Mirdamət ƏZİZ

ŞAİR OLDUĞUMU BİLƏN OLMASIN

 

Hələ intibahım, dirçəlişim var,

Səndən, ey oxucu, bir xahişim var:

Şair olduğumu bilən olmasın.

 

İndi hər amaldan irəlidir pul,

Göyərib sənətə, sözə gedən yol,

Şerimi deyəndə ehtiyatlı ol,

Şair olduğumu bilən olmasın.

 

Hər ağız bir dolu zəhrimar camı,

Gedib, sözün-sovun qalmayıb tamı,

Məni müəllim tək tanısın hamı,

Şair olduğumu bilən olmasın.

 

Harınlar-hampalar quran məclisdə,

Yoxluğa, heçliyə varan məclisdə,

Başında nadanlar duran məclisdə

Şair olduğumu bilən olmasın.

 

Söz ayaq altında təpiklənəndə,

Söz deyən ağızlar köpüklənəndə,

Sözlə tox xanımlar yelpiklənəndə

Şair olduğumu bilən olmasın.

 

Laləli talada yovşan da olum,

Tülkü dünyasında dovşan da olum,

Lap gedim, qapında çoban da olum,

Şair olduğumu bilən olmasın.

 

Söz eldən alınca öz xoşluğunu,

Könül xoşluğunu, göz xoşluğunu,

Mənim şer yazıb, söz qoşduğumu,

Şair olduğumu bilən olmasın.

 

Mən yazım çiçəyin, gülün adından,

Mən yazım dodağın, dilin adından,

Mən yazım... Sən oxu elin adından,

Şair olduğumu bilən olmasın.

MƏNİM BU DÜNYADAN

GÖZÜM SU İÇMİR

 

Yeri tısbağalar sırasındadı,

Başı ayağının arasındadı,

Üzünün ağlığı "pudrasındadı",

Mənim bu dünyadan gözüm su içmir.

Kimi var, deyəm ki, kiminə yovuş,

Kiminə enişdir, kiminə yoxuş.

Sudan ibarətdir yarıdan çoxu-

Mənim bu dünyadan gözüm su içmir.

 

Bezdim ikiüzlü bir həqiqətdən,

Vallah, istəyirəm qışqıram bərkdən:

Dodağı saqqızlı bu cəmiyyətdən,

Mənim bu dünyadan gözüm su içmir.

 

Cərimə eyləyin məni, cərimə,

Qanım səpələnsin öz xəncərimə,

Arzumu əkmişəm bəbəklərimə,

Mənim bu dünyadan gözüm su içmir.

 

Günü qaraldıqca, saçı ağardı,

Solğun baxışında zəif işartı,

Başının üstündə şimşəklər artıb,

Mənim bu dünyadan gözüm su içmir.

 

Bağrının başında dərd halay çəkir,

Qıvrılır, ağrıdan min haray çəkir,

Keşiyini günəş, gecə ay çəkir,

Mənim bu dünyadan gözüm su içmir.

 

Bəlkə təkliyini duyanda ölüb,

Bombalar köksünü oyanda ölüb,

Dolu buludları hayanda ölüb,

Mənim bu dünyadan gözüm su içmir.

 

Sabahın gözündə ümiddi ülkər,

Bir külək əssəydi, açardıq yelkən,

Deyirəm, dünyamı dəyişəm bəlkə,

Mənim bu dünyadan gözüm su içmir.

 

MƏNİM KİTABIM

 

Siz mənə susmağı görməyin rəva,

Hər şerim bir dünya səyahətimdir,

Mənim kitabımı açmağa var,

Mənim kitabımı örtmək çətindir.

 

Haqq neçə xatanı dilimdən tutub,

Bir vaxtlar idrakı ən dayazmışam,

Tanrı gecə-gündüz əlimdən tutub,

Yazmaq öyrədibdi, mən yazmışam.

 

Yazmışam bu olub ömrün vur-tutu,

Misralar içində itməmişəm mən,

Yazmışam... qələmin ucundan tutub,

Vallah, ucuzluğa getməmişəm mən.

 

Arabir sıxlaşır qəlbimin çəni,

Dərədə dəryadı, dağı tutacaq,

Əkdiyim hərflər bitməsə, məni

Qələmin-dəftərin ahı tutacaq.

 

Bir aqil biləni hey zaman-zaman

Düşünsə cahilin beşi bilməz,

Nadanın ürəyi kar olduğundan

Qəlbimin səsini eşidə bilməz.

Libaslar geysə naxışı zərdən,

Ağlı ilişdirib yıxar cahili,

Naşı tərəziyə qoysa da hərdən,

Sözün çəkisini söz əhli bilir.

 

Amma naşılardan çox danışdım mən,

Onlardan dost olmaz şerlərimə,

Mənim kitabımın nüsxələrindən

Çatdırın Müşfiqə, Əli Kərimə.

 

Siz mənə susmağı görməyin rəva,

Hər şerim bir dünya səyahətimdir,

Mənim kitabımı açmağa var,

Mənim kitabımı örtmək çətindir...

ZAMAN YAŞADACAQ

AZƏRBAYCANI

 

Qazana boy tutub, boylayıb gedib,

Beyrəyə toy tutub, toylayıb gedib,

Qaraca Çobanı haylayıb gedib,

Eldən ayrılmayıb elin ozanı,

Ozan yaşadacaq Azərbaycanı.

 

Koroğlu qocalıb, nərəsi qalıb,

Nəsimi soyulub, dərisi qalıb,

Babəkin qol boyda yarası qalıb,

Əsrlər ötsə kəsilmir qanı,

O qan yaşadacaq Azərbaycanı.

 

Füzuli sevgidən öncədi burda,

Müşfiq açılmamış qönçədir burda,

Vurğun bənövşədən incədir burda,

Bu gün Bəxtiyardır sözün sultanı-

Sultan yaşadacaq Azərbaycanı.

 

Rəşid həyatını səsinə verdi,

Qədir - ürəyimdə ağrıyan yerdi,

Deşir sinəsini millətin dərdi,

Hıçqırır, hönkürür Habil kamanı,

Kaman yaşadacaq Azərbaycanı.

 

Qoşqarı, Kəpəzi, Dəlidağı var,

Hər dağın döşündə min oylağı var,

Yağılar əlində Qarabağı var,

Səsindən asıblar Şuşada Xanı,

O Xan yaşadacaq Azərbaycanı.

 

Cəng üçün "Cəngilər" çalınacaqdır,

Düşmən at belindən salınacaqdır,

Bu yurdun qisası alınacaqdır,

Uzaqda deyildir intiqam anı,

O an yaşadacaq Azərbaycanı,

Zaman yaşadacaq Azərbaycanı.

 

YURD YERİ

 

Budağında qönçələri gül açan

Ömrümüzün baharıdır yurd yeri,

Gözəllərin incəliyi, saflığı,

İgidlərin vüqarıdır yurd yeri.

Vaxt olubdu yolunda can vermişik,

Bağ salıb da, bəhrəsini dərmişik,

Binəsini kərpic-kərpic hörmüşük

Əlimizin qabarıdır yurd yeri.

 

Sevgidimi-eldən gizli saxlana,

Ürəkdimi-dərd gələndə dağlana,

Yaranışdan bir-birinə bağlanan

Nəsillərin qatarıdır yurd yeri.

 

Ozanların harayıdır yayılan,

Körpələrdi yuxusundan ayılan,

Oğulların qibləgahı sayılan

Ataların məzarıdır yurd yeri.

 

KƏSİB ATACAĞAM ÖZ ƏLLƏRİMİ

 

Aləmə yaymışdı bu əl səsini,

Var-dövlət, cah-cəlal axtarmağıyla,

İsgəndər dünyanın beş qitəsini,

Tutmaq istəmişdi beş barmağıyla.

 

Baş kəsib, qan töküb, günaha batıb-

Təqsiri boynundan atmaq istəmiş,

İsgəndər yoxluqdan əlini atıb,

Varlığın qulpundan tutmaq istəmiş.

 

Bir övlad biləni min ana bilmir,

Bu dünya həqiqət, bu dünya yalan,

Beş barmaq hələ inana bilmir

Beş qarış torpaqdır insana qalan.

 

Kiminin toyudur, kiminin yası,

Gərək günah yığan, savab da yığa,

Bu əlin dünyadan boş qayıtması

Tanrının hökmüdür tamahkarlığa.

 

Gözlərim kor olar, günəşim sönsə,

Mən sinəm bilmişəm düzənlərimi,

Bir gün İsgəndərin əlinə dönsə,

Kəsib atacağam öz əllərimi!

 

SÖNDÜRƏ BİLMİRƏM MƏN

ÜRƏYİMİ

 

Körpə uşaq kimi küsəyən olub,

Dindirə bilmirəm mən ürəyimi,

Düşdüyü cığırdan, getdiyi yoldan

Döndərə bilmirəm mən ürəyimi.

 

İnanır o qızın sədaqətinə,

Bağlanıb mehrinə, məhəbbətinə,

Di gəl ki, aylarla ziyarətinə

Göndərə bilmirəm mən ürəyimi.

 

Yenə qara bulud gəldi göylərə,

Yenə qaranlığa düşsəm, neylərəm,

Həyatın dibində durduğum yerə

Endirə bilmirəm mən ürəyimi.

Tutubdu üzünü günəşə, yanır,

Dönübdü sinəmdə atəşə, yanır,

Hamıdan ötəri həmişə yanır,

Söndürə bilmirəm mən ürəyimi...

 

SÖZÜMÜN ALTINA

VƏRƏQ SƏRMƏYİN

 

Qınağa görəmi iman da, din ,

Şeytanın əməli bir görəcəkdi,

Bir adam tapmadı adam içində,

Fizuli dərdini dağlara çəkdi.

 

O vaxtdan bir sual içimdə düyün,

Görəsən ən doğru cavab hansıdı,

Dünyamı əyilib, yoxsa gördüyüm

Əyri güzgülərin inikasıdı?!

 

Sözümün altına vərəq sərməyin,

O ki yuvasını dillərdə qurdu,

Hər adam bacarmır ürək verməyi,

Amma dərd verməyə hamı hazırdı.

 

Düzü qoyubdular əyri yerinə,

Müqəddəs duyğular toz dəyərində,

Ünsiyyət bağlayıb biri-birinə

Dost deyən kişilər tost deyir indi.

 

Şeytan yaxamızdan yapışıb dartır,

Bəşərin taleyi gümana qalır,

Dünyada ilbəil əhali artır,

Dünyada günbəgün insan azalır.

 

QIRX YAŞIN FƏRƏHİ

 

Ürəyim partlayır bu səhər, Allah,

Ömür parça-parça, gün pərən-pərən,

Qırxı yola saldım birtəhər, Allah,

Yetkinlik yaşıma qaldı, görən?!

 

Saqqallı "uşağam", hələ ağlıkəm,

Hər günüm uzanıb dönür bir ilə,

Qırx ildir dünyada var-gəl edirəm,

Ayağım başımı tapmayıb hələ.

 

Sən mənim dərdimə, oduma bir bax,

Seyrəlmir başımın dumanı, çəni,

Mən şer yazırdım sevməzdən qabaq,

Nəvəm yaşındadır kitabım mənim.

 

Sevincə qol açıb, qəm qucaqladım,

Od tutub, İlahi, alışır sinəm,

Əzəldən məskənim künc-bucaqlardır,

Ortalıq verilir bir özgəsinə.

 

Qəlbimin səsini dinləsin aləm,

Mənim bulaq təbim söz qaynadıbdı,

Özüm künc-bucaqda olsam da, qəm,

Sözüm ortalıqda at oynadıbdı...

 

Ədalət.-2015.-21 oktyabr.-S.7.