Sovet ədəbiyyatının "Böyük dayağ"ı

 

15 oktyabr Azərbaycan-sovet ədəbiyyatının görkəmli dramaturqu, yazıçı və ictimai xadimi Mirzə İbrahimovun doğum günüdür.

Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub.

1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunub. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləyib. 1977-ci ildən AsiyaAfrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya), Suriya (Dəməşq), Zambiya (Lusaka) ölkələrində səfərdə olub, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olub.

Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs","Sənət aşiqləri","Zəhra","Yol ayrıcında", "Mələk", "Qaçaq" 'Cənub hekayələri' silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün - (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə alıb: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961)(əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir.

M. İbrahimov V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edib.

M. İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

 

Ədalət.-2015.-16 oktyabr.-S.6.