"BİR DAMLA GÖZ YAŞI"

 

Güləmail Murad müasir xanım yazarlar arasında artıq seçilən, fərqlənən şairlərdəndir və mən hər dəfə mətbuat səhifələrində onun şeirləri ilə qarşılaşanda qətiyyən etinasız qalmıram. Bilirəm ki, Güləmail xanım yeni şeirlərində könül çırpıntılarını daha mükəmməl, daha obrazlı şəkildə ifadə etməyə qadirdir. Əvvəlcə ondan başlayım ki, "Azərbaycan" jurnalının bu ilki 7-ci sayında onun 7 şeiri dərc olunmuşdubu şeirlər də göstərdi ki, Güləmail xanım həyatının, ömrünün çox mənalı səhifələrini təşkil edən, onu daim dilləndirən poeziyanın sədaqətli yol yoldaşıdır. Bu yolçuluq əbədidir, daimidir. Həmişə ona "yaz, qələm" deyir:

 

İtirmişəm hövsələmi, dözümü,

Günlər ötür, hər ömür gün düzümü,

Sənsiz keçən gecəmi, gündüzümü,

Axşamımı, səhərimi yaz, qələm.

 

Gecə oyaq qalmağını yazmısan,

Neçə ilham almağını yazmısan,

Xoş günümü, xoş çağını yazmısan,

Qüssəmi yaz, kədərimi yaz, qələm.

 

Güləmail xanımın şeirlərində dünyanı, həyatı, təbiəti, insanları sevən məğrur bir qadının obrazı ilə qarşılaşırıq. Bu qadın milli-mənəvi dəyərlərimizə sadiqdir, xalqını, millətini ürəkdən sevir, təbiət aşiqidir, saz dünyasına bağlıdır, canında sevgi yaşantıları, duyğusal anlar yaşadır. O, dərdə də tab gətirir, yalnız ürəyinə, hisslər-həyəcanlar məkanına güvənir.

 

Sinəmdə yaralı könül görünür,

Könüldən aralı könül görünür,

Bahardı, nə qönçə, nə gül görünür,

Haçan açılacaq gülü könlümün?

 

Başa hər düşən daş, başdaşı deyil,

Hər dost ürək dostu, sirdaşı deyil.

Üzümdən süzülən göz yaşı deyil,

Axır Araz kimi seli könlümün.

 

Güləmailin "Bir damla göz yaşı" yeni kitabına toplanan şeirlər onun poeziyaya necə məsuliyyətlə yanaşdığından xəbər verir. Bir damla göz yaşı da şeir ola bilər, o, qəlbin harayından, hıçqırığından yaranırsa...

Bu kitabda olan şeirlərin mövzuları müxtəlifdir, ancaq mən bunları nəzərə çarpdırmaq fikrində deyiləm. Şair gərək yaşadığı dövrün, mühitin, daha geniş mənada cəmiyyətin dünyanın olaylarına biganə qalmaya, öz səsini haqqın səsinə qata, haqsızlığa qarşı dözümsüz ola, gözəllikləri, insana xas olan mənəvi dəyərləri, həyat eşqini, sevgi duyğularını şeirlərinə gətirə, bu şeirlər oxucuların qəlbinə yol tapa. Çünki şeir bir ürəkdə doğulsa da, milyon ürəklərin ahənginə qoşulmalıdır.

Güləmail Murad Azərbaycanın şeir-sənət-saz ocağı, məskəni - Qazaxda doğulub. Onun şeirlərində elə bu yurdun səs, nəğmə, saz ahəngini duyuruq. O, Qazaxdan dünyaya, böyük məmləkəti Azərbaycana boylanır.

 

A doğma yerlərin gözəl övladı,

Sən gəlib çıxdın altmış yaşına.

Daş-Salahlıda da çiçəklər açdı,

Sevda gəldi Göyəzənin başına.

 

Nələr oldu, tükənmədi inamın,

Haqdan gəlir, göydən gəlir, bu İlham!

Müxəmməsdən, gəraylıdan, qoşmadan

Sarıteldən, eldən gəlir, bu İlham!

 

Bu şeir Güləmail xanımın yaxşı tanıdığı, onun böyük insan kimi rəğbətlə yanaşdığı bir eloğlusuna-İlham Rüstəmzadəyə həsr edilib. "Ad günü" şeiri olsa da, səmimidir bu səmimiyyəti şairənin digər ithaf şeirlərində izləyirik. Ancaq bunları sırf ithaf şeiri adlandırmaq insafsızlıq olardı. Çünki o şeirlərin hər birində konkret bir şəxsin tərifi təqdirindən ümumiləşməyə meyl görünür. Deyək ki, unudulmaz şairimiz Rəsul Rza yazılan gəraylılarda "Bakı Təbriz ayrıdı, Qovuşmayıb Rəsul Rza!" nisgili səslənir, Səməd Vurğun Rəsul Rza şəxsiyyətləri şeirimizdə bir era kimi xatırlanır.

Şeirimizdə bir sıra ənənəvi mövzular var. O mövzularda təzə söz demək iddiası duyulursa, deməli, şair o mövzuya yenilik gətirir. Güləmailin "Anasız körpə" "Ana naləsi" şeirlərində məhz ana həsrətinin yeni poetik çalarları ilə qarşılaşırıq. "Yüz kədər andırır, min dərd andırır Anasız körpənin yaşlı gözləri". "Ana naləsi" şeirində isə:

 

Düşmənin başına daş niyə düşmür,

Bir ana ağlayır məzar başında.

Cəlladın gözündən yaş niyə düşmür?

Bir ana ağlayır məzar başında.

Neçin yaşayan var qübar içində?

Ədalət varmıdır ruzgar içində

Bir şəhid uyuyur məzar içində,

Bir ana ağlayır məzar başında.

 

"Xalça" şeiri Anaya həsr olunub bu şeirdə bizim bayatıların, nəğmələrin izi olan xalçaların ana əllərində sənət əsərinə çevrilməsi öz əksini tapır.

Yaxud, başqa bir mövzu: şerimizdə Vidadidən, Vaqifdən başlayan DURNALAR mövzusu var. Şairlərimiz qəriblik, həsrət duyğularını sanki bu zərif quşların qanadlarına büküb misralara çeviriblər. Güləmailin "Durnalar" şeirində eyni həsrət bir başqa avazda diqqəti cəlb edir:

 

Hara uçursunuz belə nizamlı,

Məni bağlayın qanadınıza.

Mən sizin kimi uçmaq istərəm,

Məni bağlayın qanadınıza.

 

Neçə illərdir ki, şeirimizdə Vətən uğrunda şəhid gedən oğullarımıza şeirlər həsr olunur bu şeirlər qədər kədərli olsa da, Yaddaşımızı silkələyir, ruhumuzu sönməyə qoymur. Güləmailin şeirlərinin bir qismi məhz bu mövzudadır: "O gecə", "Dağlarda şəhid səsi", "Qaratel", "Ağlamaqdayam", "Xonçası bağlı şəhid", "İgid əsgərim, şəhid əsgərim!", "Bayatılar". Bu şeirlərin hər birində şəhidlərə bir Azərbaycan anasının ürək yanğıları ifadə olunub.

 

Qəlbi fəğanlı qaldı,

Sinəsi dağlı qaldı.

Təzəcə evlənmişdi,

Xonçası bağlı qaldı.

 

Az oldu

Oğul ömrü az oldu.

Dərddən ağaran saçlar,

Anam, qaralmaz oldu.

 

bu silsilənin sonu belə bitir ki: "Şəhidlik qismətimizdir. Qoymayın Vətəni şəhid olmağa..."

Amma bu silsilədə "Azərbaycan bayrağı" ordenilə təltif olunmuş qəhrəman qız Qaratelə həsr olunan şeir daha mükəmməldir. Qaratelin igidliyi barədə gözəl şairimiz Məmməd İlqar poema yazıb. O, qəlbi intiqam hissi ilə çırpınan Azərbaycan qızlarının ən cəsarətlisi idi. Güləmail Qarateli belə yad edir ona həsr olunan şeir bir qədər hüznlü səslənsə , o, bir ehtiram nümunəsi kimi gəncliyə örnək timsalına çevrilir:

Bahar - ömründə qışdı,

İllər - yaşında xışdı.

Telin ağarmamışdı,

Qaratel bacım mənim.

 

Kaş ki, tel olaydın,

Anam tək qocalaydıng

Cavan canına qıydın,

Qaratel bacım mənim.

 

Güləmailin sevgi şeirləri öz məxsusiliyilə seçilir. Qışqırmaq, fəryad çəkmək, ayrılıq harayları yoxdu bu şeirlərdə. Sadəcə, bir sakit hüzn var. Bu hüzn ağlamaq, sıtqamaq deyil, məhəbbətin insana bəxş elədiyi hissdir, həyəcandır. Onu sadə, sakit sətirlərlə belə ifadə edir Güləmail:

 

Hicran yollarımı bağlamaqdadır,

Vüsal həsrət ilə ağlamaqdadır.

Gülə mail olub çağlamaqdadır,

Ay mənim çağlayan lal məhəbbətim.

 

Güləmailin şeirlərində bir xüsusiyyəti qeyd etməliyəm. Onun bir çox şeirləri sanki nəğmə kimi doğulur hər hansı bəstəçi bu şeirlərə mahnı yaza bilər. Arzu edirəm ki, onlar Güləmailin şeirləri ilə tanış olsunlar, qətiyyən peşiman olmazlar, axtardıqlarını taparlar.

Güləmail Murad indi yaşının nənə çağlarını, cavan ağbirçək anlarını yaşayır. Qoy şeirimizin qadın - zərif qolunda da onu belə tanısınlar...

 

Ədalət.-2015.-13 oktyabr.-S.7