ÖLKƏ BOYU ÇOXALIB
GENİŞLƏNƏN MEŞƏLƏRİMİZ
MİLLİ SƏRVƏTİMİZDİR
REGİON
"Hər bir kənd təsərrüfatı əməkçisi, hər bir fermer, sahibkar, ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olan və bu sahəyə diqqət yetirmək məsuliyyəti daşıyan təşkilatlar, qurumlar birmənalı şəkildə zəruri olan bütün tədbirləri görməlidilər. Elə etməliyik ki, insanlarımız öz əməklərinin bəhrəsini görsünlər və heç bir ərzaq problemi ilə qarşılaşmasınlar".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Meşələrin qorunması və artırılması son dövrlər dünya səviyyəli problem kimi səciyyələnir. Bu, heç də səbəbsiz deyil. Plaketizmin gələcəyi dünya ekosistemlərinin formalaşmasından və meşələrin normal mövcudluğundan da asılıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrimizin qorunması və bərpası ilə yanaşı, yeni meşələrin, yaşıl zonaların salınması üçün uzunmüddətli proqram-layihələr hazırlayıb həyata keçirir.
Bu gün mövcud meşələrin ciddi mühafizəsi ilə yanaşı, yeni yaşıllıqların, meşə zolaqlarının salınması tədbirləri də xüsusi diqqətdə saxlanılır.
Məsələnin ümumbəşəri mahiyyəti bütün mənalarda həlledici rol oynayan təbii sərvətlərdən biri olmaqla onun qorunması və yenilərinin salınması ümumxalq işinə çevrilməkdədir.
Hər halda bu işlərlə müvafiq qurumlar konkret bir formada məşğul olmaqdadır. Yaxşı haldır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi son illər aran bölgələrində də məsələyə ciddi diqqət yetirir və belə bir hal sevinc doğurur. Hər il yaz və payız mövsümlərində minlərlə hektar yeni zolaqlar salınaraq inkişaf etdirilir, sonralar bu əkinlərin əsl meşələrə çevrilməsi, bir-biri ilə qovuşaraq böyük sahələri əhatələməsi üçün sistemli tədbirlər görülür.
***
Hər ötən ili yüksək göstəricilərlə yola salan təsərrüfatlardan biri də Ağdaş Meşə Mühafizə və Bərpası Müəssisəsidir. Bu yaxınlarda müəssisənin direktoru Cavid Dadaşovla görüşüb kollektivin fəaliyyəti və digər məsələlər barədə söhbət etdik. O, suallarımızı, maraqlandığımız məsələləri ümumiləşdirərək gərəkli və konkret məlumat verməyə çalışdı. C.Dadaşov dedi:
- Sizə də yaxşı məlumdur ki, aran meşəçiliyi xüsusi münasibət və yeni məzmunlu yanaşma tələb edir. Müəssisəmizin hatə etdiyi meşələr bir-birinə qonşu olan Ağdaş, Göyçay və Ucar rayonlarının ərazilərində yerləşir.
Ümumilikdə 7470 hektar meşə sahələrinə xidmət göstəririk. İlk növbədə təbii ki, mühafizə tədbirlərinə diqqət yetirilir. Bu, birmənalı olaraq əsas vəzifəmizdir. Çünki mövcud olanları bütün istiqamətlər üzrə qoruya bilmək ən vacib məsələdir. Həm də siz də bilirsiniz ki, nazirliyimiz son illər xüsusi proqram-layihələr üzrə yeni meşələrin, xüsusi yaşıllıq zolaqlarının artırılmasına necə böyük önəm verir. Məsələnin aktuallığı təbii olaraq bizi daha yaxşı işləməyə ruhlandırır. Müəssisəmizin öz tinglik bazası var və burada hər il yüz minlərlə ədəd tez böyüyən ağac tingləri yetişdirilir. Biz bu tinglərdən öz təsərrüfatımızda istifadə etməklə yanaşı, nazirliyimizin tapşırığı və icazəsi ilə digər analoji təşkilatlara da göndəririk.
Bu ilin yaz əkini kampaniyasını uğurla başa çatdırmağımızın bir səbəbi də məhz möhkəm baza yarada bilməyimizdir. Ona da qeyd etməliyik ki, əkini uğurla başa çatdırmaq bu istiqamətdə görülən işin başlanğıcıdır.
Çünki yeni sahələr mövcud meşələrdən qat-qat və çox müntəzəm qulluq tələb edir. Yaxın günlərdə planlaşdırılan 40 hektar sahədə payız əkini kampaniyasına başlayarkən də məhz həmin faktorları əsas götürməliyik. Yəni hər bir işi vaxtında və yüksək aqrotexniki qaydada aparmalısan ki, tinglər, kollar və digər bitkilər normal inkişaf etsin. Bu tədbirlərə xüsusi əhəmiyyət verirlər.
Təbii ki, bir məsələyə münasibəti sizə görə də vurğulamağım normal sayıla bilər. Meşələrimizə münasibətdə, bütövlükdə ekologiyanın qorunmasında mətbuatın da böyük rolu var. Düzgün və səmimi təbliğat cəmiyyətdə ekologiyanın qorunması baxımından meşələrə münasibəti də xüsusi bir formada şəffaflaşdırır. Ancaq gərək bu işin incəliyini bilib yazasan. İstər görülən işlərin tərifi və təbliği baxımından, istərsə də tənqidi baxımdan. Burada tanınmış gündəlik qəzetlər nəzərdə tutulmur təbii ki.
Sadəcə bəzi saytlar, ayda-ildə çıxan bəzi qəzetlər məsələyə qeyri-peşəkar yanaşmaqla bərabər, həm də vaxtımızı alır, üstəlik faktsız, sübutsuz şər-böhtan da atmağa cəhd edirlər. Onların əsas məqsədləri də ki, məlumdur... Təəssüf edirəm ki, belələri bizim nə qədər çətin və məsuliyyətli işlə məşğul olduğumuzu başa düşmürlər. Ancaq bütün bunları unudub da peşəkar mətbuatımıza dərin minnətdarlığımızı bildirirəm. Sizlər həmişə məsələyə obyektiv yanaşır və ölkəmizdə gedən möhtəşəm quruculuq işlərini gözəl yazılarla oxuculara çatdırırsınız. Eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun qurumlarının fəaliyyətini...
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-9 oktyabr.-S.3.