Fundamental tədqiqat
Musa Xanbabazadə,
filoloq-ədəbiyyatşünas,
AJB-nin üzvü
(əvvəli
ötən sayımızda)
Elşad
Səfərli öz monoqrafiyasında opponentlərinin
mövcud fikirlərinə hörmətlə yanaşsa da, nə
Əhməd Kamalı, nə Mikayıl Müşfiqi, nə də
Adil Babayevi sonet janrının ilk yaradıcısı hesab
etmir. Tutarlı-inandırıcı faktlara, məntiqi
mühakimələrə söykənən alim yazır:
"Azərbaycan poeziyasında sonetə ilk dəfə
müraciət edən... Səid Səlmasi
olmuşdur. Lakin Əhməd Kamal Osmanlı və burada
müvəqqəti yaşadığı, Səid Səlmasi
isə Azərbaycan türkü olduğu üçün Azərbaycan
poeziyasında ilkin sonet nümunələrinin S.Səlmasiyə
aid olması təsdiqini tapmış faktdır". (səh.
53)
Elşad
Səfərli monoqrafiyanın II fəslində ("Azərbaycan
soneti") Azərbaycan sonetinin təşəkkül mərhələsini
(1907-1930-cu illəri), bu mərhələnin S.Səlmasi,
H.Cavid, A.Şaiq, Ə.Səbur kimi əsas nümayəndələrini,
onların sonet yaradıcılığında əldə
etdikləri poetik uğurları araşdırma müstəvisinə
çəkir və hər birinin məxsusi xidmətlərini
həqiqi alim qədirşünaslığı ilə təqdir
edir və yüksək qiymətləndirir": Onlar (S.Səlmasi,
H.Cavid, A.Şaiq, Ə.Səbur) ilk dəfə olaraq bu janra marağın
artmasını təmin etdilər və... Azərbaycan soneti məhz
onların yaratmış olduğu ədəbi ənənə
üzərində özünün sonrakı mərhələsində
yeni inkişaf fazasına qədəm qoymuşdur" (səh.134)
Monoqrafiyanın yuxarıda adını çəkdiyim fəslindən
məlum olur ki, Azərbaycan sonetində 1920-1950-ci illər
xüsusi bir mərhələdir ki, bu mərhələ daha
çox iki qüdrətli şairimizin- Mikayıl
Müşfiq və Əliağa Kürçaylının
adı ilə sıx bağlıdır. Məhz buna
görə də Elşad Səfərli həmin fəslin
ikinci yarımfəslini "M.Müşfiq Azərbaycan
sonetinin 1920-1950-ci illər mərhələsinin ən görkəmli
nümayəndəsi kimi" adlandırırsa,
üçüncü yarımfəslini isə
"Ə.Kürçaylının sonet
yaradıcılığı" adlandırır.
Ədəbiyyat tarixindən məlumdur ki, M.Müşfiq
yaradıcılığı 1926-1937-ci illərlə
hüdudlanır. Bu on bir ildə M.Müşfiq bizə zəngin ədəbi
irs qoyub-getmişdir. Bu ədəbi
irsdə Müşfiqin sonetləri özünəməxsusluğu
ilə seçilir. Elşad Səfərli tədqiqatında
Müşfiq sonetlərinin sayı 14 (on dörd) göstərilir
və şairin bu sonetləri 1926-1937-ci illər arasında
fasilələrlə yazdığı təsdiqlənir (şəh.136)
M.Müşfiqin ilk soneti "Bir gün"dürsə
(1926), son soneti "Çağlayan"dır (1937). "Bir
gün" Müşfiqin ilk mətbu əsəri kimi ədəbiyyat
tarixinə düşmüşdür. Belədə
şairin ilk mətbu əsərinin sonet janrında
yazılmısı kimi maraqlı bir faktla qarşılaşmalı
oluruq" (səh.136). Lakin "Bir gün"şeri,,... struktur, qafiyə sistemi
baxımından janrın klassik kanonik tələblərini
ödəmir. Şerin abab/cbcb/dde/egg qafiyə
modeli də sonet poetikası üçün qəbuledilməzdir"
(səh.137).M.Müşfiqin sonuncu "Çağlayan"
sonetinin qafiyə quruluşu ingilis sonetinin çarpaz qafiyə
tipinə uyğundur, yəni oktavada-abab/cdcd, sekstetdə,
birinci tersetdə isə gfg qafiyə şəklindədir"
(səh.143).
Elşad Səfərli M.Müşfiqin
"Gülüşlər" (1928) soneti haqqında
danışarkən qeyd edir ki, bu sonet Azərbaycan
poeziyasında ilk dəfə tətbiq edilən mükəmməl
kontaminasiya hadisəsidir və bu, Müşfiqin sonetdə
yenilik axtarışlarının səmərəli bəhrəsidir. Bu sonetlə
Müşfiq ilk dəfə bizim poeziyamızda sonet çərçivəsində
rübai şeir şəklinin qafiyə xüsusiyyətlərinin
sintezinə, tətbiqinə nail olmuşdur. Beləliklə, Müşfiq "sonet-rubai şeir
tipinin kontaminasiya sayəsində poeziyamızda ilk nümunəsini
də uğurla yarada bilmişdir" (səh. 161). Bu, Elşad Səfərlinin fikirincə,
Müşfiqin "poetik hünəridir və Avropa mənşəli
sonetin Azərbaycan tipidir (səh. 162).
Elşad
Səfərli M.Müşfiq sonetlərinin qafiyə modellərini
təsnifləşdirməyi də unutmur, o, qeyd edir ki,
Müşfiq sonetlərinin qafiyə modellərinə nəzər
yetirdikdə, oktavada yalnız dörd cür qafiyə prinsipindən:I. abab/cbcb- çarpaz (açıq);
II. abab/cdcd-çarpaz açıq; III. aaba/ccdc (rübai qafiyə sisteminə
uyğun); IV. abab/cddc-dairəvi (qapalı)
sistemində istifadə edildiyi diqqəti cəlb edir. Birinci
sxemdən 1 sonetdə, ikinci sxemdən 11 sonetdə, qalan 2
sonetdə isə sxemlərin hərəsindən 1 dəfə
istifadə edilmişdir. Deməli, Müşfiq
sonetlərin katrenlərində daha çox çarpaz
(açıq) qafiyə sisteminə üstünlük
vermişdir. Şair 14 sonetin tersetlərində dörd
cür qafiyə modelindən-dde/egg;eff/egg;eff/ggf
və efe/gfg şəkilindən istifadə etmişdir (səh.
158).
Elşad Səfərli Müşfiq sonetlərini
araşdırarkən müəyyənləşdirir ki,
Müşfiq sonetlərinin ölçüləri də
müxtəlifdir. Belə ki, "Bir də baxsan", "Mənim
eşqim" sonetləri qarışıq
ölçülüdür, yəni 10 və 11
hecalıdır. "Üsyana başla" sonetində
yalnız birinci katrendə hecaların sayında müxtəliflik
var. 1,2 və 4-cu misralar 12, 3-cü misra isə
13 hecalıdır. Qalan katren və tersetlərdə
hecaların sayı eynidir, yəni 13-dür.
Yerdə
qalan sonetlərin 7-si 11 hecalı, "Bir gün" və
"Əllər" soneti 14 hecalı, "Sevgilər"
soneti 15 hecalı, "Güluşlər" soneti 14-15
hecalıların qarışığından ibarətdir (səh.
160).
Mikayıl Müşfiqdən sonra "sonet kultunun"
ağırlığını öz çiyinlərində
daşıyan şairimiz Əliağa
Kürçaylıdır. Bu istedadlı
şairimiz sonet yaradıcılığı ilə
ardıcıl məşğul olmamışdır. Şairin
sonet yaradıcılığı 1950-1961-ci illəri əhatə
edir ki, o, bu on bir il ərzində müəyyən
fasilələrlə cəmi 6 sonet yazmışdır və
sonetlərinin hamısı italiyan soneti formasındadır.
"Bu sonetlərin 4-ü çarpaz (açıq) qafiyə
sxemində-abab/cdcd/eef/ggf; yalnız 2-sində- "Məhəbbət
yolunda yorulmur ürək"- birinci katren dairəvi
(qapalı)-abba; qalan bəndlərdə isə
cdcd/eef/ggf-""Bilmirəm işin nə, sənətin nədir"
sonetində də birinci katrendə dairəvi (qapalı)-abba,
qalan bəndlərdə isə qafiyələnmə
cdcd/eef//ggf şəklindədir". (səh. 166)
Elşad
Səfərli monoqrafiyanın III fəslində ("Azərbaycan
sonetinin yüksəliş və forma
axtarışları") Azərbaycan sonetinin Adil Babayev mərhələsini
və bu mərhələnin istedadlı
davamçılarının (Abbasağa, Abbas Abdulla, Sabir
Mustafa) sonet yaradıcılığını səbrlə, təmkinlə
tədqiq edir və hər birinin "lirik şerin bu
növünə özlərinin parlaq, kamil töhfələr
verdiyini" (səh.219) ürəkaçıqlığı
və bir alim səmimiyyəti ilə etiraf edir.
"Adil
Babayev yaradıcılığında sonet Avropa şerinin
konservativ prinsiplərilə klassik Şərq şerinin poetik
sisteminin kamil ünsürlərinin vəhdəti, sintezi kimi intişar tapır. Sonet poetikasından gələn
qəlib, ölçü, vəzn, qafiyə prinsipləri
Avropa mənşəli olsa da, həmin qəlibdə təzahür
edən içtimai, əxlaqi-siyasi və fəlsəfi
mövzular, aforizmlər, müdrik kəlamlar, bədii təsvir-ifadə
vasitələri, təzadlar, troplar sistemi, şerin harmonik,
strofik gözəlliyini təmin edən ahəng, intonasiya,
ölçü, bölgü və digər əksər kamil
şeir üçün məqbul sayılan keyfiyyətlər
milli Şərq şeri ənələrinə aid idi. Və Şərq şerinin ruhu bu nümunələrdə
dominantlıq təşkil edirdi. Buna
görə də Avropa şeri ilə Şərq şerinin
sintezi olan və A.Babayev yaradıcılığında
müştərək prinsiplər əsasında meydana gələn
sonetdə milli poezyamızın poetik xüsusiyyətləri tərəzinin
ağır tərəfini tuturdu" (səh.194-195). Uğurlu və ədalətli elmi nəticədir.
Elşad Səfərlini belə bir təkzibedilməz
haqlı nəticəyə gətirən səbəblər, məziyyət
və faktorlar çoxdur. Və bu səbəb-
faktorlarsız yuxardakı elmi nəticəni əldə etmək
mümkünsüz olradı. Hansılardır
bu səbəb, faktor və məziyyətlər? a) əsl
sonet movzusu, tematika, içtimai-bəşəri
problematikanın bu janra cəlb olunması və onların
hüdudlarının görünməmiş miqyasda genişləndirilməsi;b)
sonetlərin bütün mövzulara (şəxsi və
içtimai həyat, intim hiss və duyğular, fəlsəfi
və bəşəri və s.) təmasetmə qadirliyi; c)
sonetlərdə yüksək bəşəri sərvətlərin
parlaq şairanə tərənnümü və təsdiqi;
ç) sonetlərdə bədii təsvir və ifadə vasitələrinin,
məcazlar sisteminin intişar tapması. d) sonetlərdə
bədii təsiri, poetik fikrin emosional-ekspessiv siqlətini
güncləndirməkdən ötrü təkrirlərdən
bir üslubi-poetik vasitə kimi istifadə olunması; e) sonetlərdə
mətnin aydın qavranılmasına xidmət edən təzad
və kontrastlardan bol-bol faydalanmaq və s.
Elşad Səfərlinin qənaətincə, A.Babayevin
sonetləri yalnız klassik İtaliya soneti formasındadır
və bu sonetlərin bir qismi 11, digər qismi isə 14
hecalıdır. Lakin 11 hecalılar daha çox
üstünlük təşkil edir. Bunun səbəbini
E.Səfərli belə izah edir: "11 hecalı şeir
ölçüsü Azərbaycan poeziyası
üçün daha məqbul hesab edildiyindən istənilən
mövzunun poetik həllində uyğun, uyarlı və əlverişli
olduğundan şairin poetikasında dominantlıq təşkil
edir" (səh 208). Şairin 11 hecalı sonetlərinin daxili
bölgü tənsübləri 6+5-dir:
Bir dəfə gəlirik bu dünyaya biz.
Qayıtmır geriyə bir də gedənlər.
Necə
müqəddəsdir, nə qədər təmiz
Ömrünü yurduna fəda edənlər.
Adil Babayevin 14 hecalı sonetlərinin misradaxili
bölgüsü isə 7+7 nisbətindədir. Şairin bu
bölgülü sonetləri də "aydın və rəvan
oxunur, oxunuşda elə də ağırlıq hiss olunmur.
Burada bədii dilin rəvanlığı da az təsir
bağışlamır" (səh.208).
Elşad Səfərli A.Babayev sonetlərinin qafiyə
quruluşunu araşdırarkən müəyyənləşdirir
ki, A.Babayev sonetlərində qafiyələr
çoxçeşidli, müxtəlif yox, sabit modellidir və
sair sabit qafiyə modellərindən istifadəyə daha
çox üstünlük verir (səh.208). Elşad Səfərli
A.Babayevin çoxsaylı sonetlərində işlədilən
qafiyə modellərini belə qruplaşdırır.
abab/cdcd/eef/ggf
abba/cddc/eef/ggf
abba/cddc/eef/eef
abab/cdcd/eef/fgg
Elşad
Səfərli araşdırma zamanı müəyyənləşdirir
ki, A.Babayev əksər sonetlərini birinci qafiyə sistemində
(abab/cdcd/eef/ggf) yazsa da, üçüncü (abab/cdcd/eef/fgg)
qafiyə sistemində isə nisbətən az
yazıb-yaratmışdır.
Əlbəttə, Elşad Səfərli A.Babayev sonetlərindəki
qafiyə yeknəsəqliyini və məhdudiyyətini klassik
sonet poetikası üçün məqbul saymır və təkrar-təkrar
qeyd edir ki, bu, sonetlərin sənətkarlıq, ideya-estetik və
bədii xüsusiyyətlərinə də xələl gətirmiş
olur (səh.209).
Elşad Səfərlinin A.Babayev sonetlərində üzə çıxardığı qüsurlardan biri də eyni söz və ya ifadənin mətndə ikinci, üçüncü dəfə təkrarlanmasıdır. Bu hal, əlbəttə, şairin bir sözün müxtəlif qarışılığını ifadə edən sinonimlərdən istifadəyə az yer verməsi ilə bağlıdır. Bu isə sonet estetikasında yolverilməzdir (səh.201-211).
(ardı var)
Ədalət.-2015.-9 oktyabr.-S.3.