Çəkdim ki, izim qala...
Ədəbiyyatçılar dünyaya gəlişimizlə gedişimiz arasında bir sözlük, riyaziyyatçılar bir rəqəmlik, bəstəkarlar bir notluq, rəssamlar da bir fırçalıq məsafənin olduğunu deyirlər. Olmaq-ölmək fəlsəfəsi yaranışdan bu günə kimi düşündürüb insanı. AN məsələsi bütün zamanların cavabı tapılmaz sualı olub.
AN-ı ölçmək istəyimiz ilk baxışdan alın yazımıza qarşı çıxdığımızı sərgiləsə də insan olaraq anlayırıq ki, salındığımız İlahi çərçivədən kənara çıxa bilmərik. Yəni bütün yaradılmışların qəlibi, çərçivəsi var...
Təkcə qurub-yaratdıqlarımızla deyil, həm də dağılmasını tezləşdirən əməllərimizlə təngə gətirdiyimiz yer üzü, yer kürrəsi mənə çərçivəyə sığmayan şəkli xatırladır. Elə bir şəkil ki, əvvəllər ağ-qara idi. İndi isə rəngi çox dəyişib, qırmızısı çoxalıb. Bilirsiniz niyə? Ona görə ki, hər yerdə qan tökülür, insan ölür, uşaqlar yetim qalır. Bəzən bir insan ömrü bir şəklin ömründən də qısa olur...
Əvvəllər tez-tez eşidərdik: "Şəkil yandı"...
İndi insan, yer-göy, bütün dünya yanır...
Bax, bu yazdıqlarımdan sonra sizi onun şəkilli dünyası ilə tanış etmək istəyirəm. Şəkil çəkmək Azərbaycanın qocaman fotoqrafı, DİN-in mətbu orqanı olan "Mübariz keşikdə" qəzetinin fotomüxbiri Üzeyir Muradovun hobbisi deyil, sənətidir. Az qala, 60 il, zarafat deyil....
80 yaşın yoxuşuna qalxdıqca nəfəsi təngisə də çəkmək həvəsi hələ sönməyib. Yenə də əlində fotoaparatı gördüyü, sevdiyi və seçdiyi anı çəkir Üzeyir dayı. Xidmətimizin əməkdaşları, hamımız ona dayı deyirik.
Üzeyir Muradov 1937-ci ildə Bakının ən böyük kəndlərindən olan Buzovnada Həsən kişinin ailəsində dünyaya göz açıb. O da 1941-1945-ci illər müharibəsinin ağrısını-acısını, aclığını görüb. Bütün çətinliklərə sinə gərib, oxuyub, öyrənib. Azərbaycan Dövlət Universitetinin Geologiya fakultəsində təhsil alıb.
Üzeyir müəllim, sözün əsl mənasında, maraqlı müsahibdir. Onunla söhbətləşəndə, dərdləşəndə insan vaxtın necə gəlib-getdiyinin fərqinə varmır. Şahidi olduğu hər hansı bir hadisəni elə şövqlə danışır ki, yaddaşına və söz ehtiyatına valeh olursan. Vallah, elə "söz adamları" görümüşəm ki, sözü-sözə calayıb cümlə şəklinə sala bilmir.
O, dərdini heç kimə danışmır, bilənlər onsuz da bilir...
Deyirlər ki, "Eyfel qülləsi"nin tikintisində işləyən fəhlələrdən nə etdiklərini soruşanda biri cavab verir ki, daşı-daş üstə qoyub işimi görürəm, digəri isə: "Mən "Eyfel qülləsi"ni tikirəm, tarixdə izim qalsın",-deyə cavab verir.
Üzeyir Muradov çəkdiyi fotolarla həm də bir tarix
yazır. Onun arxivində bu
gün düşmən
tapdağında olan torpaqlarımızdan çəkilmiş
elə kadrlar var ki, baxanda
göz yaşlarını
saxlaya bilmirsən.
Bəli,
şəkil yaddaşa
çevriləndə, bir
millətin keçmişini,
gələcəyini özündə
ehtiva edəndə o, əbədiyaşarlıq statusu
qazanır.
Yaşının bu vədəsində də vaxtsız itirdiyi iki oğul
övladının yadigarlarına,
nəvələrinə, nəticələrinə
yaxşı baxmaq, onların nədənsə
korluq çəkməmələri
üçün işləyir,
çalışır, qaçır-qovur. Bax, elə
məncə, ona görədir ki, "çörək ağacı"
olan fotoaparatı həmişə gözünün
üstündədir. Elimizin
adəti var: "Çörəyi öpüb
göz üstünə
qoyarlar"...
Dərdin yelləncəyi çiynindən
asılsa da yaşının bu vədəsində qaməti
şaxdır, gümrahdır. Dostluqda da
sadiqdir, O. Amma dostu da hərdən
ona xəyanət edir. Bığları "sarılıq" xəstəliyinə tutulub.
Nə qədər desək də, siqaretdən əl çəkmir, bu Kişi. Hərdən
də zarafata salıb deyir ki, siz yanımda
olmayanda mən onunla söhbətləşirəm,
dərdləşirəm.
Arxivində milyondan çox neqativ var. Azərbaycanın
sayılıb-seçilən, adı tarixə düşən şəxsiyyətlərin,
sənət adamlarının
şəkillərini çox
çəkib vaxtilə. Aşıq
Şəmşirin, Mircəlal
Paşayevin, maestro Niyazinin,
Səttar Bəhlulzadənin,
Əfrasiyab Bədəlbəylinin,
Aydın Qaradağlının
şəkillərini çəkərkən
yadında qalan xatirələri danışdıqca
kövrəlir foto sənətimizin ağsaqqalı...
Bu gün doğma
torpaqlarda, yad əllərdə qalan Dədə Ələsgərin
qəbrini dünyanın
düz vaxtında,
1968-ci ildə çəkib. Eh, kim bilir indi Dədəmizin qəbri nə vəziyyətdədir, uçulubmu,
dağılıbmı? Yaxşı
ki, şəkillər
var...
Və nə yaxşı ki, bu gün
bizimlə bir sırada addımlayan, yoruldum, usandım deməyən, hörmətli
qələm adamı,
əməkdar jurnalist
Cavid Xaspoladovun təbirincə desək:
"Ağlar-güləyən" Üzeyirimiz, Üzeyir dayımız var.
Doğum
günün mübarək,
əziz dost, gözəl
insan. Allah 100-ü haqlamağı da nəsib eləsin. Hələ çəkiləsi, hələ
şəkilbəşəkil deyiləsi çox sözün var.
Hafiz Təmirov
polis kapitanı
Ədalət.-2015.-21
oktyabr.-S.5.