq dura bilmirəm. Radio dalğalarında, telekanallarda musiqini, musiqili verilişləri izləyirəm. Yanlışlıqları, təhrifləri eşidəndə, görəndə dözə bilmirəm. Dərhal telefona əl atıb musiqi bilicilərinə, redaksiyalara zəng vururam. Gah xahiş, gah tələb edirəm ki, ən böyük sərvətimiz olan musiqimizlə oynamasınlar, zarafat etməsinlər, kiçiltməsinlər, nəyi bacarırlarsa onu ifa etsinlər və bir də bilmədiklərini biləndən soruşsunlar. Axı Cabbarın, Xanın, Sadıxcanın, Qurbanın səsi, barmağı bu gün də diridi, yaşayır, onu neçə korlamaq olar? Ona necə qıyırlar, ona necə risq edirlər? Təsəvvür edin ki, Mirzə Mansurun çaldığı muğamın yanından ötüb keçməyə qabiliyyəti olmayanlar efirdə kiçik bir etüd səsləndirib guya muğam çaldıqlarını iddia edirlər və yaxud "Yatim segah"ın adını dəyişib, onu "Xaric segah" kimi təqdim edirlər. Mən başa düşə bilmirəm, yetim sözü bunları niyə qorxudur? Axı "Yetim segah"ın bir adı da elə "Mirzə Hüseyn" segahıdı.
Əgər "Yetim"dən qorxurlarsa, "Mirzə Hüseyn" desinlər. Digər tərəfdən, böyük Əfrasiyab Bədəlbəylinin kitabında da yazılıb ki, mayəsi "Sİ" olan "Xaric segah"ın adı "Yetim segah"dı. Və nəhayət, musiqisevərlərin "Segah İslam" kimi tanıdığı İslam Abdullayev məhz "Yetim segah"ın möhürünü vurub. Üstəlik, musiqiçilər bilirlər ki, "Segah" muğamının Azərbaycanda çox geniş yayılan üç növü var. Yəni, "Segah" və ya "Yetim segah", ikinci "Orta segah" və ya "Zabul segah", üçüncü "Mirzə Hüseyn segahı".
Bax bütün bu növlər Azərbaycanın musiqi bilicilərinin, xüsusilə ünlü bəstəkarlarının yaradıcılığında birmənalı şəkildə qorunmuş və yaşadılmaqdadır, o cümlədən dahi Üzeyirin "Leyli və Məcunun"unda.
Söhbət əsanasında Tahir müəllim müsiqimizin dünəni, bugünü barəsində həm ürək dolusu, həm də müəyyən narazılıqlarını açıq şəkildə büruzə verməklə münasibət bildirirdi. Mənim üçün ən maraqlısı o idi ki, Tahir müəllim musiqiçi olduğu ilə daxilən qürrələnir, fəxr edirdi. Çünki o, təkcə musiqini bilən yox, həm də onu yaşadan aydınlarımızdan biridi. Üstəlik, həyatda Azərbaycanın bir-birindən dəyərli musiqiçiləri, xanəndələri, bəstəkarları ilə şəxsi təması, yoldaşlığı, dostluğu olub və davam edir. İstər Süleyman Ələsgərovun, istər Fikrət Əmirovun, maestro Niyazinin, Bülbülün, Rəşid Behbudovun, Arif Babayevin, İslam Rzayevin, Sara Qədimovanın, Əbülfət Əliyevin, Şövkət Ələkbərovanın və daha kimlərin onun yaddaşında xatirəsi, izi yoxdur ki...
Burda mən bir məqamı da əlavə edim ki, 75 yaşını qeyd edən təcrübəli pedaqoq, musiqişünas, publisist Tahir Hacı Əzimin tələbələri də bu gün Azərbaycan musiqisinə yeni nəfəslər gətirməkdədilər. Onların arasında tarzən Malik Mansurov və Elşən Həşimov, Əbdül Həşimov, Yaşar Məmmədov, Vaqif Hacıyev, Salman Baxşıyev, bəstəkarlar Cavanşir Quliyev, Ceyhun Allahverdiyev, aşıq Ulduz xanım və başqalarının adını xüsusi vurğulamaq yerinə düşər.
Bəli, arxada 75 il qalır. Mənalı, şərəfli yaşanmış 75 il. Bu illərin səhifələrində Tahiq müəllim üçün iki ən ağrılı məqam var. Onlardan biri atası Şamilin Böyük Vətən Müharibəsində həlak olmasıdı. Bu gün də yaddaşına yazılmış bir faktı mənə kövrələ-kövrələ danışdı. Dedi ki, bir dəfə yəni, 1975-ci ildə Qələbənin 30 illiyi ilə bağlı keçirilənn görüşdə müharibə veteranı Cənnət Səlimova xatirələrini danışanda bildirdi ki, biz Kerç şəhərində döyüşçülərlə görüşə gedəndə bizi aparan hərbi maşını sürən şuşalı Şamil adlı bir qarayanız oğlan idi. O, bizi düşmənin atdığı bombaların altından məharətlə çıxardı. Amma sonra öyrəndim ki, həmin əsgər qəhrəmancasına həlak olub. Görüşdən sonra mən Cənnət Səlimovaya yaxınlaşıb həmin əsgər barəsində bəzi şeyləri soruşdum. O, mənim kimliyimi biləndə sadəcə məni qucaqlayıb hönkürdü...
Bəli, Tahir müəllimin 75 illik ömür yolunun ikinci ağrılı məqamı da 1992-ci il may ayının 7-dən sonra Şuşaya gedə bilməməsidi. Axı insan yaşlaşdıqca doğulduğu torpaq onu daha çox çəkir. Bunu Tahir müəllim özünəməxsus şəkildə dedi. Amma mən lap əvvəldən öz istəklərimdən çıxış edərək anlamışdım ki, Şuşa havasıyla, Şuşa şövqüylə yaşayan bu musiqi fədaisi Şuşasız qala bilmir.
P.S. 75 yaşını sakit şəkildə qeyd edən Tahir müəllim bizim söhbətimizi həqiqətən musiqili etdi. O, tarı sinəsinə sıxıb, öncə Sadıxcanın, sonra Qurban Pirimovun, daha sonra Mirzə Mənsur və digər böyük sənət korifeylərinin ruhuna dua oxudu və mənim üçün əsl "Yetim segah" çaldı. Mən ilk dəfə barəsində sənət bilicilərindən eşitdiyim mükəmməl bir "Yetim segah" dinlədim. Necə haldan-hala düşdüyümü hiss edən Tahir müəllim bir anlıq susdu. Deyəsən o da mənimlə birlikdə Şuşaya getmişdi. Susduq, Şuşanı gəzdik və üzü geri qayıdanda bu dəfə Tahir müəllim məni "Rast"a köklədi. Elə bil bu muğamla, yolumuz rast olsun! - deyirdi. Mən belə düşündüm, onu deyə bilmərəm.
Ayrılanda ona 75 yaşınız mübarək olsun, deməyi unutdum. Bunu o, ifasıyla mənə unutdurdu. Amma indi tam səmimiyyətimlə onun ifasının, ziyalılığının pərəstişkarı kimi deyirəm:
75 yaşınız mübarək, Tahir müəllim!
Hələlik, Şuşada görüşənədək...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-7 oktyabr.-S.4.