Horadizdə qazandığımız təcrübə
CƏNNƏT QURMAQ ARZUMUZ
İnsan yaşa dolduqca torpaq onu daha çox
özünə çəkir. Ola bilsin ki, bu, təbii qanundu. Necə deyərlər,
torpaqdan y aranan torpağa döndüyü kimi, insan da
Allahın yaratdığı ən müqəddəs, ən ali varlıq kimi sonda öz ilkinə
qayıdır. Təbii ki, bu proses zaman-zaman davam edir - günlə,
ayla, illə… Və beləcə silsilə
özünün yüksələn xəttini cilalaya-cilalaya
kamilliyə, müdrikliyə qovuşur. O vaxta qədər
ki, onun kamilliyi də, müdrikliyi də, hətta torpağa
sevgisi də artıq birmənalı şəkildə qəbul
olunur. Heç kim, hətta gözü,
könlü dumanlı, qaranlıq olanlar belə bu kamilliyin, bu
müdrikliyin yanından ötüb keçə bilmir. Hətta onun işığına bürünməyə
məcbur qalır. Bax elə mənim yazmaq
istədiyim məntiq də bu işığa söykənir.
Elə bir işığa ki, onu görməmək
mümkünsüzdü…
Hələ
orta məktəb illərində bir kənd uşağı
olaraq beş
addımlığımızda yerləşən şəhərə
həmişə qeyri-adi sevgi hiss etmişdim özümdə.
Və bu qeyri-adi sevgini formalaşdıran da o
şəhərin, o şəhərə daxil olan çevrənin
ziyalı potensialı idi. İstər qələm,
söz adamı olsun, istər musiqi, mədəniyyət xadimi.
Fərq etmirdi. Eşidib biləndə
ki, Füzulidə doğulub, Füzuliyə aiddi, onda
içimdən bir qürur hiss gəlib keçirdi. İnanın ki, həmin o tanımadığım
adamlar mənə qan qohumu qədər, öz qapı
qonşum qədər yaxın və doğma olurdu. Özümü onların bir hissəsi, bir nümayəndəsi
kimi təsəvvürümdə canlandırırdım.
Görünür, Haqqdan gələn təsir,
maqnit dalğası mənim həyatda formalaşmağıma
bir səbəb idi. Amma bu səbəbi mən
sonralar, necə deyərlər, az-çox yaşayandan sonra
anladım. Ona qədər isə Füzuli
şəhəri mənim üçün dünyanın ən
gözəl, ən səliqəli və işıq dolu
ünvanı idi. O işıq da həmişə məni
özünə çəkirdi…
Bəli, mən Füzuli şəhərini, Füzuli
rayonunu bir ərazi kimi yox, bir canlı, düşünən,
qurub-yaradan, görüb-götürən, ruh verən, həvəsləndirən
canlı orqanizm kimi təsəvvür edirdim. Və bu təsəvvürüm
də ayla, illə təsdiq edilirdi. Həmin
təsəvvürün arxasında isə gerçəklik
dayanırdı. Onda sovet dönəmi olsa
da, bir kənd təsərrüfatı rayonu kimi Füzulinin
uğurları təkcə Azərbaycanın yox, onun
yaxın-uzaq qonşularının da sərhədlərini
ötüb keçmişdi. Çünki
burada yaşayıb-yaradanlar, burada həyatın mənasını
halallıqda, zəhmətdə görənlər özlərini
birmənalı şəkildə təsdiq etmişdilər.
Təkcə Sosialist Əməyi Qəhrəmanı
Şamama Həsənovanın həyat yolu, rayonun və
respublikanın gündəmində tutduğu mövqe hər kəs
üçün yaxşı nümunə olmaqla
yanaşı, həm də qürur yeri idi. Çünki adi bir kənd qızı, adi bir zəhmət
adamı özünün əməyi ilə o vaxtkı
İttifaqın sayılıb-seçilən əmək
adamı olmaqla yanaşı, həm də nüfuz sahibi idi.
O, alın təri ilə qazandığını heç vaxt
öz həyatının, öz yaşamının
bayrağına çevirmirdi. Əksinə, onun həyatının,
yaşamının mənası elinə-obasına aid idi…
Bəli, o illəri düşünəndə
gözümün önünə təkcə bol məhsulu ilə,
üzümü, pambığı, xüsusilə
taxılı ilə seçilən bir bölgə yox, həm
də hər gün abadlaşan bir rayon gəlir. Təbii ki,
rayonun və bütövlükdə həmin
coğrafiyanın inkişafında o vaxtlar Azərbaycana rəhbərlik
edən Heydər Əlirza oğlu Əliyevin xidmətləri,
diqqət və qayğısı birmənalı idi. Məhz onun ölkədə yaratdığı
mühit Füzuliyə rəhbərlik edənlərə,
Füzulinin inkişafını, tərəqqisini istəyənlərə
bir növü yaşıl işıq
yandırmışdı. Həmin
işıq da Füzulinin işığına
qarışıb onun inkişafını daha uğurlu və
daha rəngarəng etmişdi. Bax, 80-ci illərin
həmin o inkişaf tempində xidməti olanların cərgəsinə
yeni nəslin nümayəndələri də qoşulurdu.
Mən bu sırada bu gün Füzuli rayonuna rəhbərlik
edən bir çox insanları da görürəm və
xatırlayıram. Elə həmin o xatirələr də
məni Bakıdan üzü Horadizə çəkib
aparır…
Bir vaxtlar Horadiz qəsəbəsi Füzuli rayonunda daha
çox stansiya kimi diqqəti çəkirdi. Və bura
ölkənin mühüm bazalarının yerləşdiyi
yer kimi gündəmdə qalırdı. Çünki
Horadizdən keçən həm magistral, həm dəmiryolu
buranı bölgənin digər rayonları üçün
bir təminat bazasına çevirmişdi. Daha çox
tikinti materialları, müxtəlif çeşidli yüklər,
bir sözlə, bölgəyə gərək olan nə varsa
qatarlarla buraya daşınır və eləcə də tədarük
olunan hər nə varsa, yəni bostan, tərəvəz məhsullarından
tutmuş üzüm, pambıq, taxıl, heyvandarlıq məhsulları
buradan da üzü böyük şəhərlərə
yola salınırdı. Ona görə də bu qəsəbədə
il boyu adamlar daha çox dəmiryolu ilə,
yükdaşımalarla bağlı
çalışırdılar. Doğrudur, qəsəbənin
yaxınlığındakı kəndlərdə, təsərrüfatlarda
regionun ən önəmli məhsulları olan taxıl,
üzüm, pambıq becərilirdi. Bu isə
adamların torpağa bağlılığına stimul verir və
onların böyük şəhərlərə
axınına bir növü yaxşı mənada mane olurdu.
Çünki qurulmuş iş üsulu, yaradılmış
işgüzar şərait hər kəsə öz istəyinə
uyğun işlə məşğul olmaq imkanı verirdi. Lakin bir qəsəbə olaraq Horadizin özü
Füzuli şəhərinin kölgəsində
qalırdı. Görünür, deyilmiş bir fikrin, yəni
acının içərisində şirinin olması
düşüncəsinin də əsası var. Bax, bu mənada
bu gün Horadizi gəzib dolaşanda, Horadizə üz tutanda adam gözlərinə inana bilmir. Çünki sözün həqiqi mənasında
artıq şəhər statusu almış Horadiz bu gün
yaşamalı, işləməli, görüb gəzməli
cənnət guşəsidi. Buranı cənnət edənlər
isə məhz füzulilərdi, onların əməyidi,
onların daxilindəki işıqdı, torpağa,
doğulduqları yurda sevgidi!..
Mən yazımın bir məqamında 80-ci illərdən
Füzulinin yeni bir inkişaf mərhələsinə qədəm
qoyduğunu xatırlatdım və vurğuladım ki, bu
işdə rəhbərlik meydanına yeni atılanların da
izləri, sözləri var idi. Bax elə bu gün də
həmin o insanların Füzulidə gördükləri
işlər bünövrənin möhkəm olduğunu,
ideyaların kökdən, nəsildən gəldiyini, istəyin
davamlı olduğunu büruzə verir, xatırladır.
Yəni sovet dönəmində rəhbər
işdə çalışan, bu gün isə Füzuli rayon
icra hakimiyyətinə rəhbərlik edən Alı Alıyev
və onun komandası məhz həmin o kökdən, o tarixdən
qidalanan, bəhrələnən insanlardı. Sadəcə bu gün onlar Azərbaycan Prezidenti cənab
İlham Əliyevin qarşıya qoyduğu vəzifələri
rayonun öz coğrafiyasına uyğun bir şəkildə,
həm də məsuliyyətlə, vətəndaş sevgisi
ilə gerçəkləşdirdiklərindən nəticə
də ürəkaçan olur. Görülən iş
insanın üzünə gülür, onun əhvalını
xoş edir.
Bir anlıq özünüzü Horadiz şəhərində,
işğaldan azad olunmuş ərazilərdə təsəvvür
edin. Onda görəcəksiniz ki, bir vaxtlar erməni
işğalçılarının talan etdikləri,
yandırıb-yaxıb yağmaladıqları qəsəbədə
və kəndlərimizdə indi bərpa, eləcə də
yenidənqurma işləri hansı sürətlə,
hansı keyfiyyətlə aparılır. İnsanlar
öz doğma yurd-yuvalarına necə böyük həvəslə
dönürlər. Bu ərazilərdə salınan yeni
qəsəbələrdə həyat necə qaynayır,
infrastruktur necə ürək açır, adamlar hansı
ümidlərlə, arzularla yaşayırlar!..
Məncə bütün bunları görən
və gördüyünə də daxili bir sevgi ilə
yanaşan hər kəs ancaq qürur hissi keçirə bilər.
Şəxsən mən bu gün
özünün tərəqqisi və həm də obrazlı
desəm, öz çəpərləri arasında
yaratdığı işgüzar, anlayışlı mühitə
görə Füzuli rayonunun həm rəhbərliyinə, həm
də hər bir sakininə daxilən minnətdarlığımı
ifadə etməkdən məmnunluq hissi keçirirəm.
… Bəli, cəbhənin divar qonşusu kimi müharibənin
barıt qoxusunu hər gün duyan, Arazın
pıçıltısını hər gün dinləyən
Horadiz şəhərində yaşadığım xoş
anların başdan-başa işığa bürünməsinin
bir inancı da var. O da tezliklə bu şəhərin gözəlliyindən
işğaldan azad olunacaq Füzuliyə düşəcək
paydır. Mən birmənalı şəkildə
inanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin
rəhbərliyi altında bu gün Füzulinin işğaldan
azad edilmiş ərazilərində cənnət yaradanlar,
xüsusilə rayon rəhbərliyi və onun komandası bu
uğurlu işi Füzuli şəhərində, onun digər
ərazilərində də coşqu və sevgi ilə davam
etdirəcəklər. Çünki onların həm
buna böyük vətəndaş potensialı, rəhbər
təcrübəsi, həm torpaq sevgisi, həm də ölkə
prezidentinə sədaqət nümunəsi var. Bütün
bunlar isə ən böyük çətinlikləri dəf
etməyə qadirdir. Deməli, həsrətini
yaşadığımız Füzulidə də cənnət
qurmaq arzumuz mütləq çin olacaq!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-14 oktyabr.-S.6.