AH, BU MOLLACIQLAR!..
Belə deyim var ki, yaxşılar çox yaşamır. Torpaq onlara qarşı daha çox dartınır, can atır, onları tez öz soyuq, səssiz-səmirsiz, qaranlıq ağuşuna alır. Alır və sevinir ... Kəsəsi, ölüm təzə şey deyil, onun insafı, mürvəti yoxdur. Heç nəyə baxmır, atı həyat atından daha yüyrəkdir. Və atını həmişə dördnala çapır. Baxmır qocaya - cavana, uşağa - böyüyə.
Bəsdir, filosofluq! Məqsədim bambaşqadı. ( Bir-birindən rəngbərəng (başqa söz tapmadım) mollacıqlar haqqında tez-tez müşahidə elədiyim həqiqətləri dilə gətirməkdir).
Şəxsi müşahidəm mənə deyir: "Bəzi rayonlarla müqayisədə bizim Biləsuvar camaatı yas mərasimlərinə heç zaman gecikmirlər. Hamı bir nəfər kimi rəhmətə gedənin yaxınlarının dərdinə şərik olmağa, başsağlığı verməyə tələsir... Vəhdəti, birliyi təmin edən bu məsələdə şəhər-kənd ayrı-seçkiliyi yoxdur... Övladına toy edənlər mütləq hüzr sahibinin razılığını alır... Haqqa qovuşmaların dəfn edilməsinə, 7 gün təziyyənin aparılmasına rəhbərlikdə molla adını daşıyan şəxs, necə deyərlər, hakimi - mütləqdir, baş rolun ifaçısıdır. Onun diktəsilə yasa gələnlər fatihə oxuyur, Allahdan ölənə rəhmət diləyirlər.
Rayon üzrə təxminən 60-70 nəfər mollamız var və onların müəyyən qismi həqiqətən mömün bəndədir. Qalanları heç orta məktəbi düz-əməlli başlı bitirməyib, sonralar da dini təhsil almayıb. Elə bir-birlərindən hədis öyrəniblər. (Şeyx Məhəmməd deyərdi: hədis-nağıl dastan, hekayə, rəvayət... deməkdir).
Sonralar mollalığı çörək ağacına çevirib, müqəddəs ziyarətgahlara gedib-gələnlər nəinki rayon məcidində qeydiyyatdan keçmir, heç bu Allah evinin həndəvərində fırlanmırlar. Onlar da, üzr istəyirəm, müğənnilər kimi qruplara, dəstələrə bölünürlər. Təkəbbürlüdürlər, özlərini hamıdan yuxarı, alimi - biəməl hesab edir, başqa həmkarlarının ardınca orda - burda hədyanlar söyləməkdən azacıq belə usanmırlar. Nə etməli, karyera, çörək uğrunda əsl mücadilə və savad, bilik bu mücadilənin kölgəsində.
Belələrində daha bir hərəkət, mənim heç yaxınıma qoymaq istəmədiyim iyrənclik: çoxarvadlılıq xəstəliyi... Əri Qarabağ döyüşlərində şəhid olmuş cavan bir gəlinə ikisi birdən elçi göndərdi. Gəlin onların elçilərinə sərt üz göstərib, qapıdan qovdu... Hələ birisi, gözündə-başında cin oynayan, bığıburma molla Həcc ziyarətindən qayıdan kimi ərə getməyən baldızını siğə eləyərək, aparıb qoydu kommunal evlərdən birinə. Necə deyərlər, bir axşam orda, bir axşam burda... başqa bir mollacıq uzaqgörənlik edərək böyük nəsil-nəcabətli tayfanın ərə gedən və uğursuz izdivacdan ata evinə dönən 33 yaşı qızını özünə gəlin etmiş, daha doğrusu, bığ yeri təzəcə tərləyən 17 yaşlı oğluna almışdır. Bununla da təzə gəlininin qohum-əqrəbasına mesaj göndərmişdir: baxın, sizlərdən kim rəhmətə getsə, molla mənəm ha!..
Hövsələmi basıb, təmkinimi saxlamaqla yas təziyyəsinin birində əyləşir və mollacığın söz-söhbətinə qulaq verirəm, başına daz qırxdırmış, saqqalı sinəsinə kimi uzanan, qırmızı yanaqlı, üz - gözündə cin oynayan birisi. Üyüdüb tökür: - İmam Hüseynin " Nəhcül-bəlağət "i böyük əxlaq kitabıdır. Hər kəs onu oxusa, öyrənsə, tükdən nazik, qılıncdan iti Sirat körpüsündən gözüyumlu keçər; - Nərd, domino oynayanlar cəhənnəm əhlidir;- Varlı yoxsula salam verməsə işi düz gətirməz; - Allah Amerikaya lənət eləsin. Neyniyəcək o ilbis İrana? Görəcəksiz, tezliklə onun təpəsinə qara daş yağacaq... Seyid Əli Xamneyi gec-tez Yer kürəsini idarə eləyəcək;
- Gecə yarısı televizorda lüt qız şəkli görən kişi xəyalən o qızı qucaqlayıb və sübh namazının vaxtını ötürüb. Baxmayın Televizora;
- Getməyin şadlıq saraylarına, oralar cin-şeytan yuvalarıdır...kim araq içsə, Allah ona qənim olacaq;
- Mən çadrasız, hicabsız küçəyə çıxan qadınlara tüpürürəm...Elə hicabsız gəzən birinci övrətimi də boşadım;
- Anidən arxa tərəfdəki qadın məclisindən hay-küy, qışqırtı-bağırtı eşidildi. Demə, rəhmətə gedən gəncin bacısı şivən qoparıb və bayılıb...Təcili yardım çağrılıb onun üstünə... Bizim məclisdə isə Molla Farizin Araz aşığındandı, Kür topuğundan, Gözləri parıldayır, az qalır ağzına soxsun mikrafonu. Ucadan, aşağı tərəfdə əyləşənlərin belə eşidəcəyi səslə, ağzı köpüklənə - köpüklənə deyir: - Həzrəti-Mühəmmədin (s. ə. s.) birinci xanımı Xədicəyi-Kubra ucaboy, incəbel, yaraşıqlı dünya gözəliydi. Hətta Allahın qüdrətiylə o, zifaf gecəsi dönüb olmuşdu bakirə qız.
"Pirkola" tutduğum bisavad mollacıqların yas mərasimlərində bu dünyanın gəldi-gedərliyini az-çox ağlının gözüylə dərk edənləri razı salmayan düşüklüyü məclisə təşrif buyuranları, özgə cür səslənməsin, qruplara bölmələridir. Elə ki, çadıra "Hacı Məşədi" titullu birisi daxil olursa, molla hövlnak ayağa durub, "Ağa buyur" "Ağa buyur" deyərək onu məclisin yuxarı başında yerləşdirir... Başqa bir nüans: elə ki, yasa vəzifəli şəxs gəlir, molla söhbətini, daha doğrusu, moizəsini yarımçıq qoyub başlayır hökumətin ünvanına mədhiyyələr söyləməyə, xüsusilə yerli hakimiyyətin tərəfini göylərə qaldırmağa.
Burda keçmiş sovet dönəmində yaxın dostlardan birinin yarızarafat-yarıgerçək bu hikmətli sözləri hafizəmdə canlanır. O deyərdi: biz dünyaya gələndə şirin-şəkər ana dilimizdə, sonra rusca və nəhayət, əbədiyyətə qovuşanda ərəbcə danışırıq. Bu zarafatda həqiqət gizlənir. Anamızın öyrətdiyi dilimizi hansı birimiz unuda bilərik ki?...
Qaldı rus dilinə, hə,
burda, vəziyyət necə deyərlər,
qəlizləşir. Müdriklərin Sözüdü:
bir milləti yox etmək
istəyirsənsə, əvvəl onun ana dilini əlindən al. Sovet dövrünü
yada salaq. Hər yanda, bütün idarə
və müəssisələrdə rus dili hegemonluq eləmirdimi? İndinin özündə 50 yaşdan
yuxarı insanlar, elə cavanlar
da iki-üç
cümlədən birində mütləq rus
sözlərini işlədir. Luboy, nerv, premiya, suka, sklad, nujenni, naçarnik, mazqi, zarazar, tupoy, petux.. Hələ
nə qədər biədəb, dilə gətiriləsi mümkün
olmayan söyüşlər...
Beləcə, ya vəlvələdən,
ya zəlzələdən
haqqın dərgahına
qovuşanda ərəb
dili. Burada azacıq pauza
verib, indinin mollacıqlarını, o yazıqları
qınağa çəkərkən,
istər - istəməz
özümü də
günahkar bilirəm.
Nə etsinlər? Hara üz tutsunlar? Qahirədə, Nəcəfdə
təhsil almayıblar
axı.... 28 hərfdən
ibarət olan ərəb dilini mütaliyə yolu ilə öyrənmək
(bir hərf müxtəlif sözlərdə
işlənir və mənanı dəyişir ) elə də
asan deyil.
Sonda mollacıqlara demək istərdim: eyib etməz, idarə eləyin yas təziyyələrimizi, amma,
məclisdə, hər
şeydən öncə,
əxlaqlı, tərbiyəli
hərəkətlərinizə diqqət yetirin.
Əlibala Rəhimov
Biləsuvar rayonu
Ədalət.-2015.-20 oktyabr.-S.6.