Fundamental tədqiqat
Musa Xanbabazadə,
filoloq-ədəbiyyatşünas,
AJB-nin üzvü
(əvvəli
ötən saylarımızda)
A.Babayevin sonetlərində nəzərə
çarpan bu və ya digər qüsurlar, əlbəttə,
istedadlı şairimizin sonetlərini kölgədə
saxlamır, bu sonetlərin ideya-məzmun mükəmməlliyini,
bədii-estetik məziyyətlərini və yüksək sənətkarlıq
gücünü heç də azaltmır. Əksinə, bu sonetlər təsdiqləyir
ki, A.Babayev Azərbaycan sonetinin böyük ustasıdır, bu
janrın poeziyamızda formalaşıb mövqe qazanmasında
müstəsna xidmətlər göstərmişdir və o,
öz sonetləri ilə Avropa sonetinin dühaları
sırasında yer tutmağa layiqdir (səh. 218).
Adil Babayevin ölümündən sonra (1977) Azərbaycan
ədəbiyyatında sonet janrına nöqtə qoyulmadı
və bu janr süqut etmədi. Əksinə, bu janra
münasibət daha da doğmalaşdı və sonet yazan
şairlərin sayı çoxaldı. Bu
mənada inamla demək olar ki, Azərbaycan ədəbiyyatında
sonet janrında Adil Babayev ədəbi məktəb
yaratmış və bu məktəb bu gün də uğurla
davam etdirilir.
Abbasağa,
Abbas Abdulla, Sabir Mustafa, Şəkər Aslan, Vaqif Hüseynov və
başqaları Adil Babayev ədəbi məktəbinin
ardıcılları, öndərləri və cəfakeşləridir.
Məhz bu istedadlar imkan vermədilər ki, Adil
Babayevdən sonra sonet yaradıcılığında
boşluq yaransın, böyük şairin
yandırdığı sonet çırağı öləziləsin,
sonetə biganəlik-laqeydlik sərgilənsin, ona maraq
azalsın.
Monoqrafiyada Elşad Səfərlinin sonetlər çələngi
haqqında ortaya qoyduğu fikir və mülahizələr də
maraqla qarşılanır. Alimin sonetlər çələngi
haqqındakı fikir və qənaətlərini, təxminən,
aşağıdakı şəkildə xülasə etmək
mümkündür:
1. Sonetlər
çələnginin vətəni İtaliyadır və bu
formanın yaranması orta əsrlər dövrünün
intibaha keçid mərhələsilə- XIII əsrlə
bağlıdır. Folqore de Can Djeminyano və
Vinçenso Monti kimi italiyan şairləri bu formanın ilk
yaradıcılarıdır. 2. Sonetlər çələngi
15 müxtəlif sonetdən ibarət olur, 15-ci sonet əvvəlki
14 sonetin 1-ci misralarını sıra
ardıcıllığı ilə alt-alta düzülməsindən
və cəmlənməsindən meydana gəlir. 3. Tac sonet poetik nüvədir, qüvvələrin
cəmləşdiyi məkandır. 4. Sonetlər çələngində
birinci soneti magistral sonetlə bağlayan süjet xətti
mövcuddur. 5. Sonetlər çələngində lirik
poemalara mənsub poetik elementlər və süjet
ünsürləri mövcuddur. Məhz buna
görə də bir sıra sonetoloqlar bu şeir formasına
sonetin yeni forması kimi yanaşır. 6. Sonetlər
çələngində sonetlər bir-biri ilə zəncirvari,
həlqələr şəklində birləşir. 7. Azərbaycan
ədəbiyyatında sonetlər çələngi yaradan ilk
şair Şəkər Aslandır. O, 1978-in fevralında
yazdığı "ÖMRÜN YAYINDA" adlı sonetlər
cələngi ilə bu janrın əsasını qoydu və
bu janrın tarixinə şanlı bir səhifə yazdı. 1979-də şair "AZƏRBAYCAN" adlı ikinci
sonetlər çələngini yaratdı. 8. Azərbaycan
ədəbiyyatında sayca ikinci sonetlər çələngi
yazan şair Vaqif Hüseynovdur. O, 1978-də "İNSAN"
adlı sonetlər çələngi yazır. Vaqif
Hüseynov bu sonetlər çələngindən ruhlanaraq
özünün sayca ikinci "LƏNKƏRAN"sonetlər
çələngini (1980) yaradır və o, bu çələngini
bu janrın ilk yaradıcısı Şəkər Aslana ithaf
edir. 9. Lənkəran sonetçilərinin əksəriyyəti
(şair Elşad Səfərli istisnadır) ayrı-ayrı,
müxtəlif sonetlər yazmadan birbaşa sonetlər çələngi
yaratmışlar. Bu, ibtidaidən aliyə, sadədən
mürəkkəbə gedən dialektik inkişafın əzəli
prinsipinin pozulması faktıdır. 10. Şəkər
Aslan və Vaqif Hüseynovdan sonra cənub bölgəsinin
M.Talışlı, İltifat Saleh, Əhməd Haqsevər,
Balayar Sadiq, Aqil Yaqub Ərəboğlu kimi istedadlı
şairləri də öz qələmlərini sonetlər
çələngində sınamışlar və bu ənənə
bu gün də davam etdirilir. 11. Sonetlər çələngi
ədəbi mühitin qaynar məkanında yox, əyalətlərdə,
periferiyalarda meydana gəlmiş və inkişaf etmişdir. Bu təkcə Azərbaycan soneti üçün
yox, ümumilikdə dünya sonet təcrübəsinə xas
bir əlamətdir. Sonet janrının
akrostix, kodalı akrostix, sonet haqqında sonet, broxokolon
(monostix), məsnəvi sonet və digər konstruksiyaları
ilk dəfə olaraq elə əyalət şəhərində
- Lənkəranda ədəbi fakt hüquqi
qazanmışdır. (Tanınmış
yazıçı-publisist, tənqidçi, ədəbiyyatşunas,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Allahverdi
Eminov "Elşad Səfərlinin poeziyası:
düşüncələr, mülahizələr"
monoqrafiyasında ("Elm və təhsil" Bakı 2015)yazır": Qürurverici haldır ki, Azərbaycan
poeziyasında Avropa mənşəli şeir şəklinin hələlik
heç kim tərəfindən işlənməyən bəzi
digər növlərinin ilk yaradıcısı məhz
Elşad Səfərlidir. Bunlar
aşağıdakılardır: sonet haqqında sonet, akrostix
sonet, məsnəvi sonet (kontaminasiyalı sonet), broxokolon, yaxud
monostix. Bunlar E.Səfərlinin Azərbaycan
sonetistikası qarşısında novatorluğu, böyük
xidməti deyilmi? (səh. 153).
Elşad
Səfərli Şəkər Aslanın "Ömrün
yayında", "Azərbaycan", Vaqif Hüseynovun
"İnsan", Mirhaşım Talışlının
"Minacat", İltifat Salehin "Ustad Rəsul Rzaya",
Əhməd Haqsevərin "Cəza",
"Ömür", Balayar Sadiqin "Özümə məktublar",
Aqil Yaqub Ərəboğlunun "Ağrı" sonetlər
çələnglərini xüsusi məhəbbət və
ehtiramla tədqiqata cəlb edir, hər sonet çələnginin
müsbət və mənfi məziyyətlərini konkret bədii
nümunələrlə aşkarlayır.
Elşad Səfərli sonet janrının digər
formalarına və şəkildəyişmələrinə
də elmi münasibətsiz ötüşmür. Alim qeyd edir
ki, zaman keçdikcə sonet janrı da, digər janrlar kimi,
müəyyən dəyişikliklərə məruz
qalmış və nəticədə sonetin yeni növləri,
yaxud şəkilləri meydana gəlmişdir. Bu növlərin, yaxud şəkillərin bir qismi
sonet janrı üçün normal, digərləri isə
anomaldır. Janrın anomal hesab edilən
formalarına müraciət müəyyən qədər
artmış və bu şəkillər ədəbi təcrübədə
bir növ qanuniləşdirilmiş, kanonikləşdirilmişdir.
Rus alimi O.İ.Fedotov özünün tədqiqatlarında
sonetin 8 anomal şəklini göstərirsə, Azərbaycan
alimi E.Səfərli də öz tədqiqatında buraya 5-ni də
əlavə edir. Beləliklə, sonetin
müxtəlif konstruksiyalı digər növ, forma və
anomal hesab edilən şəkillərinin sayı 13-ə
çatdırılmış olur. E.Səfərli sonetin
digər növ, forma, yaxud variantlarını
aşağıdakı kimi müəyyənləşdirir:
1. Akrostix
sonet (misraların baş hərflərinin yuxarıdan
aşağıya oxunması ilə müəyyən bir ad,
söz ifadə edilir.)
2.
Kodalı akrostix sonet (mətnə 15-ci misra əlavə edilir.
Bu o zaman baş verir ki, şerin həsr edildiyi
şəxsin ad və soyadındakı hərflərin sayı
14-dən çoxdur və 15-ci misra tələb olunur).
3.
Başsız sonet (1 katren 2 tersetdən ibarət olur).
4. Quyruqlu
sonet (2 katren və 3 tersetdən ibarət olur. Bəzən
lap 4 tersetdən ibarət sonetə də ədəbi təcrübədə
rast gəlinir.)
5.
İkiqat sonet (katrenin hər tək misrasından, yaxud tersetin
cəm misrasından sonra qısa sətir əlavə olunur).
6.
Yarımçıq sonet (1 katren və 1 tersetdən ibarət
olur).
7.
Çevrilmiş sonet (əlavə 2 terset, sonra 2 katren işlənmiş
olur).
8.
Birbaşa sonet (katren və tersetlər cəmi 2 qafiyə
üzərində qurulur).
9. Axsaq
sonet (katrenlərdəki 4-cü sətir əvvəlkilərdən
ya uzun, ya da qısa olur)
10. Mesostix
sonet (yaxud mezostix) (bu tip sonetdə ad, söz, yaxud ifadəni təşkil
edən hərflər akrostixdən fərqli olaraq sətrin
ortasında yerləşdirilir. Mesostix sütun mətn daxilində
2-3 və çox sayda ola bilər. 2 sütundan ibarət mesostixə-dimesostix,
3sütundan ibarət mesostixə isə timlosostix deyilir).
11.
Telestix sonet (bu tip sonetdə isə ad, söz və ifadəni
təşkil edən hərflər misraların sonunda yerləşdirilir.)
12.
Diaqonal akrostix (mətn çərçivəsində
misralardakı sözlərin tərkibində mühüm hərflərin
diaqonal xətt şəklində yerləşdirilməsindən
yaranan akrostix konstruksiyalı sonet).
13. Miniatür sonet (14 sətirdən
və hər sətri 1 hecadan ibarət olur).
Çağdaş Azərbaycan poeziyasında sonetin
akrostix sonet, kodalı akrostix sonet və miniatür (morostix)
növlərinə hələlik sair-tədqiqatçı
Elşad Səfərlinin yaradıcılığında rast gəlinir. Şair-tədqiqatçı
"Cihad etdin, yenilmədin dövrana" misrası ilə
başlayan akrostix sonetini Çeçenistanın mərhum
prezidenti, milli azadlıq mücahidi Gövhər Dudayevə,
"Həqiqətə söykənən, alim dost,
alqış sənə" misrası ilə başlayan
kodalı akrostix sonetini isə Azərbaycanın görkəmli
alimi, sonet haqqında fundamental bir monoqrafiyanın müəllifi
Hüseyn Həşimliyə, onun gərgin və səmərəli
fəaliyyətinə həsr etmişdir. Birinci
sonetin ilk baş hərflərini aşağıya doğru
oxuyanda "Gövhər Dudayevə" sözləri
alınırsa, ikinci sonetin birinci misralarının baş hərflərini
üzü aşağıya oxuyanda "Hüseyn Həşimliyə"
ad və soyadı alınır. (səh.
339-341).
Sonetin digər formaları sayılan ikiqat sonet, axsaq
sonet, birbaşa (spoloşnoy) sonetə isə hələlik bədii
təcrübədə rast gəlinmir.
Sonet
janrı bir əsrdir ki, Azərbaycan ədəbiyyatında
öz mövcudluğunu göstərir və bu bir əsrdə
Azərbaycan soneti müəyyən ədəbi təcrübə
toplamış, püxtələşmiş, təkmilləşmiş,
dünya sonet arsenalına çıxmış, bir sözlə,
ədəbi təcrübədə Azərbaycan sonet tipinin
formalaşması sahəsində müəyyən nailiyyətlər
əldə edilmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan
ədəbiyyatşünaslığında sonetin "Azərbaycan
tipi"nin özünü poetik bir fakt
kimi təsdiq edib-etməməsi haqqında hələlik yekdil
fikir mövcud deyil.
Elşad Səfərli bu monoqrafiyanı yazarkən
çoxlu elmi qaynaq və mənbələrdən
faydalanmışdır. Bu qaynaqlardan 255-i Azərbaycandilli, 132-si
rus dilli, 3-ü türkdilli, 20-si internet qaynaqlarıdır.
Lakin o, bu qaynaqların kortəbii əsiri
olmamış, onlardakı fikirlərə yalnız
doqmatik-statik münasibət bəsləməmiş, yeri gəldikcə
mövcud fikirlərə etiraz etmiş, bunlara qarşı
özünün elmi baxış və görüşlərini
ortalığa qoymuş və onları ədəbi və elmi
faktlarla əsaslandırmışdır.
Fundamental bir tədqiqat əsəridir Elşad Səfərlinin
"Sonet janrı və Azərbaycan soneti" monoqrafiyası. Elmi təfəkkürlə
analtik təfəkkür qaynayıb-qarışıb bu
monoqrafiyada. Nəticədə elmi dəyəri
və sanbalı, elmi gücü və çəkisi çox
ağır bir elmi-nəzəri miras ortalığa qoyub
Elşad Səfərli. Elə bir miras ki, sabah
sonet janrına üz tutan və bu janrdan elmi əsər yazan gənc
ədəbiyyatşünas alimlər bu elmi mirasdan etibarlı
və gərəkli bir elmi məxəz kimi istifadəyə
çalışacaq və Elşad Səfərlinin elmi fikir və
mülahizələrindən, elmi tapıntı və kəşflərindən
təkrar-təkrar faydalanacaqlar.
Ədalət.-2015.-13
oktyabr.-S.7.