DÜNYA ELƏ BAXIR...
O
göylər çiynimə əl kimi enə,
Varammı, yoxammı?!.İndi kimə nə?..
Tanrı elə ömür verib ki, mənə
Nə vaxtsa başıma qaxası deyil.
Bu alın yazımın ömrü az olar,
Pozulmasın deyə daşa yazılar.
Mən ki qocalmışam
cavan arzular
Çevrilib üzümə baxası deyil.
Özümü yandırır "Şikəstə" sinəm,
Dərdim zil kökdədir, haraylarım bəm.
Gözümün kökündə daş bağlayıb qəm,
Göz yaşım könlümə axası deyil.
Mənim
tale payım-şirin bir
yuxu,
Nədir
uduzduğu, nədir udduğu?!.
Dünya
elə baxır,
bərk-bərk tutduğu
Guya ki, Sahibin yaxası deyil.
YOXDUR
Sinəm
ocaq çatıb onu anmağa,
Ayrılıq öyrəşib məni danmağa.
Bu eşqim hazırdır oda yanmağa,
Amma söz deməyə cürəti
yoxdur.
Neyləyim yalquzaq dəmlər əlindən?
Zilim qan ağlayır bəmlər
əlindən.
Gizlənə bilmədim qəmlər
əlindən,
Bu boyda dünyanın
xəlvəti yoxdur.
Yox, yox, "Sahib" demir o səs, o səda,
Gəlmir daş ürəklim gözüm dolsa da.
Hamının belə bir yarı olsa da,
Hamının belə bir həsrəti
yoxdur.
QARIŞQA
Qarışqa, mən kiməm,
nəçiyəm-sorma,
Oxşarıq qarışqa taleyimizdən.
Sən mənim boyuma həsəd aparma,
Bir harın
gözündə qarışqayam
mən.
Niyə
şir olmadın, niyə, həyatda?!.
Bir bax, qan tökəni "böyük" sayırlar.
Sən hər gün ölürsən ayaqlar altda,
Axı kiçikləri
tapdalayırlar.
Yalanlar yeriyir qarışqa təki,
Ali kürsülərə dırmanır min-min.
Nə
Lenin ordenin,
Nə də, nə də ki,
"Şərəf lövhəsi"ndə
şəklin var sənin.
Səndən pay umurlar o yol kəsənlər,
Paysızı yandırıb kül eləyirlər.
Halal qazancında haram gəzənlər,
Səni hey şişirdib fil eləyirlər.
Bir az nəfəsini
dərəsən bəlkə,
Qarışqa fürsətin bitdimi məgər?
Sən yük daşıyırsan
özündən yekə,
Yekənin yükünü kiçiklər
çəkər.
Qaçırıq bir tikə çörək adına,
Mənim
şum ömrümü
tərim suvarır.
Belə
ağır zəhmət
Torpaq altına
Bizi ölü,
səni diri aparır.
Kim deyir, qaralıq eyibdir, eyib?!.
Bəxtin qarasında axtarma günah.
Səni
qara günün qara eləyib,
Ağ olsan qarışqa olmazdın vallah!..
ƏLLƏR
TİKAN ƏKİR...
Əllər tikan əkir qol-budaq olur,
Ayaqlar axırda
badalaq olur.
Dərdlər yığılanda böyük
dağ olur,
Dağlar da yığılır ürəyin üstdə.
Götürən tapılmır üzdən
boyanı,
Daha Fərhad
çapmır daşı,
qayanı.
Kəmərlə asıblar abır-həyanı,
Dollar kəmər olub
göbəyin üstdə.
Görən hara gedir indi bu yollar?!.
Acları "doyurur" köhnə nağıllar.
"Anam sənə qurban" deyən oğullar,
Rəqs edir "Ay sarı köynək"in* üstdə.
Özüm böyümürəm, böyüyür sözüm,
Tanrının payıdır mənə bu dözüm.
Özgə vaxt heç nəyi seçməyən
gözüm,
Dörd olub bir qanlı
kötəyin üstdə.
Elə bil, sərxoşdur, mey içib dünya,
Bizi yox, Şeytanı seçib bu dünya.
Tamah barmağına keçib bu dünya,
Fırlanır bir tikə çörəyin
üstdə.
*"Ay sarı köynək"
xalq mahnısıdır.
GÖZLƏRİMİN
BİR QAPISI
Bu nə gediş,
bu nə gəliş?
Yazıq canım, bax kirimiş.
Nadanlara
açıq imiş,
Bu dünyanın sirr
qapısı.
Qorxuram yol çata sona,
Ümidimin tabı sına.
Açılır şah qapısına
Daha haqqın
pir qapısı.
Qəzəbə tuş gəlmisiniz,
Əlləri boş gəlmisiniz.
Bəzənib "Xoş gəlmisiniz!"
Sözü ilə şir qapısı.
Sinəm
olub qabar-qabar,
Bütün dərdlər məni tapar.
Könlümün min qapısı var,
Gözlərimin bir qapısı.
TAPMIŞAM
Bal dadır bu eşqin
barı könlümdə,
Yığılıb dünyanın varı könlümdə.
Tutub saxlayacam yarı könlümdə,
Axır ki, özümdə cürət tapmışam.
Yüz aşiq odlayar bircə baxışı,
Yağdırıb ömrümə qarı, yağışı.
Axır
öz ovcuma gözümün yaşı,
Bəxtə bax, müftəcə qismət tapmışam.
Açılan çiçəkdir yaz havasında,
Mən isə qalmışam eşqin yasında.
Qoy məni axtarsın qəm yuvasında,
Yardan gizlənməyə
xəlvət tapmışam.
Bilmirəm, bir şirin güman olacam,
Yoxsa dağ ayrısı duman olacam?!.
Gözləri gözələ qurban
olacam,
Ay Allah, nə gözəl fürsət tapmışam.
Bu fağır bildiyim qəlbim kür imiş,
Ağrı suvarmağa qanım gur imiş.
Doğrudan sevginin gözü
kor imiş,
Vüsal əvəzinə həsrət
tapmışam.
UNUDAM
GƏRƏK...
Niyə
çəkdiyimi biləsən,
niyə?!.
Niyə
ağrı-acım gözünə
dəyə?!.
Neynim, yerim yoxdur qəm
gizlətməyə,
Xəlvətə çəkilib qəm udam gərək.
Daha sən mənsizsən alqışlarımda,
Bir qərib
sevgi var baxışlarımda.
Özünü görürsən göz
yaşlarımda,
Gözümün yaşını qurudam gərək.
Həsrət də sevinmir heç sənin təki,
O hansı ürəkdir bölünüb iki?!.
İstədim unudam səni,
gördüm ki,
Ən əvvəl
özümü unudam
gərək.
ÜRƏK
DEMİR...
Qara bulud dolub gedir,
Yerdən halı olub gedir.
Göy yarpaqlar solub gedir,
Sinirəmmir yel deyəni.
Sinəm
üstdə dağlar
qalıb,
Yar dilində "ah"lar qalıb.
Yazıq
bülbül ağlar
qalıb,
Tikan sancır
gül deyəni.
Yolum yoxuş, şələm ağır,
Ürəyimdən qanlar axır.
Bir qaydadır əzəl-axır
Başlar çəkir dil deyəni.
Vaxt fələyə fələk
demir,
Hər əsənə külək
demir.
Mən neyləyim, ürək demir
Ay deyəni, il
deyəni.
ŞİMŞƏK
Dayan, yaxşı-yaxşı görüm
üzünü,
Yaxın gəl, mən olum qoy dərd
bölənin.
Eh, yoxsa mənimtək için özünü
Çölün də özgəni yandırır sənin.
Oduq ikimiz də, amma çox azıq,
Özüm eşidirəm səsimi yalnız.
Ağlını göylərə vermə,
ay yazıq,
Yerdə guruldamaq olmaz arxasız.
Nə
pay umanın var, nə yol kəsənin,
Vergi qoyan yoxdur od həvəsinə.
Meydanın böyükdür göylərdə
sənin,
Yerdə bələdiyyə yer verməz sənə.
Göründün yenə də göynədi yaram,
Bəlkə daha xoşdur dincliyin, mürgün?!.
Sənin
işığına görə
Qorxuram
Bizdən işıq pulu yığalar hər gün.
Yox, enmə göylərdən,
orda alış sən,
Orda atını
çap, orda qanad gər.
Yerdə
özbaşına yanmaq
istəsən,
Səni heç yanmamış kül eləyərlər.
Bir qəmin nurunda ömür sürmüşəm,
Mənim ki istəyim o göylər idi.
Yerdə
şimşəkləri elə
görmüşəm,
Göyə baxmağa da qorxuram indi.
Sənə deyiləsi neçə
sözüm var,
Dişimlə sıxmaqdan dilim əzilib.
Göydə şimşək nəsli
artırmaq olar,
Yerdə şimşək nəsli çoxdan kəsilib.
SONRA
Min ildir deyirlər əvvəl-axır var,
Səbr diləməyə hələ
ahıl var.
Papaq altda baş var, bir də
ağıl var,
Papaqlar boş qalır ağıldan sonra.
O kimdir mey içir
qanlı bərədə?
Yurd çadır olubdur bir az bəridə.
Nağıl söyləyirlər Şuşa barədə,
Alma Şuşa olmur
nağıldan sonra.
Ürəyim quruyub, sözüm
su içmir,
O dağım, o dərəm, düzüm su içmir.
Mənim bu noğuldan gözüm su içmir,
Vətən yaddan çıxır noğuldan sonra.
Qana bax saxtanın saxta dinində,
Tülkü hiyləsində, Şeytan
kinində.
Torpaqlar
yaşayır oğul
çiynində,
Torpaq şəhid
görmür oğuldan
sonra.
YARIMÇIQ
Dedim, bu çəmənin gülləri buta,
Demədim, tikanı dizimə bata.
Əyrilər dolaşır əlində
balta,
Görürəm hər yerdə düzü yarımçıq.
Bəxtimin dalınca bir daş atmışam,
Başımı dərdimə qoyub yatmışam.
Yarımçıq evimdə ocaq çatmışam,
İsidir canımı közü yarımçıq.
Nə ayım bəllidir, nə günüm bəlli,
Təzyiq də yaxamdan tutub min əlli.
Tanrı
üz göstərmir
mənə əməlli,
Görünür Tanrının üzü yarımçıq.
Bu yurdu yarımçıq qoydular necə,
Yarımçıq nur saçır Ay da hər gecə.
Ay aman!.. Yarımçıq
imiş,
gör neçə
Bütöv bildiyimin özü yarımçıq.
Doğuldum yarımçıq bir
yoldan ötrü,
Bitmir arzumun da yarımçıq dövrü.
Sözündə bütövdür Sahibin ömrü,
Gedir qəzetlərdə sözü yarımçıq.
Ədalət.-2015.-15 oktyabr.-S.7.