Qəzəllər
Vüqar Həmati
Qayıdıb Həccə gedən tülkü lələ qan elədi,
Xoruza cani deyib aləmə tüğyan elədi.
Banlayıb çün oyadır sübh, obaşdan hamını,
Deyərək ol xoruzun qətlini fərman elədi.
Bunu gördükdə xoruzlar susaraq qaçdı hamı,
Neyləsinlər, dinəni qanına qəltan elədi.
Susdu aslan da bu haqsızlığa, göz yumdu buna,
Çünki tülkü o ətindən ona ehsan elədi.
Kim ki, haqqı danıb ömr etdi, Vüqar, badə verib,
Axirət mülkün əliylə özü viran elədi.
* * *
Gül bülbülə naz etməsə bülbül ötə bilməz,
Bülbül nəfəsi dəyməsə bir gül bitə bilməz.
Mənsiz gəzə yarım yenə hicrin çəkərəm mən,
Qorxum budur, ölsəm, mənə canan yetə bilməz.
Heç yarə uyan dəhrdə aşiq ayılarmı?
Eşq ilə olan məst, onu tay cənnətə bilməz.
Müşkül ki, bilər qədrini yar olsa vəfasız,
Tutsan da onu ağuya ya şərbətə, bilməz.
Əlbəttə, Vətəndir Vüqarın istəyi daim,
Qədrin nə bilir, düşməsə kim qürbətə, bilməz.
* * *
Düşmüşəm çöllərə mən bir dəli ceyranə görə,
Yaman əfqan eləyir könlüm o cananə görə.
Aləmi-eşq özü bir dalğalı dərya kimidir,
Özümü atmışam ümmanlara ol canə görə.
Ey gözəl, nazlı sənəm, bil ki, təbibim sənsən,
Səni yalnız dilərəm dərdimə dərmanə görə.
Ey Xuda, gör nə günə qaldım o güldən ötrü,
O, isə halıma yanmır belə dövranə görə.
Vüqar, onsuz da sənin qədrini bilmir o gözəl,
Bunca yanmaq nəyə lazım belə insanə görə.
* * *
Mən də bir nazlı gülün şəm:::inə pərvanə idim,
Odlanıb eşqin odunda dəli-divanə idim.
Elə aldatdı məni ta gözü çıxsın fələyin,
Meylə meyxanədə yar eşqinə məstanə
idim.
Hər zaman sevgilimin əhdinə sadiq yaşadım,
Elə Məcnun
kimi öz dövrümə əfsanə
idim.
Tərk
edib ta məni
ol sevdiyim afət gedəli,
Cəmi eşq əhli kimi qəlb evi viranə idim.
Bu qədər sən də Vüqar, olma bu əsiri
eşqin,
Mən də uyduqca ona sakini-qəmxanə
idim.
* * *
Vəslə yetən qarğa
olur, sar
olur,
Bülbülə əlbəttə cahan dar olur.
Bağü çəmən onda
dönür cənnətə,
Aşiq olur, bir də
gözəl yar olur.
Vay o günə ortaya şeytan girə,
Çün sevənin qəlbi
qırıq tar olur.
Daş ürəyə
sevgi, məhəbbət
nədir?
Sevgisiz insan ürəyi zar olur.
Bax fələyin gərdişinə,
ay Vüqar,
Kim ki vəfasızlıq
edir xar olur.
* * *
Yenə
möhnət məni vadar elədi qalə sarı,
Şəvə tək saçlarımı
çəkdi kədər
çalə sarı.
Alıb
əldən aparıb
yarımı ol badi-səba,
Axıdır göz yaşını üzdə olan xalə sarı.
Sanki bülbül kimi dünyanı qəfəsdən
görürəm,
Nə qədər
baxmaq olar, ol yanağı alə sarı.
Yenə
xatırladım ol gözləri şəhla
gözəli,
Çəkdi meyxanə məni hal ilə bir
halə sarı.
İstədim mən də, Vüqar, zövq ilə ömrü yaşayam,
Bağladı yolları biganə bu minvalə sarı.
* * *
Nə xoş anlardı xəyalımda gülüstan
var idi,
Nazü-qəmzəylə yaxan könlümü bir can var idi.
Ürəyim gəlmədi ki
bir kərə dartam yayı,
Xəstə bir ovçu önündə dəli ceyran var idi.
Çox
çalışdım o gözəl
yarım ilə vəslə yetəm,
Nə biləydim,
arada möhnəti-hicran
var idi.
Üzünü yan elədi qoymadı bir büsə alam,
Çox heyif ki, necə
gör sərfəli imkan var idi.
Necə
ki mey dolu
peymanəni mən tərk elədim,
Dəxi gördüm nə Vüqar vardı, nə canan var
idi.
* * *
Yazılan hər yazının
həm ağı, həm qarəsi var,
Uyanın nəfsə yalandır, desələr çarəsi
var.
Niyə
verdin ki, İlahi, bu qədər varı ona,
Unudur ac olanı
cibdə kimin parəsi var.
Canı
qurban verərəm dosta gərəkdirsə əgər,
Baxmaram qəlbimə
ta vurduğu çox yarəsi var.
Günəhi olmayana mən acı söz söyləmərəm,
Şərə meyl eyləyənin iblis ilə arəsi var.
Baxma üzdən dona,
sən köksünə
gir, qəlbinə bax,
Vüqar, üzdən çoxunun zər donu, zərxarəsi var.
* * *
Bülbülün öz güli-zibasına
avazı qalır,
Sevinir gül də onun nəğməsinə,
razı qalır.
Bu qədər dəhrə gəlib getdi sevən aşiqlər,
Özləri getsə də xəlq içrə sözü, sazı qalır.
Mənə naz etdi o gül, olmadı nazın qədəri,
Kim görübdür sonadək nazlı gülün nazı qalır.
Dalaraq fikrə, xəyalə səhəri gözləyirəm,
Yuxular qeybə
çəkilmiş, gecənin
azı qalır.
Məni
biçarəyə çox
tənə edirlər,
məncə,
Vüqar, hər kəs ki vəfa görməsə
narazı qalır.
* * *
Yenə
həsrətlə gözüm
baxmada ol mahə sarı,
Necə lütfün diləyən
qul baxa bir şahə sarı.
Üzümə bir dəfə gülsə o, sevindirsə
məni,
Bir də üz tutmaram əsla kədərə ahə sarı.
Kim əgər kimsəyə zülm eyləsə şeytan kimidir,
Yönələr arif olanlar düz
olan rahə sarı.
Aqibətdə üzü gülməz
kiməsə lağ edənin,
Nə qədər
cəhd edə düşməz yaxın islahə sarı.
Uyma şeytanə Vüqar, haq sevənin bir yolu var,
Qibləyə tut üzünü, get böyük
Allahə sarı.
ədalət.-2015.-23 oktyabr.-S.6.