Müharibə üzərində qələbə

 

Düz yetmiş il əvvəl - 1945-ci ilin iyun ayında Okeanın o tayında - Amerika qitəsində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi qəbul olundu. Bununla da qanlı-qadalı İkinci Dünya müharibəsindən sonra bəşəriyyət beynəlxalq münaqişələri sülh yolu ilə həll etmək üçün bir qurum yaratmağa nail oldu. O vaxt 2,3 milyardlıq əhalisi olan 51 ölkə bu ali Təşkilatın üzvü idisə, hazırda burada 7 milyardlıq əhalisi olan 193 ölkə təmsil olunur. Cəmi bir neçə gün öncə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası özünün 70-ci - yubiley sessiyasını keçirdi.

...1945-ci il iyunun 25-də ABŞ-ın San-Fransisko şəhərindəki Opera teatrına 9 min adam toplaşmışdı: 50 ölkədən 850 konfrans nümayəndəsi, üç min nəfərdən artıq nümayəndə heyəti üzvü, referent və texniki əməkdaş, iki min nəfər yarım jurnalist və üç minə yaxın müşahidəçi. Axırıncı, sayca 10-cu plenar iclası gedirdi. Gündəlikdə - Təşkilatın Nizamnaməsinə səs vermək məsələsi dururdu. İki aylıq gərgin iş, ciddi mübahisələr, təzadlı fikirlər arxada qalmışdı. Bəzən elə anlar olurdu ki, adamlar düşünürdü: razılaşma mümkün deyil və nümayəndələr evlərinə əliboş qayıdacaqlar... Hər bir təklif bütün maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə edilir, qərar isə mütləq çoxluğun razılığı ilə qəbul olunurdu. Komitələrdə bütün nümayəndələrin iştirakı ilə aparılan müzakirələrin nəticələri plenar iclaslarda nəzərə alınırdı.

Əsas səsvermə sonrakı günə - iyunun 26-na düşdü. "Biz həyatda heç vaxt bundan əhəmiyyətli qərar qəbul etməyəciyik" , - deyə Böyük Britaniyanın ABŞ-dakı səfiri bildirirdi. Baş verənlərin miqyasını və mahiyyətini qiymətləndirərək nümayəndərin əl qaldırmaqla deyil, ayaq üstə qalxmaqla səs vermələri təklif olundu. Beləliklə, gözlənilən məqamda Opera teatrının nəhəng zalına toplasan ölkələrin nəinki rəsmi nümayəndələri, eləcə də jurnalistlər və qonaqlar daxil olmaqla bütün iştirakçılar bir nəfər kimi ayağa qalxdılar. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi belə qəbul olundu.

Ruzveltin arzuları

 

Bütün işlər həsəd aparılacaq dərəcədə sürətlə görülmüşdü. Beynəlxalq konfransın çağırılması haqqında qərar 1945-ci il fevralın 11-də Ruzvelt, Çörçil və Stalinin Yalta görüşü zamanı qəbul olunmuşdu. Dəvətnamələr aprelin 5-də göndərilmişdi. Əvvəlcə antihitlər koalisiyasının 46 üzv ölkəsini çağırmağı planlaşdırmışdılar, lakin sonradan daha dörd ölkə də əlavə olundu - Argentina, Danimarka, Stalinin təkidi ilə Belarusiya və Ukrayna.

Sovetlər Birliyindən iki müttəfiq respublikanın konfransda iştirakı müstəmləkə dövlətləri üçün, - hansı ki İkinci Dünya müharibəsinin sonlarınadək hələ mövcud idi,- heç də gözlənilməz olmadı. San-Fransiskoya ABŞ-ın himayəsində olan Filippin dəvət almışdı; hələ ingilis koloniyası sayılan Hindistan, İngiltərənin formal dominiantlığında olan Kanada, Yeni Zelandiya, Avstraliya və Cənubi Afrika İttifaqı. Görünür, Stalinin "verdiyi" müstəqillik uydurma idi, lakin formal olsa da Ukrayna və Belarusiyanın öz konstitusiyası vardı, hətta SSRİ tərkibindən çıxmaq hüququna malik idilər. Ukraynanı təmsil edən respublika xarici işlər komissarı, köhnə bolşevik Manuilski BMT Nizamnaməsinin "Hədəflər və prinsiplər" adlı birinci bölməsini hazırlayan komitəyə rəhbərlik edirdi. San-Fransiskoda dünya, demək olar ki, özünə yeni ölkələr və xalqlar "kəşf etdi", hansı ki, bir müddət sonra müstəmləkə sistemindən çıxıb müstəqilliklərini elan etməyi bacardılar.

Konfransın işinə açılışa cəmi bir neçə gün qalmış Amerika prezidenti Franklin Ruzveltin ölməsi (12 aprel 1945-ci il) böyük zərbə oldu. "Birləşmiş millətlər" - bu adı məhz o fikirləşmişdi. Lakin açılışı təxirə salmamağa qərar verdilər. Aprelin 25-də San-Fransiskoda ilk plenar iclas öz işinə başladı.

 

Atlantik xartiyası

 

Həyata keçməsi 1945-ci ilin iyununa təsadüf edən Birləşmiş Millətlər Taşkilatı ideyası paradoksal bir şəkildə öz başlanğıcını 1941-ci ilin iyununda - doqquz Avropa ölkəsi hökümətinin sığındığı, o dövr üçün azad dünyanın axırıncı qalası sayılan, almanların aviasiya zərbələrindən əziyyət çəkən Londonda götürmüşdü.

Demək olar ki, iki illik müharibənin uğursuzluqları arxada qalmışdı: bütün qitə nasistlər tərəfindən tutulmuş, Stalin və Hitler formal da olsa hələ müttəfiq idilər-aralarında başlayacaq savaşa bir həftədən bir az artıq vaxt qalırdı. Lyuftvaffe (Almaniyanın Hərbi Hava Qüvvələri - S.M) rəhmsizcəsinə ingilis şəhərlərini bombalayırdı. Yarımada dünyadan təcrid olmaq təhlükəsi ilə qarşılaşmış, ABŞ-dakı müttəfiqlərdən kömək almaq mümkünsüz olmuşdu.

Mühasirəyə alınmış Londonda antihitlerçi koalisiya üzvləri birdən dünyanın müharibədən sonrakı vəziyyəti ilə bağlı planlar cızmağa başladılar. Böyük Britaniya və dominionlar, hazırda xəritədə mövcud olmayan doqquz Avropa dövləti bu məqsədlə 1941-ci il iyunun 12-də Sent-Ceymsk sarayına toplaşdılar. "Möhkəm sülhün yeganə əsası - azad dünya xalqlarının könüllü əməkdaşlığıdır, hansı ki, təcavuz təhlükəsindən xilas olaraq iqtisadi və sosial təminatdan faydalana bilərlər; bu məqsədə çatmaq üçün biz bir yerdə çalışmağa qərar veririk - digər azad xalqlarla birgə həm müharibə zamanı, həm də sülh dövründə.

İki həftə sonra, avqustun 14-də Ruzvelt və Çörçil nasizmə qarşı müharibəni davam etdirmək, bu yolda vuruşan bütün ölkələrə lazımi kömək göstərmək və gələcəkdə sülhün qorunması üçün məsuliyyəti öz üzərinə götürmək məqsədilə Atlantika xartiyasını imzaladılar. 1942-ci il yanvarın əvvəllərində Sovet İttifaqı və Çin də daxil olmaqla 26 ölkənin nümayəndələri. İran, İraq, Suriya, Venesuela və s. ilə Birləşmiş Millətlər Təşkilatının Deklarasiyasını imzalayaraq faktiki şəkildə Atlantika xartiyasına qoşuldular.

Dünyada müstəqil ölkə olmaq - dinc yanaşı yaşamağa, azadlığa, ədalətə və beynəlxalq əmin-amanlığa çalışmaq deməkdir. Nəhəng dövlət olmaq - hər şeydən əvvəl, sülh uğrunda mübarizə aparmaq, müharibəsiz və işğalsız dünya mizanının qarantı olmaq, özünün və digər ölkələrin ambisiyalarından əl çəkə bilməyi bacarmaq deməkdir. Birləşmiş Millətlər Təşkilatının ideologiyası,- əgər sivilizasiya yaşamaq və inkişaf etmək istəyirsə, - məhz belə idi. Qələbəyə yaxınlaşdıqca bu ideya da reallığa daha çox oxşayırdı. 1944-cu ilin oktyabrında Vaşinqton yaxınlığındakı Corctaunda, şəxsi bir malikanədə antihitlər koalisiyasının dörd üzvü - ABŞ, Birləşmiş Krallıq, SSRİ və Çin yeni təşkilat və onun strukturu barədə plan işləyib hazırladılar. "Dörd polis" -Ruzvett onu belə adlandırırdı: bu ölkələr beynəlxalq sülhyaratma missiyasının qarantı olmağı öz üzərinə götürürdülər. Bir az sonra hitlerçilərdən azad olunmuş Fransa da onlara qoşuldu.

Beş nəhəng - qalib, BMT Təhlükəsizlik Şurasının daimi üzvi oldu. Şuranın səlahiyyəti və işin aparılması qaydaları, daimi üzvlərin veto qoymaq hüququ da daxil olmaqla Yaltada müəyyənləşdirildi.

San-Fransisko konfransında veto hüququ kiçik ölkələr tərəfindən bir qədər narazılıqla qarşılandı: o, nəhəng dövlətlərin əlində öz qərəzli siyasətlərini həyata keçirmək üçün alətə çevrilməyəcək ki?!. Belə olan halda onları inandırdılar-dünyanı yenicə faşizm taunundan qurtaran nəhəng dövlətlər öz sözlərinə sadiqdirlər. Lakin bu gün "Beynəlxalq amnistiya" təşkilatı BMT TŞ-nın daimi üzvlərini veto hüququndan tam imtina etməsələr də, heç olmazsa dinc əhalinin kütləvi şəkildə qırılması və genosidlə bağlı müzakirələr zamanı səsvermə keçirilərkən ondan istifadə etməməyə çağırır.

Müharibəsiz sülh

 

İkinci Dünya müharibəsinədək insan hüquqları beynəlxalq aləmdə ikinci dərəcəli məsələ sayılırdı - Millətlər Liqasının (1919-cu ildə Versal razılaşmasının yekunlarına əsasən yaradılmış və 1946-ci ilə qədər mövcüd olmuş beynəlxalq təşkilat. 1935-ci ildə onun tərkibinə 58 dövlət daxil idi.) üzvü olan hər bir müstəqil dövlət öz vətəndaşları, yaxud təbəələri ilə necə davranmaqda tam sərbəst idilər. Millətlər Liqası insanlıq əleyhinə nasistlərin törətdiyi dəhşətli cinayətlərin qarşısını almaqda aciz idi. Osventsimdən sonra insan haqları sahəsində siyasət heç bir ölkənin daxili işi ola bilməzdi. BMT-nin 1948-ci ildə qəbul etdiyi "İnsan haqları üzrə ümumi Deklarasiya" ilk və ən əhəmiyyətli sənədlərdən biri idi. Orada əks olunurdu: yaşamaq haqqı, şəxsi azadlıq, mülkiyyət hüququ, qanun qarşısında bərabərlik, şəxsi həyatın toxunulmazlığı, günahsızlıq prezumpsiyası, siyasi və dini etiqad azadlığlı, ölkənin idarə olunmasında iştirak etmək, şərəfli əmək və s. İnsan haqlarının müdafiəsi BMT-nin fəaliyyətinin lap əvvəllərindən prioritet məsələ oldu. Onun pozulması iqtisadi sanksiyalardan tutmuş (CAR-da aparteid siyasəti zamanındakı kimi) hərbi müdaxiləyədək (Ruandada qətliam) hər cür beynəlxalq əməliyyatlara gətirib çıxara bilərdi.

"Biz müharibə üzərində qələbə çaldıq", - BMT-nın Nizamnaməsi qəbul olunandan dərhal sonra Amerika prezidenti Trumen belə demişdi. Elə dərhal da fikrinə düzəliş etmişdi: "Əgər dünyanın bütün xalqları ona (Nizamnamə nəzərdə tutulur-S.M.) möhkəm əməl etsələr". Əks halda müharibəsiz dünya idealına xəyanət, ağıl qarşısında eqoizmin növbəti təntənəsi labüd olacaq. Əfsuslar ki, 70 il keçsə də, hələ xeyli diktator və təcavüzkarın olduğu dünya öz idealından çox-çox uzaqdır.

Lakin demək olmaz ki, hər şey son dərəcə uğursuz başa çatmışdır. Bəli, mübahisələr və münaqişələr hələ də insanlığı əzir, incidir. Lakin bir faktdır ki, bu ümumdünya Təşkilatı böyük müharibənin təkrarlanmasına yol verməməyi bacardı. BMT, tez-tez səslənən tənqidi fikirlərə baxmayaraq, qlobal minaqişələrin, xüsusən "soyuq müharibə" dövründə qarşısını ala bilən heç də pis bir alət olmadı.

 

***

BMT-nin məqsədi beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsindən ibarətdir. Ötən 70 illik dövrün təcrübəsi göstərir ki, bu istiqamətlərdə bir sıra vacib işlər görülsə də, hələ yetərli deyil. Son 20-25 ilə nəzər saldıqda görünür ki, dünyada münaqişə ocaqları nəinki söndürülə bilməyib, əksinə, hətta artıb, bir sıra ölkələri humanitar fəlakət bürüyüb, aclıq və səfalət, yoxsulluq və xəstəlikdən əziyyət çəkən xalqlar hələ də qalmaqdadır, miqrant axını qitələrarası miqyas alıb, təhdid və zor işlətməklə öz siyasətini həyata keçirən ölkələrin sayı çoxalıb, dünyada nüvə silahı istehsalına maraq artıb, təhlükəsizlik məsələlərinin tənzimlənməsində ikili standartlar özünü açıq-aydın büruzə verməkdədir...

Konkret olaraq, Azərbaycana gəldikdə isə deməliyik ki, xalqımızın bu ümumdünya Təşkilatından gözləntiləri özünü heç də doğrultmayıb. Artıq 25 ildən çox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində heç bir kəsərli addım atılmayıb - təcavüzün aradan qaldırılması ilə bağlı ortada BMT-nin dörd mühüm qətnaməsi olsa da, onlar yerinə yetirilməmiş qalır. Müqayisə üçün ən sonuncu faktı xatırlamaq yerinə düşər: Liviya böhranı ilə əlaqədar qəbul edilmiş BMT qətnaməsi cəmi bir neçə saatdan sonra icra olunmağa başladı...

İkili standartlar, doğma-ögey münasibət, nəhəng güclərin iradəsinə boyun əymək və s... Bəşəriyyət isə bu ümumdünya Təşkilatından öz məqsəd və prinsiplərinə sadiq qalmağı gözləməkdə haqlıdır.

 

Hazırladı:

Səfər Mahmudzadə,

hərbi jurnalist

Ədalət.-2015.-16 oktyabr.-S.6.