Bu işdə mənə dəstək olan hər bir kəsə minnətdarlığımı bildirirəm

 

Azərbaycan mətbuatının əsasının qoyulduğu ildən, yəni 1875-ci ildən bu günə - 2015-ci ilə kimi 140 il keçir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bu ilbir sıra şəxslər təltif edildi, fəxri adlar aldı. "Əməkdar jurnalist" fəxri adı alanlar sırasında Bakı Dövlət Universiteti (BDU) Mətbuat tarixiideoloji metodları kafedrasının dosenti Qərənfil Dünyamin qızı (Quliyeva) da var. Bu münasibətlə Qərənfil xanımla müsahibə apardım:

 

- Salam, Qərənfil xanım. Sizi "Əməkdar jurnalist" adı almağınız münasibətilə təbrik edir və müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm.

-Çox sağ olun! Layiq olan hər bir qələm yoldaşıma bu fəxri ada sahib olmağını arzu edirəm. Bu ad mənim 31 illik fəaliyyətimə verilən qiymətdir. İlk yazımın 1974-cü ildə çap olunmasına baxmayaraq müntəzəm olaraq 1984-cü ildən dövrü mətbuatda çıxış etməyə başladım. Bu il 31 il tamam oldu ki, yazı-pozu ilə məşğulam. İnsanın əməyi qiymətləndiriləndə daha böyük ruh yüksəkliyi ilə, əzmlə çalışır. Mənim də əməyimi belə yüksək ada layiq gördüyü üçün ilk olaraq cənab prezidentimiz İlham Əliyevə minnətdaram. Müntəzəm olaraq çap olunduğum "Kaspi", "Ədalət" qəzetlərinin, "İşıq", "Füyuzat" jurnallarının kollektivinə, rəhbərliyinə, orta məktəb müəllimlərimlə yanaşı ali məktəb müəllimlərimə - bir sözlə, mənə bu yolda dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu il 140 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ilk olaraq xalqını maarifləndirmək, onu dünyada baş verən ictimai, siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və inkişaf yoluna çıxarmaq məqsədini qarşısına qoymuşuzun illərdir ki, bu vəzifəni layiqincə yerinə yetirir. Təbii, bugünkü inkişaf səviyyəsinə çatana kimi mətbuatımız çox çətin, ziddiyyətli yol keçib. Uzun illər çar senzurasının amansız şərtləri altında, sonra da 70 il Sovet senzurasının "qayda-qanun"ları ilə mətbuatımız öz fəaliyyətini davam etdirib. Çox qısa bir zaman Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzura (1918) ləğv edildi, "Mətbuat haqqında Nizamnamə" (1919) qəbul edildi, mətbuatımız azad fəaliyyətdə oldu. Bu azadlığa Azərbaycan mətbuatı bir də 1998-ci ildə nail oldu. Mərhum prezident Heydər Əliyevin 1998-ci il 6 avqust fərmanı ilə senzura birdəfəlik ləğv edildi. Senzuranın ləğvi mətbuatımızın inkişafına böyük təkan verdi. Hal-hazırda da ölkəmizdə KİV və dövlət münasibətləri yüksək səviyyədə tənzimlənib. Dövlətin mətbuata qayğısı hər an hiss edilir. 2013-cü il iyulun 22-də "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamına əsasən mətbuat işçiləri üçün inşa edilmiş binada mənzillərin təqdimat mərasimində bir sıra jurnalistlərə ev verildi.

- Adınızı mükafatlandırılan jurnalistlərin siyahısında görəndə hansı hissləri keçirdiniz?

-Sərəncam mətbuatda yayımlananda M.F.Axundov adına kitabxanada idim. Bu şad xəbəri birinci dəfə BDU mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovadan və müəllimə yoldaşım, Region TV Bakı Xəbər Departamentinin redaktoru Aynur Nəsirovadan eşitdim. Təbii, çox xoş hisslər keçirdim. Bu işdə mənə dəstək olan hər bir kəsə minnətdarlığımı bildirirəm və layiq olan hər bir qələm yoldaşıma da arzu edirəm.

- "Əməkdar jurnalist" olan günə kimi fəaliyyət yolunuza nəzər salaq. Bu illər sizi heç yorubmu?

-Mən yuxarıda qeyd etdim ki, 1984-cü ildən dövrü mətbuatda çıxış edirəm. O zaman BDU-nun I kurs tələbəsi idim. Təhsilimi başa vurub müxbir kimi ilk dəfə 1990-cı ildə "Ədalət" qəzetində fəaliyyətə başladım. 1998-ci ildə isə BDU-nun dissertantı təyin edildim. Beləliklə, həmin ildən daha çox mətbuatımızın tarixinin araşdırılmasına meyilləndim. 2000-ci ildə yenidən müntəzəm olaraq dövrü mətbuatda çap olunmağa başladım. Xüsusən də, "Kaspi", "Ədalət" qəzetlərində və "İşıq", "Füyuzat" jurnallarında.

Onu da qeyd edim ki, yenidən mətbuata qaydışım çox uğurlu oldubunun üçün də "Kaspi" qəzetinin kollektivinə, xüsusən də qəzetin təsisçisi şairə-publisist, tədqiqatçı alim, xeyirxah insan Sona xanım Vəliyevaya minnətdaram.

Son illərdə "Kaspi" bütün klassik publisistlərimizin yaradıcılığına, həyatına aid xüsusi saylar buraxıb. Bu xüsusi saylar oxucularımız tərəfindən də çox böyük sevgi ilə qarşılanıb. Mən hər dəfə bu xüsusi buraxılışları auditoriyaya aparıram. Orada tələbələrimlə müazkirə edirik. Beş ilə yaxındır ki, demək olar

"Kaspi"nin hər sayında mətbuatımızın tarixi, onun yaranmasında, yaşanmasında özünəməxsus yerirolu olan publisistlərimizin, jurnalistlərimizin, ədəbi-bədii irsi, ictimai-siyasi fəaliyyəti, xeyirxah əməlləri haqqında məqalələrlə çıxış edirəm. Bu illər ərzində kaspiçilərin qayğısı və köməyi ilə üç kitab: "Milli tərəqqiyə doğru" (2012), "Mətbuat nicat yoludur" (2013), "Dahinin istəyi, qələmin qüdrəti" (2015) adlı elmi-publisistik və bədii məqalələr toplusu işıq üzü görüb. Qaldı ki, yorulmaq məsələsinə. Mən hər zaman demişəm insan sevdiyi işlə məşğul olanda yorğunluq hiss etmir.

Gözəl bir deyim var ki, "Xoşbəxt o kəsdir ki, səhər işinə, axşam evinə tələsir". Şükür Tanrının böyüklüyünə ki, mən o kəslərdənəm. Günlərlə tələbələrim arasında olmaqdan, saatlarla arxivlərdə axtarıb-aramaqdan zövq alıram.

- Bəs sizə görə Qərənfil xanım daha çox elmi xadimdir, yoxsa praktik jurnalist?

-Təbii, mən ilk olaraq mətbuatımızın tarixi ilə məşğul olan bir tədqiqatçı aliməm. Onun yaranma tarixini, inkişaf yollarını auditoriyada tələbələrimə tədris edirəm. Hazırda "Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)" mövzusunda doktorluq dissertasiyası üzərində işləyirəm. Amma bununla yanaşı bir jurnalist kimi fəaliyyətimi davam etdirirəm.

Qərənfil xanım, çox incə bir məsələyə toxunmaq istərdim. Bu gün nədənsə mətbuatımızda publisitika sanki qeyb olub. Bəlkə bu gün publisistikaya ehtiyac yoxdur?

-Jurnalistika təkcə informasiya verməklə kifayətlənməməlidir. İctimai, siyasi, iqtisadi, mədəni həyatda baş verən bütün problemlərin aradan qaldırılmasında, həlli yollarının tapılmasında, düz istiqamət verilməsində, hətta cəmiyyətin səfərbər edilməsində publisistika çox önəmli yer tutur. Klassik publisistikamıza nəzər yetirəndə bir daha şahidi oluruq ki, xalqın milli özünüdərk özünəqayıdış hisslərinin aşılanmasında klassik publisistikamız dahiyanə nümunələr yaratmışdır. İstər 20-ci yüzilliyin əvvəllərində, istər sonlarında milli müstəqilliyimizin, azadlığımızın qazanılmasında döyüşkən publisistikamız əvəzedilməz rol oynamışdır.

- Bəs bu gün niyə mətbuatımız əsasən informasiya verməklə kifayətlənir?! Axı bu gün publisistikanın müraciət həll edəcəyi bir çox sahələr var. Buna görə klassik publisistikamızdan öyrənəcəklərimiz çoxdur...

Azərbaycanın XX əsr ictimai fikir tarixində görkəmli yer tutan, Azərbaycan ədəbiyyatının, mətbuatının görkəmli böyük fitri istedada malik publisistləri olmuşdur. H.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, F.Ağazadə, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Vəzirov, M.B.Məhəmmədzadə, Ş.Əfəndizadə başqa görkəmli sənətkarlarımız publisistika ilə məşğul olaraq ideya düşüncələrini publisistik məqalələrində əks etdirmişlər.

Unutmayaq ki, publisistikamızın bədii-ictimai fikir tariximizdə azərbaycançılıq ideologiyasının ən parlaq səhifəsini yaratmış C.Məmmədquluzadə yaxud Azərbaycan milli mətbuatında istiqlal düşüncələrini möhkəmləndirən siyasi publisistikanın ölməz nümunələrini tarixə həkk edən M.Ə.Rəsulzadə, milli məsələyə həsr edilən ən dəyərli publisistik nümunələri yaradan Ü.Hacıbəyli Ö.F.Nemanzadə publisistikasına bu gün qədər ehtiyacımız var.

- Mən auditoriyada sizin qarşınızda bir tələbə kimi əyləşirəm, indi isə sizdən müsahibə alan jurnalist-tələbə kimi. Yəqin ki, bir tövsiyəniz, iradınız var?

-Əvvəla, çox qürur hissi keçirirəm ki, sabaha layiqli jurnalistlər yetişdirə bilirik. Son bir ildir sənin imzanı müxtəlif qəzet jurnallarda görürəm. Hiss olunur ki, jurnalistikanı sevərəkdən gəlmisən. Bu çox yaxşı. Qaldı ki, tövsiyəmə, iradıma. İmzanın sevilməsi seçilməsi üçün çoxlu mütaliə etməlisən, yazmalısan. Jurnalist peşəsi həm şərəfli, həm məsuliyyətli bir peşədir.

Bu məsuliyyəti hər an hiss et. Nədən, kimdən yazırsan yaz, amma milli mənəvi dəyərlərinə, dövlətçiliyinə, müstəqilliyinə qarşı həmişə sədaqətlə, qayğı ilə yanaş. Onların qorunmasında, yaşanmasında, təbliğ edilməsində jurnalistlərin böyük rolu var. Nurlan, bu gün Sənin timsalında jurnalistika aləminə yeni qədəm qoyan bütün gənc-yazarlara üzümü tutub deyirəm: Qələminlə sözü göyərt ki, səndən sonra səni yaşadacaq bir söz sahibi ol!

- Qərənfil xanım, maraqlı söhbət üçün minnətdarlığımı bildirirəm Sizə daha böyük uğurlar arzulayıram.

- Mən o uğurları sizin həyatınızda da görmək istəyirəm. Deyirlər bağban o zaman cavan qalır ki, hər gün öz zəhmətinin barını görür. O barı sizlərdən görmək arzusu ilə sizə sağ olun deyirəm.

Nurlan Ağa,

BDU-nun jurnalistika

fakültəsinin III kurs tələbəsi

ədalət.-2015.-16 oktyabr.-S.6.