Büllur səs xəzinəsinin
sahibi
Tahir ƏZİM Musiqişünas
Xan əmi haqqında xatirə yazmaq həmişə
məni düşündürüb, lakin həm də fikirləşmişəm ki, sənət dünyasını, şəxsiyyətini,
insani keyfiyyətlərini, bütövlüyünü,
mənəvi dünyasını ona layiq əks etdirə biləcəyəmmi? İndinin özündə də xanəndənin "Segah"ının "zili" və "mübərriğə"si
qulaqlarımda səslənərək şəffaf dağ şəlaləsi kimi
zirvədən axıb tökülür,
qarşısına çıxan bütün
maneələri aşaraq Xəzərə
qovuşur. Görkəmli musiqi tədqiqatçısı Firudin Şuşinski uzun illər apardığı tədqiqatlar və
müşahidələr əsasında Xan
Şuşinskinin sənət fərdiliyini
və fenomen istedadının geniş təhlilini vermiş,
sanki yeni bir söz demək
imkanımızı əlimizdən almışdır. Firudin Şuşinskinin həm
də bu dahi sənətkarla
uzun illər sıx dostluq
əlaqələri var idı. Bu möhkəm dostluğun
nəticəsi idi ki, Xan əmi ona "Firi bala" deyə
müraciət edərdi.
Xan əmi həm də ailəmizin çox sevilən, əziz və böyük dostu idi. Hələ 1936-cı ildə Xan Şuşinski
Şuşadakı evimizin yuxarı mərtəbəsindəki
böyük zalında atamın toy məclisində iştirak
etmişdi. O vaxtlar onun 35 yaşı varmış. Təsəvvür
edirəm ki, bu yaşda Xanı dinləmək necə böyük xoşbəxtlik idi.
Bu, o vaxtlar
idi ki, repressiya
tufanları artıq qapıları döyürdü.
Atamın dayısı Şükür bəy
Köçərlinin bəlkə də ürəyinə
dammışdı ki, son
dəfə olaraq ailəmizin sevimlisi Xan əmini dinləyir.
Anamın xatirəsində məclisdə oxunan
bu sözlər də ömürlük
hafizəsinə həkk olunmuşdu.
Gözəlim, gəl
yaxınlaş da mənə,
Çün sabahın göz
yaşı var.
Gün gələr, saç
ağarar, bel
bükülər,
Qalarsan gəncliyə həsrət,
O da
keçmişdə qalar.
Repressiya hadisələri,
müharibənin ağrı-acıları da
Xan əmiyə olan sevgini azaltmadı, əksinə, daha da ülviləşdirdi.
Xan əminin əmim Hidayətlə çox isti və səmimi
münasibətləri var idi.
Şuşada yay mövsümü başlayanda
şəhərə səs yayılardı ki,
Xan gəlib. Hamı onu kənardan da olsa, görməyə tələsərdi.
Şəhərə çıxan hər bir
kəs "Meydan bulağı"ndan
"Bazarbaşına" nəzər salanda
qəddi-qamətli, uca boylu,
şux yerişli,
yaraşıqlı, bir əlində təzə
həsir zənbil, ağzında demisi olan Xan əmini uzaqdan tanıyardılar. Xan
əmi nə qədər Şuşada
qalardı, əmim özü onun ardınca gedər və evə dəvət
edərdi. Həyat yoldaşı Sayat xala çox əla aş dəmləyərdi. Xan
əmi çox mahir nərd
ustası idi. Zəri stəkanda silkələyərək
atardı və rəqibini də buna məcbur
edərdi. Bu
xüsusiyyət onun necə bir halal
insan olmasının daha bir ifadəsi
idi. Biclik işlədərək zəri cütləməyi
xoşlamazdı. Əmim onunla
nərd oynamaqdan böyük zövq alardı.
Xan əmi olduqca həssas və qəlbi kövrək bir insan idi. Xanəndələrimizdən
biri radioda "Qarabağ şikəstəsi"ni lentə yazdırarkən Səməd
Vurğunun "Azərbaycan"
şeirində çox
ciddi təhrifə yol vermişdi. "Havalansın Xanın
səsi" əvəzinə,
"havalansın elin səsi" ifadəsini işlətmişdi. Bu, Xan əminin ürəyinə toxunmuşdu.
Filarmoniyanın bağında həmkarları
ilə əyləşərkən
"o nədir ə elə,
oxuyur "havalansın
elin səsi".
Bəyəm Səməd
elə sözmü yazıb?!".
Xan əminin
bu sözü yuxarılara çatmış
və elə həmin gün də o yazını fonotekanın fondundan ləğv etmişdilər.
Məlimdur ki, Xan əminin
Səməd Vurğunla
çox səmimi və sıx dostluq əlaqələri var idi. Səməd
Vurğun Xan əminin "Segah"ını,
xüsusilə "Yetim
Segah"ını, "Qarabağ
şikəstəsi"ni, "Mirzə Hüseyn Segahı"nı çox
sevərmiş. Səməd Vurğundan
söz düşəndə
qaşları çatılar,
xəyala dalar, deyərmiş ki, o qədər ölməli pis adamlar var
ki, Səməd niyə belə tez dünyadan köçdü?
Xan əmi çox yüksək mənəviyyat sahibi idi. Məclislərin birində ona
içki təklif edilmiş, o isə qəti imtina edərək "Canım,
bu səs mənə xalqın əmanətidir. Əmanətə xəyanət olmaz" demişdi.
Yay aylarının
birində anam məni bazara göyərti almağa göndərmişdi. Xan əmi kənddən gətirilmiş çox gözəl, sarı, uzunboğaz "düşest"
armudu satan
kəndli ilə söhbətləşərək, qiyməti bir qədər aşağı
salmağı təklif
edirdi, lakin kəndli heç cür razılaşmırdı.
Xan əmi məcbur olaraq "Mən Xan əmiyəm də, məni tanımadın?" Əfsuslar olsun
ki, həmin kəndli Xan əmini tanımadı, hətta məndə o kəndliyə qarşı
ikrah hissi oyandı.
Qarabağ hadisələri başlayarkən
məlum oldu ki, Şuşanın azərbaycanlılar yaşayan
əksər kəndlərində
nə radio qovşağı,
nə də elektrik xətti yox imiş. Kənd
sakinləri iki yüz il
bundan əvvəl olduğu kimi neft lampalarından istifadə edirmişlər.
Mən həmin kəndlinin Xan əmini o vaxt niyə tanımadığını indi
başa düşmüşdüm.
Şuşanın özündə belə, gecələr şəhər yarıqaranlığıa
bürünərkən eyvanımızdan
ermənilər yaşayan
Şuşakəndin, Keşişkəndin,
Qırmızıbazarın bərq vuran işıqları aydın
görünürdü.
Dahi Üzeyir
bəy öz çıxışlarında dəfələrlə
Xanın səsinə
və sənətkarlığına
çox yüksək
qiymət vermişdir. Üzeyir
bəydən söhbət
düşəndə deyərmiş
ki, "Üzeyir bəy ayrı adam idi.
Belə insan dünyaya beş
yüz ildən bir gələr. Onunla heç kəsi bir tərəziyə qoymaq olmaz". Cabbar Qaryağdıoğlu isə
gənc Xanı dinlədikdən sonra onu "gələcəyin
ən gözəl oxuyanı" adlandırmışdı.
Xanda olan geniş diapazon, tessituralı gur səs və güclü nəfəs Yaradanın ona bəxş etdiyi zəngin xəzinə idi. Qocaman sənətkarlar söyləyirmişlər ki,
belə bir səs yalnız Hacı Hüsüdə olub.
Əmim Bakıya köçəndən
sonra müharibədə
aldığı zədədən
ağır xəstə
yatarkən Xan əmidən söhbət
düşdü və
mən soruşdum ki, Xan əmi
indinin özündə
də belə yaraşıqlıdır, bəs
gəncliyində necə
idi? Əmim xeyli xəyala dalaraq cavab verdi
ki, Xan gəncliyində
ən gözəl qızdan da gözəl oğlan idi. Əmim rəhmətə gedəndə Xan əmi Firudin Şuşinski ilə dəfn mərasimində və yas məclisində
iştirak etdi.
Həyat yoldaşımın kiçik
bacısı Gülnarə
Xan əminin qızı Bəyimxanımla
190 nömrəli məktəbin
ikinci sinfində oxuyarkən gəlib evdə danışırmış
ki, Xan əminin
qızı bizimlə
oxuyur. Evdəkilər uşağın bu sözünə elə də əhəmiyyət verməyərək
bir müddətdən
sonra başa düşürlər ki, Xan Şuşinskinin qızı onunla bir sinifdə oxuyur.
Onun sənəti bugünkü
xanəndələrimizə də örnək, nümunə ola
bilər. Ağayana qaməti, oturuşu,
səlis və aydın diksiyası vardı, muğamların zil məqamlarında belə, sifətinin cizgilərinin gərginliyi
hiss olunmazdı, səsindən
müxtəlif üsullarla
istifadə etməsi, ağzını çox geniş açmaması onun yaddaqalan sənət fərdiliyi və mədəniyyəti
idi. Onun səs diapazonu
üç oktavadan da kənara çıxırdı. Vokal sənətində
lirik tenor üçün
bu, çox nadir hadisə idi. O, özünəməxsus dağ
şəlaləsi kimi
büllur və şəffaf səsi ilə ustadları hesab etdiyi Cabbar
Qaryağdıoğlunun, Seyid
Şuşinskinin və
İslam Abdullayevin sənət yolunu davam etdirmiş və Qarabağ muğam məktəbini daha yüksək zirvələrə qaldırmışdır.
İstedadına görə xalqımız
tərəfindən hələ
gəncliyindən ona verilən məşhur təbrizli xanəndə Əbülhəsən xan
İqbalın Xan adını daşımaqla
həm də əsil-nəcabətinə görə
Qarabağ xanlığının
əsasını qoyan
bacarıqlı sərkərdə
və dövlət xadimi Pənahəli xan Cavanşir nəslinin davamçısı
kimi əyilməzlik və mərdanəlik xüsusiyyətlərini iç
dünyasında yaşadırdı.
Şuşada 1979-cu ilin yay mövsümü
başlamışdı. Xan əmi
gəlməmişdi. Mart
ayının soyuq bir yaz gecəsində
Bakıda dünyasını
dəyişmişdi. "Topxana" meşəsinin
qaşları çatılmış,
"Üçmıx" zirvəsi xəyala dalmışdı, "Daşaltı"
çayının zümzüməsi
yanıqlı bir bayatı çağırırdı.
Üzüyün qaşsız qaldı,
Çəmənin quşsuz qaldı.
Ay aman, Xan əmi
getdi,
Şuşamız başsız qaldı.
Axşam düşürdü. "Bazarbaşı"ndakı
gücləndirici radionun
səsi ürəkləri
titrədərək dalğa-dalğa
ətrafa yayılırdı.
Xan əmi "Qarabağ şikəstəsi" oxuyurdu.
Axşam
üstü qoy uzaqdan,
Havalansız Xanın səsi,
Qarabağın şikəstəsi.
Sən dünyaya
İsfəndiyar kimi gəldin. Lakin təkrarolunmaz sənətinlə
muğamlarımızın, xalq mahnılarımızın
xanı, sultanı, şahı zirvəsinə
yüksəldin. Yüz illər
sonra da dahi Səməd Vurğunun "Azərbaycan"
şeirini oxuyanlar Xan adlı məşhur
bir Azərbaycan xanəndəsinin varlığını
bir daha xatırlayacaqlar. Gün gələcək,
doğma Şuşanda
sənin özünə
layiq əzəmətli
heykəlin ucalacaq.
Ədalət.-2015.-15
oktyabr.-S.5.