Ağcabədi, görüşünə gəlmişəm...

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Son illər daxilən məndə belə bir hiss baş qaldırıb. Elə bil nə olacağını, nə eşidəcəyimi, nə görəcəyimi əvvəlcədən mənə kimsə deyir, kimsə söyləyir. Doğrusu, ilk anlarda bunu ötəri bir hiss kimi dəyərləndirdim. Düşündüm ki, bu bir təsadüfdi. Amma zaman keçdikcə həmin o duyğu, o hiss məndə daha da möhkəmləndi. Görünür, bu da səbəbsiz deyil. Axı hər bir hadisənin, hər bir hərəkətin, ümumiyyətlə, hər bir addımın səbəbi olur. Bax, bu mənada mən də artıq həmin o səbəblərin çözümünü axtarmıram, elə onun özü ilə baş-başa qalmağa üstünlük verirəm...

Hər dəfə yolum aran Qarabağına, xüsusilə Ağcabədiyə düşəndə müəyyən bir çaşqınlıq yaşayıram. İnanın ki, tam səmimi deyirəm, bu rayonun son beş ildəki mənzərəsi adamı əməlli-başlı heyrətə gətirir. Göz oxşayan, könül açan hər bir küçə, hər bir tin, hər bir abadlıq nümunəsi şəxsən mənim qəlbimdə belə bir sual yaradır:

- Bütün bunları etmək mümkün idisə, niyə etməyiblər? Kimi gözləyiblər? Axı torpaq da həmin torpaqdı, insanlar da həmin insanlardı. Bircə nə Ağcabədi həmin Ağcabədi deyil, nə də ona rəhbərlik edənlər.

Bəli, öncədən də vurğuladığım kimi, qısa bir zamanda böyük bir inkişaf yolu keçmiş, az qala göz, könül bulandıran, keçmiş mənzərəsini tarixin arxivinə yola salmış bu rayona, xüsusilə Ağcabədi şəhərinin özünə yolum düşəndə anladım ki, yaşadığım çaşqınlığın da səbəbi məhz bu quruculuqdu. Bu diyarın sözün həqiqi mənasında müasirliyi, abadlığı, həm də planlı şəkildə yenidən bir növü dünyaya gəlməsidi. Elə bil ki, Ağcabədi özünün yeniyetmə çağını yaşayır. Hər gün səliqə-səhman, hər gün özünə, inkişafına diqqət yetirmə və hər gün də dünənkindən yaxşı olmaq istəyən bir yeniyetmə dövrü.

Bu dəfə də Ağcabədi məni çaşdırdı. Rayona Beyləqan istiqamətindən daxil oldum. Yol kənarındakı yaşıllıq, bir boyda, bir biçimdə xüsusi qulluq görmüş ağaclar, özünün qızılı yarpaqlarıyla son payızın nəğməsini oxuyurdu. Həmin nəğmələr kədər üstündə köklənməmişdi. Ona görə ki, bu ağaclar da hələ yeniyetmə idi, pöhrə idi. Onları qarşıda neçə-neçə yaz, yay gözləyirdi. mən bu payızın qızılı yarpaqlarını seyr edə-edə gördüklərimi həm yaddaşıma - həm göz, həm düşüncə yaddaşıma naxışlayırdım. Rayon mərkəzinə daxil olanda yolun hər iki tayındakı səliqə-səhman da məni sevindirdi. Bundan öncəki səfərimdə bu küçədə gördüyüm bir neçə keçmişi xatırladan, yaraşıqsız binalar da sökülüb yerini müasir, daha cəlbedici varislərinə vermişdi. Yəni o köhnəliyi bugünkü təmtəraq, bugünkü yaraşıq əvəz etmişdi. Hərəkət etdiyim küçə rayonun mərkəzinə doğru gedirdi. Amma bu mərkəzi küçədən sağa-sola yollar da ayrılırdı. Maraq xatirinə sol tərəfə doğru hərəkət edirəm. Əslində bu, rayonun mərkəzinin arxa planıdı. Yəni hər dəqiqə diqqəti çəkməyən bir hissədi. Öz-özümə fikirləşirəm ki, bəlkə bu küçə yaddan çıxıb, unudulub, ancaq yanılıram. Burda da mərkəzdəki səliqə-səhman, həmin o abadlıq çox yüksək səviyyədə göz oxşayır. Bu daxili rahatlığın, bu xoş auranın içərisində şəhəri gəzə-gəzə muğam evinə, şahmat məktəbinə, istirahət parkına, bayraq meydanına, rayon ərazisindəki qaçqınlar üçün tikilmiş binaların olduğu məhəlləyə bir qonaq nəzərləriylə diqqət yetirirəm. Sonra da bu xoş təəssüratın içərisində şahidi olduğum mənzərənin daha böyük görüntülərini faktlarla ifadə etmək üçün Ağcabədi rayon İcra hakimiyyətinə gəlib burdakı köhnə tanışlardan dəqiq faktları əldə edirəm. İstəyirəm ki, mənim öz gözlərimlə görüb, mənzərəsindən doymadığım bu şəhərdəki inkişafın, abadlığın bütün gerçəkliyini həmin rəqəmlərin dili ilə sizlərə çatdırım. Ona görə ilk öncə Ağcabədidə aparılan tikinti-abadlığı önə çəkirəm xatırlatmaq istəyirəm ki, bu ilin 9 ayı ərzində Ağcabədi rayonunda çox böyük uğurla gerçəkləşdirilən tikinti, abadlıq, quruculuq işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə daha müsbət göstəricilərlə qeydə alınıb. Yəni rəqəmlərə nəzər salsaq onda məlum olar ki, şəhər ərazisində yenidən salınan səkilərə 20977 kv.metr tamet döşənmiş, 1298 kv.metr səki yanları olan laylar, həmçinin 22550 kv.metr hasar suvanmışdı ki, bunun da 12312 kv.metri cari ildə hörulmuşdu. Təkcə səkilərin, hasarların döşənməsi, hörülməsi, suvanması ən maraqlısı da həmin divarlar boyunca müxtəlif gül dibçəklərinin yerləşdirilib becərilməsi, bununla paralel olaraq həmin küçələrin başdan-başa işıqlandırılması artıq böyük bir işin məzmunca xırda hissəsi olsa da, mənaca kifayət qədər zövqü oxşayan əməyin nəticəsidi. Əgər gecələr bu küçələri gəzib-dolaşmaq istəyinə düşən olsa, çox sadə şəkildə ifadə etsəm, ayağı büdrəyər, yolu seçməkdə çətinlik çəkər. Bunu da Ağcabədi üçün, ağcabədililər üçün rayona rəhbərlik edən komandanın başçısı Şahin Məmmədov elə ağcabədililərlə əl-ələ verərək həyata keçiribdi.

"Regionların İnkişafına Dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən bu işlərin tempi keyfiyyəti Ağcabədidə diqqət mərkəzində saxlanılır. Yəni görülən işlər hansısa bir tapşırığa plyus qoymaq məqsədi daşımır, görüntü üçün icra olunmur, əksinə, hər bir necə deyərlər, köklü-köməcli, geniş diapozonda həyata keçirilir ki, onun bəhrəsindən zaman-zaman istifadə etmək mümkün olsun. Bax, bu mənada istər küçə yolların abadlaşdırılması, istər yenidən həmin yolların çəkilişi son dərəcə məsuliyyətlə həyata keçirilir. Burada əsas prinsip görülən üçün məsuliyyət daşımaqdı. Bax, bu mənada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov onun komandasının üzvləri demək olar ki, şəxsən bütün sahələri nəzarətdə saxlayır, üstəlik görülən hər bir üçün aparatın əməkdaşları da bir təhkimçi kimi cavabdeh olur. Bax, bu ciddi nəzarət işin keyfiyyətinə öz müsbət təsirini göstərir. Burada söhbət heç rayon rəhbərliyinin Ağcabədidə fəaliyyət göstərən qurumlara inamsızlığından getmir, əksinə, qədim rus atalar sözündə deyildiyi kimi, etibar edilir, ancaq həm yoxlanılır. Məhz bu mənada cari ilin yanvar-sentyabr aylarında Ağcabədi şəhərinin 28 may küçəsi, Nəsimi küçəsi, N.Aranlı küçəsi, Nizami küçəsi, Qarabağ küçəsi, N. Abdullayev küçəsi, X.Şuşinski küçəsi, Ş.Cəmşidov küçəsi, Ü.Hacıbəyov prospekti, Ə.Muxtarov küçəsi daxil olmaqla üst-üstə 46233 kv.metr asfalt örtüyü salınmışdı. Rayonun Aşağı Avşar kəndinə bu kəndin digər ərazilərinə təqribən üst-üstə 7 km uzunluğunda yolun çınqılla örtülməsi başa çatdırılmışdı. Doğrudu, qaçqın məcburi köçkünlərin yaşadığı həmin ərazidə reallaşan bu işdə qaçqınlar məcburi köçkünlərin sosial inkişaf fondu da yaxından iştirak etmişdi.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət.-2015.-17 oktyabr.-S.3.