Fundamental tədqiqat
Musa Xanbabazadə,
filoloq-ədəbiyyatşünas, AJB-nin üzvü
Sonet janrı haqqında ilk bəsit məlumatı mən rəhmətlik dil-ədəbiyyat müəllimim Gülağa Paşayevdən almışam. Bu, ötən əsrin 50-ci
illərinin sonralarına təsadüf edir. O zaman mən orta məktəbin
IX sinfində oxuyurdum. Humanitar fənlərə,
xüsusən ədəbiyyata xüsusi marağımla
seçilirdim. Həm Azərbaycan, həm də dünya
ədəbiyyatının klassik nümayəndələrini
acgözlüklə, demək olar ki, birnəfəsə
mütaliə edirdim.
O zamanlar
IX sinifdə ingilis dramaturqu V. Şekspirin həyat və
yaradıcılığı, xüsusən "Hamlet"
faciəsi tədris olunurdu. Rəhmətlik
Gülağa müəllim Şekspiri bizə, əsasən,
dramaturq kimi təqdim edir, bu böyük sənətkarın
tarixi xronikalarından, faciələrindən xüsusi ilham və
məhəbbətlə söz açırdı. Və qeyd edirdi ki, Şekspir həm də
böyük şairdir, şeirlərinin çoxunu da sonet janrında
yazıb.
Rəhmətlik
Gülağa müəllim sonet haqqında təxminən
aşağıdakıları bizə
çatdırırdı: sonet lirik şerin janrıdır. XIII əsrdə İtaliyada meydana
çıxmışdır. İlk
yaradıcılarından biri Dantedir. Sonetin
sonrakı inkişafı Petrarkanın adı ilə
bağlıdır. Sonralar sonetin
"dünya səyahəti" başlayır. XVI əsrin ikinci yarısında ingilis ədəbiyyatında
vətəndaşlıq hüququ qazanır ki, bu,
böyük Şekspirin adı ilə bağlıdır.
BDU-da oxuduğum illərdə də (1963-1970) sonet
janrı barədə hörmətli müəllimlərimdən
yeni məlumatlar ala bilmədim. Bu, əlbəttə,
sonet janrının ədəbiyyatşünaslıq elmimizdə,
demək olar ki, tədqiq olunmaması ilə bağlı idi.
Azərbaycan ədəbiyyatşünaslığında
sonet janrının mənşəyi, tarixi, tipologiyası və
poetik problemləri ilə ardıcıl məşğul olan
alimlərimizdən biri ELŞAD SƏFƏRLİdir. Cənub
bölgəsində-Lənkəranda yaşayır-yaradır
Elşad Səfərli. Lənkəran
Dövlət Universitetinin dosentidir, filologiya üzrə fəlsəfə
doktorudur. Əllidən artıq elmi məqalənin,
üç dərs proqramının (2010), "Mikayıl
Müşfiq yaradıcılığında sonet
janrı" (2011) metodik vəsaitinin, "Sabir Rüstəmxanlının
fərdi yaradıcılıq üslubu" (2003), "Azərbaycan
sonetinin poetik xüsusiyyətləri" (2014), "Sonet
janrı və Azərbaycan soneti" (2014)
monoqrafiyalarının və habelə on şeir
kitabının müəllifidir Elşad Səfərli.
Qaynar
yaradıcılıq mühiti-ovqatı uzaq bir bölgədə
yaşayan, məişət qayğıları bolluğunda
itib-batan, fəqət gərgin elmi axtarışlardan
yorulmayan, uğurlu poetik yaradıcılıqdan usanmayan,
neçə-neçə şeir toplusu ilə oxucuları
sevindirən, universitet auditoriyalarında yüksək səviyyəli
mühazirələr oxuyan və bütün bunların
hamısını öz ürəyində-beynində
yaşadan, arıq-sısqa çiyinlərində gəzdirən
cəfakeş-əzabkeş bir alimin - Elşad Səfərlinin
fil dözümünə, dəvə iradəsinə-səbrinə,
bitməz-tükənməz mənəvi-daxili enerjisinə
heyrətlənməyə bilmirsən və inanırsan ki, bu
boyda nəhəng yaradıcılıq işlərini o kəs
görə bilər ki, o, həqiqətən, sutkada kəl
kimi 24 saat (Jul Renar) işləyir. Elşad Səfərli
məhz sutkada kəl kimi işləyən o cür azman
yaradıcılardandır.
Azərbaycan ədəbiyyatşünaslığında
sonetin müstəqil janr kimi elmi-tənqidi mövqedən tədqiqi,
yaranma tarixi, poetikası, janr xüsusiyyətləri, ideya-məzmun,
forma-struktur xüsusiyyətləri daha çox müstəqillik
dövrünə təsadüf edir. Azərbaycan alimlərindən
İsa Həbibbəyli, Hüseyn Həşimli, Seyfulla Əsədullayev,
Təhsin Mütəllimov, Zeydulla Ağayev... həm Azərbaycan,
həm də Avropa ədəbiyyatlarında sonetin inkişaf
yollarını, təşəkkül mərhələlərini,
poetik xüsusiyyətlərini həqiqi alim cəsarəti ilə
inadla-inamla tədqiq etmiş, dünya və Azərbaycan
sonetistikasını dəyərli nəzəri mülahizə
və fikirləri ilə xeyli zənginləşdirmişlər.
Elşad Səfərlinin "SONET JANRI və
AZƏRBAYCAN SONETİ" ("Elm və təhsil" nəşriyyatı,
Bakı-2014) monoqrafiyası Azərbaycan
sonetşünaslığında irəliyə doğru
atılmış uğurlu bir addımdır. Monoqrafiya
"Giriş"dən, dörd fəsildən, hər fəsil
isə üç yarımfəsildən ibarətdir.
Monoqrafiya
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin
qısa-lakonik, lakin elmi sanbalı və çəkisi yüksək
ön sözü ilə açılır. Hörmətli
professor "Sonet janrı: tarix, tipologiya və poetik problemləri"
adlandırdığı ön sözdə Elşad Səfərlinin
monoqrafiyasını "bütövlükdə Azərbaycan
sonetşünaslığında, ümumən
poeziyamızın tədqiqi işinə layiqli töhfə"
(səh. 7) adlandırır və belə bir haqlı elmi qənaəti
oxucularla bölüşür ki, "Sonet janrı və Azərbaycan
soneti" monoqrafiyası özünün elmi əhatəsi, səviyyəsi,
konseptuallığı ilə razılıq doğurur,
yüksək elmi təəssürat yaradır" (səh. 9)
Fərasətli,
həssas oxucu ön sözdən onu da hiss edir ki, hörmətli
professor bu günə qədər üzünü görmədiyi,
üzbəsurət söhbətləşmədiyi alim dostu
Elşad Səfərlinin elmi uğurlarına ürəkdən
sevinir, dostunun həm şəxsiyyətinə, həm də
elmi və bədii yaradıcılığına sonsuz
hörmət, məhəbbət və sayğı ilə
yanaşır. Bu, Hüseyn müəllimin
böyük ürək, təmiz əxlaq və yüksək
mənəviyyat sahibliyindən xəbər verir.
Elşad Səfərlinin "Sonet janırı və Azərbaycan
soneti" monoqrafiyasının ilk fəsli "SONET JANRI"
adlanır.
Alim bu fəslin özünü də üç yarım fəslə
bölür: a) "Sonet Şərq-Qərb kontekstində;"
b) "Azərbaycan ədəbiyyatşünaslığında
sonetin tədqiqi;" c) "Avropa soneti təcrübəsinə
qısa bir baxış və sonet poetikasının bəzi nəzəri
məsələləri".
Elşad
Səfərli "Sonet Şərq-Qərb kontekstində"
bölümündə Şərqin qəzəl janrı ilə
Qərbin sonet janrı arasında müqayisəli paralellər
aparır, özündən əvvəl bu sahəni tədqiq
edən alimlərin elmi fikirlərini ümumiləşdirir və
aşağıdakı elmi nəticələri ortalığa
qoyur: həm qəzəl, həm də sonet lirik növün
digər janrlarına nisbətən poeziyada hökmran
mövqeli olub; hər iki janr formaca kiçik olmasına
baxmayaraq, məzmunca böyük poemaları əvəz edə
biləcək qüdrətdədir; hər iki janr forma
baxımından müəyyən eynilik təşkil edir, yəni
həcmcə hər iki janr sayca heç də çox olmayan
beytlərdən ibarətdir; lakoniklik, yığcamlıq hər
iki janrın xüsusiyyətidir və bu lakoniklik məkanca dar
formada böyük bir mündəricəni özündə
ehtiva edir; hər iki janrda mövzu vəhdəti prinsipi
gözlənilir; hər iki janr obrazlı düşüncənin
məhsulu, ideyaca yüksək etik-estetik, ictimai-siyasi fikirlərin
ifadəsidir; hər iki janrda düşüncə-təfəkkür
stereotiplərinin yaxınlığı özünü
göstərir; həm Şərq, həm də Qərbdə
mövcud ənənəyə görə, qəzəl və
sonet yazmayan sənətkar nə qədər qüdrətli
olsa belə, böyük şair kimi qəbul edilmirdi,
çünki həm qəzəl, həm də sonet "şairin
qüdrətini, nazimin şöhrətini artıran" (Məhəmməd
Füzuli) poetik vasitə idi; hər iki janrın həcmcə
kiçikliyi heç də onların poetik ifadə məhdudluğuna
dəlalət etmir, əksinə, əsl qəzəlçilər
və sonetçilər bu kiçik arealda özlərini daha
rahat hiss etmişlər.
Elşad Səfərli yuxarıda adını çəkdiyim
fəsildə ədəbiyyatşünaslıqda haqqında bu
və ya digər janrların kontaminasiyası
anlayışına münasibətdə də orıjinal
fikirlər ortalığa qoyur və janrların
kontaminasiyası nəzəriyyəsini özünün elmi
müddəaları ilə xeyli zənginləşdirir.
KONTAMİNASİYA yaradıcılıq üsludur. İlk
yaradıcısı antik dövrün böyük Roma
dramaturqu Qney Nevidir. O, iki və ya üç yunan pyesi əsasında
yeni bir orıjinal pyes yaradırdı ki, bu, kontaminasiya
adlanır. Belə bir üsuldan sonralar Roma
dramaturqlarından Fitt Makk Plavt, Publi Terensi və
başqaları da istifadə etmişlər.
Dünya ədəbiyyatı təcrübəsi göstərir
ki, kontaminasiya yalnız dramatik janrlar çərçivəsi
ilə məhdudlaşmır. Bu faktor, eyni zamanda,
Şərq və Qərb mənşəli müxtəlif
şeir şəkillərinin ədəbi təcrübəsində
də özünü göstərir. Lakin
bu üsul daha çox sonet və qəzəlin
kontaminasiyasında öz bariz nümunəsini təsdiqləyir.Çünki
"dünya şöhrəti qazanmasında, özünə
qarşı xüsusi münasibət tələb etməsi,
mühafizəkar poetik kanonlara malik xüsusiyyətlərinə
görə qəzəllə müqayisəyə yalnız
Avropa soneti gəlir. Bəlkə də, bu
xüsusiyyətlərinə görə sonetə "Avropa qəzəli"
deyilir." (səh. 21)
Lirik şeir şəkillərində kontaminasiya tətbiqi
o zaman baş verir ki, bu janrın çərçivə
elementləri, forma və qafiyə xüsusiyyətləri digər
bir janrın forma və qafiyələri ilə üst-üstə
düşür və nəticədə "iki janrın məzmun
xüsusiyyətlərindən tamamlanmış yeni fikir meydana
gəlir və belədə, transformasiya hadisəsi
kontaminasiyanın bir forması kimi şərtlənir." (səh. 21)
Ədəbiyyatımızda Avropa mənşəli
janrlardan istifadə XIX əsrdən başlayır. Belə ki,
komediya, dram, povest janrlarından ilk istifadəçi M.F.
Axundzadədirsə, faciə janrından ilk istifadəçi
isə N.Vəzirovdur. Həmin janrlarda
yazılmış əsərlərin yaranma tarixi müvafiq
olaraq 1850, 1857, 1896-cı illərdir. Bu tarixi
ardıcıllığa əsaslansaq, belə aydın olur ədəbiyyatımızda
ilk komediya "Hekayəti-Molla İbrahimxəlil kimyagər"dir
(1850), ilk dram "Xırs quldurbasan"dır (1850), ilk povest
"Adlanmış kəvakib"dir (1857), ilk faciə
"Müsibəti-Fəxrəddin"dir (1896).
Sonet janrının Azərbaycan ədəbiyyatına gəlişi
XX əsrin əvvələrinə təsadüf edir. Bu janra Azərbaycan
şairlərinin marağı "ilk növbədə,
türk və rus poeziyası vasitəsilə mümkün
olmuşdur" (səh. 38) Çünki ötən əsrin
ilk onilliklərində Azərbaycan ədəbi mühiti daha
çox türk və rus ədəbiyyatlarından
qaynaqlanırdı. Hər iki ədəbiyyatın
görkəmli nümayəndələri (T.Fikrət,
Ə.Hamid, R.Tofiq, M.Əmin, M.V.Lomonosov, A.P.Sumarokov, Q.P.Derjavin,
A.A.Delviq, M.A.Voloşin, İ.A.Bunin...) mövcud sonet ənənələrindən
faydalanmış və bu janrda parlaq poetik örnəklərini
yaratmışlar. H.Cavid, M.Müşfiq, A.Səhhət,
A.Şaiq, Ə.Kamal, S.Səlmasi, Ə.Səbur, heç
şübhəsiz, bu ustad şairlərin sonet
yaradıcılığına baş vurmuş, bu janrın
forma-məzmun, ideya-estetik, qafiyə-struktur xüsusiyyətlərini
dərindən öyrənmiş və nəhayət, qələmlərini
bu janrda uğurla sınamışlar.
Azərbaycan ədəbiyyatında sonet janrında ilk
addımı hansı sənətkar atmışdır? Bu sual təkcə
Azərbaycan ədəbiyyatşünaslarını deyil, həmçinin
bir çox yazıçı və şairləri də
düşündürmüş və onlar bu haqda öz fikir
və mülahizələrini ədəbi içtimaiyyətə
çatdırmışlar. Azərbaycan
şairlərindən B.Vahabzadə, T.Mütəllimov, A.Azərtürk
belə fikirdədirlər ki, sonetin Azərbaycan ədəbiyyatında
ilk yaradıcısı Adil Babayevdir. Lakin
akademik İsa Həbibbəyli sonet janrına dair tədqiqatlarında
göstərir ki, Azərbaycan sonetinin ilk yaradıcısı
Adil Babayev deyildir. Akademik faktlarla sübuta
yetirir ki, ədəbiyyat tariximizdə sonetin yaranma tarixi
şair Əhməd Kamalın adı ilə
bağlıdır.
Filologiya elmləri doktorları, professorlar Seyfulla Əsədullayev
və Zeydulla Ağayev isə öz tədqiqlərində
göstərirlər ki, Azərbaycan poeziyasında sonet
janrına müraciət edən ilk şairimiz Mikayıl
Müşfiq olmuşdur.
(ardı var)
Ədalət.-2015.-8 oktyabr.-S.3.