Xalqa xidmət edən qələm

 

Hacıbala Əmir əyalətdə yaşayıb-yaradan yazıçımızdır. Cəlilabad rayonunun Alar kəndində yaşayır. Ömrün 66 ilini yola salan bu istedadlı satira ustası hazırda nə çox ,nə az düz 47 ildir gəlimli-gedimli dünyanın rüşvətxoruna, yalanına, cəhalətinə, nadanlığına qarşı savaşdadır. Həyatda olan bütün ağrı-acını öz gözüylə görür, varlığıyla duyur, qəlb ağrısıyla yazır. O ,öz satirik hekayələrində xalqın ictimai-sosial və psixoloji dərdlərini son dərəcə dəqiqliklə, ürək yanğısı ilə deməyi bacaran qələm sahibidir. Əvvələr olduğu kimi, yaşadığımız dövrdə də cəmiyyətin bütün problemləri onun yaradıcılığında öz bədii ifadəsini tapır. Yəni Hacıbala Əmir qələminin qüdrəti məişətimizi, nöqsanımızı parlaq bir güzgü tək əks etdirir. Odur ki, acı olsa da oxucu onun yazlarını qəh-qəhə ilə oxuyur və özünü islah etməyə çalışır.

H. Əmirin satirası mayasını real həyati əsaslardan tutur .O, olduqca sadə üslubda yazır. Dili hər kəsin anladığı tərzdədir. Oxuduqca elə bilirsən oturub bunları sənə nağıl edir. Özü də haysız-küysüz, səmimi və ürəklə .Birdə eşitdiyini sənə bütün qəlbi xalqının dərdlərinə ağrıyan saf ,duru insanın danışdığını biləndə ona ehtiyac hiss edirsən, durulmaq üçün ən azı ondan umursan. Nə yaxşı ki, yaza-yaza qələminin get-gedə ovxarlığını görürsən. Bununla da oxucunun ürəyinə yeni bir dumduru bulaq sərinliyi gətirir. Beləcə Hacıbala Əmirin satirik yazıları oxucunu yormur ,əksinə dodaq qaçır, ürəkdə gülüş yaranır. Bu gülüşlə daha da ciddi olursan.

Bilal Alarlı "Çağdaş tariximizin bədii ifadəsi, yaxud gülüş ustası cəmiyyətimizi necə görür" yazısında deyir": H. Əmir həm ötüb keçmiş, artıq tarix olmuş sovet rejiminin eybəcərliyini, bu quruluşun ağrı-acılı qalmaqalını qabardır, həm də müstəqillik qazandıqdan sonra Azərbaycan cəmiyyətində baş verən olayları qələmə alır. Müəllif özü əyalətdə yaşadığına görə , əsasən əyalət həyatına- Qoyunlu kəndinin başagəldilərinə üz tutur.

Qoyunlu kəndinin xarakterik keyfiyyətləri bunlardır:

-mövhumat və fanatizm;

-avamlıq və cəhalət;

-savadsızlıq və nadanlıq;

-məmur özbaşınalığı;

-cəmiyyətin mütiliyi."

 

El- oba adamı olan Hacıbala Əmirin satirik yazıları sadə xalq arasında çox sevilir. Bu hal əhli ,hal duyan insan yaşadığı mühitdən yazır, elə ilham çeşməsi də həyatdan qaynaqlanır. Doğma torpağına, millətinə ürəkdən bağlandığına görə yazıçı özünə də, sözünə də həmişə inamlıdır. Səmimidir, təvazökardır, amma aşağıya- yuxarıya yarınmaq onun işi deyildir. Qələmi rüşvətxorlara, bürokratlara, mənəm-mənəmlik deyənlərə məqamında cavab verir. Nə yazırsa yazsın haqqa ,ədalətə tapınır. Gülüşü acı olsa da, xalqın günlərinə xidmət edir. Yorulmadan, çəkinmədən qələmini itiləyir ki, aramızda naqislər, fırıldaqçılar olmasın ,elə öz səadətimiz naminə həyat hadisələrinə qarşı gözümüz açıq olsun, təmiz insanlıq hissləri itməsin.

İndi Hacibala Əmirin oxucuları çoxdur .Azərbaycanımızın hər yerindı, hətta Türkiyədə, Moskvada da onu oxuyurlar. 17il bundan qabaq türk iş adamı ,jurnalist Mustafa Zeytun demişdir: "Hacıbala Əmir gözəl satirik yazıçıdır. Onun "Qoyunlu kəndinin başagəldiləri" kitabı Ankarada çapa hazırlanır .Bundan başqa ,bir neçə hekayəsi Türkiyənin müxtəlif ədəbi-bədii jurnalları tərəfindən çap üçün bəyənilib.

İstedadlı satirik yazar Hacıbala Əmirə yaradıcılıq uğuru arzulayıram."

Həmin vaxtı Hacıbala Əmir haqqında daha bir ürək sözü. Onu Moskva şəhərindən kommersant Əlizamin Azəroğlu söyləmişdir": Onun bir neçə satirik hekayəsi Moskva jurnallarında mənim köməkliyimlə çap olunub .Hazırda "Gülüş də bir ömürdür" kitabı rus dilinə tərcümə olunur. Onun rus dilində çap ediləcək yeni kitabının xərcini ödəməyi öz boynuma götürmüşəm.

Hacibala Əmirlə fəxr etməyə dəyər."

H. Əmirin hekayələrinin əsas məziyyəti sadəlik və təbilikdədir. Doğrudur, bəzən nadanlar tərəfindən ağrı da çəkir. Qaldı ki, geri çəkilmir, əqidəsindən dönmür, saflığı ,bütövlüyü saxlayır. Onlara güldüyü kimi acıyır, bəzən ürəyi yanır....

Bir haşiyə : Hacıbala Əmir Pedaqoji Universitetini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir. Uzun illər gənclərin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Yaradıcılıq aləminə 1968- ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qəzeti olan " Sovet kəndi" də nəşr etdirdiyi "Dəvəni çömçə ilə suvarırlar" felyetonla gəlmişdir. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Cəlil Məmmədquluzadə, " Qızıl qələm" və "Əsrin ziyalısı" mükafatlarını almışdır. Professor Teymur Əhmədovun " Azərbaycan yazıçıları XX-XX1 yüzillikdə" kitabına düşmüşdür . Sati rik-yumoristik hekayələri, miniatürləri, felyetonları, tənqidi məqalələri "Tək səbir", "Münasibət", "Sözün işığı" ,"Son söz", Vətəndaş həmrəyliyi" , "Məhsul"," Yeni xəbər" ," Ocaq", "Könül" , "Həqiqətin güzgüsü" ,"Azərbaycan müəllimi" ,"Vətən tərənnümü" qəzetlərində," Qır-qir" ,"Toxmaq" , "Məşəl" , "Şəfəq", "Kirpi" , " Molla Nəsrəddin 21-ci əsr" ,"Molla Nəsrəddin dünyası ","Mozalan", "Azərbaycan", "Ulduz", "Kefli İsgəndər", "Krokadil" jurnallarında, eləcə də başqa toplularda çap olunmuş ,çap olunur. Yazılarının sayı 5 minə yaxındır. Həm də Hacıbala Əmir "Sözün düzü" qəzetinin təsisçisi və baş redaktorudur. Bu ilk mətbu orqandır ki, respublikamızın kəndində yığılıb səhifələnir və çap edilir. Qəzet öz duzlu, məzəli ,yumoristik yazıları ilə artıq oxucuların rəğbətini qazanmışdır. Onu da deyim ki, Hacıbala Əmirin zəngin kitabxanası vardır ,buranın çoxu qəzet və jurnaldır. Kitabxana 45 ildir fəaliyyət göstərir.

Bəli, Hacıbala Əmir yorulmadan çalışır. O ,bir-birindən maraqlı yazıları ilə dünyanın paklığına, saflığına üz tutmaqla oxucularını sevindirir. Xalq ilə bir gülüb, bir ağlayan Hacıbala Əmirin artıq 25-ci kitabı çapdan çıxmışdır. Satirik üslubda qələmə alınmış bu hekayə və felyetonlarda günümüzün reallıqları öz əksini tapmışdı. Adəti üzrə yenə də H. Əmir xalqımızı narahatlığına səbəb olan neqativ hallara qarşı sözün əsl mənasında qələmini süngüyə çevirib. "Boğulmaq" adlanan kitab bürokratlara, rüşvətxorlara, bəzi üzdən iraq məmurlara vacib cavabdır. Kitabda hər şey daha aşkar, daha əyani ,inandırıcı verilir. Məhz buna görə də kitabda heç bir bədii üslub səni yormur, əksinə oxucuda bir daha öz ətrafına ayıq gözlə nəzər yetirmək ehtiyacı, həvəsi oyadır. Məncə, sənətindən, peşəsindən, yaşından asılı olmayaraq hamı istedadlı satira ustası Hacıbala Əmirin "Boğulmaq" kitabını alıb oxuyar.

Kitabda yazıçinin son vaxtlar qələmə aldığı "Vərdiş etmişlər", " Güllütəpəli oğlanlar", "Təhsildə Qaraqoyunlu islahatı", "Bir sürü eşşək" ,"Molla Həmzə çempion, "Qaçmaq lazımdır, qaçmaq !","Ayə, bazarda nə qədər aptek," "Mədəniyyət işçiləri üçün "incilər" ", "Əldən düşənlər","...Pis arvadın əlindən" hekayələrinin hər birinin orijinal məzmunu, fərdi ideyası vardır.

Hacıbala Əmir yazmaq həvəsindən qalmır. Axı hələ xalqın ağrı-acısından özünə xoşbəxt həyat quranlar vardır .Təmiz adam olduğuna görə qorxmadan, çəkinmədən onların iç üzünü bədii dillə aça bilir. Yazır ki, müasir cəmiyyətdə hər kəs yerini ,mövqeyini, insanlıq ləyaqətini başa düşsün. Belə olan halda dünyamız gözəl, yaşamaq hamı üçün rahat olacaqdır. Satira ustası kimi tanıdığımız, sevdiyimiz bu böyük insan üçün də vətənin, xalqın xoşbəxtliyi bütün arzuların zirvəsində dayanır.

Mən yazımı sevinclə qələmə aldım. Təbii ki, bu da səbəbsiz deyildir. Yazımın sonu da qoy təbəssümlü olsun. Onda gəlin Hacıbala Əmirin "Qaçmaq lazımdır, qaçmaq !" satirik-yumoristik hekayəsindən aşağıdakı hissəni birlikdə oxuyaq:-Qaça-qaç bizi yormuşdu. Daha hamı direktora buynuz çıxardırdı. Direktor isə yezid kimi dediyindən dönmürdü. İlk illər işə necə başlamışdı ,elə də davam etdirirdi .Az vaxt içərisində 25 müəllimdən 15-ni qaça bilmədiyi üçün işdən qovmuşdu. Yavaş- yavaş yerdə qalan müəllimlər də qaça bilmədiklərinə görə işə çıxmırlar. O qədər qaçıblar oynaqları şişmiş, damarları genişlənmiş, əzələləri uzanmışdı.

Direktor bir gün qaça-qaça məktəbə gəlib gördü ki, məktəb "quqquluqu"dur O otağa, bu otağa qaçdı heç kimi tapa bilmədi. Heç süpürgəçilər də gəlməmişdi ,həyətə çıxıb bir az qaçmaq istədi. Elə bu vaxt darvazanın yanında bir "mersedes" markalı minik maşını dayandı. Maşından qara kostyumlu, qırmızı qalstuklu bir kişi düşdü, direktor Məmmədəli onu tanıdı, təhsil şöbəsinin müdiri idi. Məmmədəli özünü yığışdırıb müdirə tərəf sürətlə qaçdı.

Müdir Məmmədəliyə tərəf baxıb , salamlaşmadan dedi:- Hayıf sənə göstərdiyim etimaddan, adımı batırdın, sənin müəllimlərin və şagirdlərin qonşu məktəbə köçürüldü. Sən də vəzifədən və müəllimlikdən azad edildin, al bu da əmr.

Məmmədəli bu acı xəbərdən ürəyin tutdu. Qaça bilməyib yerə oturdu.

Bir-neçə dəqiqədən sonra Məmmədəlinin arvad-uşağı gəlib onu palazın arasına qoyub qaça-qaça yaxındakı xəstəxanaya apardılar."

ZƏFƏR ORUCOĞLU,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü

Ədalət.-2015.-22 oktyabr.-S.6.