Baba ağacının nəvəsi

(hekayə)

 

Allahverdi Eminov

 

Baba həyətə düşəndə səhər açılmışdı, quşlar oyanmış, öz nəğmələrinə başlamışdı. İlk oyanan isə qaratoyuq idi, bir ağacda qərar tutmağı bacarmayan quşdu. Uzun quyruğunu yellədir, sanki bədəninə istilik gətirirdi. Yarpaqların arasına sinir, qırmızı dimdiyini açıb-yumur, cingiltili, sərt səslə nəğmələrini oxuyurdu. Sonra bülbülə növbə çatırdı. Bu növbəliyə Baba adət eləmişdi, amma bir incikliklə: - Bülbülü həmişə qabaqlayır, demək istəyir ki, ilk oyanan mənəm, a bülbül. İlk nəğməni sevirlər. - Gileylənirdi. Bağçada bülbül bir-ikiydi, lap olsun üçü-dördü. Qaratoyuq çoxdu, hər ağaca biri düşür. - Özünə təsəlli verirdi.

Baba bozumtul şalvarını işləyəndə geyinir, qalın parçadandı, hələm-hələm şehdən islanmır. O, dünənnən hazırlıq görmüşdü ki, bağçanın üç yerində yeni alma ağacı basdıracaq. Ən yeni növlərdi, Qubadan gətirmişlər onun üçün.

Baba ətəyinə yapışmış dupduru şehi çırpdı, damlalar otların nazik yarpaqlarına qondu, zərif işığı bərq vurdu.

Alma ağacının ikisini çala qazıb sancdı, torpaqladı. Artıq günəş bir boy qalxmışdı. Şəfəqləri ağacların başı üstünnən səpələnirdi. Yarpaqlarına süzülürdü. Oradan da sürüşüb budaqlarında ilişirdi. Baba hər iki alma qələməsini günəşə tərəf döndərdi ki, həmişə günəş şüasınnan qidalansın.

Üçüncü alma ağacını əkməyə başlamışdı ki, nəvəsi Elvin darvazanı açıb, bağçaya girdi. Bu il altı yaşına qədəm basmışdı, məktəb vaxtına hələ qalmışdı.

Ensiz cığırla babasının yanına gəldi. Salam verdi. Axşam erkən yatmışdı, babasını öpə bilməmişdi. Əvəzini çıxdı, dabanı üstə qalxıb dümağ saqqalını marçıldatdı, sonra sifətini öpdü, boynunnan sallandı:

- Baba, - dedi. - Ağırlaşmışam ha! Gücüm də artıb. - Qolunu yuxarıya, başı üstünə qaldırdı, əzələsini nümayiş elədi.

Baba qürurla nəvəsini süzdü:

- Məktəb vaxtına düşdü. - Yoğun, amma yumşaq səsiylə sanki şad xəbər verirdi.

- Baba, hələ bir-iki şeir də əzbərləmişəm. Birini deyim? - Cavab gözləmədən iki ayağını qoşalaşdırıb söylədi:

 

"Ağaclara baharın

İlıq nəfəsi dəycək,

Budaqlarda yarpaqlar

Yandı yaşıl işıqtək.

Tez ol, tez ol, əzizim

Bizi səsləyir bahar.

Açıb meşələrin

Qoynuna gedən yollar".

 

Babanı xəyal aparırdı uzaq illərə, yox, hər şey keçmişdi. Nəvəsi də susmuşdu, gözləyirdi ki, nəsə danışacaq, yadına düşmür. Nəhayət dedi:

- Baba, alma ağacını əkirsən, onların meyvəsinnən yeyəcəksən, eləmi? - Sualını eyhamsız vurmuşdu, cavanlıq şuxluğu ilə cavab versin, desin ki...g

Babanın xəyalı qırıldı bir andaca. Nəvəsinin saçına toxunub sığal çəkdi.

- Elvin balam, - pıçıldadı, bu andaca bülbülün zənguləsi onun sözlərini aldı. Baba kəlməsini kəsdi, bayaqdan yolunu gözlədiyi şirin, doğma avazını eşitsin. Nəvə anladı bu istəyi.

Bülbül ilk nəğməsinə ara verdi.

- Elvin balam, bu alma ağaclarının meyvəsinə ömrüm çatmaz, vəfa eləməz. - Baba nəfəsini aldı. Əlindəki beli yerə sancdı ona söykəndi. Dümağ saqqalı yelləndi mehdən.

- Bəs onun meyvələrini yeməyəcəksənsə. - Elvin sözlərinin ardını demədi, amma öyrənmək istəyirdi ki...g

Babası qamətini dikəltdi, beli sol əlinə aldı, başqa yerə sancdı. Sağ əliylə alma ağacını günəşə tərəf əydi. - Heç eybi yoxdu, Elvin balam. Mənə qismət olmasa da, sən yeyəcəksən. Əkirəm sənin üçün, atan üçün, yaşıdların üçün. Hamı üçün. Nuşcanla yesinlər. Mənim babam da, atam da bir vaxt əkmişdilər alma ağacınıg meyvəsini yesinlər.

- Baba, - nəvə dilləndi. - Mən əkəcəyəm alma ağacı. Bu ağac baba ağacının nəvəsi olacaq.

 

Ədalət.-2015.-24 oktyabr.-S.14.