SƏHİFƏ-SƏHİFƏ
VƏRƏQLƏNƏN ÖMÜR YOLU
Professor Ağamusa Axundov elmi imkanları baxımından həmişə diqqəti çəkən, diqqət mərkəzində lövbər salan, araşdırmalarının geniş arsenalı ilə seçilən və tanınan alimlərdəndir. A.Axundov bir alim kimi miqyaslı tədqiqatları ilə tanınmaqla Azərbaycan fonologiyası məktəbinin əsasını qoymuşdur. O, eyni zamanda nəzəri dilçiliyin təqdiq sahələri üzrə görkəmli alimdir. Onun Azərbaycan dilinin qrammatikası, tarixi fonetika, riyazi dilçilik, etimologiya, bədii dil, üslubiyyət, nitq mədəniyyəti və s. sahələrlə bağlı məqsədli şəkildə apardığı elmi araşdırmalarının dəyəri göz qabağındadır. Buna əsas səbəb budur ki, bu araşdırılan, tədqiq edilən sahələrin arxasında sözün həqiqi mənasında ömrünü-gününü qətrə-qətrə, gilə-gilə əridən ləyaqətli alim ömrünün mənalı, dəyərli illəri dayanır. Bu meyardan yanaşaraq dilçi alimin saysız-hesabsız müxtəlif səpkili məqalələri, ərsəyə gətirdiyi neçı-neçə kitabları bulaq suyu kimi şəffaf olan ömür yolunu səhifə-səhifə vərəqləyir.
Professor A.Axundovun nəşr olunan hər bir kitabı onun axtarışlarının gücünü artırmaqla elmi potensialının yeni-yeni imkanlarını üzə çıxarır. Bu mənada alimin dilçiliyin tarixini nəzəriyyəsini və metodlarını özündə ehtiva edən "Şərq-Qərb" nəşriyyatında işıq üzü görən "Ümumi dilçilik" kitabında dilin daxili sistemi, quruluşu məsələləri, dilçilik metodları, linqivistik nəzəriyyələrin qısa tarixi, dilçiliyin əsas problemləri, dilin fəlsəfi və ictimai məsələlərinə elmi, analoji rakursdan baxılır və araşdırılır. Özünün bir sıra elmi mahiyyət daşıyan spesfik xüsusiyyətləri ilə elmi ictimaiyyətin diqqətini özünə çəkən dərslik üç bölmədən ibarətdir. Dilçi alim hər bölmədə ümumi dilçiliyə daxil olan daxil olan məsələləri elmi cəhətdən araşdırılmasına çox diqqətlə yanaşır və onları analoji təhlilə cəlb edir. Yaxşı cəhət orasındadır ki, kitabın bölmələri arasında bir sistemlilik, ardıcıllıq var.
Dərslikdə "Dilçilik tarixi" adlanan bölmədə dilçi alim XIX əsrə qədərki dilçilik tarixini araşdırır. O, bu zaman bu dövrün dilçilik tarixinin keçdiyi inkişaf yolunu diqqətlə nəzərdən keçirməklə onu elmi süzgəcdən keçirir və qədim hind, yunan, ərəb dilçilik məktəblərinin bu sahədəki fəaliyyətinə müxtəlif bucaq altından baxıb təhqiq edir.
Dilçilik elminin əsasının qədim hindlilərdən başladığını hesab edən müəllif bu sahə ilə bağlı çox ciddi analoji təhlillər aparır. Dilin qrammatik quruluşunu qədim hindlilər tərəfindən ilk dəfə öyrənildiyini elmi dəlillərə əsaslanan dilçi alim bu sahə ilə bağlı çox ciddi araşdırmalar aparır. Dilçilik elminin əsası qədim hindlilərdən başladığını qeyd edən müəllif bu sahə ilə birbaşa bilavasitə bağlı olan təhqiqat obyekti kimi əhəmiyyət kəsb edən vedalara - dini-fəlsəfi kitablara müraciət etməsi təsadüfi xarakter daşımır. Ona görə ki, onların - qədim hindlilərin dilçilik görüşləri, fikirləri bu vedalarda məqsədəuyğun şəkildə yerini tapmışdır. Müəllif şikşa, nurikta, vyakaranada kimi vedanqların mahiyyətinə dilçilik baxımından elmi işıq salır, xüsusiləvəznlə birbaşa bağlı olan çıxanda vedanqına elmi izah, şərh verir. Professor Ağamusa Axundov qədim hindlilərin fonetika və qrammatika kimi mühüm sahələrlə bağlı tədqiqatlarına çox diqqətlə yanaşır. Xüsusilə, danışıq səsləri ilə əlaqədar onların tədqiqat obyekti maraq dairəsinə görə seçilir. Bu məqsədlə müəllif yazır:
"Danışıq səslərinin fiziologiyası yaxşı izah edilirdi. Qədim hind dilçiləri fəal danışıq üzvü kimi, dil ucunu (jihvağa), dil ortasını (jihvamadhua), dil kökünü (jivhamula), qeyri-fəal danışıq üzvlərindən dişləri (danta), sərt damağı (talu), yumşaq damağı (hanu-müla) göstərirdilər". Maraqlıdır ki, dişlərlə birlikdə diş yuvaqları alveoları da qeyd edir, dodaqlanan isə alt dodağı qeyri-fəal danışıq üzvü hesab edilirdilər. Göründüyü kimi bu fonetik izahat müasir fizioloji fonetika şərhlərindən o qədər də fərqlənmir" (səh.9). Bununla bərabər qədim hindlilərin qrammatika ilə bağlı maraqlı tədqiqatları vardı. Xüsusilə ismin halları, zaman, şəkil formaları ilə bağlı müəyyən fikirləri də mövcuddur. Qədim yunan və elm tarixində antik dövr öz spesefik xüsusiyyətləri ilə daha çox ön mövqedə dayanır. Belə ki, iki dilçilik məktəbini özündə ehtiva edən yunan dilçilik məktəbi öz mahiyyəti ilə fərqlənirdi. Yəni, yunan və İsgəndəriyyə qrammatikası kimi dilçilik məktəbləri dilə tədqiqat obyekti kimi müxtəlif səmtlərdən, rakurslardan baxırdılar. Odur ki, müəllif dərslikdə dilçilik məktəblərinin əsl mahiyyətinə əhəmiyyət verdiyindən hər iki dilçilik məktəblərinin tədqiq sahələrinə elmilik baxımınan işıq salır və həmin tədqiq sahələrinin bir-birindən fərqli cəhətlərinə müxtəlif rakurslardan baxmaqla onlara analogiyanın gücü ilə bir aydınlıq gətirir.
Şərq ölkələri üçün qədim dilçilik məktəbi sayıla bilən ərəb dilçilik məktəbi VII-VIII əsrlərdən yaranmağa başlasa da bu dilçilik məktəbi həm qədim hind, həm də qədim yunan məktəblərindən fərqli mövqedə dayanırdı. Ona görə ki, dilçi alimin göstərdiyi kimi, bu da ərəb dilinin qrammatikasının spesefikliyindən irəli gəlir. Əlbəttə, bu fərdilik fonetika, qrammatika və leksikoqrafiya kimi sahələrin tədqiqində özünü aydın şəkildə göstərir. Bu baxımdan Sibaveyhi Əbu Əbeyda , Saqan, Xətib Təbrizi kimi alimlərin ciddi tədqiqatları böyük əhəmiyyət kəsb edir.
Ərəb dilçilik məktəbinin fərqli cəhəti ondadır ki, bu dilçilik məktəbi yalnız ərəb dilinin tədqiqi ilə məşğul olmurdu. Türk dillərinin qrammatikasının müqayisəli şəkildə öyrənilməsi bu dilçilik məktəbinin müstəsna xidmətlərindən biridir. Əslən Kınık qəbiləsindən olan qədim Türküstanın Qoşqar elinin Azıx kəndində doğulan M.Kaşğari "Türk dillərinin divanı" adlı fundamental kitabı ilə özünə ölməzlik qazandı. Ona görə ki, bu kitabda elmi səviyyədə müqayisəli şəkildə türk dillərinin leksik, fonetik və qrammatik xüsusiyyətləri öyrənilir.
Durğunluq adlanan dövr (orta əsrlər -T.M.) müəllifin haqlı qeyd etdiyi kimi başqa elm sahələrində özünü aşkar göstərdiyi kimi dilçilik elmində də özünü qabarıq şəkildə büruzə verirdi. Bu dövrdə əslində fəlsəfə elmini təmsil edən nominalistlərlə realistlər arasında kəskin fikir ayrılığının mərkəzində əşya və məfhum anlayışlarına münasibət məsələsi dururdu. Bu baxımdan bu ayrılığın səbəbinin kökünə dilçi alim aydınlıq gətirir. Müəllifin göstərdiyi kimi orta əsrlərdə dilçilik elmində müəyyən mənada qazanılan uğurlar latın dili ilə bağlı yazılan dərslik və qrammatika kitabları idi.
XV-XVI əsrlər sözün həqiqi mənasında Avropa ölkələri üçün intibah rolunu oynayır. Bu intibah dövrü bir sıra spesefik xüsusiyyətləri ilə xarakterizə olunurdu. Bu baxımdan latın dilinin belə sürətlə yayılmasının müsbət nəticələri ilə bərabər, əks nəticəsi də ola bilərdi. Bax, müəllif bu əks nəticələri doğuran səbəblərə ciddi münasibət bildirir və bunu elmi dəlillərlə əsaslandırır. Heç şübhəsiz ki, bu əsrlər dilçilik elminə müəyyən töhfələr vermiş oldu. Xüsusilə, bu yolda qalan əsrlərdə qədim yunan və latın mətnləri üzərində ciddi elmi işlər aparılmaqla, sami dillər filologiyasına da böyük əhəmiyyət verildi.
XVII-XVIII əsrlərdə başqa elm sahələri kimi dilçilik elmi də uğurlu nəticələr qazanır. Müəllif həmin dövrə analoji münasibət bildirməklə onu belə xarakterizə edir: "XVII-XVIII əsrlər dilçilik tarixində böyük tərəqqi ilə səciyyələnir. Məhz bu dövrün dilçiliyi XIX əsrin birinci rübündən etibarən əsl elmi dilçiliyin medana çıxması üçün zəmin yaratmışdı". XVII-XVIII əsr dilçiliyinin ümumi icmalını vermək üçün aşağıdakı məsələləri izah etmək lazım gəlir: intibah dövrünün davamı kimi təcrübi qrammatika sahəsində görülən işlər, lüğət sahəsindəki işlər, toplanmış zəngin dil materiallarının çapa hazırlanması, dilçilikdə rasionalizm və sensualizm ideyalarının meydana çıxması, müqayisəli və tarixi dilçilik baxışlarının yaranması(səh.21). qeyd etmək lazımdır ki, bu sahələrdə görülən işlər XIX əsr dilçilik elmində qazanılan bu nailiyyət ilk növbədə dilçilik məktəblərinin yaranmasında özünü göstərdi. Müqayisəli tarixi dilçilik, fəlsəfi dilçilik, naturalizm psixoloji dilçilik, gənc qrammatiklər, Moskva və Kazan dilçilik məktəblərinin apardıqları tədqiqat və qazanılan uğurlar bunu açıq şəkildə göstərir.
XX əsr dilçiliyi də özünün spesefik elmi mahiyyəti ilə daha çox xarakterizə olunur. Belə ki, XX əsrdə yaranan dilçilik məktəbləri gənc qrammatiklərə qarşı münasibətləri kəskin idi. Əlbəttə, bu kəskin tənqiddə oxşar mövqelər də var idi.
Bu baxımdan "Sözlər və Şeylər", estetik idealizm, neolinqivistika, sosioloji və strukuralizm kimi dilçilik məktəblərinin mövqeyinə professor A.Axundov müxtəlif səmtlərdən baxıb onları müqayisəli təhlilin süzgəcindən keçirir.
Prof.A.Axundovun dərslikdə riyazi dilçilik təlimləri ilə bağlı çox dəyərli, əsaslı elmi fikirləri bu günümüz üçün də çox qiymətlidir. Müəllif V.A.Zveginsev, akademik V.M.Jirmunski kimi alimlərin fikirlərini analoji təhlilin mərkəzinə çəkir və onlara öz münasibətini bildirir. Elə buna görə də dilçiliyin bu sahəsi ilə bağlı tədqiqatlara müəyyən rakurslardan elmi işıq salır. Ona görə ki, müəllifin bu sahə ilə bağlı tədqiqatları vardır. Bunu dərs vəsaiti kimi nəşr etdirmiş "Riyazi dilçilik" kitabında da aydınlığı ilə görmək olar.
Heç də birdən-birə yaranmayan rus dilçilik məktəbi Moskva, Kazan və Peterburq məktəbləri ilə birbaşa əlaqədə olmaqla bu elmin inkişafında xüsusi rol oynamışdır. Bu mənada dərslikdə V.Y.Marr, J.J.Meşşaninov, V.V.Venoqradov kimi alimlərin elmi əsərlərinə müxtəlif rakurslardan baxır və onların dilçiliyə dair görüşlərinə analoji qiymət verir. Xüsusilə, şərqşünas və dilçi alim akademik Marrın elmi yaradıcılıq yoluna elmi aspektdən yanaşır. Ona görə ki, akademik Marrın Qafqaz xalqlarının dili, tarixi, arxeologiyası və etnoqrafiyası ilə bağlı ciddi araşdırmaları vardır. Lakin onun dilçiliyə aid görüşlərində çox ciddi nöqsanlara yol verir. Belə ki, Marrın yaratdığı "Yasəf nəzəriyyəsi", yaxud "Dil haqqında yeni təlim" adlı məktəbinə dilçi alim görünən bucaq altında baxır və iradını bildirir. Ona görə ki, Marr dilə sinfi nöqteyi-nəzərdən yanşmaqla onu üstqurum hesab edirdi. Bundan başqa onun yaratdığı bu dilçilik məktəbi daha kobud səhvlərə yol verdi. Bu səhvlər ondan ibarət idi ki, Marrın yeni təlim sistemi tarixi-müqayisəli metodu tam mənası ilə inkar edir, dillər arasındakı qohumluq əlaqələrini qəbul etməməklə yanlış olaraq özünün "dörd ünssür" nəzəriyyəsini yaratmışdı. Bütün bunlara baxmayaraq prof.A.Axundovun göstərfiyi kimi Marrın dilçilik elminin qazandığı uğurlarda onun da payı az deyil. Bu baxımdan onun - Marrın dil və cəmiyyət, dil və təfəkkür, dillərin tipologiyası ilə bağlı tədqiqatları da onun elmi yaradıcılığının məhsuludur.
İ.İ.Meşşaninovun rus dilçiliyinin inkişafında və elmi kadrların yetişməsində rolu böyük olan alimlərdəndir. Dillərin inkişafının əsas dövrlərini tədqiq etməklə, onların sintaktik nəzəriyyəsini yaratmağa nail olmuş dilçi alim eyni zamanda bu sahə ilə birbaşa bilavasitə bağlı olan kitabların müəllifidir.
(ardı var)
Teyyub MƏNSİMOĞLU
Kürdəmir rayonu Karrar kəndi
Ədalət.-2015.-21 oktyabr.-S.6.